525.Az

Əmrahsız qalan dağlar


 

Əmrahsız qalan dağlar<b style="color:red"></b>

Ağsaqqal yazıçımız Əli İldırımoğlunun yeni tamamladığı romanını oxucularımıza təqdim edirik. 

(Əvvəli ötən şənbə sayımızda)

Sultan bəy Andranikin xahişnaməsini alıb tanış olduqdan sonra qaşlarını çatıb əlini bığlarında gəzdirdi. Dərin fikrə getdi. Çünki onun göndərdiyi məktubun hər bir sətri arxasında Andranikin hiyləgərliyi hiss olunurdu  və hər kəlməsi Andranikin fitnəkarlığından xəbər verirdi. Lakin Sultan bəy daxili düşüncəsini büruzə vermədən Andranikin göndərdiyi elçiyə üzünü tutaraq:

- Əlbəttə, Andranikin belə bir xoş niyyətə düşməsini alqışlamaq olar. Bu, onun sülhpərvərliyindən, xeyirxahlığından irəli  gəlir. Ona görə də Andranikin təklifinə heç bir etirazım yoxdur. Nə vaxt Qarabağa keçmək istəsə, Laçın yolu onun üzünə açıqdır. Ancaq burada bir şərtim var: Andranik onu qəbul etməlidir. Ordu Laçından Qarabağa keçəndə bütün silah-sursat arabalara, atlara, qatırlara yüklənsin və qabaqda getsin. Onun arxasınca hərəkət edən qoşun isə əliyalın olmalıdır.

Elçi Sultan bəyin dediklərini artırıb-əskiltmədən, olduğu kimi Andranikə çatdırdı. Andranik Sultan bəyin cavabından məmnun oldu və bəlkə də ömründə indiki qədər sevinməmişdi. Andranikin qanadı olsaydı, Zəngəzur dağlarının zirvəsində qanad çalardı. Həm də Kürdüstanın adlı-sanlı bəyini  aldatmasından qürur duyurdu. Andranikin silahdaşları onun dərin zəka sahibi olmasına, uzaqgörənliyinə, hər kəsə müyəssər olmayan  hərbi məharətinə heyran qalmışdılar.

Andranik fəxrlə ordusunun qarşısında çıxış edərək:

- Biz Laçın dağlarını aşıb Şuşadakı, Xankəndindəki müsəlmanları uşaqdan-böyüyə, hamısını süngüdən keçirməliyik, - dedi. - Sonra Sultan bəylə haqq-hesab çəkib, onun burnunu ovmaq asandır. Mənim həmyerlilərim bilməlidir ki, nəyin bahasına olur-olsun, Qafqazda Böyük Ermənistan dövləti yaratmaqdan ötrü başımızdan keçməliyik. Ona görə də var qüvvəmizi sərf edib, bütün müsəlmanların kökünü kəsməliyik...

Ordunun yüksək rütbəli komandirləri Andranikin dediklərindən vəcdə gəlib, onu təntənə ilə qollarının arasına alıb atıb-tutdular. Əsgərlər tüfənglərinin süngüsünü başlarından yuxarı qaldırıb,   Ermənistanın xilaskarı kimi gur səslə deyirdilər:

- Yaşasın Andranik!!!

- Yaşasın Andranik!!!

- Yaşasın başımızın tacı!!!

- Yaşasın erməni xalqının əfsanəvi qəhrəmanı!!!

Ancaq onların sevinci çox çəkmədi. Andranikin qoşunu Zabux dərəsinə enəndə, Sultan bəyin əvvəlcə hazırladığı silahlı dəstələrin mühasirəsinə düşdü və son nəfərə qədər hamısı məhv edildi. Andranik ordunu qırğına verib, sağ qalmış bir neçə zabiti ilə məyus halda geri dönəndə, yaxınlıqdakı erməni kəndlərində gözünə dəstə-dəstə arvad-uşaq sataşdı. Onlar üzünü göylərə tutub Andraniki söyür, qarğış eləyirdi. Erməni qadınlarının vaynəv səsi aydınca eşidilirdi:

- Balan ölsün, Andranik!!!

- Evin yıxılsın, Andranik!!!

