525.Az

Azərbaycan dilçiliyi salnaməsində silinməz imza


 

DİLÇİLİK ELMİMİZİN İNKİŞAFINDA ƏSLƏN ZAQATALADAN OLAN PROFESSOR ƏHMƏD MAHMUDOVUN DA ÖZÜNƏMƏXSUS YERİ VƏ ROLU VAR

Azərbaycan dilçiliyi salnaməsində silinməz imza<b style="color:red"></b>

Azərbaycan dilçilik elminin görkəmli nümayəndələrindən biri olan professor Ə.Mahmudov 1913-cü ildə Zaqatalanın Kebeloba kəndində sadə kəndli ailəsində dünyaya gəlib.

Professor Ə. Mahmudov həm də Zaqataladan olan, elmi dərəcə almış ilk alimdir. Oxumağa, elmə böyük həvəsi olan 5 yaşlı balaca Əhmədi atası Ramazan kişi kənddə mədrəsəyə qoyub və o, burada ərəb dili və ədəbiyyatını öyrənib. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra o, təhsilini Zaqatala şəhər beynəlmiləl məktəbində davam etdirib.

Elmə, təhsilə sonsuz həvəsi olan, ciddi intizamı, təşkilatçılığı ilə seçilən bu yeniyetmə hələ 14 yaşında ikən məktəbdə oxumaqla yanaşı, savadsızlığı ləğv etmək məqsədilə yaşlılar üçün açılmış axşam kurslarında dərs deyib, 100 nəfərə qədər insana oxuyub-yazmağı öyrədib.

1928-ci ildə o zamankı komsomol təşkilatının Zaqatala rayon komitəsi və rayon təhsil şöbəsi bu bacarıqlı gənci təhsilini artırmaq üçün Bakıya-Azərbaycan Pedaqoji İnstitutu yanında (nəzdində) fəaliyyət göstərən pedaqoji fəhlə fakültəsinə göndərib. Elm təşnəsi olan gənc həmyerlimiz pedaqoji fəhlə fakültəsində təhsil almaqla yanaşı, Azərbaycan Dövlət Dil, Ədəbiyyat və İncəsənət İnstitutunda işləyib, proqramların, azərbaycanca-rusca lüğətin tərtibində yaxından iştirak edib.

Fəhlə fakültəsini müvəffəqiyyətlə bitirdikdən sonra o, təhsilini Azərbaycan Pedaqoji İnstitutunda davam etdirib. Ali təhsilini uğurla başa vuran gənc müəllim doğma Zaqatalaya qayıdıb, bir müddət Zaqatala pedaqoji texnikumunda dərs deyib, eyni zamanda RXMŞ-nin inspektoru işləyib,1935-ci ildən isə rayon təhsil şöbəsinə rəhbərlik edib.

1936-cı ildə gənc kadrın yüksək işgüzarlığını, bacarıq və təşkilatçılığını nəzərə alaraq Zaqatala RXMŞ-ı müdirliyindən Təhsil Nazirliyinə inspektor-metodist vəzifəsinə irəli çəkirlər. Onu ibtidai və orta məktəb müəllimlərinin attestasiyasını keçirən komissiyanın üzvü kimi Şəki, Zaqatala, Qax, Balakən, Oğuz, Qəbələ rayonlarına təhkim edirlər.

Təhsilini davam etdirmək arzusunda olan Ə.Mahmudov gördüyü gərgin işlərlə yanaşı daim elmi-pedaqoji səviyyəsinin yüksəldilməsinə çalışır, müntəzəm mütaliə edir, öyrənir, hazırlaşırdı. O, hiss edirdi ki, elmin zirvələrinə uçmaq üçün ona möhkəm və güclü qanadlar lazımdır, öyrəndikləri isə kifayət deyil. Onun gərgin zəhməti, elmə, təhsilə həsr etdiyi yuxusuz gecələri tezliklə öz bəhrəsini verir.

Gənc pedaqoq 1937-ci ildə SSRİ EA Azərbaycan filialının aspiranturasına daxil olur, eyni zamanda, burada Dil, Ədəbiyyat və Tarix İnstitutunda kiçik elmi işçi işləyir. Bir il sonra onu Sankt-Peterburqdakı - SSRİ EA-nın N.Y.Marr adına Dil və Təfəkkür İnstitutuna uzun müddətli ezamiyyətə göndərirlər. Sankt-Peterburqda Əhməd Mahmudov görkəmli dilçi, akademik N.İ. Meşşaninovun rəhbərliyi altında namizədlik dissertasiyasını tamamlayır və 1940-cı ildə müvəffəqiyyətlə müdafiə edir. Bununla bərabər o, akademiklər L.V. Şerbanın, L.Z.Zinderin, İ.İ.Matuşeviçin rəhbərliyi altında eksperimental fonetika laboratoriyasında işləmiş, məşhur ərəbşünaslar Kraçkovskinin, Fuşmanovun, Semyonovun yanında ərəb dili və ədəbiyyatından biliklərini təkmilləşdirib.

Uğurlu müdafiədən sonra Bakıya qayıdan gənc alim SSRİ EA Azərbaycan filialının  Nizami adına Ədəbiyyat və Dilçilik İnstitutunda baş elmi işçi və eyni zamanda, Azərbaycan Dövlət Universitetində dosent əvəzi işləyib, "Dilçiliyə giriş", "Ümumi dilçilik", "Rus və Azərbaycan dillərinin qrammatikası"ndan mühazirələr oxuyub.

1941-ci ildə Böyük Vətən Müharibəsi başlayarkən Ə.Mahmudov könüllü olaraq cəbhəyə yollanıb və döyüşlərdə iştirak edib. Qanlı döyüşlərdən birində ağır yaralanan Ə.Mahmudov müalicə olunduqdan sonra Moskva Hərbi Dairəsində işləyib və SSRİ EA Dilçilik İnstitutunun doktoranturasına daxil olub.

