525.Az

Azərbaycan Kanadada beynəlxalq sərgidə


 

Azərbaycan Kanadada beynəlxalq sərgidə <b style="color:red"></b>

Oktyabrın 21-dən 23-dək Kanadanın Monreal şəhərində Beynəlxalq Turizm və Səyahət sərgisi keçirilib. Tədbirdə Dünya Azərbaycanlıları Assambleyasının (DAA) Kanada təmsilçiliyi də fəal iştirak edib.

DAA-dan verilən məlumata görə, Azərbaycanın Kanadadakı Səfirliyinin əməkdaşlarının, Kanadada fəaliyyət göstərən Kvebek Azərbaycanlıları Assosasiyasının da qatıldığı, bu sərgidə Azərbaycan haqqında yüzlərlə insana geniş məlumat verilib.

Sərgidə Azərbaycanın tanıtımı ilə əlaqədar stend qurulub və stendə yaxınlaşan kanadalılar, insanların bəziləri Azərbaycan adını və ümumiyətlə, bizim ölkənin varlığı haqda informasiyanı ilk dəfə olaraq bu gün eşitdiklərini söyləyiblər.

DAA Kanada nümayəndəliyinin rəhbəri, Assambleyanın vitse-prezidenti Rəna Müslümova tədbir haqqında bildirib ki, sərgi iştirakçıları əsasən "Biz niyə Azərbaycana getməliyik" sualını verirdilər: “Sərgi boyu Azərbaycanın coğrafi olaraq harada yerləşməsindən, iqlimindən, təbiətindən, tarixi abidələrindən, turizm mərkəzlərindən danışdıq. Kanadalıları düşündürən maraqlı suallar sırasında “Azərbaycan təhlükəsiz ölkədirmi”, xüsusən qadınların verdikləri sual isə "Azərbaycana gələrkən geyimlərimizdə məhdudiyyət olacaqmı?" idi.

R.Müslümova qeyd edib ki, kanadalılara eyni zamanda qonşu ölkələrdə olan qanunların Azərbaycana aid olmadığı, ölkəmizin müasir bir ölkə olduğu, özlərini tam olaraq təhlükəsiz və rahat hiss edə biləcəkləri yer olduğu haqda da məlumat veriblər: “Onlara əsasən son 2 ildə Azərbaycanda keçirilən möhtəşəm beynəlxalq tədbirlərdən, Bakı-2015: İlk Avropa Oyunlarından və Formula-1 yarışından ətraflı söhbət açmışıq. Stendimizdə olan şəkilləri əyani sübut kimi onlara göstərirdik”.

O, əlavə edib ki, sərgi sayəsində, Azərbaycanı tanıyan insanlar da az olmayıb: “Stendimizdə olan Formula-1 yarışlarının şəklini görənlər bu haqda eşitdiklərini, bəziləri isə hətta Bakıya məhz bu yarışa baxmağa getdiyini deyiblər”.

Assambleyanın vitse-prezidenti sərgidəki stendin, məlumat braşuralarının, bukletlərin və digər texniki ləvazimatların hazırlanmasında Kanadada fəliyyət göstərən Azərbaycan səfirliyinin dəstəyini də vurğulayıb.

Qeyd edək ki, DAA sentyabrın 9-da beynəlxalq QHT olaraq Almaniya Məhkəmə orqanı tərəfindən qeydiyata alınıb.

Ceyhun ABASOV

 





26.10.2016    çap et  çap et