525.Az

Yolların səmti Savalana - ucalığadır


 

Yolların səmti Savalana - <b style="color:red">ucalığadır</b>

İnsan doğulandan üzü bəri, ta son mənzilədək yol gedir. O da eləcə.

Bu fərasətli, dərrakəli oğlan bütün yeni doğulmuşlar kimi, mənsub olduğu evin, ocağın şirin-şəkəri,əziz-xələfi olub. Ayağı yer tutub, addımları bərkiyəndə qarşısına haçalanan cığırlar çıxıb. Həyatının ilk cığırı bəlli istiqamətə yön alıb, məktəb zamanı gələndə elm-ürfan cığırına düşüb. Elm-işıq, cahillik-zülmətdir. Ədəb,mərifət cığırlarından keçib, nəhayətsiz nəhrə bənzər həyata qovuşmaq isə hünərdir. Əzablarsız ötüşməyən ömür yolunun enişinə, yoxuşuna tab gətirən, sinə gərənlər ətrafdakı insanların, doğmaların gözündə yüksəlirlər.  Necə deyərlər, hərənın öz yolu, öz izi...

Haqqında söz açmaq istədiyim həmkarımız Eldar Yusif oğlu Əliyev artıq 16 ildir ki, respublikamızda uşaq mətbuatının öncüllərindən sayılan "Savalan" qəzetinə rəhbərlik edir. Qeyd edək ki, Azərbaycan uşaq mətbuatının sələflərindən olan, 52 il "Azərbaycan pioneri" kimi yaddaşlarda qalan, son 26 ildə isə kiçik oxucularını "Savalan" adı ilə salamlayan bu qəzet 80 ilə yaxındır ki, balalarımızın, gənc nəslin xidmətindədir, onların inkişafına, təlim-tərbiyəsinə öz töhfəsini verir. Buna qədərki illəri də hədər keçməyib, gəncliyinin  xoş anları kimi tez-tez hafizəsində və dostlarının yaddaşında çözələnir...

... Barəsində danışdığım qəzetin adının yenilənməsini zaman özü şərtləndirmişdi. 1990-cı ilin 20 Yanvarında xalqımız ən dəhşətli faciələrindən birini yaşadıqdan, Bakıya tanklarla daxil olan rus-Sovet qoşunları dinc əhaliyə, eləcə də uşaqlara divan tutduqdan sonra bu qəzetin də adının dəyişdirilməsi labüd olmuşdu. Bunu həm də oxucular redaksiyaya göndərdikləri məktublarda tələb edirdilər. Beləliklə, bu qəzet Cənubi və Şimali Azərbaycan olmaqla, dünya azərbaycanlılarının ucalıq, qüdrət rəmzi olan Savalan dağının adını daşımağa başladı.

Eldar müəllim qəzetin 78 illik tarixində bu mətbu nəşrə rəhbərlik edən ən gənc redaktor idi. Qəzet  özünün əsl inkişaf dövrünü, mübaliğəsiz söyləsək, son illərdə  yaşayır. Nəfis tərtibatla nəşr olunan qəzetin əvvəlki dövriliyi bərpa edilib.

Səmimi insan, aydın vətəndaş mövqeyi olan Eldar müəllimi rəhbərlik etdiyi qəzetin uşaqların həyatına necə daha yaxşı təsir göstərə bilər əndişəsi daim düşündürür. Baş redaktorun əməkdaşlarla yaradıcılıq söhbətləri, mövzuları hansı oxunaqlı janrlarda yazmaqla bağlı apardığı müzakirələr səmərəsiz ötüşmür. O, ədalətli, xoşniyyətli adamdır. Əməkdaşları ona hansısa problemin həllində bacardığı köməyi əsirgəməyən, həmkarlarının yaradıcılıq uğurlarına sevinən xeyirxah insan kimi ehtiramla yanaşırlar.

