525.Az

Milli inkişafın növbəti mərhələsi


 

"AZƏRBAYCAN DÖVLƏT MÜSTƏQİLLİYİNİN ÜÇÜNCÜ DÖVRÜNDƏ DAHA DA QÜDRƏTLƏNƏCƏK, İNKİŞAF ETMİŞ ÖLKƏLƏR SIRASINDA ÖZÜNƏ LAYİQLİ YER TUTACAQ"

Milli inkişafın növbəti mərhələsi<b style="color:red"></b>

Məlum olduğu kimi, oktyabrın 17-də Müstəqillik günü ilə bağlı təşkil olunan rəsmi qəbulda prezident İlham Əliyev Azərbaycan dövlətinin 25 illik müstəqillik dövrünü 3 mərhələ ilə xarakterizə edib.

Ölkə başçısı birinci dövrü itirilmiş imkanlar, ikinci dövrü inkişaf və sabitlik, üçüncü dövrü isə milli inkişafın növbəti mərhələsi adlandırıb.

Prezident İlham Əliyev qeyd edib ki, iyirmi beş il bundan əvvəl - 1991-ci il oktyabrın 18-də Azərbaycan Ali Soveti Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul edib: "Beləliklə, Azərbaycan XX əsrdə ikinci dəfə müstəqilliyə qovuşub. 1918-ci ildə müsəlman aləmində ilk demokratik respublika Azərbaycanda qurulub. Haqlı olaraq fəxr edirik ki, biz müsəlman aləmində birinci idik. Bu dəfə - 1991-ci ildə isə Azərbaycan öz dövlət müstəqilliyini elan edən müttəfiq respublikalar arasında birincilər sırasında deyildi. Öz dövlət müstəqilliyini elan edən müttəfiq respublikalar arasında Azərbaycan sayca 13-cü idi. Bu, tarixdir. Biz tarixi bilməliyik, yaddan çıxarmamalıyıq. Hesab edirəm ki, Azərbaycan o vaxt öz dövlət müstəqilliyini daha əvvəl elan edə bilərdi. Bu qədər gözləmək lazım deyildi. Xüsusilə onu da yaddan çıxarmamalıyıq ki, Sovet İttifaqının özəyini təşkil edən Rusiya öz dövlət müstəqilliyini avqust ayında, bizdən iki ay əvvəl elan etmişdi".

Ölkə başçısı bildirib ki, əfsuslar olsun ki, müstəqilliyimizin ilk illərində Heydər Əliyev hakimiyyətdə deyildi: "Əgər olsaydı, biz böyük itkilərlə üzləşməzdik. Müstəqilliyimizin birinci dövrü faciəvi dövr idi. 1991-1993-cü illərdə Azərbaycan çox böyük problemlərlə, itkilərlə üzləşib. Bu dövrü iki mərhələyə bölmək olar. Birinci mərhələ 1991-ci ilin oktyabr ayından 1992-ci ilin yay aylarına qədər olan dövrdür. Bu dövr itirilmiş imkanlar, itkilər dövrü idi. Ermənistan Azərbaycana qarşı təcavüzə başlamışdı, azərbaycanlılar Dağlıq Qarabağdan qovulurdular. 1992-ci ilin may ayında Şuşanın və Laçın rayonunun işğal altına düşməsi böyük itki, böyük faciə idi. O illərdə dövlətçiliyin əsasları qurulmamışdı, ekstremist elementlərə qarşı ciddi mübarizə aparılmamışdı, nizami ordu yaradılmamışdı, cəmiyyətdə milli həmrəylik, milli birlik yox idi".

Dövlət başçısı deyib ki, 1992-ci ildə Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası müxalifət partiyası kimi yaradılib və siyasi mübarizə nümunəsini göstərib: "Azərbaycanda Heydər Əliyevin rəhbərliyi ilə aparılan siyasi islahatlar demokratiyanın inkişafına, insan haqlarının qorunmasına hesablanıb. Azərbaycan o illərdə beynəlxalq təcriddən çıxa bilib. Çünki ölkəmiz haqqında dünyada informasiya yox idi. Ermənistan erməni lobbisinin imkanlarından istifadə edərək bizə qarşı qarayaxma kampaniyası aparırdı. Bizim isə cavab vermək, reallığı dünya birliyinə çatdırmaq üçün imkanlarımız yox idi. Yəni, beynəlxalq təcridə, informasiya mühasirəsinə son qoyuldu. Azərbaycanda iqtisadi islahatlara start verildi və bazar iqtisadiyyatı prinsipləri bərqərar oldu. Xarici siyasət prioritetləri məhz o illərdə müəyyən edildi. Azərbaycan müasir dünyəvi dövlət kimi öz inkişafına başladı".

