525.Az

Qanunsuz totalizator fəaliyyəti göstərən daha iki obyekt aşkar edildi


 

Qanunsuz totalizator fəaliyyəti göstərən daha iki obyekt aşkar edildi

Sentyabr ayının 25-də Vergilər Nazirliyi yanında vergi Auditi Departamentinin əməkdaşları tərəfindən paytaxtın Yasamal rayonu, Zahid Xəlilov küçəsi, 30A, ev 29 ünvanında vergi nəzarəti tədbirləri həyata keçirilərkən Qafarov Şahin Ələsgər oğluna (VÖEN 1302699892) və  Quliyev Orxan İbrahim oğluna (VÖEN 1001364012) məxsus obyektlərdə qanunsuz totalizator oyunlarının təşkil edildiyi aşkar olunub.

525.az-ın məlumatına görə, “Real” adı ilə qanunsuz totalizator fəaliyyəti göstərən Ş.Qafarova məxsus obyektdə nəzarət tədbiri keçirilərkən obyektin qanunsuz fəaliyyətini təsdiq edən 4 ədəd kompyuter dəsti, noutbuk, televizor, “qara mühasibatlıq” sənədləri və nəğd pul vəsaitləri aşkar edilərək vergi əməkdaşları tərəfindən müvafiq sənədləşmələr aparılaraq götürülüb. Həmin gün eyni ünvanda O.Quliyevə məxsus “Maxsimus” adlanan digər obyektdə də qanunsuz olaraq totalizator oyunlarının keçirildiyi aşkar edilmiş, obyektin qanunsuz fəaliyyətini təsdiq edən 2 ədəd kompyuter dəsti, televizor, boş və yazılı uduş kuponları, nağd pul vəsaitləri müvafiq qaydada rəsmiləşdirilərək götürülüb.

Keçirilən tədbir zamanı hər iki şəxsin nəğd pul hesablaşmalarının aparılması qaydalarına əməl etmədiyi də müəyyən olunaraq müvafiq sənədləşmələr aparılıb.

Vergilər Nazirliyi qanunsuz fəaliyyət göstərən şəxslərə qarşı mübarizəni davam etdirir və xəbərdarlıq edir ki, vergi qanunvericiliyinin pozulması hallarına qarşı gələcəkdə də sərt tədbirlər görəcəkdir.

 





27.09.2012    çap et  çap et