1946-cı ildə istedadlı alimi Sovet dövləti İrana elmi ezamiyyətə göndərir. O, Tehranda rus dili kurslarının direktoru təyin edilir. Ə.MahmudovTehranda işləyərkən elmi axtarışlarını davam etdirib, son dərəcə gərgin fəaliyyət göstərib. İran paytaxtının elmi arxivlərində və kitabxanalarında uzun araşdırmalarından sonra o, M.F.Axundovun əlifba layihələrini tapıb və nadir tapıntılarını 1953-cü ildə Azərbaycan SSR EA-nın əsərlərində (dil və ədəbiyyat seriyası) dərc etdirib.

İstedadlı alimin Tehran Universitetində rus dilini öyrənən tələbələr üçün yazdığı "Rus dili" dərsliyi universitetin professor, müəllim heyəti, tələbələri tərəfindən böyük maraq və ehtiramla qarşılanıb.

Alim sonralar hazırkı İqtisad Universitetinin rus, Azərbaycan və xarici dillər kafedrasına, 1956-1961-ci illərdə isə Bakı Dövlət Universitetinin rus dilçiliyi kafedrasına rəhbərlik edib.

1961-ci ildə Ə.Mahmudovu o zamankı M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunun elmi işlər üzrə prorektoru vəzifəsinə təyin edirlər. O, eyni zamanda həmin ali məktəbin rus dili və onun tədrisi metodikası kafedrasına müdirlik edir.

1964-cü ildə yüksək ixtisaslı kadr kimi Sovet Dövləti Ə.Mahmudovu Misirə göndərir, alim məşhur Qahirə Universitetində rus dili professoru vəzifəsində çalışır.İstedadlı alim məhsuldar elmi yaradıcılığını burada  da uğurla davam etdirir. O, Qahirə Universitetinin "Ali məktəb" adlı jurnalında onlarla elmi məqalə çap etdirir.

Əhməd müəllim Qahirə Universitetində işləyərkən Tehran Universitetində başladığı xeyirxah işini davam etdirərək ərəb tələbələri üçün "Rus dili" dərsliyi yazır və onun bu işi Misir ictimaiyyəti tərəfindən çox yüksək qiymətləndirilir.

1969-cu ildə alim həyatında daha bir parlaq müvəffəqiyyətə imza atır. O, filologiya elmləri doktoru alimlik dərəcəsi almaq üçün "Müasir rus və Azərbaycan dillərinin müqayisəli fonetikasının elmi əsasları, onun nəzəri və praktik əhəmiyyəti" mövzusunda dissertasiyasını çox böyük uğurla müdafiə edir.

İstedadlı alim olan Ə.Mahmudov Azərbaycanda dilçilik işinin quruculuğu sahəsində də fəal iştirak edib. O, Azərbaycan dili üzrə Dövlət Orfoqrafiya Komissiyasının üzvü kimi böyük işlər görüb. Ə.Mahmudovun Azərbaycan dilinin əlifba, qrafika, orfoqrafiyası sahəsində də çoxlu tədqiqatları vardır.

Avar xalqının görkəmli oğlu olan Ə.Mahmudov əsl poliqlot idi. O, ərəb dilini mədrəsədə, fars dilini orta məktəbdə, rus dilini ali məktəbdə, alman dilini aspiranturada öyrənib, Azərbaycan dilini isə öz ana dili kimi digər azərbaycanlılar tək körpəlikdən bilirdi.

Alimin bu qiymətli keyfiyyətini görkəmli Azərbaycan dilçisi, akademik, əməkdar elm xadimi M.Şirəliyev 1974-cü ildə keçmiş SSRİ Pedaqoji Elmlər Akademiyasının orqanı olan "Milli məktəblərdə rus dili" jurnalında Ə.Mahmudov haqqında yazdığı geniş məqaləsində belə təsvir edib: "Ə.Mahmudov avarlara Azərbaycan və rus dillərini, azərbaycanlılara rus, ruslara Azərbaycan, ərəb və farslara isə rus dilini öyrətmişdir..."

Ə.Mahmudov ötən əsrin 50-ci illərində azərbaycandilli rus məktəblərinin V-X sinif şagirdləri üçün iki hissədən ibarət "Azərbaycan dilinin qrammatikası" adlı kitabını yazıb və bu əsər o dövrün ən mükəmməl dərsliklərindən biri kimi elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilib.

İstedadlı alim olan Ə.Mahmudov elmi yaradıcılığı ilə pedaqoji fəaliyyətini səmərəli şəkildə uzlaşdırıb, respublikamız üçün yüksək ixtisaslı dilçilərin və metodistlərin hazırlanmasında fəal iştirak edib, bir sıra aspirantların və elmi işçilərin elmi rəhbəri olub.

Ə.Mahmudov anadan olmasının 60 illiyi ilə əlaqədar məhsuldar elmi yaradıcılığına və pedaqoji fəaliyyətinə görə respublika Təhsil Nazirliyinin "Fəxri fərmanı" ilə təltif olunub. Görkəmli alim həmçinin çoxlu orden və medallarla təltif edilib.

Respublikamızın görkəmli dilçi alimi, professor Ə.Mahmudov 1980-ci ildə Bakı şəhərində dünyasını dəyişib.

Professor Ə.Mahmudovun Azərbaycan dilçilik elminin inkişafındakı böyük xidmətləri, elmi pedaqoji fəaliyyəti heç zaman unudulmayacaq.

Həşim İSMAYILOV
Pedaqogika üzrə fəlsəfə doktoru

 





26.10.2016    çap et  çap et