525.Az

“Əli və Nino” filmi Los Ancelesdə nümayiş etdirildi


 

“Əli və Nino” filmi Los Ancelesdə nümayiş etdirildi<b style="color:red"></b> “Əli və Nino” bədii filmi ABŞ-ın Los Anceles şəhərində keçirilən Asiya Filmləri Dünya Festivalı çərçivəsində sənətsevərlərə təqdim olunub.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan 525.az-a verilən məlumata görə, oktyabrın 24-də sözügedən festivalın ilk açılış filmi kimi nümayiş etdirilən film tamaşaçıların böyük rəğbəti ilə qarşılanıb.
 
Baş konsulluğun dəstəyi ilə keçirilən nümayişdə, Hollivud kino sənayesinin tanınmış nüymayəndələri, Oskar və Emmi mükafatçıları və nominantları, müxtəlif kino prodüserləri, rejissorları və aktyorları və digər şəxslər iştirak ediblər. “Əli və Nino” filminin nümayişinə olan böyük ictimai maraq, festival təşkilatçılarının ikinci kinozalı açaraq, tamaşaçıların ixtiyarına verməsinə səbəb olub. Filmdəki “Əli” rolunun ifaçısı Adam Bakri nümayişdə iştirak edib.
 
Nümayişdə çıxış edən Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev, Azərbaycanın yaxın tarixi, o cümlədən, 20-ci əsrdə iki dəfə müstəqilliyini əldə etməsi, müsəlman dünyasında ilk dünyəvi demokratik respublika qurması və qadınlara ABŞ-dan da öncə səsvermə hüququ verməsi barədə danışıb. “Əli və Nino” əsərinin yüksək tarixi və mənəvi dəyərlərindən danışan diplomat bildirib ki, bu əsər nəinki iki gəncin ülvi məhəbbətindən, eləcə də Azərbaycan xalqının müstəqillik uğrunda apardığı mübarizədən və ölkəmizin qədim tolerantlıq və multikulturalizm ənənələrindən bəhs edir.
 
Hollivudun məşhur nəşrlərindən olan Variety jurnalının, Sony şirkətinin və hər il “Qızıl Kürə” mükafatının sahiblərini müəyyənləşdirən nüfuzlu Hollivud Xarici Mətbuat Assosiasiyasının rəsmi tərəfdaşlar olduqları festivalın açılış filmi kimi “Əli və Nino” filminin seçilməsinin olduqca təqdirəlayiq hal olduğunu qeyd edən N.Ağayev, bunun filmin yüksək keyfiyyətinin və dəyərinin bariz göstəricisi olduğunu vurğulayıb.
 
Sonra film nümayiş etidirilib. Elə ilk anlardan tamaşaçıların böyük marağına səbəb olan film rəğbətlə qarşılanıb.
 
Qeyd edək ki, Kaliforniyada işçi səfərdə olan Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, deputat Asim Mollazadə və Azərbaycan Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev də nümayişdə iştirak ediblər.

Cavid QƏDİR
 





26.10.2016    çap et  çap et