525.Az

Güllələnən qadın, bənövşəyə qarışan gözyaşı, Qarabağın azadlığını gözləyən sirr...


 

“Kəşfiyyatçının xatirələri”

Güllələnən qadın, bənövşəyə qarışan gözyaşı, Qarabağın azadlığını gözləyən sirr...<b style="color:red"></b>

Qarabağ müharibəsinin gerçək hekayətlərini kəşfiyyatçı Rey Kərimoğlu yazır:

 

Dost-tanış yaxşı bilir, Qarabağ savaşında döyüşçü gündəliyi yazmamışam. Yazanlara da həmişə qibtə eləmişəm. Əvvəllər belə bir fikrim olub, amma gündəliklərlə bağlı baş verən bir neçə xoşagəlməz hadisələr bu işdən daşındırıb məni. O günlər elə hey beynimdə canlanıb nəsə yazmağa vadar edir, yəqin yaddaşın elə qatları var ki, orda yaşayan xatirələr mütləq yazılmalıdır. Həyat əsl gündəlikdir, nə vaxt yazılırsa yazılsın... Elə məqamlar var ki, onlar heç vaxt unudulmur.

 

Digər tərəfdən, düşündüm ki, bu həm də o günləri yaşamış, döyüşlərdə qəhrəmancasına şəhid olmuş, yaralanmış və ya taleyin xoş təsadüfü nəticəsində sağ qalan insanların unudulmaması, gələcək nəslə bizim müstəqilliyimizin ilk illərində yaşadığımız keşməkeşli günləri, ələlxüsus da torpaqlarımızın erməni işğalçılarından müdafiəsi məqsədi ilə çətin şəraitdə milli ordunun yaranması prosesinin şahidi kimi hadisələri olduğu kimi çatdırım. Əlbəttə, mən əsasən 1991-1993-cü illərdə gördüklərimi, çox nadir hallarda isə 3-4 mənbədən təsdiqini tapan eşitdiyim hadisələri qələmə alacam...

 

Bu da mənim bir vaxtlar yazmaq istəyib yaza bilmədiyim bir gündəliyin bir səhifəsi. İndi bu səhifənin bəzi yerləri o qədər pozulub ki, oxunmaz hala gəlib. Amma hələ gec deyil, nə qədər ki, biz - bu qanlı səhnənin gerçək şahidləri varıq, bu səhifələri bir yerə toplayıb o günlərin xatirəsini əbədiləşdirməliyik. Tamamilə oxunmaz hala gəlmədən...

 

Ermənilər postda mürgüləyirdilər...

 

20-ci yazı

 

Artıq bizim dağlara, meşələrə yaz gəlmişdi. Ağaclar yavaş-yavaş yarpaqlayır, çiçək açırdı.

 

Belə gözəl günlərin birində dəstəmizin ağsaqqal kəşfiyyatçısı İdris dayı, Ziyad Əliyev (Allah qapısını açsın, həbsxanadadır), laçınlı balası Qırımxan Novruzov, Fərman adlı gənc kəşfiyyatçı ilə birlikdə döyüşə - əməliyyata yollandıq. Gün batandan sonra getdik təmas xəttinin yaxınlığında yaşayan İdris kişigilə. Gecə yarısına qədər dincəldik. Təxminən gecə saat 2-3 radələrində hazırlaşıb yola düzəldik...

 

İndi üstündən bu qədər illər də keçsə mənim yaddaşımda o gecələrin qorxusu, əzab əziyyəti ilə yanaşı, yuxu həsrəti də qalıb. Təmiz dağ havası, çayın kənarı, yaz axşamı... Adam gecə 2-də, 3-də də yuxudan durarmı?! O zamanlar çox arzulayırdım ki, müharibə qurtarsın, gəlib bu yerlərdə - xüsusən də İdris kişinin Əliağalıdakı bu evində doyunca yatım.

 

Gecə çayı keçdik. Xeyli yol gedib “Qız qəbiri” deyilən yerdə erməni postuna çatdıq. Bir qədər kənardan postdakı erməniləri müşahidə etməyə başladıq. “Qız qəbiri” postunda dörd erməni var idi. Onları yeni gələn dörd erməni əvəzlədi.

 

Artıq səhərin şirin yuxu vaxtı idi... Gözləyirdik ki, bəlkə yatsınlar, ya da mürgüləsinlər, lap arxayın keçək düşmən arxasına. Bir qədər keçmiş hava işıqlanmağa başladı, onlar da arın-arxayın bir-birinin ardınca əməlli-başlı yuxuya getdilər. Silah-sursatlarının miqdarı barədə dəftərçəmə qeydlər etdim.

 

Biz ermənilərə toxunmadan postun yanından adlayıb, onların arxasına keçdik. Xaçın çayının sol sahili istiqamətdən Sırxavəndin (ermənilər martın 12-də Sırxavəndi işğal etmişdilər) qəbiristanlığına qədər gəldik. Buradan ermənilərin qəbiristanlıq postunda dayanan qüvvələrinin, silah sursatın, texnikanın sayını, növünü müəyyənləşdirməliydik. Batalyonumuzun minaatanlar dəstəsinin komandiri rəhmətlik Hidayət İbrahimovdan “borc” götürdüyümüz durbinlə ərazidə müşahidə apardıq.

