525.Az

"Ruh" Xaçmazda dəyirmi masa keçirdi


 

"Ruh" Xaçmazda dəyirmi masa keçirdi<b style="color:red"></b>

"Ruh" Jurnalistlərin Müdafiəsi İctimai Birliyi "Müharibənin informasiya cəbhəsi: mövcud durum və perspektiv vəzifələr" mövzusundakı növbəti dəyirmi masasını Xaçmaz rayonuda keçirib.

Tədbir ictimai birliyin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə gerçəkləşdirdiyi "İnformasiya müharibəsi şəraitində cəmiyyətin sağlam mənəvi-psixoloji hazırlığına dəstək" layihəsi çərçivəsindəki sayca üçüncü toplantıdır.

Dəyirmi masanı giriş sözü ilə Xaçmaz Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Pərviz Əmircanov açaraq bildirib ki, "Ruh" Jurnalistlərin Müdafiəsi İctimai Birliyi "Müharibənin informasiya cəbhəsi: mövcud durum və perspektiv vəzifələr" mövzusunda növbəti tədbirini Xaçmazda keçirməklə informasiya bolluğunun ictimaiyyət içərisində doğurduğu meyllərə diqqət yönəltməyi hədəf seçib.

 "Ruh" Jurnalistlərin Müdafiəsi İctimai Birliyinin sədri, "İnformasiya müharibəsi şəraitində cəmiyyətin sağlam mənəvi-psixoloji hazırlığına dəstək" layihəsinin koordinatoru Əvəz Rüstəmov bildirib ki, onlayn medianın və sosial şəbəkələrin rolunun artdığı hazırkı şəraitdə cəmiyyətin informasiya tələbatının doğru-dürüst şəkildə ödənilməsi, ümumən fikir plüralizminin dərinləşməsi baxımından mühüm şərtdir. Ancaq biz müharibə şəraitində yaşayırıq və bu amil hər birimizdən informasiya, onun yayılması məsələlərinə həssas yanaşmağı tələb edir. "Təbii, əsas məsuliyyət əlaqədar dövlət qurumlarınındır. Biz müharibə şəraitində yaşayırıq. Torpaqlarımızın 20 faizi işğal altındadır. 2014-cü ilin avqustunda cəbhə xəttində atəşkəsin geniş miqyaslı pozulması faktı, istər ondan sonra yaşananlar, istərsə də 2016-cı il aprelin ilk həftəsində davam edən iri miqyaslı silahlı qarşıdurma müharibənin informasiya cəbhəsinin mövcudluğunu bir daha təsdiqlədi. Hesab edirik ki, bu durumda cəmiyyət üzvlərinin informasiyaların yayılması zəminində baş verə biləcək olaylara, hallara adekvat reaksiyasının formalaşması önəmlidir. Layihəmiz də bu istiqamətdə maarifləndirmə işlərinin aparılmasını hədəf seçib. İstəyirik ki, geniş ictimaiyyət informasiya müharibəsi şəraitində medianın və sosial şəbəkələrin fəaliyyət xüsusiyyətlərinə, yerinə yetirdiyi missiyaya dair ətraflı məlumatlı olsun".

Ə.Rüstəmov həmçinin bildirib ki, rəhbərlik etdiyi təşkilatın həyata keçirdiyi layihə iyul-noyabr aylarını əhatə edir. Layihə çərçivəsində indiyədək Zaqatalada, Şəmkirdə "dəyirmi masa"lar təşkil olunub. Növbəti belə tədbirin Bərdə rayonunda keçirilməsi nəzərdə tutulub.

Jurnalist Araşdırmaları Mərkəzinin sədri, "İnformasiya müharibəsi şəraitində cəmiyyətin sağlam mənəvi-psixoloji hazırlığına dəstək" layihəsinin eksperti Seymur Verdizadə bildirib ki, 2014-cü ilin avqustunda, eləcə də 2016-cı ilin aprelində vətəndaşlarımız yanlış məlumatlarla baş-başa qaldı. Əlbəttə, belə durumlarda dövlət qurumları daha çevik fəaliyyət göstərməlidirlər. Bununla yanaşı ictimaiyyət də neqativ təmayüllərə münasibətdə sərt reaksiya ortaya qoymalıdır. "Ruh" Jurnalistlərin Müdafiəsi İB-nin layihəsi məhz ictimai reaksiyanın daha çevik olmasını rəhbər tutur. S.Verdizadə həmçinin cəmiyyətin informasiya müharibəsinə hazırlığının müxtəlif aspektləri ilə bağlı istər yerli, istərsə də beynəlxalq təcrübədə meydana çıxan cəhətlərdən söz açıb.

Tədbirdə mövzu ətrafında geniş müzakirələr aparılıb.

 





26.10.2016    çap et  çap et