- Balalarımızı yetim qoydun, Andranik!!!

- Adın batsın, Andranik!!!

Qəm dəryasına qərq olan Andranik bu məşum ah-naləni eşitməmək üçün yanındakı zabitlərin qulağına əyilib pıçıltı ilə:

- Məni elə bir yolla aparın ki, nə bu ah-nalələri eşidim, nə də ki göz yaşı tökən o qadınlarla rastlaşım.

Sultan bəyin bu şücaəti bütün Zəngəzura yayılmışdı. Andranikin Sultan bəyin toruna düşməsi erməni daşnaklarını bərk sarsıtmışdı, onlar yasa batmışdılar.

lll

Sultan bəy və Xosrov bəy qardaşlarını Qarabağda, Zəngəzur  mahalında yaxşı tanıyırdılar. Xosrov bəy Gəncədə gimnaziyanı bitirdikdən sonra Odessa Ali Tibb Universitetinə daxil olmuşdu. Hündür boyu, gur saçları, qara qaşları, çevik davranışı olan Xosrov bəy dərsdən sonra Odessanın istirahət parklarının birində sakit-sakit var-gəl eləyirdi. Birdən qadın qışqırtısı eşitdi:

- Mənə kömək edin!!!  Mənə kömək edin!!!

 Xosrov bəy ayaq saxlayıb geriyə baxdı. Üstündə silah olan rus zabiti nazənin bir qızın qollarından yapışıb, zorla hara isə çəkib aparmaq istəyirdi. Qız isə qışqırıb yoldan keçənləri köməyə çağırırdı. Xosrov bəy bunu qüruruna sığışdırmır və onlara tərəf addımlayıb zabitin üstünə qışqıraraq:

- Hörmətli zabit, özünüzü ləyaqətli aparın, - deyir. - Xahiş edirəm, qızla işiniz olmasın!

Zabit Xosrov bəyi saya salmadan:

- Qarabala oğlan, başın bədəninə ağırlıq eləməsin. Yolunla düz get. Biz özümüz bilərik,- deyə cavab verir...

...Xosrov bəylə zabitin mübahisəsi duellə nəticələnir. Zabit  tapança ilə Xosrov bəyə atəş açır və onun gözünün birini zədələyir. Xosrov bəy də özünəməxsus cəldliklə zabiti hədəfə alır və sərrast güllə ilə onu yerə sərir.

...Sonradan məlum olur ki, Xosrov bəyin müdafiə etdiyi qız Odessa Tibb Universiteti rektorunun yeganə övladıdır.

Bu hadisədən sonra qız Xosrov bəyə vurulur. Qızın valideynləri də buna etiraz etmir. Onlar evlənirlər... Hələ tələbə ikən övladları olur, adını da Murad qoyurlar. Təəssüf ki, Murad çox yaşamır, dünyasını dəyişir. 

Xosrov bəyin gözündəki çəplik duelə çıxdığı həmin rus zabitinin atdığı güllənin fəsadıdır.

lll

Əmrah bütün bu əhvalatları bilirdi. O, Sultan bəylə vədələşdikləri yerdə görüşdü. Sultan bəy Əmrahın əlini  sıxaraq:

- Laçın torpağında sizi görməyimə şadam, - dedi. - Düzünü bilmək istəyirsinizsə, sizi mən yox, Xosrov bəy əlimyandıda axtarır. - Qarabağın general-qubernatoru. Yəqin bilməmiş deyilsiniz, o mənim  qardaşımdır.

- Bilirəm, bilirəm. - Əmrah cavab verdi. - Bu barədə az-çox məlumatım var.

Sultan bəy:

- Xosrov bəy on-on beş gün bundan qabaq sizinlə görüşmək istəyirdi,-dedi.-Onu gözlənilmədən Tiflisə çağırmışdılar, Azərbaycanda Xalq Cümhuriyyəti elan edilməsi barədə bəyannaməyə rəy verib imza atmaq üçün. Tiflisdən iki gündür qayıdıb. Gərək bu gün özünüzü Şuşaya çatdırasınız. Kəsə yolla getsəniz, elə bir uzaq yol deyil. İki nəfər də atlı ayırmışam ki, sizi müşayiət etsin. Hər ehtimala qarşı yanınızda mühafizəçi olsa yaxşıdır. Qayıdanda da mənə baş çəkməyi unutmayın. Yolunuzu gözləyirəm...