 

Hava bir qədər dumanlı idi. Bizə düşmənin döyüş növbəsini nə vaxt, necə  dəyişdiyini də öyrənmək lazım idi. Qəbiristanlıq postunda xeyli erməni əsgəri var idi. Danışıqlarını aydın eşidirdik, amma saylarını dəqiq bilmirdik. İdris kişi məsləhət gördü ki, iki dəstəyə bölünək, bir nəfər daha irəli gedib çayın lap kənarındakı təpənin arxasından müşahidə aparsın, sonra ağ çiçək açmış ağacın dibində görüşək.

 

O bir nəfər mən oldum. İki istiqamətə hərəkət etdik. Mən üzü çaya - Sırxavənd qəbiristanlığındakı erməni postuna tərəf irəlilədim. Açığı, çox həyəcanlı idim, amma deyilən yerə gedib çatana qədər elə bir qorxu keçirmədim. Deyilən nöqtəyə çatıb ermənilərin postunu müşahidə etməyə başladım.

 

Burada 12 nəfər idilər, bir-birindən elə də aralıda dayanmayan iki də BMP-ləri var idi. İşi bitirib deyilən ağaca tərəf qayıtmaq istəyəndə azdım. Çünki yuxarıdan baxanda mənə bir ağ çiçəkli ağacı nişan vermişdilər, amma buradan baxan da onlarla elə ağ çiçəkli ağac görünürdü. Hə, bax onda bərk qorxdum.

 

Hara gedəcəyimi bilmirdim. Nə edəcəyimi müəyyənləşdirməliydim. Naəlac qalıb həmin istiqamətdə təxmin etdiyim ağacları bir-bir yoxlamağa başladım. Və nəhayət, sübh açılandan ağız-ağıza verib ötən müxtəlif meşə quşlarının səslərinin arasında bu əsrarəngiz musiqi ansamblının ritmini pozan bir səs də qulağıma gəldi. Bu İdris kişi idi, mənim vurnuxduğumu görüb işarə verirdi. Növbəti işarədən sonra mən onların istiqamətini tapdım. Özümü həmin ağ çiçəkli ağacın altına çatdırdım. Əməlli-başlı qorxmuşdum...

 

Bir qədər də buradan müşahidə apardıq. Ermənilərin sutka ərzində neçə dəfə və necə növbəni dəyişdiyini tam öyrəndik. Qərargahlarından onlara nə vaxt baş çəkməyə gəlmələrini, hərbi texnikalarının nə vaxt işə salındığını, manevr edərək yerlərini dəyişmələrini, bizim mövqeləri atəşə tutmalarını da qeyd etdik. Müəyyən etdik ki, hər səhər yemək vaxtı ermənilərin BMP-ləri təxminən 15 dəqiqə işlək vəziyyətdə sahibsiz qalır. Bu müddətə biz çaydan keçib rahatca o BMP-ləri götürə və ermənilərin postundakıları qıra bilərdik. Amma olmazdı, bizə ayrı tapşırıq verilmişdi.

 

Biz çiçəkli ağacın arxasından müşahidə apararkən qəflətən bir “KRAZ” markalı avtomobil Sırxavənd qəbiristanlığındakı erməni postuna tərəf gəldiyini gördük. Təxminin saat 11-12 olardı. Posta çatıb dayanan “KRAZ”dan bir neçə erməni əsgəri yerə düşdü. Kefləri kök idi... Yük yerindən üç nəfəri də sürüyüb yerə atdılar.

 

Anladıq ki, bunlar azərbaycanlı əsirlərdir. Əvvəlcə onlara su verirmişlər kimi, əllərindəki qablardan əsirlərin üstünə su tökdülər. Sonra onları əla salmağa, təhqir edib döyməyə başladılar. Əsirlərdən biri qadın idi. Əyni başı cırıq-cırıq idi. Çox pis görkəmə salmışdılar onu. Qışqıra-qışqıra erməni və anlaşılmaz azərbaycan dilində o qadından nəysə soruşurdular. Amma qadının səsini eşitmirdik. Postdan gələn ermənilərdən biri qadını yerə yıxdı, sürüyüb təpikləməyə başladı. Qadın qışqıraraq imdad diləyirdi. Onu sürüyə-sürüyə “KRAZ”ın qarşısına apardılar... Digər iki əsirimiz isə yerə oturub bir-birinə qısılıb qaldılar...

 

Qəfil güllə

 

Bu mənzərəni seyr edən Ziyad dayana bilmədi. Avtomatının qoruyucusunu açıb təpənin arda özünə mövqe seçdi. Mən Ziyadın nə etmək istədiyini bilirdim. O, ermənilərə atəş açam istəyirdi. Amma bunun o qızı və əsirləri azad etmək üçün heç bir nəticəsi olmayacaqdı. Digər tərəfdən düşmənin arxasında biz özümüz də məhv ola, əməliyyat da pozula bilərdi. Nə qədər eləsəm də Ziyadı öz fikrindən döndərə bilmirdim. Məsələnin ciddiliyini görüb, onun əlindən avtomatı aldım. O etiraz edirdi. İdris kişi Ziyada təpindi:

 

- Olmaz! Biz hələ qabağa getməliyik, əməliyyat tapşırığımız var!

