525.Az

Paltarboğan kəndi - (hekayə)


 

Paltarboğan kəndi - <b style="color:red">(hekayə) </b>

... Məktəbin qocaman direktoru Aydın müəllim günün günorta çağı, bir qolunda kəndir kələfi, bir əlində də kətil, biçilmiş taxıl zəmisinin başından keçən torpaq yolla gəlib, nəhəng, bu kənddən küsmüş kimi görünən tək-tənha palıd ağacına çatdı.

Kətili qoyub oturdu. Kəndirin ucundan tutub kələfi qarşısına atdı və pencəyinin cibindən qara paltar sabununu çıxarıb sürtə-sürtə kəndirin canına yeritdi. Elə səliqəli ilgək düzəltdi ki, deyərdin, bəs bu işin məktəbini oxuyub.

Boynuna salıb yoxladı: əla sürüşürdü. Öz işindən məmnun halda ayağa qalxdı. Kəndirin o biri ucunu bağlamaq üçün ağacın başına bir neçə dəfə dolanıb ürəyinə yatan budağı axtardı. Tapanda sevinsə də, nə illah elədi, fırlayıb atdığı ilgək budağı aşa bilmədi.

Cırılmış topu təpikləyib tozanaq qaldıran beş-altı uşaq yaxınlıqdan keçəndə əlində kəndirlə tullanıb düşən Aydın müəllimə baxıb gülüşdülər. Müəllim onları yanına çağırıb dedi ki, əgər budağa çıxıb kəndiri bağlasalar, onlara top almaq üçün pul verəcək. Uşaqlar meymun cəldliyi ilə palıda dırmaşdılar.

Müəllim kətili yaxına gətirib üstünə çıxdı, kəndirin uzunluğunu boyuna görə hesabladı və budağa bağlatdı. Cibində nə qədər pulu qalmışdısa, hamısını uşaqlara verib onları razı yola saldı. Uşaqlar kəklik kimi uçuşub gedəndə müəllim kətilə çıxdı, ilgəyi boğazına keçirdib sürüşdürdü və boynunun ardında bərkitdi. Şalvarını belinə dartıb səliqəyə saldı, kəmərini sıxdı, pencəyini düymələdi, qalstukunu sağa-sola çəkib yerində otuzdurdu. Əliylə saçını arxaya daraqladı, sonra barmağını diliylə isladıb qaşlarını tumarladı. Bir neçə dəfə ciyərinə kəndin havasını çəkdi. Əmin olanda ki dünyanı dəyişməyə hazırdı, ayağının ucuyla kətili arxaya itələdi... 

Aradan xeyli vaxt keçmişdi, qonşu kəndin uşaqları məktəbdən çıxıb evlərinə qayıdanda müəllimi görən kimi tanıdılar. Kimin planşeti, telefonu var idisə, o saat çıxarıb çəkdi, sosial şəbəkələrdə özçəkimlərini paylaşdı və sonra da bir-birinə göstərərək getdilər. 

Çiynində səhəng aşağıdakı bulağa gedən yaşlı arvad kim idisə, müəllimi uzaqdan görən kimi tanımışdı. Yeyin gəlib ağacın altına çatanda dizlərinə döydü, kətili cəsədin ayağının altından çəkib oturdu, vaysına bildikcə vaysındı, ağı dedi, Aydın müəllimin bu əməlinə görə onun qarasına xeyli deyindi, ürəyini boşaltdı, sonra da durub, kətili də götürərək zəmanəyə qarğaya-qarğaya getdi. 

Heyvanın örüşdən qayıdan vaxtı idi. Qoyunlar palıdın altına doluşdular. Bəziləri müəllimin ayaqlarını, hələ üstünü qat kəsməmiş ayaqqabılarını iyləməyə də fürsət tapdı. Çoban qoyunları qovub əliylə müəllimin üst-başını axtardı. Onun ayaqqabılarını çıxarıb öz qaloşları ilə dəyişdi. Sonra müəllimi corabından köynəyinə qədər soyundurdu. Paltarları pencəyin içinə yığıb qollarını bir-birinə düyünlədi, öz qaloşlarının hər tayını pencəyin bir cibinə dürtdü, pençək-boxçanı da çomağının ucuna keçirib çiyninə atdı. Qoyunları üzü kəndə tərəf arın-arxayın haylayaraq uzaqlaşdı.

