525.Az

“Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” - fundamental elmi nəşr


 

“Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” - <b style="color:red">fundamental elmi nəşr</b>

Bugünlərdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunda Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25 illiyinə həsr olunmuş “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” ikicildliyinin təqdimat mərasimi keçirilib.

İkicildlik “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” kitabı Ədəbiyyat İnstitutunun eyniadlı şöbəsində, digər şöbələrin əməkdaşlarının da fəal iştirakı ilə hazırlanıb. Ümumilikdə, kitab üzərində 45 müəllif işləyib.

Nəşrin elmi redaktoru akademik İsa Həbibbəyli, məsul redaktoru filologiya üzrə elmlər doktoru Tehran Əlişanoğludur.

Tədbirdə Azərbaycanda Atatürk Mərkəzinin direktoru, AMEA-nın müxbir üzvü Nizami Cəfərov, Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, türkiyəli professor Yavuz Akpınar, filologiya üzrə elmlər doktoru, professor Qəzənfər Paşayev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru Himalay Qasımov  çıxış ediblər.

H.Qasımovun çıxışını qəzetimizin oxucularına təqdim edirik.

Son illər akademik İsa Həbibbəylinin rəhbərliyi, müəllifliyi və təşkilatçılığı ilə Nizami adına Ədəbiyyat İnstitutu ədəbiyyatımızın dünəni, bu günü və gələcəyi ilə bağlı bir sıra taleyönlü problemləri elmi tədqiqat obyektinə çevirir ki, təqdimatına könül xoşluğu ilə qatıldığımız qlobal çevrəsi və tədqiqat prinsiplərinin çeşidi ilə heyrət doğurası “Müstəqilliyin şərəfli yolu və müstəqillik ədəbiyyatı”, “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” iki cildliyi buna əyani sübutdur.

Prezident İlham Əliyevin 2016-cı ili “Multikulturalizm ili” elan etməsi  və bu qlobal, taleyönlü məsələnin istiqamətlərini və hədəflərini düşüncəyə çıxarması “Müstəqilliyin şərəfli yolu və müstəqillik ədəbiyyatı”nın da bir problem olaraq rakurslarının elmi düşüncə müstəvisində incələnməsinə münbit zəmin yaratmışdır. Bunu deyərkən mən həm də Ulu Öndərimiz Heydər Əliyevin müstəqil dövlət konsepsiyasının müstəqillik ədəbiyyatının, azərbaycançılıq ideyalarının inkişafında müstəsna rolunu nəzərdə tuturam.

Təqdimatına könül xoşluğu ilə qatıldığımız bu fundamental kitabların hər biri özündə səkkiz fəsli və bu fəsillərdən qaynaqlanan, onların başlıca ideya - mövzu problematikasını bütün mümkün qövsləri ilə özündə ehtiva edən, hədəflərin iç mənasını elmi çözüm müstəvisinə çıxaran bölmələrdən ibarətdir.

Fəsil və bölmələr müstəqillik dövrünün ictimai- siyasi, milli- mənəvi və regional tarixi gedişatı kontekstində dövrün ədəbiyyatının özəl dəyərləri haqda komseptual elmi fikir sərgilənməsinə zəmin yaradır.

Böyük yunan filosofu Aristotel poeziyanın imkanlarından çıxış edərək onu tarixdən daha ciddi və fəlsəfi hesab edirdisə, Zərdüşt “Avesta”sında böyüklərin düzənində peyğəmbərlərdən sonra şairlərin yer aldığını dilə gətirirsə, ulu Nizami dünya səfində peyğəmbərlərdən sonra şairlər gəlir qənaətindədirsə, deməli çağımızda ədəbiyyata, məxsusi olaraq müstəqillik ədəbiyyatına bu qədər önəm verilməsi təbii və qanunauyğundur. Çünki ədəbiyyat daim ilahi başlanğıcdan, milli- mənəvi dəyərlərdən güc alır, enerji toplayır. Azərbaycanımızın müstəqillik dövründə bu kimi dəyərlər yeni bir məna, özəl bir vüsət kəsb edir. Mən müstəqilliyimizin şərəfli yolu ilə ədəbiyyatının bir araya gətirilərək fundamental bir araşdırmanın meydana çıxarılmasından qürurlanıram və başda çağdaş filoloji elmimizi tükənməz enerjisi ilə zirvəyə ucaldan akademik İsa Həbibbəyliyə və onun rəhbərlik etdiyi elm ocağında gərgin əmək sərf edən dəyərli alimlər ordusuna sonsuz minnətdarlığımı bildirirəm. Azərbaycan Milli Elmlər Akademiyasının zəngin tarixi və yaşarlı ənənəsi olan Nizami adına Ədəbiyyat İnstitutunun elmi- intellektual axtarışlarının, gərgin zehni əməyinin bəhrəsi olan bu kitablar hər kəsi qürurlandırır. Düşüncə bu fundamental araşdırmaların fəsil və bölmələri müstəvisində irəlilədikcə tariximiz, taleyimiz və ədəbiyyatımızın özəl dəyərləri qəlbimizə hopur, tarixləşir və sonucda insanı vəcdə gətirir. Qlobal düşüncə çevrəsi ilə mühüm maraq kəsb edən bu fundamental tədqiqat əsəri Azərbaycanımızın şanlı müstəqillik tarixinə ən layiqli töhfədir. Ədəbiyyat nəzəriyyəsini, ədəbiyyat tarixini, ədəbi tənqidi bir araya gətirərək problemlərinin incələnməsinə yönələn bu kitablarda sözü gedən çağın ədəbiyyatına münasibətdə tarixiliklə müasirlik sintez təşkil edir. Bunu deyərkən biz tədqiqat əsərinin strukturunu, onun mümkün rakurslarda mövzu, ideya və janr özəlliklərinin nəzəri-estetik baxımdan konseptual təhlilini, tədqiqini və elmi ümumiləşdirməsini nəzərdə tuturuq.

