525.Az

Avstriya-Azərbaycan: böyük və məhsuldar əməkdaşlıq naminə


 

Avstriya-Azərbaycan: <b style="color:red">böyük və məhsuldar əməkdaşlıq naminə</b>

Cənubi Qafqaz və Qara dəniz bölgələri, həmçinin ''Şərq tərəfdaşlığı'' proqramına daxil olan ölkələr Avstriyanın xarici siyasətinin mühüm istiqamətlərindəndir. Avstriya müxtəlif sahələr üzrə bir çox məsələlərdə fikir ortaqlığı ilə özünü Azərbaycanın etibarlı tərəfdaşı olaraq nümayiş etdirir.

Qeyd olunmalıdır ki, ikitərəfli əlaqələrimizin tarixi 25 ildən də çoxdur. Belə ki, hələ 1880-ci ilin ortalarında Avstriya-Macarıstan imperiyası Xəzər dənizi sahillərindən neft alırdı.

20 fevral 1992-ci il tarixində isə Avstriya ilə Azərbaycan arasında diplomatik əlaqələr qurulmuşdur. 1995-ci il sentyabrın 1-də Azərbaycan Respublikası Vyanada təkcə ikitərəfli münasibətləri deyil, həmçinin Avstriyada iqamətgaha malik ATƏT, BMT və digər beynəlxalq təşkilatlarla əlaqələri tənzimləyən diplomatik nümayəndəliyini açmışdır. 2000-ci ildən sonrakı illər ikitərəfli əlaqələrimizdə dərinləşmə gətirmiş, buna misal olaraq çoxsaylı ikitərəfli müqavilələr (məsələn, investisiyaların təşviqi və qorunması, hava nəqliyyatı və gömrük sazişi) imzalanmışdır. Azərbaycanın Cənubi Qafqaz regionunda Avstriyanın ən mühüm ticarət tərəfdaşına çevrilməsi və genişlənən ikitərəfli əlaqələr 2010-cu il iyunun 23- də Avstriyanın Bakıda səfirliyini açmasına zəmin yaratmışdır. Şəhərin mərkəzində yerləşən bu ünvan nəinki siyasi, iqtisadi, sosial və mədəni mübadilə yeri, habelə viza və konsulluq işləri üçün də bir əlaqələndirici məkandır. Əlavə olaraq, səfirlik Azərbaycanda sayı artmaqda olan mühacir avstriyalılar üçün bir istinad nöqtəsidir.

Bu vaxtadək hər iki ölkə rəsmilərinin bir neçə qarşılıqlı səfəri baş tutmuşdur. Sabiq Federal kansler və xarici işlər naziri Volfqanq Şüssel 1999-cu ildə Azərbaycana, növbəti il, yəni 2000-ci ilin iyulunda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Avstriyaya səfər etmişdir. Daha sonra rəsmilər arasında ikitərəfli səfərlər müntəzəm olaraq baş tutmuşdur.

2011-ci ildə Avstriya Prezidenti Haynts Fişer Azərbaycan Prezidenti İlham Əliyevlə Bakıda görüşmüşdür. Bu, Avstriya Prezidentinin Azərbaycana ilk rəsmi səfəri idi.

2013-cü il mayın 13-də Avstriya Azərbaycan Prezidenti İlham Əliyevi Vyanada qarşılamaq şərəfinə nail olmuşdur. Növbəti ildə – 2014-cü ilin sentyabrında Avstriyanın Xarici işlər naziri Sebastian Kurts Bakıda genişmiqyaslı və əhəmiyyətli danışıqlar aparmışdır. Xarici işlər naziri Kurtsun təşəbbüsü ilə Avstriya Vyananın yüksək səviyyəli əhəmiyyətli danışıqlar üçün neytral yer olaraq təklif olunmasına böyük səy və diqqət göstərir. Avstriya xarici siyasətinin bu ənənəvi xəttinə müvafiq olaraq qeyd edilməlidir ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Prezidenti Serj Sarkisyan ATƏT çərçivəsində may ayında Vyanada görüşüblər. Gərgin aprel döyüşlərindən sonra ilk dəfə idi ki, hər iki prezident arasında birbaşa danışıqlar baş tuturdu.

Həmçinin o da vurğulanmalıdır ki, hökumətlər səviyyəsində gözəl əməkdaşlıqdan savayı, hər iki ölkənin parlamentləri arasında da müvafiq dostluq qrupları çərçivəsində əlaqələr qurulmuşdur. Avstriya parlamentinin ikinci Prezidenti Karlhaynts Kopf tez-tez Azərbaycana gələn ziyarətçilərdən biridir və şəxsən ikitərəfli əlaqələrin inkişafı üçün çalışır. O, 2015-ci ildə Bakıda keçirilmiş Birinci Avropa Oyunlarının açılış mərasimində Avstriyanı təmsil etmişdir.