Gün batana yaxın boş bidonlarla dolu bir eşşək arabası yolunu dəyişib ağacın altına girdi. İki kişi tullanıb yerə düşdü. Müəllimi tanımışdılar deyə, heyrətdən, təəccübdən bir-birinə yersiz suallar verirdilər. Tuman-köynəkdə qalmış Aydın müəllimə baxdıqca yanıb-yaxılırdılar. Birdən ağıllarına nəsə gəldi... Bidonları yerə boşaltdılar. Daşqanı cəsədin altına çəkdilər, biri onu dizlərindən qucaqlayıb qaldırdı, o biri ilgəyi cəsədin boynundan çıxardı. Əvvəl arabaya uzandırdılar, sonra sürüyüb yerə qoydular. Nisbətən cavan olan ağaca dırmaşıb kəndiri açdı. Yerdəki eşşəyin çürümüş və düyün-düyün olmuş noxtasını çıxardıb təzə kəndiri hörmələdi, artığını kəsdi, yerdəki bidonları yerinə yığıb onları bir-birinə bağladı ki, yırğalanıb danqıldamasın...

Uşaqlar təzə aldıqları topu təpikləyə-təpikləyə qayıdanda onların arxasına düşmüş küçük hər yerə burnunu uzadıb iyləyə-iyləyə gəlib cəsədi tapdı.

Uşaqlar onu nə qədər fitləsələr də, küçük müəllimdən əl çəkmədi, oturub başını onun qarnına qoydu və qara muncuq gözləriylə işıqları çıraqban kəndə baxdı...

İndi neçə vaxtdır, kənddə bir bədheybət it peyda olub, gecələr ulayır, ora-bura cumur, camaatın evindən hər gün bir meyit çıxır. Odur ki, pal-paltar kəndi basıb, evlərin qapılarından, pəncərələrindən daşıb yollara dağılır, hətta şalvar balaqları, köynək, pencək qolları adamların ayağına, boynuna ilan kimi dolaşır, toran qovuşanda yollardan təkbaşına keçmək olmur, paltarlar adamların üstünə yeriyir.

Təsadüfən, uzaqdan görənlər deyirlər ki, bu bəlanı kəndə gətirmiş o itin kəlləsinin yerində Aydın müəllimin başıdır. Kəndin sağ qalmış kişiləri əlisilahlı keşik çəkirlərsə də, iti tapa bilmirlər ki, güllələsinlər. Camaat əmindir ki, əgər o adambaşlı iti öldürsələr, qara bulud dağılanda günəşli səma necə açılırsa, paltarlar da elə qəfil qeyb olacaq və kənd aydınlığa, rahatlığa çıxacaq.

İndi mən də, əlitüfəngli kişilərlə birlikdə, o adambaşlı itin dalınca kəndi dolaşmağa gedirəm...

Ruh pıçıltısı

Bizdə axı, şeirin bir növü də var - ağılar. Bu şeirləri də bir növ ağı ayağına çıxın. Həm də gecikmiş etiraflarımdı bunlar. Yazmışam ki, yarınızın qədrini sağlığında biləsiz. Deməzdim mən onun qədrini bilməmişəm. Əstəğfürüllah, başımın tacı idi. Sadəcə bunu bir ömür boyu onun üzünə demədim. Milli mentalitetimizin elə məqamları var ki, onlardan üzülüşməliyik. İki kəlmə söz nə olan şeydir ki, onlardan əsirgəyirik: “Səni sevirəm”.

Bir dəstə şeirdi bunlar, bir nəfəsə yazılmışdı. Apardım “Azərbaycan” jurnalına. Sağ olsun dostları, bu ilin aprel sayında yer ayırdılar onlara. Amma ikisini verdilər, qalanlarını saxladılar. Dedilər o qədər ağır yazılardı ki, oxucunu qəm dəryasına qərq edərlər. İndi həmin silsilədən qalan o “ağır” yazılardı ki, oxucularla paylaşıram. Paylaşıram ki, məni üzüb əldən salan ağır duyğulardan xilas olum. Yoxsa...

Nə isə.

Məzarı üstünə getdim başdaşındakı şəklinə xeyli baxdım, o da mənə. Sözlü adama oxşayırdı. Sonra qulağıma gələn bir səsin iziylə başımı qaldırıb əbədi göylərə baxdım. Səs oralardan gəlirdi. Onunkuydu. Bunları deyirdi.

 





24.10.2016    çap et  çap et