525.Az

Mehmet Nuri Parmaksızın esseləri


 

Mehmet Nuri Parmaksızın <b style="color:red">esseləri</b>

Türkiyəli şair, İLESAM-ın başqanı Mehmet Nuri Parmaksızın “Həsrət, eşq və süküt” kitabı “aybkitab” layihəsi üzrə nəşr olunub.

Kitabı Türkiyə türkcəsindən Azərbaycan dilinə gənc yazar Gülnar Səma çevirib, redaktoru şair Ələmdar Cabbarlıdır.

Kitabda yer alan esselərdən nümunələri oxucularımıza təqdim edirik.

HƏSRƏTİN ODUNDA...

Göz bəbəklərimdəki ağsan, aynalarda surətin olmadıqdan sonra neyləyirəm gözəllikləri mən?
Həsrətin odunda yanıb oldum xar. Yellərə qoşulub sənə qarışdım, gecələr boyu səni düşündüm; ətrinlə səni xəyal etdim, özü də hər gecə, yar.

Yuxularımda yuxusuzluq, göz yaşımda ümid, dualarımda imansan. Sənə qovuşmaq üçün qismətim yanmaqsa da,  gülüm, razıyam həsrətinlə yanmağa, sonsuz xoşbəxtliyin adı olan vüsalı gözləməyə.

Ürəyimsən dediyim yar! İçim səninlə nə qədər yanacaqsa, yansın; yetər ki, göz yaşlarım şükürlə və səninlə parlasın.

Ey həsrətimin adı yar!

Göz bəbəklərimin didəsisən, güzgülərdə surətin olmadıqdan sonra neyləyirəm gözəllikləri mən? Neyləyirəm sənsiz zamanı, baharı, çölləri?

Nəyimə gərəkdir gül, bənövşə, lalə, zambaq? Gülüşlər sənsiz boş mənə, yaşamaq mənasız. Vüsalına çatdırmayan dəqiqələr, saatlar mənasız.

Su səninlə həyat mənə; dualar səninlə anlamlı. Sənsiz keçən hər gecəm könlümdə bir qəm yuvası. Mən həsrət məhkumuyam, sevgili, dünyan mənə yasaqlı.

Günəş doğub, batır; zaman çətin də olsa keçir, sanki dağların ardından; sonsuzluğun yadından mənə gülümsəyən vüsal üçün yaşayıram mən.

Həsrətin atəşinə qəlbimdəki iman və eşqinə inancla dayanır; səninlə, sevdanla çətinliklərə sinə gərir, bir əsr kimi olan hər günü sənə qovuşmaq üçün şükürlə aşıram mən.

Gecələri yığdım vüsal dağarcığıma. Xəyallarımla süslədim şövqümü; təzə-tər tutmağa çalışdım həvəslərimi uzaq kimi görünən, tez ya da gec gələcək sabahlarımla.

Həsrətindən qovrulduqca gecələr, həsrətin hər gecə yarısı qurduğu dar ağacının səbir taxtına çıxıb səbrimin nəbzini ölçdüm dilimdəki dualarla. Yalvarıb-yaxardım Allaha.

Arzum sonsuzluğa səninlə axıb getmək. Məqsədim özü yanmaz, amma başqalarını yaxar deyə tanınan həsrəti eşqinlə, sevdanla məhv etməkdir mənim. Bilirəm, qismətim qaranlıqlarda tək yoldaşım divarlarla həsbi-hal olmaqdır mənim.

Olsun, eşqi həsrət məqamında, şükür notlarıyla sabahlarım üçün bəstələyəcəyəm mən, səni Rəbbimdən hər gecə usanmadan diləyəcəyəm mən.

Sənin üçündür səcdələrdə aldığım nəfəs; vüsalımız üçündür əllərimin dualarla şahə qalxmağı, ağzımdan çıxan hər səs. İçimin həsrət hayqırtılarını və könlümün Mövlaya yalvarışlarını duyursanmı bilmərəm, lakin Rəbbim görür və bilir halımı.

...Unudulan qalu-bəla qoxusuna...