Azərbaycan və Avstriya münasibətləri habelə Naxçıvan Muxtar Respublikası və Avstriyanın Ştayermark əyaləti arasında olan sıx tərəfdaşlıqdan da faydalanır. Hər iki regionun rəsmilərinin, habelə iş adamlarının qarşılıqlı səfərləri ikitərəfli əlaqələrimizin özəyini təşkil edir. Səfirliyin məqsədi bu münasibətləri daha da möhkəmləndirməkdir.

İqtisadi məsələlərə gəlincə, Azərbaycan enerji sektorunda əməkdaşlıq üçün mühüm tərəfdaşdır. Avstriya və Avropa İttifaqı (Aİ) üçün enerji təminatının diversifikasiyası strateji məqsəddir. Avstriya bir üzv dövlət kimi Aİ-də qaydalara söykənən bazar üçün qaz mənbələri və nəql yollarını şaxələndirməyə yönəlik strateji marağı bölüşür. Enerji təhlükəsizliyi, idxal və ixracın diversifikasiyası maraqlarımızın üst-üstə düşdüyü bir mövzudur. Avstriya Azərbaycan Prezidenti İlham Əliyevin "Bu gün milli marağı enerji təhlükəsizliyindən ayırmaq qeyri-mümkündür'' fikri ilə tam razılaşır. Bu səbəbdən Cənub Qaz Dəhlizinin tezliklə istismara verilməsi Avropanın enerji təhlükəsizliyi üçün vacibdir. Yaxşı əlaqələnmək marağından qaynaqlanaraq Avropa qaz bazarı planlaşdırıldığı kimi TAP və Türkiyə-Azərbaycan qaz xətti – TANAP-la birgə daha da irəli gedəcək. ''Şahdəniz-2'' yatağını Avstriyanın şərqindəki Baumgarten an der Marçla birləşdirəcək ''Nabukko-1'' layihəsi Azərbaycanın enerji potensialına bağlanmaq baxımından Avstriya üçün tərcih edilən bir layihə olsa da, TAP və TANAP-ın xeyrinə verilmiş qərar ölkələrimiz arasındakı dostluq münasibətlərinə xələl gətirmir. Avstriya Aİ-nin enerji təhlükəsizliyini gücləndirməyə yardım edən yeni xətlərin açılmasını alqışlayır.

2014-cü ildə Avstriyanın ixracı 114 milyon avro təşkil etmişdir. Bura əsasən mühəndis məhsulları, su (habelə mineral su), farmaseptik məhsullar və ən mühüm məhsullar kimi isə dəmir və ya polad məmulatları daxildir.

Eyni ildə ölkə 370 milyon avrodan çox məhsul idxal etmişdir. Bu məhsullar sırasında ilk növbədə neft, qaz və mis əsas yer tutur. Avstriya bu əlaqələrin intensivləşdirilməsi və hər iki göstəricinin artırılması üçün müsbət inkişafa ümid edir.

Hər iki ölkənin zəngin mədəni irsi vardır. Heç təəccübləndirici deyil ki, Azərbaycan mədəniyyətinin şah əsərlərindən biri, gözəl eşq hekayəsi olan ''Əli və Nino'' ilk dəfə Vyanada ''E.P.Tal və Ko'' (''E.P.Tal & Co'') nəşriyyatı tərəfindən 1937- ci ildə çap edilmişdir. Hər iki tərəf üçün bu məhsuldar əməkdaşlıq Azərbaycanın 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra daha da intensivləşmişdir. Yeni xalça muzeyinin inşası və ya Qız qalasının restavrasiyası kimi Bakıda prestijli layihələr işgüzar əlaqələrdən daha çox dostluq və etibarın ifadəsidir. Hər iki ölkə arasında mübadilə, təbii ki, Azərbaycan mədəni irsinin yayılması və ya mühafizəsi ilə məhdudlaşmır, əsas məram daha çox müxtəlif mədəni dialoqlarda nümayiş olunur.

Bundan əlavə, Avstriyanın Bakıdakı səfirliyi avstriyalı sənət adamlarının Azərbaycanın təşkil etdiyi festivallarda, habelə avstriyalı mütəxəssislərin akademik tədbirlərdə iştirakına dəstək göstərir və mühüm layihələrin hazırlanmasına yardım edir. Xüsusilə müasir vizual incəsənət sahəsində Avstriya və Azərbaycan sənətkarları və təşkilatçıları arasında sıx əlaqələr mövcuddur. (Bundan əlavə, azərbaycanlı sənətkarlar Vyana İncəsənət Sərgisində iştirak edirlər). Azərbaycanlı mütəxəssislər, məruzəçilər və tələbələr, habelə Avstriya Federal Təhsil, İncəsənət və Mədəniyyət Nazirliyinin rezident proqramları çərçivəsində sənət adamları müntəzəm olaraq Avstriyaya dəvət olunurlar. St.Pölten Balet Teatrında alman dili üzrə tədris kursları və təcrübə də əməkdaşlığın tərkib hissəsidir. Vyanada yerləşən Azərbaycan Mədəniyyət Mərkəzi bizim ikitərəfli mədəni əlaqələrimizin inkişafında mühüm rol oynayır.

