525.Az

Yerli üzüm niyə gözdən düşüb?


 

ÜZÜMLÜKLƏRİMİZİN "AVROPALAŞMASI" ƏNƏNƏVİ SORTLARIMIZN TİNG TƏMİNATININ İSTƏNİLƏN SƏVİYYƏDƏ OLMAMASI İLƏ BAĞLIDIR

Yerli üzüm niyə gözdən düşüb?<b style="color:red"></b>

5 il bundan əvvəl qəbul edilən, 2012 - 2020-ci illərdə Azərbaycanda Üzümçülüyün İnkişafına dair Dövlət Proqramı tarixin ən qədim dövrlərindən tənək vətəni olan diyarlardan biri kimi tanınan coğrafiyamızda bu sahənin inkişafına güclü təkan verib.
 
Bununla belə, son dövrlərin müəyyən iqtisadi və kommersiya tələbləri bəzi hallarda yerli üzüm sortlarımıza biganəlik təzahürləri ilə nəticələnib desək, yanılmarıq. Halbuki, sözügedən Dövət Proqramı ölkəmizdə üzüm istehsalının artırılması ilə yanaşı, məhsulun çeşid və keyfiyyətinin yaxşılaşdırılması məsələlərini əhatə edir ki, bu da heç şübhəsiz, yerli sortlarımızın qorunması və dirçəldilməsi ilə həyata keçirilə bilər.

Sovet dövründə, ötən əsrin 80 -ci illərində Azərbaycanda kənd təsərrüfatından əldə edilən ümumi mənfəətin 30 faizinin üzümçülüyün payına düşdüyünü, bu sahənin  iqtisadiyyatın aparıcı sektoru olan neft sənayesi ilə rəqabət apararaq dövlət büdcəsinin formalaşmasında mühüm yer tutduğunu, üzümlüklərin ümumi sahəsinin 280 min hektara çatdırıldığını, ildə 2 milyon tonadək ənənəvi yerli sortlardan olan (!) üzüm məhsulu istehsal edildiyini nəzərə alsaq, qarşıda duran vəzifələrin vacibliyi aydın olar.

Bu mövzuda mülahizələrini bizimlə bölüşən kənd təsərrüfatı mütəxəssisləri də Dövlət Proqramından irəli gələn vəzifələrin həyata keçirilməsində yerli resurslara üstünlük verilməsinin vacib olduğunu qeyd edirlər.

"Dövlət Proqramında üzüm sahələrinin genişləndirilərək, ən azı 50 min hektara çatdırılması, 2020-ci ilə kimi ilik 500 min ton məhsul əldə edilməsi, həmçinin yerli aborigen sortların bərpa edilməsi, bu baxımdan  iri tinglik və calaq təsərrüfatlarının yaradılması kimi mühüm məsələlər əksini tapıb. Yerli sortların dürçəldilməsi məsələsi də xüsusi əhəmiyyət kəsb edir. Çünki sirr deyil ki, hazırda istər şərabçılıq, istər də süfrə üzümçülüyündə müasir mənzərənin yerli deyil, əsasən Avropa sortları müəyyənləşdirir. Əgər 25-30 il bundan əvvəl Azərbaycanda becərilən 600-ədək süfrə və texniki üzüm sortlarının 400-ü yerli sortlar idisə, hazırda təsərrüfatlarımızda  cəmi 38 yerli sort üzüm becərilir. Həmçinin yerli sortların 75-i tamailə itib, 80- i isə itmək təhlükəsi qarşısındadır"- deyə, Azərbaycan Dövlət Aqrar Universitetinin baş müəllimi, kənd təsərrüfatı elmləri üzrə fəlsəfə doktoru Məhsəti Ələkbərova bildirir.

Mütəxəssis xüsusən şərabçılıqda Avropa mənşəli üzümün yerli məhsulu sıxışdırdığını qeyd edərək, bunun səbəbini bizdə əkin materialları istehsalının istənilən miqyasda olmamasında görür.