Bəs, "Savalan" hazırkı qəzet bolluğunda necə görünür? Bu  mətbuat nümunəsi müəllif yazılarının özəlliyinə, materialları çatdırma formasının rəngarəngliyinə, günün hadisələrinə yanaşma manerasına, zəngin təbiətimizə məhəbbət aşılamasına, xalqımızın tarixi keçmişinə güzgü tutmasına, köklü adət-ənənələrimizin təbliğinə,nəsillər arasında körpü yaradılmasına, milli ideyaların daşıyıcısı olan parlaq şəxsiyyətlərin, ictimai xadimlərin, görkəmli elm və sənət adamlarının, söz korifeylərinin tanıdılmasına görə fərqli bir qəzetdir.

İllər boyudur ki, "Savalan" Azərbaycan həqiqətlərinin çatdırılmasına öz dəyərli töhfələrini verir. Düçar olduğumuz Qarabağ müharibəsinin dəhşətləri, erməni işğalçılarının torpaqlarımızda törətdikləri azğınlıqlar, itirilmiş yurd yerlərimizin ah-naləsi, ata-baba torpaqlarından didərgin düşmüş soydaşlarımızın, o cümlədən, qaçqın uşaqların, şəhid balalarının üzləşdiyi məhrumiyyətlər qəzetin səhifələrində daim işıqlandırılan mövzulardır. Odlu cəbhələrdən keçmiş oğul və qızlarımız, Milli Qəhrəmanlarımız, həmçinin Böyük Vətən Müharibəsində şücaət göstərmiş həmvətənlərimiz barədə yazılar uşaqların hərbi-vətənpərvərlik tərbiyəsində çox önəmlidir. Bu yazılar orijinal, uşaqlara çatımlı örnəklərdir.

Eldar müəllimin dəst-xəttilə nəşr olunan "Savalan"ı digər uşaq mətbuat orqanlarından fərqləndirən bir cəhət də var. Bu, qəzetin uşaq hüquqlarının müdafiəsi və təşviqinə, uşaqlar üçün ümumdünya hərəkatının ölkəmizdə vüsət almasına geniş yer ayırmasıdır.

Uşaq hüquqlarının müdafiəsi ilə bağlı Ombudsmanın səmərəli fəaliyyəti, onun təşəbbüsü ilə yaradılmış və Müvəkkilin uşaq hüquqları üzrə resurs mərkəzi olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin (AUGSŞ) Liderlik Məktəbi yetirmələrinin uğurları barədə qəzetdə müntəzəm olaraq yazılar verilir. Bu, qarşılıqlı əməkdaşlığın gözəl nümunəsidir ki, bu məktəbin üzvləri arasında "Savalan"ın  xüsusi müxbirləri də  var.

Məktəblərdə keçirilən görüşlər zamanı şagirdlərin öz "Savalan" qəzetlərini çox sevdiklərinin dəfələrlə şahidi olmuşuq. Bundan Eldar müəllimin necə qürur duyduğunu bir görsəydiniz. Niyə də olmasın? İstedadlı uşaqların şeir və hekayələri, yazdıqları mahnı mətnləri, müxtəlif mövzularda çəkdikləri rəsmlər vaxtaşırı olaraq "Savalan"ın səhifələrini bəzəyir.

E.Əliyev həm də Uşaq və Gənclərin Xeyriyyə Fondunun prezidentidir, həyatını gənc nəslin intellektual səviyyəsinin inkişafına, uşaq və yeniyetmələrin şəxsiyyət kimi formalaşmasına sərf edib, bu yöndə kütləvi informasiya vasitələrinin rolunu da həmişə önəmli sayıb.

Bu günlər Eldar müəllimə kiçik dostlarından gələn məktubların sayı xeyli artıb. Uşaqlar baş redaktoru 50 yaşının tamam olması münasibətilə təbrik edir, ona səmimi arzularını yetirirlər. Biz də bu təbriklərə qoşulur, həmkarımızın yubileyi günlərində ona gənc nəslin gələcəyi naminə görüləcək  işlərində yeni  uğurlar arzulayırıq. Atılacaq addımlar, qət olunacaq yollar  hələ irəlidədir. Yolların səmti isə Savalana - ucalığadır.

 





28.10.2016    çap et  çap et