525.Az

52 il efirdə - Azərbaycan Milli Radiosu - 90


 

52 il efirdə - <b style="color:red">Azərbaycan Milli Radiosu - 90</b>

Hər həftənin cümə axşamı saat 14:45-də  və bazar günü saat 12:00-da diktor efirdə elan edir.

"Beynəlxalq aləmdə nə var, nə yox, dünyada  nələr baş verir. Siyasi proseslər gələcəyə nələr vəd edir, Bütün bunlar elə indi siyasi icmalçımız Yasin Qaraməmmədlinin şərhində..."Dünya bu gün..."

Mən Yasin müəllimin adını radiodan tanımışam. Hələ uşaq olarkən böyüklərin ona diqqətlə qulaq asdığının şahidi olmuşam. Dünya haqqında o qədər də böyük bir təsəvvürüm olmasa da, onun çıxışları fonunda  bəzi ölkələrin adını ilk dəfə məhz radiodan eşitmişəm.  Dəfələrlə qohum-tanışın, eləcə də anamın hər həftənin müəyyən günləri onu diqqətlə dinlədiyini  görmüşəm. Hətta bir dəfə anama "maraqlı nə danışırlar ki," deyə sual da vermişəm. Cavabında  eşitdiyim  bu sözlər indi də qulaqlarımdadır. O hər gün televiziyada xaricdə gedən müharibələrin göstərildiyini söyləmiş, İranla İraq, Pakistanla Hindistan  və s. ölkələr arasında baş verən gərginlikləri xatırladaraq onların  nəyə görə savaşdıqlarını öyrənmək məqsədi ilə radioya qulaq asdığını bildirmişdi. "Müharibələrdən bizə nə" sualına isə anamın cavabı belə olmuşdu. Böyüyəndə anlayarsan. Həyati təsəvvürlərim artdıqca başa düşdüm ki, Əfqanıstandakı müharibə  Azərbaycan qadınını da əbəs yerə narahat eləmir, çünki oğlu Sovet ordusunun sıralarında müharibəyə aparılanda ən böyük zərbəni, əsgər tabutlarını  analarımız alır. Çernobıl faciəsinin fəsadlarını aradan qaldırmaq üçün səfərbər olan sağlam gənclərimiz diri-diri məhvə məhkum olur...Qarabağ adlı dərd yükümüzün ağırlığına səbəb olan  erməni şovinist millətçilərinin iştahası və dayaqları genişləndikcə qaçqın, köçkün soydaşlarımızın çoxalması, şəhidlərimizin artması müsibətli  yaşam tərzimizə çevrilib və s. Anam deyəndə ki, "Ya rəbbi sən dünyamızı əmin-amanlıq elə", sən demə bu sözün həqiqi mənasında fəlsəfi bir yozum, yaradanın dünyanın sahibindən bir təvəqqesi varmış.

Yeri gəlmişkən o vaxtlar heç bir ali təhsil görməyən anamın radiodan maariflənməsi, bu sadə söhbətlərdən qidalanması onun dünyagörüşünə təsir edirdi. Biz də ona baxıb həyatı büsbütün ondan öyrənirdik. Ucqar bir kənddə yaşayan təhsilsiz bir qadının maraq dairəsi genşləndikcə övladlarına  təlqin etdiyi şüurlu fəaliyyət sonrakı dönəmlərdə bizi müşayiət edən həyat kredosuna çevrildi...

Çoxları kimi mən də anlamağa başladım ki, dünyamızda sakitlik olarsa hər şey düzələr. Fikrimə qüvvət kimi ölkə prezidenti İlham Əliyevin Mingəçevirdə 2015-ci ildə səhiyə işçilərinin qarşısında etdiyi çıxışdan bir məqamı da xatırlamaq yerinə düşər. Dövlət başçısı dolların devalvasiyasından sonra çaşqınlıq içərisində olan insanlara bildirmişdi: "Azərbaycan dünya iqtisadiyyatının bir parçasıdır... Regionda gedən proseslər istər-istəməz bizə də təsir göstərir. Son bir il ərzində MDB məkanında bizim qonşuluğumuzda yaşanan gərginlik müəyyən dərəcədə Azərbaycan iqtisadiyyatına da öz təsirini göstərmişdir. Əsas məsələ ondan ibarət idi ki, biz Azərbaycan xalqını mümkün olan risklərdən qoruyaq, Azərbaycanda sabitliyi möhkəmləndirək və xalqımızın seçimini müdafiə edək..."

