525.Az

Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan bölməsinin 15 illik yubileyi


 

Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan bölməsinin 15 illik yubileyi<b style="color:red"></b>

Bakıda Elmi İnkişaf üzrə Beynəlxalq Şura - Beynəlxalq Elmlər Akademiyasının (BEA) Azərbaycan bölməsinin 15 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə BEA-nın prezidenti Valter Kofler, BEA-nın Baş katibi, qurumun Rusiya Bölməsinin prezidenti Oleq Qlazaçev iştirak ediblər.

BEA-nın prezidenti Valter Kofler Akademiyanın  Azərbaycan bölməsində çalışan alimlərin ötən müddət ərzində əldə etdiyi nailiyyətlərdən söz açıb, görülən işlərin əhəmiyyətindən danışıb: "Mən 15 il öncə BEA-nın Azərbaycan bölməsinin açılış mərasimində iştirak etmək üşün Bakıya gələndə Prezident Heydər Əlievlə görüşmüşdüm. Biz o vaxt burada baş assambleyanı təşkil edərək Azərbaycan bölməsinin iqamətgahının açılış mərasimini keçirdik. Mən o vaxt akademik Cəlal Əliyevlə tanış oldum. O vaxtdan indiyədək  çoxlu dəyişikliklər olub. Elmi işlərdə, bu təşkilatın həyatında baş verən yenilikləri çox  vacib hesab  edirəm. Sahənin işinə böyük əhəmiyyət verərək bu akademiyada çalışanların əməyini yüksək qiymətləndirirəm. Bu akademiyada çalışan alimlər ictimai əsaslarla elmi fəaliyyətlərini uğurla davam etdirirlər. Ötən 15 ildə Azərbaycanda elmi texnologiya inkişaf edib. Elmi işlər uğurla davam edir, bütün bunlar isə razılıq doğurur".

BEA-nın Baş katibi, qurumun Rusiya bölməsinin  prezidenti Oleq Qlazaçev çıxış edərək deyib ki, 15 ildən sonra Akademiyanın Azərbaycan bölməsində müxtəlif elm sahələrinin alimləri ixtisaslaşaraq və sıx birləşərək öz peşəkar elmi fəaliyyətlərini yeni qüvvə ilə davam etdirirlər: "Bu hərəkatın davam etdirilməsi çox fərəhləndirici haldır". Rusiya və Azərbaycan bölmələrinin sıx elmi əməkdaşlığından söz açan natiq birgə keçirilən  beynəlxalq tədbirlərin əhəmiyyətindən danışıb.

Sonra BEA-nın Azərbaycan bölməsinin 15 illik yubileyi və fəaliyyəti haqqında videofilm nümayiş etdirilib.

Hesabat məruzəsi ilə çıxış edən BEA-nın Azərbaycan bölməsinin  prezidenti Elçin Xəlilov rəhbərlik etdiyi bölmənin 2001-2016-cı illər ərzində gördüyü işlərdən, əldə olunan nailiyyətlərdən danışıb. O, bildirib ki, bu illər ərzində Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan Bölməsi bir neçə böyük beynəlxalq və milli konfranslar  keçirib, monoqrafiyalar, kitablar, broşurlar, H&E "Science Without Borders" ("Sərhədsiz Elm") Beynəlxalq Elmlər Akademiyasının məruzələri, üç cilddə elmi məqalələr toplusu nəşr olunub, elm və təhsildə böyük nailiyyətlərə görə bir sıra görkəmli Azərbaycan alimləri BEA-nın və qurumun Azərbaycan bölməsinin ali mükafatı olan "Qızıl Nişan"la təltif ediliblər.

E.Xəlilov Zəlzələlərin proqnozlaşdırılması və öyrənilməsi Elmi-Tədqiqat İnstitutunun BEA-nın Azərbaycan bölməsinin fəaliyyətdə olan elmi bölməsi olduğunu bildirib: "İnstitutun əsas nailiyyəti zəlzələlərin proqnozlaşdırılmasının işlənmiş yeni texnologiyası və ATROPATENA zəlzələlərinin proqnozlaşdırılması stansiyalarıdır. Bu stansiyalar gözlənilən zəlzələ ocaqlarında kritik mexaniki gərginliyin toplanması nəticəsində ətrafa yayılan tektonik dalğalarını qeyd edir". Zəlzələlərin proqnozlaşdırılması və öyrənilməsi Elmi-Tədqiqat İnstitutunun 2005-ci "Elm sülh naminə" beynəlxalq qrantının qalibi olduğunu xatırladan natiq deyib ki, bu qrant "Seysmodayanıqlı tikintinin yeni texnologiyası" proqramının yerinə yetirilməsinə ayrılmışdı: "Layihə müvəffəqiyyətlə icra edilib və NATO tərəfindən 2010-cu ildə qəbul olunub. Layihənin əsas nəticəsi seysmodayanıqlı tikinti texnologiyasının yaradılmasıdır (Dancing Building Technology - DBT). Yeni seysodayanıqlı tikinti texnologiyası Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir. Bu texnologiya baha olmayan 5 mərtəbəyə qədər seysmodayanıqlı binaların tikilməsinə imkan yaradır. Texnologiya maksimal sadədir, əsasən kənd rayonlarında aztəminatlı əhaliyə hesablanıb".

Sonra BEA-nın prezidenti V.Kofler qurumun Azərbaycan bölməsinin yeni seçilmiş  akademiki, həqiqi üzvü və müxbir üzvlərinə diplomlar və döş nişanları təqdim edib.

Daha sonra BEA-nın Azərbaycan bölməsinin Rəyasət Heyəti, Prezidenti, Baş katibi, vitse-prezidentləri, sturuktur rəhbərlərinın seçkisi olub. Professor Elçin Xəlilov yenidən BEA-nın Azərbaycan bölməsinin prezidenti seçilib, bölmənin 2017-2022-ci illər üçün işlər planı müzakirə edilərək təsdiqlənib.

Tədbirin sonunda BEA-nın prezidenti V.Kofler yekun nitqi ilə çıxış edib.

 





27.10.2016    çap et  çap et