525.Az

Milli inkişafın yeni mərhələsi


 

Milli inkişafın yeni mərhələsi <b style="color:red"></b>

Bugünlərdə Azərbaycan özünün dövlət müstəqilliyinin  bərpasının 25-ci ildönümünü qeyd etdi.
 

Ötən 25 ildə, xüsusilə müstəqilliyinin ilk illərində ölkəmiz bir sıra çətinliklərlə üzləşdi, eyni zamanda başqa dövlətlərin uzun illər qət etdiyi yolu qısa müddət ərzində qət edə bildi, böyük nailiyyətlər qazandı. Əlbəttə ki, bu dövrə nəzər salanda Azərbaycanın  bir dövlət olaraq tam formalaşması, özünü təmin edən iqtisadiyyata, maddi, mənəvi və insan resurslarına, milli-vətəndaş birliyinə, əhali tərəfindən dəstəklənən vahid inkişaf  kursuna, daxili sabitliyə,  güclü ordu və müdafiə potensialına malik olması və bütün bunlara söykənərək qlobal səviyyədə tam müstəqil daxili və xarici siyasət yürütməsini qeyd etmək olar. Məhz bu amillər Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunun artmasına, onun söz sahibinə çevrilməsinə səbəb olub.

Azərbaycan Prezidenti İlham Əliyev müstəqillik tariximizdən danışarkən onu üç dövrə ayırdı. Bu dövrlər müvafiq olaraq: 1991- 1993; 1993 - 2003 və 2003 - 2016-cı illəri əhatə edir. Artıq 80-ci illərin sonu SSRİ-nin süqutu qarşısıalınmaz prosesə çevrildi, Azərbaycanda, həmçinin bir sıra digər respublikalarda müstəqillik uğrunda mübarizə, milli azadlıq  hərəkatı başladı.

Nəticədə isə bir çox keçmiş müttəfiq respublikalar 1991-ci ilin avqust ayından etibarən özlərinin müstəqilliyini elan etməyə başladılar. Azərbaycan da 1991-ci il oktyabrın 18-də dövlət  müstəqilliyi haqqında Konstitusiya aktını qəbul etdi. Lakin həmin dövrdə həm ölkəni, həm də xalq hərəkatını idarə edənlərin müstəqillik və  milli inkişaf barədə aydın konsepsiyasının olmaması,  rəhbər  şəxslərin səriştəsiz siyasəti, ölkədə pozulan sabitliyi və qanunçuluğu bərpa edə bilməmələri, müstəqillik uğrunda mübarizənin kənar qüvvələrin də təsiri ilə gözlənilmədən vətəndaş qarşıdurması müstəvisinə keçməsi Azərbaycanı  ciddi təhlükələrlə  üz-üzə qoyur, əhalinin gələcəyə, müstəqil dövlətçiliyə inamını ciddi şəkildə sarsıdırdı.  Digər tərəfdən, yaranmış vəziyyətdən sui-istifadə edən Ermənistan Azərbaycana hərbi təcavüz edərək bir-birinin ardınca torpaqlarımızı işğal edir, yerli əhalini qaçqın-köçkün vəziyyətinə salırdı ki, bu da ölkədə günü-gündən artan iqtisadi, siyasi, sosial-mənəvi böhranı getdikcə dərinləşdirirdi. 1990-cı illərin əvvəlində keçmiş SSRİ-nin dağılmasından sonra yaranan gərgin vəziyyətin təhlili bir daha göstərir ki, Azərbaycanın müstəqilliyinin banisi ulu öndər Heydər Əliyev olub. 