Bu nöqteyi-nəzərdən siyasi aləmdə cərəyan edən hadisələrdən xəbərdar olmaq adi bir fərddən tutmuş ölkənin ziyalı təbəqəsinə qədər hamının diqqətini çəkir. 52 ildir ki, Yasin Qaraməmmədlinin siyasi mövzuda söhbətləri radiodan böyük həvəslə dinlənilir. Anlaşıqlı danışıq, rəvan nitq, hadisənin bütün detalları  ilə təsvir olunması, eyni zamanda gözləniltilərlə bağlı siyasi ekspertin düşüncələri, olayın arxasındakı gizli məqamlara toxunuş, mahiyyətdən doğan bəzi nüansların açılışı və nəhayət  ölkəmizlə bağlılığı məsələsi,  ola bilsin ki,  kimə isə xırda görünən, lakin böyük bir siyasi əhəmiyyət kəsb edən mövzulara plüralist yanaşma dinləyiciyə məsələni tamamilə agah edir. Efirdən "siyasi icmalçımız" kimi təqdim edilməsinin də səbəbi odur ki, Yasin müəllim Milli radionun öz yetirməsidir, illərini verdiyi doğma ocağın divarları arasında yetişən və onun dirçəlişində, intibahında əməyi olan peşəkar mütəxəssislərdən biridir. Fəaliyyətə başladığı gündən indiyə kimi radioda dinləyici ilə ünsiyyətdə olmağından daima qürur duyur. Bugünün özündə də illər öncə olduğu kimi yenə də əvvəlki ovqatla, gözəl  əhval ruhiyyə ilə efirə gəlir, canlı təmasa üstünlük verir. 

Y.Qaraməmmədli 1958-1963-cü illərdə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedoqoji İnstitutunun Tarix-filologiya fakültəsini fərqlənmə diplomu ilə başa vurub. 1963-1964-cü illərdə Saatlı və Sabirabadda tarix, Azərbaycan dili və ədəbiyyatı fənlərindən  müəllimlik  edib. Rayondan qayıtdıqdan sonra peşə məktəbinə müəllim və sonra qısa müddət Baş Mətbuat İdarəsində (Qlavlit) senzor vəzifəsində işə düzəlib. Müəllimi Qənbər Hüseynov öz tələbəsinin  zehni qabiliyyətinə və intellektual səviyyəsinə bələd olduğundan onu  radioya Xəbərlər redaksiyasının baş redaktoru Hacı Hacıyevin yanına gətirib. Burada 1964-cü il, noyabrın 2-də tərcüməçi kimi fəaliyyətə başlayıb. 1971-ci ildən isə siyasi şərhçi,  böyük redaktor və baş redaktorun müavini olub. Efirdə çalışdığı dövrdə ali məktəbdə ixtisas  aldığı fənlərin mükəmməl  bilicisi olduğunu  radiodakı iş prosesində müvəffəqiyyətlə təsdiqləyib. Azərbaycan Radiosunda keçmiş və müasir dövr tarixini dərindən tədqiq və  dinləyiciyə doğma dilimizin şirin danışığı ilə təqdim edən ustad sənətkara çevrilib.

Radio ilə paralel olaraq elmi-pedaqoji fəaliyyətini də davam etdirib. Azərbaycan SSR EA Fəlsəfə və Hüquq İnstitutunda "Bədii xarakter anlayışı" mövzusunda tədqiqat işi aparıb, bir sıra elmi nəşrlərdə məqalələri dərc olunub. 

1978-ci ildə dissertasiya müdafiə edərək estetika ixtisası üzrə fəlsəfə elmləri namizədi elmi dərəcəsi alıb. Eyni zamanda 1975-ci ildən Azərbaycan Xarici Dillər İnstitutunda, 1978-ci ildən APİ-də müəllimlik fəaliyyətinə başlayıb. 

1984-cü ilin noyabrında müsabiqə yolu ilə APİ-nin fəlsəfə kafedrasında baş müəllim seçilib, 1986-cı ilin mayından 1990-cı ilin dekabrına qədər həmin kafedranın, sonra isə institutda onun təşəbbüsü ilə təzə yaradılan mədəniyyətşünaslıq kafedrasının müdiri, 1996-1997-ci illərdə Pedaqoji Universitetin tərbiyə işləri üzrə prorektoru vəzifələrində çalışıb.

Hazırda ADPU-nun fəlsəfə kafedrasının dosenti kimi elmi-pedaqoji fəaliyyətini davam etdirir, fəlsəfə, estetika, etika, mədəniyyətşünaslıq, habelə Bakıdakı bir sıra özəl universitetlərdə konfliktologiya və müasir dünya siyasəti fənlərini tədris edir.