İlham Əliyev vurğulayıb ki, Azərbaycan 1993-2003-cü illərdə öz inkişaf və sabitlik dövrünü yaşayırdı: "Bizim əsas vəzifəmiz ondan ibarətdir ki, ölkəmizi irəliyə aparaq, gücləndirək və müsbət meyillər əsasında inkişafı təmin edək. Bu baxımdan 2003-cü il, hesab edirəm ki, müstəqil tariximiz üçün də xüsusi əhəmiyyət daşıyır. Çünki 2003-cü ildə ölkənin bundan sonra hansı yolla gedəcəyi haqqında Azərbaycan xalqı öz qərarını verdi: Heydər Əliyev siyasətimi davam edəcək, yoxsa ki, yenə Azərbaycan bəlalarla, fəlakətlərlə üzləşəcək?! Azərbaycan xalqı həmişə olduğu kimi, müdrikliyini göstərərək Heydər Əliyev siyasətinə öz səsini verdi".

Dövlət başçısı qeyd edib ki, bu illər ərzində Azərbaycan bütün istiqamətlər üzrə çox böyük uğurlara imza atdı: "Bizim beynəlxalq əlaqələrimiz genişləndi. Azərbaycan dünya miqyasında böyük rəğbətə malik olan bir ölkədir. İkitərəfli əlaqələr inkişaf edir, biz dünyada daha çox dostlar qazanırıq. Üzv olduğumuz bütün təşkilatlarda bizim sözümüzün böyük çəkisi var. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda bizim prinsipial mövqeyimiz dəyişməz olaraq qalır. Bu mövqe daha çox beynəlxalq dəstək qazanır. Artıq dünya ictimaiyyəti bilir ki, reallıq nədən ibarətdir. Yəni, bizim torpaqlarımız işğal altındadır. BMT Təhlükəsizlik Şurasının, digər təşkilatların qətnamələri icra edilmir. Dağlıq Qarabağ münaqişəsinin ədalətli, beynəlxalq hüquq əsasında həll edilməsi bizim prinsipial mövqeyimizdir. Bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır və dəstəkləyir. Biz artıq bütün dünyaya sübut etmişik ki, müstəqil həyat yaşaya bilərik, uğurla yaşaya bilərik".

Prezidentin çıxışı ilə bağlı fikirlərini bildirən Milli QHT Forumunun prezidenti Rauf Zeyni hesab edir ki, ölkə başçısı Müstəqillik günü ilə bağlı təşkil olunan tədbirdə Azərbaycanın 25 il ərzində keçdiyi keşməkeşli və şərəfli yolu mərəhələlərlə təhlil edib, bu illər ərzində ölkəmizin hərtərəfli inkişafı istiqamətində həyata keçirilən işlərə, atılan addımlara öz münasibətini bildirib: "Prezident İlham Əliyev Azərbaycanın 25 il ərzində hansı proseslərdən keçərək bugünki vəziyyətinə gəlib çatdığını öz nitqində ifadə edib. Dövlət başçısı tədbirdə iştirak edən xarici ölkələrin diplomatik nümayəndələrinin də bir daha diqqətinə çatdırıb ki, Azərbaycan xalqı öz müstəqilliyini çətinliklərlə, böyük qurbanlar, şəhidlər verərək əldə edib. Ona görə də Azərbaycan xalqı öz müstəqilliyini layiqincə dəyərləndirir".

R.Zeyninin sözlərinə görə, prezident bir daha vurğulayıb ki, Azərbaycan müstəqil dövlətdir, müstəqil daxili və xarici siyasət kursuna malikdir: "İlham Əliyev həm ölkə, həm də beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb ki, Azərbaycan xalqı, dövləti və prezidenti öz müstəqil yolundan dönmək fikrində deyil. Hər hansı bir təhdidlər olsa belə Azərbaycan dövlətini bu yoldan saxlamaq mümkün olmayacaq".