"Yerli, aborigen sortların sıxışdırılması, üzümün bir növ "Avropalaşması"  məhz tinglik təsərrüfatlarının kifayət qədər olmaması ilə bağlıdır. Burda güvənli əkin materialı tapmayan fermer və ya istehsalçı üzünü Avropaya tutur. Halbuku bizdə yerli "Mədrəsə", "Xindoqnı", "Şirvani", "Bayanşirə" kimi sortlar var ki, onlardan brend şərab istehsal etmək olar"-deyə, o, vurğulayır.

Mütəxəssisin fikrincə, bizim yerli sortlarla dünyanın şərab bazarına çeşidli məhsullarla çıxmaq olar və onların keyfiyyət və rəqabət göstəriciləri heç də əcnəbi markalardan geri qalmır. Bunu təsdiq edə biləcək bir  misal kimi, həmsöhbətimiz Gəncəyə gələn tanınmış bir Fransa şərabçısının bizim yerli sortların tinglərini satın almaq məsələsilə maraqlandığını, bir ədədi 1 dollardan 1 milyon ədəd "Mədrəsə" tingi istədiyini, lakin tinglik üzrə əsaslı baza və idarəçiliyimiz  olmadığından, bu məsələnin baş tutmadığını qeyd etdi.

Gəncəbasar bölgəsində çalışan fermerlərlə də apardığımız söhbətlərdən  aydın oldu ki, onlar "dədə-baba" tənəkliklərin saxlanılması və  bu yerlərin ənəvəvi üzümünün itib-batmaması üçün daha çox yerli sortları becərməkdə maraqlıdırlar. Halbuki, şərab istehsalı müəssisələri bəzən mənşəyi şübhəli olan xarici sortlara üstünlük verir, üstəlik, ildən-ilə öz müəssisələrinə məxsus əkin sahələrini genişləndirir və bunun fonunda kənar fermerlərdən üzümü daha ucuz qiymətə almaq mövqeyi tuturlar. Qazancları az olsa da  üzümçü-fermerlər yerli sortların şərabçılıqda daha perspektivli ola biləcəyini düşünür, lakin bunun üçün ting istehsalının qaydaya salınmasının, həmçinin fermerlərdən məhsulun alınması prosesinə dövlətin nəzarətinin  vacib olduğunu qeyd edirlər.

"Azərbaycanda 3-4 iri tinglik təsərrüfatı olsaydı, bütün ölkəni tinglə təmin edə biəlrdi. Bizim təbiət elədir ki, əksər üzümlərimizin artırılması üçün heç calaq işi də lazım olmur, elə üzümün özündən kəsilən ting 2-3 ilə məhsul verir. Bizim tərəflərdə vətəndaşlarımızın əksəriyyəti yerli sort becərir. Amma olduqca az miqyasda. Çünki bazar təminatı stabil deyil. Samuğun kəndlərində bizim özümüzün yaxşı şərab sortlarımız - Rkasiteli kimi tanınan Abbasi, Mədrəsə, həmçinin kifayət qədər keyfiyyətli şampan şərabı xammalı olan Təbriz və digərləri becərilir. Mənim kimi təcrübəli üzümçünün fikrini bilmək istəyirsinizsə, deyim ki, fermerin min bir əziyyətlə yetişdirdiyi məhsulu almaq üçün Kənd Təsərrüfatı Nazirliyi nəzdində tədarük qurumu yaradılsa, bu, ümumi işə böyük töhfə vermiş olar"- deyə, Samux rayonunun Sərkar kəndinin sakini, ixtisasca iqtisadçı olan üzümçü-fermer Rüstəm Musayev öz mülahizələrini bölüşür.

Onu da əlavə edək ki, azərbaycanlı mütəxəssislər texniki sortlarla yanaşı süfrə üzümünün istehsalında da yerli sortların əkilməsinə qayıtmaqla, əhalini ilboyu təzə üzümlə təmin etməyin mümkünlüyünü qeyd edirlər. Çünkü bizdə il uzunu yetişərək, bir-birini əvəz edən - tez yetişən Ağ Xəlili, Qara Xəlili, Növrəs, orta dövrdə yetişən Əsgəri, Təbriz, Ağ şanı, Qara şanı, gec yetişən İrisalxım, Mahmudu, Mərəndi və digər bu kimi qiymətli üzüm sortları kifayət qədərdir.

Zakir MURADOV
Gəncə-Samux

 





27.10.2016    çap et  çap et