525.Az

“Moldovada 206 azərbaycanlı döyüşçünün məzarının axtarışı 2 ildən çox davam edib”


 

“Moldovada 206 azərbaycanlı döyüşçünün məzarının axtarışı 2 ildən çox davam edib”<b style="color:red"></b> Respublika Veteranlar Şurasında İkinci Dünya müharibəsində Moldovanın müdafiəsi zamanı həlak olmuş və itkin kimi qeydiyyatda olan 206 nəfər azərbaycanlı döyüşçünün məzarının tapılması ilə əlaqədar tədbir keçirilib.
 
APA-nın xəbərinə görə, tədbirdə Respublika Veteranlar Şurasının rəhbərliyi, Azərbaycanın Moldovadakı sabiq səfiri Namiq Əliyev, Moldovanın Azərbaycandakı səfiri George Luka, AMEA Tarix İnstitutunun direktor müavini Cəbi Bəhramov və başqaları iştirak ediblər.
 
Respublika Veteranlar Təşkilatının sədr müavini Cəlil Xəlilov bildirib ki, Azərbaycanın Moldovadakı səfirliyinin, xüsusən keçmiş səfir N. Əliyevin iştirakı ilə azərbaycanlılardan ibarət 223-cü milli atıcı diviziyanın üzvü olan 206 nəfərin kimliyi, təvəllüdü, rütbələri, hərbi xidmətə çağırıldıqları tarix, məntəqələr, dəfn yerləri müəyyən edilib, sənədlərinin saxlandığı arxivlər dəqiqləşdirilib.
 
C. Xəlilov qeyd edib ki, 206 nəfər haqqında məlumatlar hərbi xidmətə çağırıldıqları komissarlıqlara göndərilib. Onun sözlərinə görə, Respublika Veteranlar Təşkilatı İkinci Dünya, Qarabağ və Əfqanıstan müharibələrində həlak olmuş, itkin düşmüş əsgər və zabitlərin taleyinə aydınlıq gətirilməsi istiqamətində ardıcıl iş aparır.
 
Azərbaycanın Moldovadakı keçmiş səfiri N. Əliyev isə bildirib ki, axtarış işləri 2 ildən çox davam edib: “Biz konkret olaraq Rusiya və Moldova müdafiə nazirlikləri ilə sıx əlaqə saxladıq. Bu təşəbbüs səfirliyin işçilərindən gəldi. Biz Moldovadakı bütün qəbiristanlıqlarda olduq və 206 nəfərin məzarını aşkarladıq. Həmin 206 nəfər haqda bütün məlumatlar toplanıb. Moldovanın müdafiəsində azərbaycanlılardan ibarət iki diviziya iştirak edib. Təbii ki, müdafiə zamanı həyatını itirənlərin sayı 206 nəfərdən çoxdur. Lakin hələlik 206 nəfərin məzarı tapılıb”.
 
Tədbirin sonunda bəzi şəxslər Respublika Veteranlar Təşkilatının təsis etdiyi yubiley medalları ilə təltif edilib.
 





27.10.2016    çap et  çap et