525.Az

"Xəzər Dəniz Gəmiçiliyi" 2 gəmi sifariş verdi


 

"Xəzər Dəniz Gəmiçiliyi" 2 gəmi sifariş verdi<b style="color:red"></b>

Bu gün "Bakı Gəmiqayırma Zavodu" MMC-də "Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sifarişi ilə 2 ədəd unikal gəmi-bərənin tikintisi üzrə müqavilənin imzalanma mərasimi keçirilib.
 
"APA-Economics" xəbər verir ki, zavodda keçirilən tədbirdə iqtisadiyyat naziri Şahin Mustafayev, Bakı Gəmiqayırma Zavodunun əsas səhmdarı olan SOCAR-ın prezidenti Rövnəq Abdullayev, Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanov və digər rəsmi şəxslər və qonaqlar iştirak ediblər.
 
"Xəzər Dəniz Gəmiçiliyi"nin sədri Rauf Veliyev yeni gəmi-bərələrin layihəsini tədbir iştirakçılarına təqdim edərək bildirib ki, rəqabətqabiliyyətli xidmət göstərmək üçün istənilən gəmiçilik şirkəti kimi, onun rəhbərlik etdiyi QSC də donanmasının daim yenilənməsi və müasir tələblərə cavab verən gəmilərin tikintisi mühüm əhəmiyyət kəsb edir: "Azərbaycanın regionda nəqliyyat-logistika qovşağına çevrilməsi, ölkənin tranzit potensialının gücləndirilməsi məqsədilə, Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutu üzrə şərq-qərb və əks istiqamətdə yükdaşımalarda xüsusi rola malik olan və uzun illərdir Xəzərdə yeganə bərə operatoru kimi fəaliyyət göstərən "Xəzər Dəniz Gəmiçiliyi" üçün bu gəmilərin tikintisi çox böyük əhəmiyyətə malikdir".
 
R. Vəliyev əlavə edib ki, "Xəzər Dəniz Gəmiçiliyi" donanmanın yenilənməsinə xüsusi həssaslıqla yanaşır və bazarın tələbinə uyğun yeni gəmilərin tikintisi daim ciddi diqqət mərkəzində saxlanılır. "Son 3 il ərzində 15 ədəd yeni gəmi, o cümlədən 1 ədəd Xəzərdə ən böyük yedək-təchizat gəmisi, 8 ədəd 5,500 ton yük götürmə qabiliyyətli quru yük gəmiləri, 1 ədəd 13,000 tonluq tanker, 1 ədəd təchizat gəmisi, eləcə də “Bakı Gəmiqayırma Zavodu” MMC-də inşa edilmiş 1 ədəd liman-yedək və 3 ədəd sərnişin gəmisi "Xəzər Dəniz Gəmiçiliyi"nin balansına qəbul edilib. Hazırda "Xəzər Dəniz Gəmiçiliyi"nin donanmasında 13 ədəd gəmi-bərə, 2 ədəd Ro-Ro tipli gəmi vardır. Donanmada mövcud olan 13 gəmi-bərədən 7-si 28 vaqon tutumuna, 6-sı isə 52-54 vaqon götürmə imkanına malikdir".
 
Sədr bildirib ki, son illər ərzində Azərbaycanda nəqliyyat-logistika sahəsində görülən işlər nəticəsində Trans-Xəzər dəhlizi üzrə yükdaşımalarda artım müşahidə olunur: "2016-cı ilin 9 ayı ərzində "Xəzər Dəniz Gəmiçiliyi" tərəfindən Trans-Xəzər dəhlizi üzrə daşınan vaqonların sayında 14%, TİR-larin sayında isə 3 dəfədən çox artım qeydə alınıb. Yaxın vaxtlarda Bakı-Tbilisi-Qars kimi regional əhəmiyyətli strateji layihənin istismara verilməsi ilə əlaqədar, ölkəmiz üzərindən artması gözlənilən tranzit yüklərin vaxtında daşınmasında respublikamızın nəqliyyatçıları qarşısında qoyulan tapşırıqların müvəffəqiyyətlə yerinə yetirilməsi məqsədi ilə yeni Ro-Pax/bərə tipli gəminin konsepsiyasının hazırlanması üçün "Xəzər Dəniz Gəmiçiliyi" bir neçə tanınmış layihə-konstruktor büroları ilə iş aparıb və nəticədə Odessa Dəniz Mühəndisliyi Bürosunun hazırladığı təklif üzərində dayanılıb. Bununla bağlı, QSC son 1 ildən artıq müddətdə həm vaqon, həm də TİR götürmək imkanına malik unikal gəmi konsepsiyasının hazırlanması üçün bu büronun aparıcı mütəxəssisləri ilə uzunmüddətli texniki müzakirələr aparmış və Xəzər dənizində suyun səviyyəsi, yanalma körpülərinin maksimal imkanları nəzərə alınaraq, 100 sərnişin, 56 vaqon və ya 50 yük maşını (TİR) tutumlu Ro-Pax/Bərə tipli gəminin eskiz və texniki layihəsi hazırlanıb. Ölkə başçımızın birbaşa dəstəyi və göstərişlərinə uyğun olaraq, bu gəmilərin tikintisi Bakı Gəmiqayırma Zavodu tərəfindən həyata keçiriləcək. Güclü infrastruktur və potensiala malik Bakı Gəmiqayırma Zavodu bu sifarişlərin öhdəsindən gəlməklə yanaşı, öz təcrübəsini də əhəmiyyətli dərəcədə inkişaf etdirəcəkdir".
 
R. Vəliyev onu da bildirib ki, QSC bundan sonra da gəmi tikintisi üzrə sifarişlərini Bakı Gəmiqayırma Zavodunda yerləşdirməyi planlaşdırır.

Tədbirdə çıxış edən R. Abdullayev isə qeyd edib ki, bu cür unikal konsepsiyaya malik və Xəzərdə ilk olan yeni Ro-Pax/Bərə tipli gəmilərin tikintisi üzrə sifarişin məhz Bakı Gəmiqayırma Zavodunda yerləşdirilməsi çox sevindiricidir: "Bu sifariş Azərbaycanda gəmiçilik sahəsi üçün strateji əhəmiyyətə malikdir və yalnız "Xəzər Dəniz Gəmiçiliyi"nin donanmasının yenilənməsi üçün deyil, eyni zamanda Azərbaycanda yerli gəmiqayırma təcrübəsinin zənginləşməsi üçün çox mühümdür".
 
O vurğulayıb ki, SOCAR eyni zamanda "Xəzər Dəniz Gəmiçiliyi"nin xidmətlərindən istifadə edən ən iri şirkətdir. "Ümid edirik ki, "Xəzər Dəniz Gəmiçiliyi" SOCAR-ın istər neft daşımaları, istərsə də dənizdə aparılan neft-qaz əməliyyatlarını təmin etmək üçün yeni gəmilər sifariş edəcək və neft sənayesinə daha müasir və geniş imkanlı gəmilərlə xidmət göstərəcək. Biz də öz növbəmizdə, belə sifarişlərin yerləşdirilməsi üçün QSC-yə bundan sonra da lazımi köməklik göstərəcəyik".
 
Qeyd edək ki, 2 ədəd Ro-Pax/Bərə tipli gəminin tikintisi "Bakı Gəmiqayırma Zavodu" tərəfindən 132 mln. manat məbləğində qiymətləndirilir.

 





26.10.2016    çap et  çap et