525.Az

İdman yarışlarında manipulyasiyaya görə cəzalar sərtləşdirilir


 

İdman yarışlarında manipulyasiyaya görə cəzalar sərtləşdirilir <b style="color:red"></b>

Azərbaycanda idman yarışlarında manipulyasiyaya görə cəzalar sərtləşdirilir.

Bu məqsədlə "Bədən tərbiyəsi və idman haqqında" qanuna, Cinayət Məcəlləsinə və Cinayət-Prosessual Məcəlləyə dəyişiklik nəzərdə tutulur.

Qeyd edək ki, Milli Məclisin (MM)  Gənclər və idman komitəsinin oktyabrın 24-dəki iclasında   yuxarıda adıçəkilən qanunlara müvafiq dəyişikliklər müzakirə olunub.

Qanunlara nəzərdə tutulan dəyişikliklər barəsində parlamentarilərə məlumat verən Gənclər və idman komitəsinin sədri Fuad Muradov deyib ki, Cinayət Məcəlləsinə 192-2 (idman yarışlarının manipulyasiyası) maddəsi əlavə edilir:

"192-2.1 maddəsində idman yarışlarının manipulyasiyası məqsədi ilə idmançıya, idman hakiminə, məşqçiyə, sposnsora və ya digər şəxsə onun özü  və ya  üçüncü şəxslər üçün birbaşa və ya  dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə, maddi və  ya sair nemət, imtiyaz və ya güzəşt  təklif olunması, vəd edilməsi və ya  verilməsinə görə- üç min manatdan beş min manatadək cərimə və ya 3 ildən 6 ilədək müddətə  azadlıqdan məhrumetmə ; 192-2.2 - idman yarışlarının manipulyasiyası məqsədi ilə idmançıya, idman hakiminə, məşqçiyə, sponsora və ya digər şəxsə onun özü  və ya  üçüncü şəxslər üçün birbaşa və ya  dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə, maddi və  ya sair nemət, imtiyaz və ya güzəşt  təklif olunması, vədin qəbul edilməsinə görə- üç min manatdan beş min manatadək cərimə və ya 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 3 ildən6 ilədək müddətə  azadlıqdan məhrumetmə ilə cəzalandırılır".

Məcəllənin 192-2.3 və 192-2.2 maddəsində isə bu hal təkrar törədildikdə, mütəşəkkil  dəstə və cinayətkar  birlik tərəfindən törədildikdə 6 ildən 8 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Qanun layihəsinə görə, idman yarışlarının manipulyasiyası məqsədi ilə idmançıya, idman hakiminə, məşqçiyə, sponsora və digər şəxsə, yaxud, onların yaxın qohumlarına zor tətbiq etmə və ya, hədələmə,  onlar barədə rüsvayedici  məlumatlar yayma, əmlaklarını tələbetmə hədələməsinə görə isə  3 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.  Bu hal həyat və ya sağlamlıq üçün təhlükəli olan zor tətbiq edilməklə törədildikdə, 3 ildən 6 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.

Qanun layihəsi parlamentin plenar iclasında müzakirəyə tövsiyə edilib.

Kamil HƏMZƏOĞLU

 





25.10.2016    çap et  çap et