525.Az

Vyetnamda Azərbaycanın Müstəqillik günü


 

SƏFİR ANAR İMANOV AZƏRBAYCAN-VYETNAM MÜNASİBƏTLƏRİNİN TARİXİ VƏ BUGÜNKÜ İNKİŞAFINDAN DANIŞIB

Vyetnamda Azərbaycanın Müstəqillik günü<b style="color:red"></b>

Oktyabrın 22-də Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə Azərbaycanın Vyetnam Sosialist Respublikasındakı Səfirliyinin təşkilatçılığı ilə tədbir keçirilib.

Səfirlikdən verilən məlumata görə, Hanoy şəhərində keçirilən tədbirdə Vyetnam Sosialist Respublikasının Milli Assambleyanın (Parlament) millət vəkilləri, Vyetnam-Azərbaycan Dostluq Təşkilatının, “Azərbaycanın Mədəniyyəti və Tarixinin Araşdırmaları Mərkəzi”nin, müxtəlif dövlət və qeyri-dövlət qurumlarının və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edib.

Səfir Anar İmanov çıxışında 1991-ci il oktyabrın 18-də Azərbaycan Xalq Cümhuriyyətinin varisi olaraq öz dövlət müstəqilliyini bərpa edən Azərbaycanın tarixi və inkişaf yolu, ölkəmizin qurulması və inkişafında Heydər Əliyevin rolu, Ermənistanın ölkəmizə qarşı yürütdüyü işğalçılıq siyasəti və bunun nəticələri, 20 yanvar hadisələri, Azərbaycanın iqtisadi, o cümlədən, enerji və humanitar sahələrdəki siyasət, ulu öndərin layiqli davamçısı Azərbaycan prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasəti, habelə Azərbaycan-Vyetnam münasibətlərinin tarixi və bu günkü inkişafı barədə tədbir iştirakçılarına dolğun məlumat verib.

A.İmanov İlham Əliyevin başçılığı ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycanın regionda müasir, güclü dövlətə çevrilərək sürətlə inkişaf etdiyini və dövlətimiz tərəfindən Cənubi Qafqaz bölgəsində müxtəlif genişmiqyaslı layihələrin həyata keçirildiyini qeyd edib.

Səfir Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsi, xalqın tələbi ilə 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin yenidən Azərbaycanda hakimiyyətə qayıtması və dövlətimizin müstəqilliyinin gücləndirilməsi istiqamətində atdığı əməli addımlar haqqında iştirakçılara ətraflı məlumat verib.

Həmçinin A.İmanov 1983-cü ildə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışarkən Heydər Əliyevin Vyetnam Sosialist Respublikasına rəsmi səfəri və bu səfərin xalqlarımız arasında əlaqələri daha da möhkəmlətdiyini xüsusi qeyd edib.

Eyni zamanda A.İmanov 2014-cü ilin mayın 18-19-da prezident İlham Əliyevin Vyetnama dövlət səfərinin, 2015-ci ilin mayın 13-dən 15-dək isə Vyetnam Sosialist Respublikasının Prezidenti Truonq Tan Şanqın Azərbaycana rəsmi səfərinin uğurla həyata keçirildiyini qeyd edib.

Dövlət müstəqilliyin ildönümü münasibətilə təbrik edən Nghiem Vu Xai Azərbaycan xaqlının suverenliyin əldə olunması üçün kəskin mübarizə yolundan keçdiyini yüksək dəyərləndirərək ölkə inkişafının əyani şahidi olmaq üçün buraya səfər etməsinin zəruriliyinə işarə edib. Hazırkı dünyada elmin mühüm yer tutduğunu söyləyən millət vəkili bu sahədə sıx əməkdaşlığın qurulmasının vacibliyini qeyd edib, Həmçinin 2017-ci ildə Vyetnam ilə Azərbaycan arasında diplomatik münasibətlərin 25-ci ildönümünün qeyd ediləcəyini söyləyən Nghiem Vu Xai bu münasibətlə Vyetnamda dövlət səviyyəsində çoxlu sayda tədbirlərin təşkil olunacağını bildirib.

Tədbirdə çıxış edən digər deputat Dang The Vinh son illər ərzində ikitərəfli münasibətlər çərçivəsində parlamentlərarası əlaqələrin genişləndiyini bildirərək bu sahədə qarşılıqlı səfərlər həcminin artdığını bildirmişdir. Dövlət müstəqilliyi ilə bağlı təbriklərini izhar edən millət vəkili keçən 25 il ərzində Azərbaycanın beynəlxalq arenadakı nüfuzunun möhkəmləndiyinin şahidi olduğunu qeyd edərək qazanılan bu kimi uğurların hər bir dövlət üçün həyatı əhəmiyyət kəsb etdiyini və həmin nailiyyətlərin əldə olunmasının Azərbaycanın suveren ölkə kimi mövcudluğunu bir daha isbat etdiyini söyləyib. 14-cü çağıırış Milli Assambleyasında formalaşacaq Vyetnam-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvlüyünə seçiləcəyinə ümid edən Dang The Vinh hər iki ölkənin dövlət başçıları arasındakı səmimi siyasi münasibətlərin mövcudluğunun ənənəvi dostluq əlaqələrinin dərinləşdirilməsinə təkan verəcəyinə əminliyini ifadə edib.

Öz növbəsində tədbirdə iştirak edən “Azərbaycanın Mədəniyyəti və Tarixinin Araşdırmaları” Mərkəzinin rəhbəri Dao Xuan Tien iki ölkə arasında humanitar sahələrdəki əlaqələrin sürətlə inkişaf etdirildiyini söyləyərək rəhbərlik etdiyi qurumun Azərbaycanın nəinki Vyetnamda, hətta bütün Cənub-Şərqi Asiya regionunda təbliğ etdiyini bildirib. Əsrlər boyu müstəqillik arzusu ilə yaşayan Azərbaycan xalqının dövlət quruculuğu prosesində ən ümdə amal, arzu və niyyətlərini gerçəkləşdirərək suverenliyin əldə etməsinin ildönümü münasibətilə təbrik edən Dao Xuan Tien iki ölkə arasında elmi-mədəni əlaqələrin daha da sıx olacağına əminliyini ifadə edib.

Ceyhun ABASOV

 





26.10.2016    çap et  çap et