525.Az

Kirayə arzular


 

Kirayə arzular<b style="color:red"></b>

(Əvvəli ötən şənbə sayımızda)

Eşidəndə ki, Yeganə Qazaxın İkinci Şıxlı kəndindəndir, sözün düzü, sevincimi gizlədə bilmədim.
 
Anamın yaxın rəfiqələrindən biri Fatma xala da Qazaxın Daş Salahlı kəndindən idi. O qədər həlim xasiyyəti vardı ki, onu ürəyinin içində bəsləmək istəyirdin. Yəqin elə buna görə də, Yeganənin içində anamın rəfiqəsini axtarmağa başladım.

O, çarpayıda uzanıb sualı suala calayırdı:

- Qız hara? Jurnalist hara?

- Nə bilim, bir jurnalist var... O, həvəsə salıb.

- Hm?! Verərdin dil-ədəbiyyata. Şagird hazırlaşdırardın. Bax, belə qazanardın, - əlini alnının ortasından eninə çəkdi. 

- Qismət... Bəs yaxşı, Qazax hara? Fizika hara? Sən ki, qoşma, gəraylının, dodaqdəyməzin, dildönməzin içindən gəlmisən?

- Az, yaxşı görək sən Allah, nə şeir?

- Bəs, Vaqif, Vidadi, Səməd Vurğun?

- Boy... Hamısının ağrın alım! Mənimki Nyutondu.

Nədənsə, Yeganənin Nyuton sevgisinə inanmadım. Heç on dəqiqə keçmədi ki, fikrim təsdiqini tapdı. Məlum oldu ki, əmisi Fizika İnstitutunun professorudur  və əmisinin yanında yeri artıq hazır idi. Yeganə əmisinin uğurlarından ürəkdolusu danışanda otağın qapıları taybatay açıldı. Sahibə əlində bir qab dovğayla içəri daxil oldu. O, bunu Yeganə üçün gətirmişdi. Qarnım tox olduğundan dovğanı görəndə ağzım sulanmadı. Düşündüm ki, deyəsən, hər kirayəşinin ilk günündə bir boşqab dovğa vermək sahibənin ənənəsidir.

Yeganə dovğanı mənim kimi gözünə təpmədi. Nazlana-nazlana içib, qabı bir kənara çəkdi. Otağın tən ortasına gəlib qollarını belinə qoydu. Mənə elə gəldi ki, Yeganə qollarını havaya açıb şıdırğı rəqs edəcək. Çünki o, gözlərini süd rəngli taxta tavana elə zillədi, sanki göydən musiqi gözləyirdi. Yeganə həqiqətən də qollarını açdı, amma sinəsinə möhkəm-möhkəm vurub gərnişdi...

Görəsən, ürək içdən döyüləndə, yoxsa çöldən vurulanda daha çox ağrıyır?   

Xilaskarım mənim 

İki həftə keçməsinə baxmayaraq sahibənin qızları otağımızın qapısını  taqqıldatmadı. Düşündüm ki, bu necə ola bilər? Axı, Yeganə də Yer planetinin üzvüdür. Ən əsası, onun da mənim kimi hər gün “yuyulub-səlirmək” haqqı var?! Hətta seriala baxmaq üçün sahibənin otağına keçəndə bu məsələni qaldırmaq istədim. Amma hər dəfə serialın baş qəhrəmanı dul qadın Blankanın geyindiyi ağ kostyumlar müzakirə olunduğundan söhbəti heç cür Yeganənin üzərinə gətirə bilmirdim. Bununla belə, qızları hər gecə otağımızda gözləyirdim. İçimdə qəribə bir rahatlıq vardı. Əmin idim ki, gec-tez “poeziya gecələri” bərpa olunacaq. 