Sultan bəy Əmraha tərəf dönərək əlavə etdi:

- Bizim görüşlərimiz, söz-söhbətimiz çox olacaq. Hələlik ləngiməyin. “Yolçu yolda gərək...”  deyiblər. - Əmrahın əlini bərk-bərk sıxdı.

Əmrah atına süvar olub Laçın dağlarının dolayları ilə qalxmağa başladı. Mühafizəçilər də arxasınca...

Əmrah Şuşaya çatanda günorta çağıydı. Atını birbaşa Xosrov bəyin əyləşdiyi qədim binanın həyətinə sürdü.

lll

Xosrov bəy Əmrahın gəldiyini eşidən kimi əyləşdiyi stuldan qalxıb onu gözləmə otağında qarşıladı. Xosrov bəyin çox da dəbdəbəli olmayan kabinetinə daxil olub, qarşı-qarşıya əyləşdilər. Hərəsinin qabağına bir stəkan çay gəldi. Xosrov bəy çaydan bir-iki qurtum içib stəkanı nəlbəkiyə qoydu və üzünü Əmraha tutaraq:

- Bilirsiniz, - dedi, - indi hərc-mərclik mühiti yaranıb. Qarışıq  zəmanədir. Çarın gəmisi batır. Bir tərəfdən də erməni daşnakları fürsətdən istifadə edib, orda-burda baş qaldırıb müsəlmanlara qarşı qan-qan deyirlər. Əslində sadə ermənidən xəta gəlməz. Onları qızışdırıb müsəlmanlara qarşı qoyan Andranik, Nijdeh, Dro kimi qatı millətçilərdir. Daşnaklar Amerikada, Suriyada, Fransada oturub, buradakı ermənilər üçün millətçilik zəhəri hazırlayır. Buna görə erməni xəyalpərəstləri cürbəcür axmaq xülyalara düşüblər. Nə qədər ki onların qanı millətçilik zəhərindən təmizlənməyib, silahımızı yerə qoya bilmərik. Hər an ayıq-sayıq olmalıyıq. Bəzi avropalı nadanlar, nakəslər də bizi günahlandırır ki, guya erməniləri sıxışdırırıq, onları gözümçıxdıya salmışıq...

Xosrov bəy danışığına ara verib ayağa qalxdı və kabinetində gəzinə-gəzinə sözünə davam etdi:

- Bir baxın, Gorus təbii mənzərəsinə, ab-havasına görə Qafqazın ən səfalı şəhəridir. Di gəl ki, orada bir nəfər belə müsəlman yaşamır. Çünki imkan vermirlər. Sıxışdırıb qovurlar. Gorusun əhatəsində olan Laçın, Cəbrayıl, Qubadlı, Zəngilan mahalında isə minlərlə erməni yaşayır. Heç kəs onlara “gözün üstə qaşın var” demir. Ermənilər həmin müsəlman əyalətlərində yaxşı-yağlı vəzifələr tutur, kefə baxırlar. Fürsət düşəndə də azərbaycanlılara arxadan bıçaq vururlar. İndi  gəl görüm bu millətlə necə dil tapasan?! Başqa bir ağrılı cəhət də odur ki, özümüz özümüzə qənim kəsilmişik.  Böyük kəndlər kiçik kəndlərə tez-tez basqın edir, onları çapıb-talayır.

Xosrov bəy əlindəki siqareti stolun üstündəki  külqabıda  söndürüb, Əmrahın üzünə baxdı və:

- Əmrah, tək əldən səs çıxmaz. Mən də ki, od olsam özümü yandıraram. Bu yaxınlarda Sultan bəylə söhbət edirdik. Qubadlı tərəflərdən yaxşı xəbərlər gəlmir. Sənin barəndə çox eşitmişəm. Sultan bəy də haqqında mənə danışıb. Görürəm qoçaq, cəsarətli oğlansan. Təpərli, kara gələn  adamsan. Bu çətin günlərdə  mənə də sənin kimi cəsur adamlar lazımdır. Ona görə də fikrim belədir ki, səni Qubadlının Ermənistanla sərhəd olan kəndlərinə yüzbaşı təyin edək. Həm erməni daşnaklarının öhdəsindən gələrsən, həm də kəndlər arasında əmin-amanlıq yaradarsan. Bu vəzifəni yerinə yetirə biləcəyinə tam əminəm və şübhə etmirəm ki, sözümü yerə salasan.