Müstəqilliyimiz sınaq qarşısında 

Qeyd etdiyimiz kimi müstəqilliyimizin ilk illəri, yəni 1991- 1993-cü illər Azərbaycan üçün çox ağır dövr oldu. Ölkədə xaos, özbaşnalıq hökm sürür, idarəçilik yox səviyyəsinə, insanların bu gündən sabaha ümidi qalmamışdı. Bir sözlə, dövlətimizin taleyi sual altında idi. Bir tərəfdən isə ermənilər hücumlarını genişləndirirdi. Həmin dövrdə  Şuşa, Kəlbəcər, Laçın ışğal olundu. Dövlət başçısının da qeyd etdiyi kimi, "1992-ci ilin yay aylarından 1993-cü ilin iyun ayına qədərki dövr biabırçılıq, rüsvayçılıq, fəlakət dövrü idi". Xalqın güclü, təcrübəli liderə ehtiyacı var idi. Və belə bir mürəkkəb, çətin dövrdə xalqımız öz xilaskarına, milli liderinə-Heydər Əliyevə üz tutdu. Heydər Əliyev 1990-cı ildən başlayaraq Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunması və qorunub saxlanılması prosesində ölçüyəgəlməz xidmətlər göstərib. 1990-cı ilin əvvəllərində Azərbaycan xalqının ciddi və taleyüklü problemlər qarşısında dayandığı bir dövrdə Heydər Əliyev öz həyatını təhlükə qarşısında qoyaraq milli mübarizə meydanına atılmış, Azərbaycanın müstəqil dövlətçiliyinin, milli birliyinin qorunub saxlanılmasında misilsiz tarixi xidmətlər göstərmiş, xalqı məhv olmaq təhlükəsindən xilas etmək missiyası həyata keçirmişdir. 1990-cı ilin məlum 20 Yanvar hadisələrindən sonra ittifaq miqyasında ilk kəskin reaksiya verən məhz Heydər Əliyev olmuşdu. Ulu öndər həmin vaxt Azərbaycanın Moskvadakı nümayəndəliyinə gedərək mətbuat konfransı keçirib, Bakıda qanlı faciəni törədənləri kəskin tənqid edib, Sovet hökumətini, onun rəhbərlərinin fəaliyyətini pisləyib. Həmin vaxt heç bir vəzifəsi olmayan Heydər Əliyevin bu addımı geniş rezonans doğurdu.

1990-cı ilin noyabr ayının 17-də 12-ci çağırış Naxçıvan MSSR-in Ali Məclisinin ilk sessiyası Heydər Əliyevin sədrliyi ilə keçib. Həmin sessiyada Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adını dəyişdirərək, "Sovet Sosialist" sözlərini oradan çıxarması ulu öndərin müstəqillik yolunda atdığı növbəti addım idi. Azərbaycanın müstəqilliyinin banisi olan Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının Naxçıvanın Dövlət bayrağı kimi elan edilməsi ümummilli liderin bu yolda nə qədər qətiyyətli olduğunu isbat edir. Nəhayət, Heydər Əliyev  1993-cü ildə Azərbaycanda ikinci dəfə hakimiyyətə gəlişi ilə müstəqil dövlətimizi xilas etdi. Azərbaycan xalqı öz liderini əsl xilaskar kimi qəbul etdi. 

Xaosdan inkişafa 

O dövrdən etibarən Heydər Əliyev ölkəmizin inkişafının konseptual əsaslarını yaratdı.

Müstəqil dövlət quruculuğu zamanı Heydər Əliyevin apardığı siyasətin xarakterik əlamətlərindən biri də,  bütün milli resursları, maddi və mənəvi sərvətləri səfərbər edərək, ölkənin ümumi iqtisadi inkişafına yönəltmək  taktikası ilə bağlı idi. Bu məqsədlə, Heydər Əliyev 1994-cü ildə dünyanın aparıcı ölkələrini təmsil edən transmilli neft şirkətləri ilə Xəzər dənizinin Azərbaycan sektorundakı neft və qaz resurslarının birgə işlənməsi və sərbəst yollarla dünya bazarlarına ixracını nəzərdə tutan "Əsrin müqaviləsi"ni imzalamağa nail oldu.

Ümummilli liderin əsasını qoyduğu yeni neft strategiyası və digər transmilli enerji-nəqliyyat-kommunikasiya layihələrin həyata keçirilməsi, sözün həqiqi mənasında, Azərbaycanı geoiqtisadi cəhətdən dünyanın aparıcı dövlətləri və şirkətləri üçün cəlbedici tərəfdaş etdi.