 

Elə bu vaxt güllə səsi gəldi. Ermənilər “KRAZ”-ın qabağından qadının cəsədini sürüyə-sürüyə gətirib avtomobilin arxasına bağladılar. Digər iki əsiri isə yenə avtomobilin yük yerinə qaldırdılar. Təxminən 5-10 dəqiqədən sonra “KRAZ”a minib getdilər. Qadının meyitini maşının arxasınca sürüyürdülər...

 

Dizi üstə çökmüş Ziyad yumruqlarıyla torpağı döyəcləyə-döyəcləyə ağlamağa başladı. Elə biz də...

 

Meşənin dərinliyinə girib, ermənilərin arxasında nisbətən təhlükəsiz bir yer seçib, irəliləməyimiz üçün gecənin düşməsini gözlədik. Bir azdan yağış başladı... Həmin gecə yola düşdük. Gəlib əsas əməliyyat yerinə - Vəngin körpüsü aydın görünən dağın başına çatdıq. Oradan həm Vəngin körpüsü, həm də Dovşanlı, Damğalı kəndləri, bu kəndlərin körpüyə yaxın yerdəki donuz ferması da açıq-aydın görünürdü. Biz buradan Ağdərə-Xankəndi istiqamətində o baş-bu başa hərəkət edən bütün hərbi texnikanın, canlı qüvvənin sayını, hərəkət vaxtını tam dəqiqliyi ilə müəyyən edə bildik. Bundan başqa, bu əməliyyatın tərkib hissəsi olan, amma Qarabağ  azad edilmədən açıqlaya bilməyəcəyim bir əməliyyat həyata keçirdik...

 

Mayın sonlarında bənövşə...

 

İdris kişi bizi dağların döşü ilə dörd tərəfdən qayalıqla əhatə olunmuş bir yerə gətirdi. Qayalıqdan enib, bir yaşıl talaya yetişdik. Bir tərəfindən qayanın ətəyi ovulub kahaya çevrilmişdi, onun altından buz kimi bir bulaq qaynayırdı. Kahanın altına təxminən 15-20 nəfər sığışa bilərdi. Bulaqdan 3-4 metr aralıda ocaq yeri qaralırdı... Kimlərsə vaxtı ilə əylənib dincəldiyi bu yerin qayalarına elə bu ocağın kömürü ilə müxtəlif erməni, azərbaycanlı adları, illər, aylar günlər də  yazılmışdı... Xoş günlərini həm erməni, həm də azərbaycanlı əlifbası ilə yazmışdılar, amma qara rənglə...

 

Buranın digər üç tərəfi isə yamyaşıl balaca çəmənlik idi. Mayın sonları olmasına baxmayaraq, hələ də burada bənövşə var idi. Yamyaşıl çəmənliyi qıpqırmızı bənövşə başına götürmüşdü.

 

Dana ətindən konservimizi yeyib, axşamın düşməyini gözlədik. Üzüqoylu çəmənlikdə uzanıb mürgüləyirdim... Otun və bənövşənin qoxusunu ciyərlərimə çəkdikcə beynim dumanlanırdı...

 

Gecə geri qayıtmaq üçün yola düzəldik, səhərə yaxın ermənilərlə təmas xəttini keçib batalyonumuza qayıtdıq. Elə Qaralar kəndində də Şirin Mirzəyevə ətraflı məlumat verdik. Xəritələr tərtib etdik. Hazır xəritələrdə qeydlər etdik...

 

İki gəncin ufultusu...

 

Sonra  batalyona qayıtdıq, uşaqlar yığışdılar başımıza. Bir qədər sorğu-sualdan sonra keçdik kəşfiyyat dəstəsinin otağına. Üzüstə yerimə necə düşdümsə, bir də Qırımxanın ufultusuna ayıldım. Fərman Qırımxanın əvvəlki əməliyyatlarda dağ yollarında  yeriməkdən suluq atmış, budəfəki səfərdən sonra isə yara olmuş ayaqlarına yod çəkirdi... Sonra Fərmanın ufultusu gəldi. Sən demə, onun da ayaqları yara olubmuş.

 

Onlara qınadım ki, bəs mənə niyə deməyiblər, ayaqlarının belə olmalarını. İkisi də eyni cavabı verdi:

 

- Desəydik, kəşfiyyata aparmazdız...

 

Hələ onda Qırımxanla Fərman sağ idi, şəhid olmamışdılar... Hələ ayaqlarının acısına ufuldayırdılar. Onda nə biləydik ki, bir azdan bu on doqquz yaşlı gəncləri anaları, bacıları, doğmaları, dostları ağlayacaqlar...

 

(Ardı var)

 

[email protected]

 
lent.az

 





26.03.2013    çap et  çap et