525.Az

Kirayə arzular


 

Kirayə arzular<b style="color:red"></b>

(Əvvəli ötən şənbə sayımızda)

Şair “nəvələri” 

İnanmazdım ki, beytlərini öpdüyüm, misralarını sığalladığım Şirvan ədəbi məktəbinin nümayəndələri nə vaxtsa evə ayaq açacaq.

Onları dəvət edən sahibənin qızları idi. Yox, qızlar əsla ədəbi gecələr düzənləmirdilər. Kaş ki, bu belə olaydı. Məsələn, Nəsiminin qəzəllərini dinləyib, fəlsəfəsində ərimək, yox olmaq, yaxud cahanında sığınacaq tapıb, hərflərindən özümə bir “mən” ucaltmaq istəyərdim...  Kəsəsi, axşam düşər-düşməz otağımın qapısı taybayat açılanda artıq hər şeyi bilirdim. Bilirdim ki, evin böyük qızı xoş-beşdən sonra qəsdən Şamaxıdan söz salacaq, kiçik qız da bacısının sözünə qüvvət verib, oraları öz torpaqları elan edəcək. Bu mizan-səhnə eynilə hər gün təkrarlanırdı.

Qızlar Xaqanini, Nəsimini, Seyid Əzimi, Sabiri, Hadini bir sözlə, Şamaxı torpağında doğulan bütün ədibləri gözümə soxub, təpəmin ortasına çırpmasaydılar gecəni rahat yata bilməzdilər. Bunun niyəsini axtarmaq üçün heç də Şamaxı rəsədxanasına gedib, teleskopu şairlərin göydə parlayan ulduzlarına tuşlamağa ehtiyac yox idi. Qızlar ona görə öyünürdülər ki, Şamaxıdan saysız-hesabsız böyük şairlər çıxdığı halda, doğulduğum Əli-Bayramlı (indiki Şirvan) şəhəri heç bir dühanın sahibi deyil. Onlara heç cür başa sala bilmədim ki, Əfzələddin Xaqani Şirvanşahlar sarayında ilhamlanıb qəsidələr yazanda, yaxud əyanlarla kəllə-kəlləyə gələndə, Nəsimi mürşidi Nəimi ilə hürufiliyi yaymaq üçün Badü-kübədən vurub İraqdan çıxanda nəinki inqilabçı Əli Bayramovun ulu əcdadları dünyaya gəlməmişdi, heç adını daşıyan şəhərin bir daşı belə qoyulmamışdı. Həmin düzənliklərdə ilanlar mələşib ki, yalnız adi insanlar deyil, heç sufi dərvişləri belə yollarını ordan salmağa ürək etməyiblər. Bunu qızlara izah edəndə çənələrinə əziyyət vermirdilər, qısa olaraq, “puf”layırdılar. Belə olan halda dəli şeytan deyirdi ki, nəinki otağı, evi, elə bütün məhəlləni Mədain xərabələrinin gününə sal!

Qızların hər axşam öyünməyi məni boğaza yığsa da onları dinləməkdən başqa çarəm yox idi. Amma bir dəfə görəndə ki, böyük qız qaşlarını yuxarı dartır, özüm onun qanadlarını qaldırdım:

-  Bilirəm, Sabir böyük şairdi. Şamaxıda doğulub axı...

- Bəs, necə? Torpaq yetişdirir də... - deyib, məni yuxarıdan aşağı süzdü.

Bununla belə, günlərin bir günü otağımda poeziya gecəsi təşkil etmək istədim. Düşündüm ki, bir halda ki, otağım Şirvan şairləri ilə dolub boşalır, niyə də misralarını canıma hopdurmayım? Odur ki, qızlar növbəti dəfə qapımı döymədən içəri daxil olanda sözə birinci başladım:

- Evinizdə Məhəmməd Hadidən, Fələki Şirvanidən, Abbas Səhhətdən nəyiniz var?

- Bıy, başa düşmədim? - böyük qız qaşlarını çatdı.

- Yəni onların kitabları...

- Hə, bildim. Yox... yoxdu... - kiçik qız barmağını dişlədi.

- Heç dərdindən öldüyünüz “Hop-hopnamə” də?

Sualım havada qaldı. Daha heç nə demədim. Çarpayımda uzanıb onların lovğalanmaqlarına tamaşa etdim. Onları dinlədikcə içim özümü dilim-dilim kəsirdi. Elə ona görə də Əli-Bayramlı illər sonra Şirvanla əvəzlənəndə heç sevinmədim...