Günlərin bir günü serialın növbəti nümayişindən sonra otağıma qayıdanda qızlar da mətbəxtə fincanlarına çay süzüb bizə təşrif buyurdular. Böyük qız stulda, kiçik qız isə yerdə oturub söhbətə başladılar. Əvvəlcə universitetlərin müzakirəsi oldu. Yeganə BDU deyib, sinəsinə döyəndə böyük qız Qərb Universiteti söylədi. Amma böyük qız həmişəki kimi məsələyə nidasını qoya bilmədi. Çünki sakitcə dedim ki, əsas harda oxumağın deyil, adamın olmalıdır. Sonra kiçik qız Aygün Kazımovanın oxuduğu “Qoy işığı söndürüm” mahnısını ortalığa atıb mövzunu dəyişmək istəyəndə imkan vermədim. Necə yəni? Heç doğma şəhərimə görə xəcalətli qaldığım günlərin xiffətini çəkərəmmi?! Nədənsə, bu dəfə böyük qız üzünü mənə deyil, Yeganəyə tutdu. Ona Şamaxıda doğulan dahiləri bir-bir sadalayanda Yeganənin heç tükü də tərpənmədi:

- Hə, lap yaxşı! Nə olsun?-  dedi.

Bunu söyləyəndə hər iki bacının gözləri bərəldi. Ürəyimdə düşündüm ki, deyəsən, daş qayaya rast gəlib. Yeganə aldı sazı görək, nə dedi:

- Ağız, sən məni şairlərləmi qorxudursan? Bizim zonada hər ailədən şair çıxır e, a rəhmətliyin qızı! Vidadi, Vaqif, Səməd Vurğun, Osman Sarıvəlli, İsmayıl Şıxlı, Mehdi Hüseyn, Hüseyn Arif, Mirvarid Dilbazi, o biri Vaqif - Səmədoğlu...

Yeganə danışdıqca qızışır, qızışdıqca ağzından tullanan tüpürcəklər qızların üzünü qucaqlayırdı. Qızlar dodaqlarını büzsələr də, Yeganəyə cavab verə bilmədilər. Onlar otaqdan çıxanda Yeganə əllərini yelləyib arxalarınca “ala” verdi. Beləcə, “poeziya gecəsi” ömrünü başa vurdu...

Görəsən, Vaqif Səmədoğlu dua yerinə hansı şeirini oxuyurdu?      

Kərpickəsən kişi 

Artıq payız sağollaşmaq üzrə idi. Yay tərəvəzlərinin qurtaran vaxtıydı deyə sahibə bütün günü balon bağlayırdı. Yazıq qadın tək başına göy pomidor, kələm, badımcan yuyur, bankaları suda yaxalayıb, çay dəsmalı ilə qurudurdu. Qızlarına nə qədər yalvarsa da, ona kömək edən yox idi. Kiçik qız qonşularda veyillənir, böyük qız isə tünd göy rəngli cins şalvarının tonunu açmaq üçün kərpic parçasını isladıb ona sürtürdü. Mən o evə qonandan günortalar qızı hamamın qarşısında şalvarının rəngi ilə əlləşən gördüm. Bu, elə bil onun ritualına çevrilmişdi. Səhnə hər gün təkrarlandığından hərdən mənə elə gəlirdi ki, günüm dəyişilmir. Qızı bu vəziyyətdə görəndə gözümün önündə kərpickəsən kişinin qabar əlləri, üzünün qırışlarına yapışan toz canlanırdı. Özüm də təəccübləndim ki, axı, bu kərpic o kərpicdən deyil. Niyə məhz dahi Nizaminin zəhmətkeş obrazını düşünürəm? Təbii, qızın ağlından nəinki kərpickəsən kişi, heç mətbəxtdə balonların içində qaynar suyu səbirsizliklə gözləyən pomidorlar da keçmirdi. Onun beyninin labirintlərində cins şalvarı dolaşırdı. Elə mən də şalvarın açıq mavi rəngə düşməsini səbirsizliklə gözləyirdim. Ona görə yox ki, qızın ayaqları xoşbəxt olacaqdı, ona görə ki, kərpicin canı dincələcəkdi.

Bir dəfə hamamın qarşısında qızın əldən düşdüyünü görəndə kömək etmək istədim. Ona yaxınlaşanda ayaqlarım getmədi. Axı, qızla mənim aramda kərpickəsən kişi dayanmışdı...

Görəsən, kərpic onu kəsən kişini xatırlayırmı?

 





31.10.2016    çap et  çap et