525.Az

Bakı - teatrsevərlərin görüş yeri - II yazı


 

Bakı - teatrsevərlərin görüş yeri - <b style="color:red">II yazı</b>

2012-ci ildə Maya təqviminə görə dünyanın sonu gəlməliydi. Bu bədbin proqnoza inananlar da az deyildi. Adamlar evlərində ərzaq azuqələrini artırır, şamlar, isti geyimlər alıb saxlayırdılar. Hələ uzaqda olan qohumları ilə görüşmək, necə deyərlər, halallaşmaq istəyənləri demirəm.

Belə bir ovqatda, gözləntinin içərisində hansısa mədəni tədbirə hazırlaşmaq, onu təşkil etmək doğrudan da maraqlı idi. Amma daha maraqlı olan heç şübhəsiz ki, II Bakı Beynəlxalq Teatr konfransı çərçivəsində keçirilən görüşlər, ustad dərsləri, plenar iclaslardı, göstərilən tamaşalar, aktyorlarla canlı ünsiyyətdi.

Azərbaycanın Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin iştirakçılara müraciətində konfransın əsas məqsədi açıqlanırdı: “Bizim məqsədimiz müasir qloballaşma parametrlərində insanları teatr salonlarına gətirmək, onları səmimi, açıq ünsiyyətə dəvət etməkdir. Yəni biz nə iş görürüksə görək, nədən danışırıqsa danışaq, hədəfdə yenə İnsandır, onun duyğuları, düşüncələri, yaşantılarıdır. Mən ümid edirəm ki, vaxtınız səmərəli, maraqlı, produktiv keçəcək və bu konfransdan sonra bizim hər birimizin daxili dünyası bir az da zənginləşəcək”. Nazirin də xüsusi vurğuladığı bu məqam, texnika əsrində, sosial şəbəkələr zəmanəsində gənclərin canlı ünsiyyətə, səhnə ilə “təmasa” cəlb olunması son dərəcə mühümdür.

II Bakı Beynəlxalq Teatr konfransının hazırlıq proseslərindən başlamış son gününədək bütün tədbirlərində, iclaslarında iştirak edən adam kimi deyə bilərəm ki, bu konfrans ölkənin mədəni həyatında mühüm hadisəyə çevrildi. Kann kinofestivalı laureatı, Venesiya festivalı mükafatçısı, Yaroslav Mudrı ordenli, tanınmış polyak rejissoru Kşiştof Zanussinin gənc teatrşünaslara keçdiyi ustad dərsi konfransın xüsusi yaddaqalan məqamı idi. Kşiştof Zanussi - “Biz bu işlə məşğul olduğumuz üçün xoşbəxtik. Təsəvvür edin, dünyada pul saymaq, hesablamalar aparmaq kimi maraqsız işləri görməli olan insanlar var. Biz isə çox maraqlı və sevdiyimiz sənətin sahibiyik. Hələ üstəlik bununla pul da qazanırıq” - deyib həvəsləndirirdi gəncləri.  

Amma Pan Kşiştofun ölkəmizə gəlişinin faydası sadəcə, gəncləri həvəsləndirməsində, kino və teatrın fərqləri barədə maraqlı söhbətlərində, qeyri-adi sənət mülahizələrində  deyildi. O, Bakı Bələdiyyə Teatrının bədii rəhbəri və direktoru, Xalq artisti Amaliya Pənahovanın səhnə fəaliyyətinin 50 illiyi münasibətilə “Qadın oyunları” tamaşasını hazırladı. Kşiştof Zanussinin özünün və Edvard Jebrovskinin pyesi əsasında hazırlanmış tamaşanın premyerası Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində baş tutdu və teatrsevərlərin marağına səbəb oldu.

Konfrans çərçivəsində Birləşmiş Ərəb Əmirliklər “Fuceyra monodram festivalının” prezidenti Mohammad Əl-Əfxamın slaydlar üzərində məruzəsinin də, Kanadadan Teatr Tənqidçiləri Beynəlxalq Assosiasiyasının baş katibi Mişel Vaysın teatr tənqidi ilə bağlı seminarını da öyrənmək istəyən gənclər üçün xüsusi əhəmiyyəti vardı. Lakin heç şübhəsiz, bütün nəzəri söhbətlərdən, müzakirələrdən daha mühüm olanı tamaşa idi (əslində, söhbətlərin, qarşılıqlı müzakirələrin, sənət polemikalarının, təcrübə mübadilələrinin nəticəsi  görülən işdi və bu mənada burada həmin nəticə, görülən iş məhz tamaşadı).