Artıq 1999-cu ildə Avstriyanın Mərkəzi Asiya və Cənubi Qafqaz uzrə keçmiş səfiri Haydemaria Gurer Vyanada yerləşən səfirlik və Azərbaycan Dillər Universiteti arasında əlaqələr qurmuşdur. Onun təşəbbüsü və prof. Vilayət Hacıyevlə əməkdaşlıq nəticəsində universitetin kitabxanasında ''Avstriya guşəsi'' təşkil edilmişdir. Daha sonra bu guşə Avstriya mədəniyyəti və iqtisadiyyatına aid daha geniş bir yeri əhatə edən mərkəzə çevrilmişdir. Bu mərkəz Azərbaycan və Avstriya arasındakı ümumi əlaqələrin, sözün həqiqi mənasında, bir hissəsidir. Bu mərkəzin vasitəçiliyi ilə çoxsaylı avstriyalı siyasi xadimlər, sənət adamları və mütəxəssislər Azərbaycana gəlmiş, mühazirələr oxumuş və qiraətlər söyləmişlər. Habelə mədəniyyət üzrə Azərbaycan nümayəndə heyəti də rəngarəng mədəni fəaliyyət proqramları ilə Avstriyaya səfər etmişdir. Bu mərkəz ikitərəfli elmi və mədəni əlaqələrimizdə mühüm rol oynayır. Bundan əlavə, 26 may 2015-ci il tarixində Azərbaycan Dillər Universitetində açılmış Avstriya Akademik Mübadilə Xidmətinin (OeAD) Bakı Məlumat Mərkəzi də ölkələrimiz arasındakı elmi və tələbə mübadiləsinə əhəmiyyətli töhfə verir. 2016-cı ilin aprelindən etibarən OeAD Bakı Məlumat Mərkəzində Avstriya alman dili sertifikatı (ÖSD) almaq üçün alman dili üzrə imtahanlar verilə bilər. Bu ÖSD sertifikatları alman dili biliklərini təsdiq edən standart dəlildir və Avstriya, Almaniya və İsveçrədə eyni şəkildə tanınır. Azərbaycan hal-hazırda tələbələr üçün xarici universitetlərdə treninq təqaüd proqramı təklif edir. Tələbə mübadiləsinin sayının artması hər iki xalqın maraq dairəsindədir.

Hər iki ölkənin əsrarəngiz təbiəti və gur yaşayışa malik şəhərləri, açıq qəlbli və xoşüzlü əhalisi, müxtəlif tarixi yerləri olduğu üçün turizm həm Azərbaycan, həm də Avstriya iqtisadiyyatının önəmli sahəsidir. Azərbaycanda turizm sektorunun müasirləşdirilməsində Avstriyanın xüsusi payı vardır. Belə ki, 2006-cı ildən etibarən Krems Tətbiqi Elmlər Universiteti ilə Azərbaycan Turizm və Menecment Universiteti arasında (həmçinin turizm və menecment sahəsində birgə bakalavr və magistr proqramları əsasında) uğurlu əməkdaşlıq mövcuddur. ''Tvinninq'' layihəsinin bir hissəsi kimi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Avstriyanın dəstəyi ilə restrukturizasiya keçmişdir. ''Doppelmeier'', ''Skidata'' və s. kimi şirkətlər Azərbaycanda ilk qış idman resortu olan ''Şahdağ''da təchizatçı və konsultant olaraq iştirak etmişlər. Təəssüflər olsun ki, Avstriya Hava Yollarının Vyana-Bakı birbaşa təyyarə reysləri ləğv edilmişdir. Bu amil hər şeydən öncə ölkələrimiz arasında individual bağlantılara töhfə verərdi.

Buna rəğmən ölkələrimiz dəmiryolu və kənd təsərrüfatı sahələri kimi uzunmüddətli birgə əməkdaşlıq sahələrini araşdırır. Hesab edirəm ki, bu sahələrdə bizim böyük və məhsuldar əməkdaşlıq potensialımız mövcuddur.

Newtimes.az
Aksel Vex
Avstriya səfiri

 





27.10.2016    çap et  çap et