Yoxluğun yayına gərilmiş varlığın
Susmayan gecələrimin
sabahına yoldaşdır.
Ayrılıqda bir ümiddir mənə yarlığın
Bil ki, məni ayaqda tutan eşqdir.
Ötələri arzular içimin çağlayanları,
Axmağa çalışırlar həsrətə qarşı.
Dünyalıq deyil ki, sevdam!
Aşiqim mən sənə, yar!
Bu üzdən əllərim qalu-bəla qoxuyar.

EŞQİN ANA VƏTƏNİ QALU-BƏLA

Eşq, eşq dedikləri səndən doğuldu.

Həsrətimsən, qalu-bəla. Gerçəyimsən, unutmadığımsan dünyada. Həsrətəm sənə, həsrətəm sonsuzluğa.

Eşqin vətəni deyil ki dünya. Eşqin ana vətəni sənsən, qalu-bəla.

İçimdəki şövq, içimdəki xar, içimdəki yar. Ruhum səninlə dünyaya deyil, məhşərə baxar. Sevdiyim, ruh yoldaşım, iki cahanım yar! Sevdanla ürəyim qalu-bəlaya üz tutar. Dünya deyil mənim vətənim; dünyada mən qürbətdəyəm; sonsuz eşq üçün növbədəyəm.

Göz yaşımın qaynağı, ruhumun sığınacağı; rahatlıq tapdığım sözsən, qəlbimdəki əminliksən; arzuladığım məkansan mənə. Boynumdakı qoxu; ruhumdakı hiss səndən əmanət mənə. Necə unudum, unuda bilmərəm ki, mən səni, qalu-bəla?

Eşq, eşq dedikləri səndən doğdu. Bilirəm sözü, andı və şükrü olmayanın eşqi də olmaz; ruhlar səni unudarsa dünyada rahatlıq tapa bilməz. Bunu bilməyənin, buna inanmayanın xoşbəxtliyi ötəri, sevdası tükənəndir.

Azadlıq sənsən. Sonsuzluq sənsən. Sevinc sən. İmanın doğulduğu və batmayacağı, könül gözünün gördüyü sərhəddi olmayan üfüqsən, sən. Səndə doğuldum, səndən qopdum, sənə dönəcəyəm mən.

Dağlar, təpələr, küləklər, ovalıqlar və bütün təbiət səni zikr edər. Könüllər, eşqlə dolu, könüllər daim Birlə vəhdətdə. Fikrimsən, nəfəsimin əsası; ruhumun doğulduğu yersən, sən. Səndən qeyrisi yalan; səni unudanın halı pərişan.

Eşq, Xüdaya iman; sevda quldan Yaradana dua; xoşbəxtlik sonsuzluğa həsrət və şükür hər şəkildə yoldur Rəhmana.

Unutma bizi Ya Rəb; unutma ki, şən olsun könlüm. Mən səni ara-sıra unudaramsa, tövbəylə sənə hər gəlişimdə gülüstana dönsün dünyam.

Şükrüm əlcək kimi sarsın ruhumu; təslimiyyət daim bəsləsin ümidimi. Qalu-bəla. Sənə verdiyim sözə sadiqəm; mən öncə Rəbbimə, sonra ruh yoldaşım olan yara aşiqəm.

Eşqin ana vətəni üçün necə darıxıramsa; sənin üçün də  eləcə burnumun ucu göynəyir, yar. Əlindən gələni etsin həsrət; necə olsa da, ölümdən sonra sonsuzluq deyilən gerçək var.

İman etdim; eşqin ana vətənisən, qalu-bəla. Dualarım, şükrüm, təslimiyyətim sonsuzluğun və hər şeyin sahibi ərşi-əlayadır.

Günlərdən o məşhur gün
mənim sahibim oldun,
Ömrümü həsr etdiyim; eşqim,
həbibim oldun.
Dünya əzab dərgahı
eşqin dəvasız bir dərd,
Məhşərədək sevgili
könül təbibim oldun.

Mehmet Nuri PARMAKSIZ

 





24.10.2016    çap et  çap et