Ölkəmizin müstəqilliyinin ilk illərində Xəzərin karbohidrogen ehtiyatlarının dünya bazarlarına çatdırılmasını nəzərdə tutan layihələrin reallaşması  heç də asanlıqla başa gəlməmiş, müxtəlif beynəlxalq, regional və yerli geosiyasi maraqların toqquşması ilə müşahidə olunmuşdur. Lakin  Azərbaycanın tam müstəqil geosiyasi, geoiqtisadi və təhlükəsizlik siyasəti, prinsipial və qətiyyətli mövqeyi Asiya ilə Avropanı birləşdirən böyük enerji-nəqliyyat layihələrinin həyata keçirilməsini mümkün etdi.  Ümummilli lider ölkəmizin beynəlxalq qurumlara inteqrasiyası istiqamətində də aktiv siyasət aparmağa başladı. Avropa İttifaqı, NATO ilə tərəfdaşlığa dair sazişlər imzalandı, 2001-ci ildə Azərbaycan Avropa Şurasının tam hüquqlu üzvü olu. Bununla da dövlətimiz beynəlxalq aləmdə mühüm tribuna əldə etdi. Və öz həqiqətlərini, məruz qaldığı işğal, qaçqın, köçkün problemini daha açıq şəkildə Avropaya çatdıra bildi. Heydər  Əliyevin  1993-2003-cü illərdə irəli sürdüyü ideya və fikirlər, iqtisadi, siyasi və sosial-mənəvi sahədə reallaşdırdığı  kurs və praktiki tədbirlər ölkəmizdə bir ictimai-siyasi sistemdən digərinə keçidin, yeni demokratik cəmiyyətin və ictimai həyat normalarının əsaslarını yaratdı.  Dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş rəsmi qəbulda çıxışı zamanı Prezident İlham Əliyevin dediyi kimi, bütün bu addımlar müstəqillik yolunda atılan addımlardır: "Digər tərəfdən bütün bu addımlar onu göstərir ki, ulu öndər Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin təşəbbüskarıdır, onun banisidir". 

Milli inkişafın yeni dövrü 

Prezident İlham Əliyevin rəhbətlik etdiyi 2003-2016-cı illər məhz milli inkişafın üçüncü dövrü, yaxud yeni dövrü  kimi qiymətləndirilir.  Bu müddət ərzində ölkəmiz öz inkişafında yeni bir mərhələyə qədəm qoydu, regionun lider dövlətinə çevrildi. Azərbaycan həm də beynəlxalq aləmdə tam müstəqil siyasət yürüdən nüfuzlu bir ölkəyə, mühüm enerji, nəqliyyat layihələrinin müəllifinə çevrilib.  Avropa və Asiya ölkələri arasında bağlayıcı körpü rolunu icra edən Trans-Qafqaz nəqliyyat-enerji dəhlizi (TRASEKA), strateji Bakı-Tbilisi-Qars dəmir yolu layihələrinin təşəbbüskarı, hərəkətverici qüvvəsi və əsas təminatçılarından biri də  məhz Azərbaycan olub. Həmçinin, ölkəmiz son bir neçə ildə həm daxili, həm də regional və beynəlxalq yol-nəqliyyat infrastrukturlarının, o cümlədən, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri çərçivəsində çoxsaylı tranzit sistemlərinin müasir tələblərə uyğun yenidən qurulmasına təkan verib.

Azərbaycan Xəzərin karbohidrogen ehtiyatlarının Avropaya nəqli ilə bağlı nəhəng transmilli enerji layihələrinin hazırlanmasında və həyata keçirilməsində, regionun və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında  böyük fəallıq göstərib.  2011-ci ildə Azərbaycan ilə Avropa İttifaqı arasında strateji enerji əməkdaşlığına dair memorandumun, 2012-ci ildə Türkiyə ilə Trans-Anadolu layihəsi üzrə sazişin imzalanması, 2013-cü ildə "Şahdəniz -2" fazasının işlənməsinə qərar verilməsi və Trans-Adriatik layihənin əsas ixrac marşrutu kimi seçilməsi "Cənub dəhlizi" layihəsinin reallaşmasına mühüm təsir göstərib.

Dünyada neftin ucuzlaşması ölkələrin iqtisadiyyatında müəyyən çətinliklər yaradıb. Dövlət başçısının rəhbərliyi ilə Azərbaycanda bu istiqamətdə, xüsusilə qeyri-nefr sektorunun inkişafı üçün mühüm tədbirlər  həyata keçirilməkdədir. Artıq bu tədbirlər öz nəticəsini verir. Onu da qeyd etmək lazımdır ki, bu gün ölkəmizin qarşısında duran əsas problem Dağlıq Qarabağ münaqişəsidir. Bu münaqişənin həlli üçün Azərbaycan Prezidenti qətiyyətli mövqeyini ortaya qoyub. Prezident dəfələrlə bəyan edib ki, Azərbaycan ərazilərinin bir qarışını belə güzəştə getməyəcək.