Bu gözlənilməz təklif Əmrahı çaşdırdı. Onun geniş alnında tər purçumlandı və Xosrov bəyə üzünü tutaraq:

- Cənab Xosrov bəy. Mənə göstərdiyiniz belə bir etimada görə  sağ olun, - dedi. - Lakin onu da bilməlisiniz ki, mən rəiyyətəm. Bu vəzifə üçün nə çoxdu adlı-sanlı bəylər. İkincisi də, boynuma alım ki, mənim yazı-pozu məsələsində o qədər də səriştəm yoxdur. Bir də ki, məni yerinə yüzbaşı məsləhət gördüyünüz Əmir bəy də pis işləmir. Camaatı birtəhər yola verir...

Xosrov bəy əlinin işarəsi ilə onun sözünü kəsərək:

- Dayan, dayan! Bilirəm nə demək istəyirsən. Bu gün bizə ortasına örkən dolanmayan bəy, xan, nə bilim yazıb-pozmağı bacaran mirzələr yox, təpərli, qorxmaz, qeyrətli kişilər lazımdır, - dedi. - Yaxşı olar ki, bu barədə uzun-uzadı müzakirə açmayaq. Nə addım atdığımı da dönə-dönə ölçüb-biçmişəm.

Xosrov bəy sözünə ara verib yenə də əvvəlki fikrinin üstünə qayıtdı:

- Bilirsən, Əmrah, bu, mənim şəxsi fikrimdir. Lazımi yoldaşlarla da danışıb, sözü dağ eləmişik. Əlbəttə, istəməyənlərin də var. Bu məsələyə etiraz edənlər də olacaq. Lakin bizim fikrimiz olandan sonra, kiminsə razı və ya narazı olub-olmamasının əhəmiyyəti yoxdur. Əminəm ki, oradakı  camaat da mənimlə  razılaşar. Üzləşdiyimiz hazırkı mürəkkəb vəziyyət məni belə bir qərara gəlməyə vadar edir. Odur ki, gəl bu haqda mübahisə etməyək. Yüzbaşı keçməyinlə əlaqədar sənədlərin də hazırdır.

Xosrov bəy gülümsəyərək:

- Sultan bəyin də, sağ olsun, at ilxılarının, qoyun sürülərinin, qaramal naxırlarının sayı-hesabı yoxdur. Satıb-sovub İrandan, Türkiyədən və başqa ölkələrdən lazım olduğundan da artıq silah-sursat alıb. Ona görə də silah barədə xatircəm ol, nə qədər lazımdır verə bilərik.

Əmrah Xosrov bəy  kimi ləyaqətli, mötəbər bir şəxsin qarşısında sözü çürütmək istəmədi. Və şəstlə ayağa qalxdı. Onlar xudahafizləşib ayrılmaq istəyəndə Xosrov bəy:

- Bəlkə bu axşam qalıb qonağım olasan? - dedi. - Bilirsən ki, Şuşa Qarabağın ən  səfalı yeridir. Yaxşı ab-havası var.

Əmrah:

- Göstərdiyiniz iltifata görə təşəkkür edirəm, - dedi. - Ancaq indiki məqamda nə qədər tez qayıtsam yaxşıdır. Sultan bəyə də söz vermişəm. Biz görüşməliyik. Yəqin yolumu gözləyir. Ona da baş çəkməliyəm.

Xosrov bəy vəziyyətin mürəkkəb olduğunu və getdikcə də pisləşdiyini nəzərə alıb, bərkini tutmadı. Ayağa qalxıb Əmrahı həyətə qədər müşayiət etdi və ondan ayrılıb, razı halda kabinetinə döndü.

(Ardı var)

 





24.10.2016    çap et  çap et