525.Az

"Yaxın Şərq böhranı: XXI əsrin çağırışları və müstəqil Azərbaycan"


 

BU MÖVZU AMEA-nın ŞƏRQŞÜNASLIQ İNSTİTUTUNDA KEÇİRİLƏN ELMİ KONFRANSDA GENİŞ MÜZAKİRƏ OLUNUB

"Yaxın Şərq böhranı: XXI əsrin çağırışları və müstəqil Azərbaycan" <b style="color:red"></b>

Oktyabrın 25-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş "Yaxın Şərq böhranı: XXI əsrin çağırışları və müstəqil Azərbaycan" mövzusunda elmi konfrans keçirildi.

AMEA-nın Əsas Binasının II mərtəbəsindəki Akt zalında təşkil olunan konfransda bir sıra Şərq ölkələrinin ölkəmizdəki diplomatik nümayəndələri - Liviyanın ölkəmizdəki səfiri Abdurrəzzaq Şikahi, həmin ölkənin konsulu Abdurrəzzaq əl-Cəbri, İraq konsulu Abdul Hakim Əlyas, İordaniyanın konsulu Səd əl-Ğəzəli, Səudiyyə Ərəbistanının səfirliyinin 2-ci katibi Bədr Almugairiji, Qətər səfirliyinin analitiki dr. Əhməd əl-Salehi, Türkiyə səfirliyinin əməkdaşı Meral Parlas, Misir Mədəniyyət Mərkəzinin müdiri Əhməd Sami iştirak edirdilər.

Konfransı giriş sözü ilə açan Milli Məclisin deputatı, Şərqşünaslıq İnstitutunun direktoru, müxbir üzv Gövhər Baxşəliyeva çıxışında bu günlərdə müstəqil Azərbaycan Respublikasının tarixində əlamətdar bir günün qeyd edildiyini söylədi: "Müstəqilliyin bərpasının 25-ci ili tamam oldu. Tarix baxımından bu, elə də böyük zaman kəsiyi olmasa da, bu dövrdə ölkəmizdə möhtəşəm işlər görülmüşdür. Bütün bunları nəzərdən keçirərkən bir daha onun şahidi oluruq ki, Azərbaycan Respublikası böyük öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin rəhbərliyi ilə yeganə düzgün yolu tutub və bu yolda uğurla addımlayır. Böyük öndər Heydər Əliyevi müasir Azərbaycan Respublikasının yaradıcısı adlandırırıqsa, möhtərəm Prezidentimiz İlham Əliyev  tariximizə böyük lider kimi daxil olub. Belə ki, tarix boyu Azərbaycanda heç bir dövrdə bu qədər möhtəşəm işlər görülməyib. Bu, həm daxili, həm də xarici siyasətə aiddir".

G.Baxşəliyeva Azərbaycanın ən nüfuzlu təşkilatlara üzv olduğunu, bütün dünya ölkələri ilə tarazlaşdırılmış, ölçülüb-biçilmiş siyasət yürütdüyünü qeyd etdi: "Bunun nəticəsidir ki, ölkəmizdə sülh, sabitlik, əmin-amanlıq hökm sürür. Baxmayaraq ki, bütövlükdə regionda sabitlik pozulub, ekstremist qüvvələrin, beynəlxalq güclərin müdaxiləsi nəticəsində yenidən bir çox yerlərdə qarşıdurmalar alovlanır. Bugünkü konfransın da məqsədi də regionda baş verən hadisələrə obyektiv qiymət vermək, onlara münasibətdə Azərbaycanın siyasətini təhlil etməkdir".

Sonra xarici ölkə diplomatlarından İraq konsulu Abdul Hakim Əlyas, İordaniyanın konsulu Səd əl-Ğəzəli və Türkiyə səfirliyinin əməkdaşı Meral Parlas çıxış edərək Yaxın Şərq böhranının bölgə ölkələrinə təsiri və bu dövlətlərin həmin böhrandan çıxmaq istiqamətində gördüyü işlərdən danışdılar.

Sonra konfransda məruzələr başlandı. Şərqşünaslıq İnstitutunun direktor müavini, müxbir üzv Şahin Mustafayevin "Yaxın Şərq böhranı və Türkiyənin daxili və xarici siyasətinin əsas istiqamətləri" mövzusunda məruzəsində Türkiyənin son illərdə Yaxın Şərq böhranı və regionda baş verən hadisələrlə əlaqədar apardığı siyasətinin əsas istiqamətləri, İraq və Suriyada mövcud vəziyyətə Türkiyənin münasibəti, beynəlxalq terrorizm problemi və Türkiyənin siyasəti, qaçqınlar probleminin Türkiyənin siyasi və iqtisadi vəziyyətinə təsiri, son illərdə Türkiyə ilə Avropa İttifaqının münasibətlərində qaçqınlar məsələsi və digər məsələlər öz əksini tapdı.

Şərqşünaslıq İnstitutunun Ərəb ölkələri tarixi və iqtisadiyyatı şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Fərda Əsədov "İraq və Suriya böhranının vahid tarixi-siyasi kökləri" mövzusunda məruzəsində Suriya və İraqda baş verən böhran və qanlı hadisələr geniş Yaxın Şərq böhranı kontekstində dəyərləndirdi. İki ölkədəki vəziyyət, hadisələrdə iştirak edən qüvvələrin təsirləri eyni görünməyə bilər, lakin onların səbəbləri böhran vəziyyətinə qədər üzə çıxmış eyni problemlərə köklənir. İki ölkədə baş verənlərin  müqayisəsi böhran strukturunun eyni olmasını və hadisələrin bir-biri ilə bağlılığını təkid etməyə imkan verir. Bu ölkələrdə baş verənlər regionda və beynəlxalq münasibətlərdə gələcək durumu müəyyən edəcəkdir.  İraq və Suriyada sülh və əmin-amanlığın bərpası təkcə bu ölkələrin vəziyyətinə aid deyil, bütövlükdə Yaxın Şərq böhranının həllinə doğru tədbirlərin görülməsini tələb edir.

Şərqşünaslıq İnstitutunun İran tarixi və iqtisadiyyatı şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Vidadi Mustafayev "Yaxın Şərq və İran" mövzusunda məruzəsində İran İslam Respublikasının Yaxın Şərqdə cərəyan edən böhran şəraitində milli maraqları müdafiə etmək və regional böyük dövlət olmaq sahəsində yeritdiyi xarici siyasəti nəzərdən keçirdi. Konfrans məruzələr ətrafında çıxışlarla tamamlandı.

 





26.10.2016    çap et  çap et