II Bakı Beynəlxalq Teatr konfransının Azərbaycan tamaşaçısına ərməğanları sırasında Cənubi Afrikadan gəlmiş aktrisa Tembi Mtşalinin “Qadın intizarı” monotamaşası, Səudiyyə Ərəbistanı Teatrının “Vağzal heç yerə getmir” tamaşaları da vardı. Hər iki tamaşa bizlərin yaddaşında həmişəlik iz buraxdı. Xüsusən Tembi Mtşalinin öz həyat hekayəsini əks etdirən tamaşadan çox təsirlənmişdik. Xatırlayıram ki, o vaxt səhnə arxasına keçib Tembi ilə söhbətləşmək imkanım olmuşdu. Və ingilis dilində olan o qısa söhbət mənə, az qala, elə tamaşa qədər təsir etmişdi. Tembi çox gülərüz və sadəydi. Onun “Qadın intizarı” dünyanın bir çox teatr salonlarını lərzəyə gətirib. Məqsədi öz millətinin, irqinin həqiqətlərini sənət dili ilə çatdırmaq imiş: “Qadın intizarı” avtobioqrafik əsərdir. Mən öz həyat hekayəmi dramaturq, rejissor Yael Fraberə danışmışam, o da bütün bunları qələmə alıb. O məndən gəncdir, amma bu işin öhdəsindən gözəl gəlib. Mən onunla işləməyi çox xoşlayıram. Bizim istəyimiz bir insanın taleyini danışmaqla, “ağlar” və “qaralar”  arasındakı münasibətlər, rasizm haqqında məlumat verməkdir. Və bütün bunlar övladını evdə qoyub pul qazanmaq üçün “ağların” uşaqlarına dayəlik edən qadının dilindən nəql olunur”. Bu gün də aktuallığını itirməyən bu mövzu tamaşaçını sehrləmişdi sanki. Teatrşünas Məryəm xanım Əlizadə tamaşadan sonra səhnəyə çıxıb Tembiyə heyranlığını gizlətmədən: “Mən bu gün Cənubi Afrika incəsənətinin mükəmməl bir nümunəsini gördüm. Əgər Tembinin ifası üç saat da davam etsəydi, nəfəs çəkmədən baxacaqdım ona. O bir daha sübut etdi ki, nəhəngdir və dünyadakı uğurları təsadüfi deyil” - demişdi.

II Bakı Beynəlxalq Teatr konfransından danışanda Sovet kinosu və teatrının canlı əfsanələri, Litva Respublikasının Xalq artisti Yuozas Budraytis və SSRİ Xalq artisti Ryaqimantas Adomaytisin Bakıya səfərini xüsusi qeyd etmək lazımdı. Hələ Sovet dövründə “Heç kim ölmək istəmirdi”, “Kral Lir”, “İlğım”, “Hisslər” filmləri ilə məşhurlaşmış və Azərbaycan tamaşaçısının da sevimlisinə çevrilmiş aktyorların gəlişinə Rus Dram Teatrı xüsusi hazırlaşmışdı. Axşamların birində burda keçirilən yaradıcılıq gecəsində gülüş, alqış səsləri aktyorlara danışmağa aman vermirdi. Səhnə  arxasında etdiyimiz beş-on dəqiqəlik söhbətdə hər iki aktyor Bakıya heyranlıqlarını, Azərbaycan tamaşaçısına sevgilərini dilə gətirirdilər. Və mənim yaddaşımda bu söhbətimiz şirin, isti bir uşaqlıq xatirəsi kimi qalıb nədənsə.

II Bakı Beynəlxalq Teatr konfransının ölkənin mədəni həyatında oynadığı rol barədə çox danışmaq olar. Sadaladığım görüşlərdən, hadisələrdən əlavə teatrşünas alimlər Məryəm Əlizadə və Aydın Talıbzadənin moderatorluqları ilə keçirilən plenar iclaslarda müxtəlif teatr problemləri müzakirə edilir, mühüm nəticələr əldə olunurdu. Bir sözlə qısa müddətdə yüzdən çox teatr adamının qatıldığı bu konfrans hamını bir-biriylə doğmalaşdırıb, yaxınlaşdırmışdı. Bəlkə elə bağlanış mərasimindəki həzin, hüzünlü ovqatımız da bununla bağlı idi.

Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bağlanış mərasimində Ulu Öndər Heydər Əliyevin teatra münasibətini göstərən kiçik bir hadisəni iştirakçılara danışmışdı: “1982-ci ildə “Oqonyok” jurnalının redaktoru Mixayıl Safronovun “Gecənin sirri” pyesi hazırda durduğum Dram Teatrı səhnəsində oynanılırdı. Heydər Əliyev tamaşadan sonra səhnə arxasına keçib aktyorlarla görüşdü. Və burada “teatr nədir?” sualı ətrafında müzakirələr başlandı. O zaman mən teatrda işlədiyimdən bu görüşü yaxından izləmək imkanım oldu. Heydər Əliyev üzünü M.Safronova tutub “Sən bilirsənmi teatr çox çətin bir mexanizmdir?” - dedi. M.Safronov bu sual ətrafında xeyli danışdıqdan sonra Heydər Əliyev əlini onun kürəyinə qoyub dedi: “Teatra rəhbərlik edən şəxs ölkəyə də rəhbərlik edə bilər”.

Əlbəttə, 2012-ci ildə ikinci dəfə keçirilən Teatr Konfransını bir yazıda təhlil etmək, məziyyətlərini, əldə olunan uğurları önə çəkmək bir qədər çətindir. O zaman Konfrans çərçivəsində keçirilən bütün tədbirləri, görüşləri qəzetimizdə ətraflı işıqlandırmışdıq. Sadəcə bu günlərdə artıq dördüncü dəfə teatr konfransına hazırlaşdığımız zamanda bütün bunları xatırlamağımız yerinə düşür.

 





24.10.2016    çap et  çap et