Millət vəkili Aydın Mirzəzadə bildirib ki, 18 oktyabr Azərbaycan üçün tarixi gündür:"Müstəqilliyin qazanılması çətin tarixi prosesdir və şübhəsiz, vətənimizin istiqlaliyyətinin yenidən qazanılmasında Sovet Azərbaycanına rəhbərlik edən, daha sonra SSRİ-nin rəhbərliyində təmsil olunan ümummilli liderimiz Heydər Əliyevin xidmətləri əvəzsizdir. Məhz onun respublikaya rəhbərlik etdiyi dövrdə Azərbaycanın gələcək müstəqilliyini təmin edə biləcək bütün resurslar səfərbər edildi, təşkilatlandırıldı. Təəssüf ki, müstəqilliyin bərpasının ilk dönəmlərində - 1991-93-cü illərdə ölkəyə rəhbərlik etmiş siyasi qrupların səriştəsizliyi Azərbaycanı bir sıra çətin problemlərlə üz-üzə qoydu. Həmin dövrdə ölkəmiz ağır günlərini yaşadı. İnsanlarımızın bu gündən sabaha ümidi qalmamışdı. Lakin 1993-cü ildə Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə Azərbaycanın müstəqillik yolunda real inkişafı başladı, ölkənin neft və digər mühüm sahələr üzrə inkişaf strategiyaları hazırlandı, həyata keçirilməyə başladı. Ümummilli liderimizdən sonra xalqın iradəsi ilə hakimiyyətə gəlmiş  Prezident İlham Əliyev bu xətti davam və inkişaf etdirdi. Bunun nəticəsində Azərbaycan öz müstəqil siyasəti ilə nəinki regionda, bütün dünyada söz sahibi olan nüfuzlu dövlətə çevrilib. Mən şübhə etmirəm ki, Prezidentin rəhbərliyi ilə bu inkişaf tendensiyası davamlı olacaq".

Millət vəkili, professor Musa Qasımlı deyib ki, 18 oktyabr Azərbaycanın müasir tarixində müstəsna yerə malikdir: "Bu tarixdə Azərbaycanın dövlət müstəqilliyi bərpa edildi. Azərbaycan Respublikası Azərbaycan Cümhuriyyətinin varisi oldu. Üçrəngli bayrağımız ilk dəfə olaraq rəsmi şəkildə ulu öndər Heydər Əliyevin sədrliyi ilə keçirilən Naxçıvan Ali Məclisinin iclasında qəbul edildi. Həmin Məclisin qərarı ilə Azərbaycan SSRİ Ali Sovetinə müraciət edildi ki, Azərbaycan bayrağı və digər rəmzlər qəbul edilsin. İlk dəfə olaraq Naxçıvanda üçrəngli bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsi ilə bağlı qərar Naxçıvanı müasir, müstəqil Azərbaycan dövlətçiliyinin onurğa sütununa çevirdi". Müstəqilliyimizin ikinci dəfə bərpa edilməsi mühüm tarixi hadisə idi".

Onun sözlərinə görə, Azərbaycan Respublikası müstəqilliyini yenidən bərpa etdikdən sonra tarixdə çox əhəmiyyətli hadisələrlə yadda qalıb: "1991-ci ildən ölkəmizin keçdiyi yol bir çox ölkələrin keçdiyi yüz ilə bərabərdir. Belə ki, 1991-ci ildən sonra Azərbaycan dövlət kimi formalaşdı. Müasir Azərbaycan dövlətinin memarı Ulu öndər Heydər Əliyev oldu. 2003-cü ildən sonra isə müasir Azərbaycan dövlətinin inkişafında yeni mərhələ başlandı. 2003-cü ildən Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın müasirləşməsi, rəqabətə  davamlı bir ölkəyə çevrilməsi, əhalinin sosial rifahının, həyat səviyyəsinin yaxşılaşdırılması, ölkəmizin bütün sahələrdə inkişafı dövrü başlandı. Ölkəmizin BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi xüsusi hal idi. Hazırda ölkəmiz elə bir inkişaf mərhələsindədir ki, müttəfiqlərimiz artıb. Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayı çoxalıb. Azərbaycanın dövlət müstəqilliyi hər bir azərbaycanlının sərvətidir. Hesab edirəm ki, dövlət müstəqilliyimizin davamlı olması üçün ölkə başçısının rəhbərliyi altında yürüdülən siyasət  bundan sonra da davam etdirilməlidir".

PƏRVANƏ

 





26.10.2016    çap et  çap et