Akademik İsa Həbibbəylinin analitik düşüncəsilə incələnən “Müstəqilliyin şərəfli yolu və müstəqillik ədəbiyyatı”, “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı 1990-cı illərdə” kimi qlobal başlıqlar mahiyyət müstəvisində şərh edildikcə ədəbiyyatımızın nə kimi qövslərdə irəliləyişi göz önündə canlanır. Belə bir elmi-nəzəri, ictimai-siyasi, sosial-tarixi şərh və ümumiləşdirmələrdən təkanlanan fəsillərin kontekstdə bir-birini tamamlaması bu baxımdan əlbəttə ki, təbiidir.  “Müstəqillik haqqında oda” fəsli ruhi-mənəvi yük daşıyıcı olan ürək ilkin səslənsin və döyüntüsü bir simvol olaraq sonrakı fəsillərdə eşidilsin. Bu struktur düzən qlobal mövzunun mahiyyət müstəvisində tədqiqinə, təhlilinə və elmi-nəzəri ümumiləşdirmələr aparılmasına hesablandığı üçün ən optimal olması fikrindəyəm. “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatının təşəkkülü” (İsa Həbibbbəyli və Tehran Əlişanoğlu) adlı ikinci fəsil özünün geniş əhatə dairəsi ilə fərqlənir. Bu fəsildə “Ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyası” bölməsinin ilk öndə yer alması əlbəttə ki, təbii və qanunauyğundur. Çünki Ulu Öndərin xilaskarlıq missiyası bütün çevrələrdə tarix yaratdı və tarix yazdı. Daha doğrusu müstəqilliyimizin banisi müstəqillik ədəbiyyatının təşəkkülü üçün də xarüqüladə əmək sərf etdi.

Fəsillərdən boy atan areal “Qarabağ müharibəsinin ədəbiyyatda inikası” kimi mühüm bir mövzunun tədqiqat obyektinə çevrilməsi ilə daha da genişləndi, “Portret oçerklər”in, nəsrin, poeziyanın, dramaturgiyanın, müasir bölgə ədəbiyyatının çağdaş elmi ədəbiyyatşünaslıq düşüncəsi müstəvisində bütün mümkün rakursları ilə səciyyələndirilməsinə zəmin yaratdı.

“Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı müasir mərhələdə” adlı səkkiz fəsildən ibarət olan ikinci kitab problemlərin qoyuluşu baxımından birincinin davamı və konkret zaman kəsimində inkişafıdır. Bu kitabın “Ədəbi-mədəni proses” adlı birinci fəsli akademik İsa Həbibbəylinin və professor Tehran Əlişanoğlunun 26 səhifəlik konseptual araşdırması ilə başlayır ki, bu da fəslin “Portret oçerklər”i üçün kontekst, həm də assosiativ düşüncə imkanı yaradır. Nəticədə fakturası, hədəfləri və düşüncə arealı ilə fərqlənən “Müasir Azərbaycan nəsri” fəslinin aktual problemlərini tarixiliklə müasirliyin sintezi əsasında bütün mümkün rakursları ilə təhlil edib elmi fikir formalaşdırmaq imkanı yaranır. Fəslin “Yeni Azərbaycan obrazı”  ilə (T.Əlişanoğlu) başlayan bölməsi dövrün romanlarının səciyyəvi xüsusiyyətləri, janr modelində baş verən dəyişikliklər axtarışlar müstəvisində düşüncə predmetinə çevrilir.  Fəslin “Portret oçerklər”indəki təhlillər konkret hədəflərə yönəlikliyi ilə mühüm maraq kəsb edir ki, bu da prosesdə müasir nəsrin inkişaf istiqamətləri barədə elmi mülahizə formalaşdırır.

“Müasir Azərbaycan poeziyası” adlı üçüncü fəsildə şərh olunan məsələlər XXI əsrin poeziyasının inkişaf istiqamətləri barədə konkret elmi qənaətlərə gəlmək imkanı yaradır. “Portret oçerklər”də çözülən örnəklər müasir Azərbaycan poeziyasının nə kimi keyfiyyət dəyişmələri əldə etməsini üzə çıxarır. Bu kimi konseptual açıqlamalar, təhlil, tədqiq və elmi ümumiləşdirmələr prosesdə “Müasir dramaturgiya və teatr” (IV fəsil), “Ədəbi cərəyanlar müasir Azərbaycan ədəbiyyatında” (V fəsil), “Müstəqillik illərində uşaq ədəbiyyatı” (VI fəsil), “Elmi və ədəbi tənqidi fikir müasir mərhələdə” (VII fəsil), “Müasir Azərbaycan ədəbiyyatının dünya konteksti” (VIII fəsil) fəsilləri ilə üzvü sintez yaradır ki, bu da sonucda “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı müasir mərhələdə” kitabının hədəflərinin iç mənası haqda konkret elmi qənaətlərin formalaşmasına gətirib çıxarır.

Gərgin əməyin, yaradıcı axtarışların bəhrəsi olan bu kitablar Azərbaycan filologiyasına yeni bir nəfəs genişliyi gətirmiş oldu. Təqdimatına böyük coşğu ilə qatıldığımız bu əsərlər heç şübhəsiz ki, müasir ədəbi prosesi rövnəqləndirəcək və elmi-nəzəri düşüncəmiz üçün mühüm güc mərkəzinə çevriləcək. Ali məktəblərin Filologiya fakültələrinin tələbələrinin filoloji düşüncələrinin hədəflərə yetməsi üçün də mühüm baza olacaq.

 





24.10.2016    çap et  çap et