Görəsən, Nəsiminin ruhu Şamaxıda dolaşırmı? 

Qəhvəyi çamadan  

Dərsdən yorğun-arğın gəlib, bir tikə yeyəndən sonra radionu dinləməyə başladım. Daha doğrusu, bir qulağımı dalğanın öhdəsinə buraxdım. Ev sahibəsi qapını döyüb tanımadığım qızla içəri gəldi:

- Hə... Bu da Yeganə. Sənin otaq yoldaşın!

Eynəyimi taxıb ayağa qalxdım. Özümü itirdiyimdən bilmədim nə edim. İlk ağlıma gələn radionun səsini azaltmaq oldu. Otağa ölüm sükutu çökmək istəyəndə  sahibə imkan vermədi:

- O da elə sənin kimi birinci kursda oxuyur, - dedi.

Yeganə qara, ortaboy, arıq bir qız idi. Saçları gözünə düşdüyündən düz-əməlli üzünü görə bilmədim. O, nə mənə, nə də otağa baxdı. Elə bil bu evdə böyümüşdü. Əlindəki köhnə çamadanını çarpayısının üstünə qoydu. Qəhvəyi çamadan eynən rəhmətlik babamın II Dünya Müharibəsindən gətirdiyi çamadanının əkiz tayı idi. Babamın dəmir çarpayısı altında illərlə uyuyan çamadanında onun bəzi əşyaları - kəməri, papağı və bir də qazandığı medalları vardı. Ona görə də Yeganə çamadanını açanda qeyri-ixtiyari diqqətimi çəkdi. Elə bildim çamadandan babamın xatirələri çıxacaq. Xəyallarımı rəhmətliyin yanından güclə gətirib otağa saldım.

- Mənim çəkələklərim... Boy, mən onu harda unutdum?

Yeganədən eşitdiyim ilk söz bu oldu: çəkələk. Beynimi heç də axtarışa vermədim. Çünki hələ indiyə kimi qulaqlarım belə kəlmə eşitməmişdi.

- Sən nə axtarırsan? Çəkələk nədir? - dözmədim, yaxınlaşıb onun çamadanına göz atdım.

- Boy? Həncəri? Çəkələk... Şəpiylərim... Lap başımı itirmişəm. Klokum kuxnada.

Yeganənin mətbəxə cummağı ilə otağa qayıtmağı bir oldu. O, qırmızı şap-şaplarını ayağına keçirəndən sonra sanki motoru işə düşdü. Cəld paltarlarını şkafa düzdü, dəftərlərini siyirməyə, ağ güllü qazanını masaya, çörəyini isə aldığım qaba qoydu. Beləliklə, o, öz rahatlığına qovuşdu.

Çarpayısında oturub mənə baxdı:

- Sən hardansan? - dedi.

- Əli-Bayramlıdan...

- Qazax!

O, Qazaxı elə dedi, söz sanki onun ağzından deyil, sinəsini yarıb çıxdı.

Radiomu qoşub sükutu aradan qaldırsam da, diqqətim yenə o qəhvəyi çamadanın üstünə qondu.

Çamadana yaxınlaşmasam da marağımı içimdə əridə bilmədim:

- Nə qəribə çamadanın var, - dedim.

- Hə... Babamdan qalıb. Rəhmətlik kişi müharibədə ayağını dizinə kimi itirmişdi. Təsəvvür elə, çamadan yolda ona ayaq olub. Yazıq mənə vəsiyyət edəndə dedi ki, ayağımdan muğayat ol!

Bunu söyləyəndə ürəyim yerində oynadı. İstədim ondan soruşam ki, baban təsadüfən Sevastopolda yaralanmayıb? Axı, mənim də babam orda qolundan yüngül xəsarət alıb. Amma sualımı dişlərimlə tutub saxladım. İstəmədim qəhrəmanların ruhlarını narahat edəm, əvəzində xəyalımı işə saldım. Fikirləşdim ki, hər ikisi bərabər Vətənə qayıdanda xatirələrini doldurmaq üçün yolüstü bu çamadanları alıblar.

- Deyən, çamadanımdan yaman xoşun gəldi?- Yeganə gözünü qıyıb bic-bic gülümsədi.

Heç nə demədim. Sadəcə, başımı tərpətdim... Hərdən özümü qəhvəyi çamadanın içinə atıb müharibəyə yollanmağım gəlirdi.

Görəsən, müharibə, “qurban”, “şəhid” sözlərindən utanırmı?

 





24.10.2016    çap et  çap et