Y.Qaraməmmədli geniş profilli mütəxəssis kimi xüsusilə ümummaarif xarakterli nəşrlərə daha çox meyl edir: "Azərbaycan Sovet Ensiklopediyası"nın IX-X cildlərinin, "Fəlsəfə ensiklopedik lüğəti"nin (1997) müəlliflərindəndir, "Davranış estetikası" kitabını tərcümə edərək ön sözlə nəşr etdirib (1978), orta məktəb üçün bir sıra tarix dərsliklərinin tərcüməçisi  və elmi redaktoru olub.

Yasin Qaraməmmədlinin həm elmi və həm də radiodakı  fəaliyyəti  yetərincə qiymətləndirilib. Ölkə başçısının 2012-ci il 18 aprel tarixli sərəncamı ilə o "Əməkdar jurnalist" fəxri adına layiq görülüb. Beynəxalq mövzuda olan şərhlərə görə Azərbaycan Jurnalistlər Birliyinin  H.B. Zərdabi  mükafatını alıb.

Sonralar tale, qismət  elə gətirdi ki, bir vaxtlar radiodan tanıdığım, adı həmişə hörmətlə çəkilən görkəmli ziyalımız  ilə bir kollektivdə,  "Xəbərlər" redaksiyasında  çalışmalı oldum. Yasin müəllim sözün həqiqi mənasında gözəl insan, gənclərə arxa, dayaq olan, elmi istiqamətə gedənlərə yardım edən, yol göstərən, mənəvi dəstəyini əsirgəməyən əsl müəllimdir.  Gördüklərimin şahidiyəm ki, hamı onun radioya gəlişini səbrsizliklə  gözləyir. Bəziləri siyasi mövzuda  hansısa bir hadisə ilə bağlı analitikin mövqeyini öyrənmək üçün, kimi də böyük kimi ona dərdini anlatmaq, məsləhət  almaq, görüşmək  üçün qarşısına çıxır. Radionun həyətindən düz studiyayadək suallar yağışına tutulur...

Yasin Qaraməmmədlinin bir fərqliliyi də ondadır ki, vaxtilə onunla çalışan iş  yoldaşlarına hörmətlə yanaşır, dünyadan köçənlərin  ehtiramla adını çəkir, həyatda sağ olanları isə tez-tez yoluxmağı özünə borc bilir. Bu 50 ildə radioda duz-çörək kəsdiyi insanları, hətta az bir müddət çalışdığı kəsləri belə  unutmur,  onların yas mərasimlərindən qalmır, bir yoldaş kimi  şad günlərində həvəslə iştirak edir. Onun bir böyüklüyü də ondadır ki, yaşından, peşəsindən asılı olmayaraq kollektivin hər üzvü ilə yaxın ünsiyyətdə olur, etik davranışı ilə özünə qarşı hüsn-rəğbət yaradıb. Məhz bu insani keyfiyyətlərinə, səmimi xasiyyətinə görə  Yasin   Qaraməmmədli Azərbaycan radiosunda çoxlarının ən yaxın dostudur. Yasin Qaraməmmədli radionu ziyalı məktəbi adlandırır və ölkədə mətbuatın genişlənməsini də demokratiya amili hesab edərək təqdirəlayiq hal kimi qiymətləndirir. Ancaq küçə danışıq tərzinin  efirə gətirilməsini heç cürə qəbul edə bilmir. Dahilər məktəbi yetişdirən Azərbaycan Radiosundan örnək götürməyi gənclərə məsləhət görür.

Yasin müəllim zövqlü geyim tərzinə, üstbaşının səliqə-sahmanına görə də çoxlarına örnəkdir.  Həmişə şux görkəmdə olan ziyalının sözünə, davranışına olduğu kimi, geyiminə də ciddi fikir verməsi, özünə baxımlı olması, əsl ziyalı qiyafəsində görünüşü radioda yazıb-yaradanlara ömrün istənilən vədəsində həyata nikbin baxmağa  stimul verir.. Özünün  isə həyatda ən böyük qazancını dinləyicilərin sevgisində görür. Bu yaxınlarda bazarda göyərti alanda satıcıya göyərtilərin adını söyləyəndə, yaşlı qadın başını qaldırıb düz gözlərinin içinə baxır, səsindən tanıdığı siyasi şərhçiyə deyir ki, "bəs biz nə vaxt öz  torpaqlarımıza qayıdacayıq?"...

Minlərlə, milyonlarla səslərin içərisindən seçilən bu səsin  sahibinə, bütün həyatını radioya həsr edən, buranı gözünün bəbəyi, döyünən ürəyi sayan, ağzındakı dili qədər əziz bilən, Əməkdar jurnalist Yasin Qaraməmmədlini "Ana radio"muzun 90 illik yubileyi münasibəti ilə təbrik edirik.

 





25.10.2016    çap et  çap et