Prezident İlham Əliyevin tədbirdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı səsləndirdiyi fikirlərə toxunan Milli QHT Forumunun sədri bildirib ki, Azərbaycan dövləti öz ərazilərində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək: "Torpaqlarımızın 20 faizinin işğal altında olmasına baxmayaraq Azərbaycan münaqişənin həlli ilə bağlı aparılan danışıqlarda konstruktiv, sülhməramlı mövqe nümayiş etdirir. Buna rəğmən dünya birliyinin Azərbaycana qarşı ikili standartlar tətbiq etdiyini deyən ölkə başçısı beynəlxalq ədalətsizlikdən danışaraq qeyd edib ki, əgər qonşu dövlətlər arasında münasibətlər yaxşı olarsa, ümumiyyətlə dünyada heç bir müharibədən söhbət belə gedə bilməz. Yəni, beynəlxalq münasibətlərdə də Azərbaycan xoşməramlı niyyətlə çıxış edir, yalnız qarşılıqlı faydalı əməkdaşlıq haqqında düşünür. Biz hər hansı bir iddiada olan dövlət deyilik. Bizim məqsəd və niyyətimiz yalnız bərabərhüquqlu əməkdaşlıq etməklə həm öz dövlətimizi inkişaf etdirmək, həm də tərəfdaş olduğumuz ölkənin inkişafına hər hansı bir formada təkan verməkdir. Bu mənada, ölkə başçısı İlham Əliyev Müstəqillik günü ilə bağlı təşkil olunan tədbirdəki çıxışında bütün məqamlara tam aydınlıq gətirib".

Strateji Araşdırmalar İnstitutunun rəhbəri, politoloq Ramiz Alıyev isə qeyd edib ki, prezident İlham Əliyev çox haqqlı olaraq Azərbaycanın 25 illik müstəqillik dövrünü 3 mərhələ ilə xarakterizə edib: "Birinci dövrdə müstəqilliyinə yenicə Azərbaycan parçalanma, məhv olma təhlükəsi ilə üz-üzə olub. Ümummilli lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldikdən sonra bütün bu təhlükələrin qarşısı alınıb, Azərbaycan müstəqil inkişaf yoluna qədəm qoyub".

R.Alıyev bildirib ki, Azərbaycanın müstəqiliyini bərpa etdiyi ilk illərdə bəzi xarici dairələr ölkəmizdəki əlaltıları vasitəsilə dövlətimizi məhvə sürükləməyə çalışırdı: "Ölkənin dörd bir yerində separatçı meyllər güclənir, mərkəzi hakimiyyətdən qopmalar müşahidə olunurdu: "Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bütün bu faciələrin qarşısı alındı, günahkarların cəzalandırılması istiqamətində müvafiq addımlar atıldı. Bununla da Azərbaycanın müstəqilliyinin qorunub saxlanılması istiqamətində ilk mühüm addımlar atıldı. Daha sonra ümummilli lider ölkənin sabit və təhlükəsiz şəraitdə inkişafı, qüdrətlənməsi yolunda ən vacib addımlardan biri olan "Əsrin müqaviləsi"ni reallaşdırmağa nail oldu. Bu, Azərbaycan dövlətinin gələcək inkişafı üçün münbit zəminin yaradılması demək idi".

2003-2005-ci illərdə Azərbaycanın növbəti böyük sınaqdan üzüağ çıxdığını deyən R.Alıyev qeyd edib ki, bu dövr ərzində dövlət çevrilişinə cəhd edən qüvvələrin qarşısı alındı, xalqın milli iradəsi növbəti dəfə öz sözünü dedi: "Prezident İlham Əliyev bununla bir daha sübut etdi ki, o ümummilli lider Heydər Əliyevin layiqli davamçısıdır".

Hazırda Azərbaycanın bütün dünyada nüfuzlu, hörmətlə qarşılanan ölkə olduğunu deyən R.Alıyev qeyd edib ki, ölkədə bütün dinlərə, mədəniyyətlərə məxsus insanların dinc, azad şəkildə yaşaması, fəaliyyət göstərməsi, öz dini ayinlərini icra etməsi üçün bütün imkanlar yaradılıb: "Azərbaycan bütün dünyada tolerant, multikultural ölkə kimi tanınır. Hesab edirəm ki, dövlətimizin sivilizasiyalar arasında münasibətlərin yaxşılaşdırılması istiqamətində atdığı addımlar, gördüyü işlər bütün dünya üçün nümunəvi xarakter daşıyır".

Politoloq hesab edir ki, Azərbaycanın dövlət müstəqilliyinin üçüncü mərhələsində ölkəmizin daha da qüdrətlənməsi, postneft dövründə hərtərəfli inkişaf etməsi istiqamətində fəaliyyət aparılacaq: "Bununla dövlətimiz daha da güclənəcək, inkişaf etmiş ölkələr sırasında özünə layiqli yer tutacaq".

Ceyhun ABASOV

 





25.10.2016    çap et  çap et