525.Az

Budapeştdə XI Beynəlxalq Böyük Türk Dili Qurultayı


 

Budapeştdə XI Beynəlxalq Böyük Türk Dili Qurultayı<b style="color:red"></b>

Mətbuatda xəbər verildiyi kimi, bu yaxınlarda (25-28 sentyabr 2016-cı il) Macarıstanın paytaxtı Budapeşt şəhərində XI Beynəlxalq Böyük Türk Dili Qurultayı keçirilib.

Türkiyənin məşhur Bilkənd Universitetinin, Budapeştdə fəaliyyət göstərən Yunus Əmrə İnstitutunun və Türkiyə-Azərbaycan Dostluq, İşbirliyi Vəqfinin dəstəyi və təşkilatçılığı ilə düzənlənən qurultayda Belçika, Polşa, Türkiyə, Azərbaycan, İraq və Qazaxıstandan gəlmiş 130-a yaxın elm adamı iştirak edib.

Qeyd etmək lazımdır ki, qədim və müasir türk dillərinin müxtəlif yönlərdən araşdırılmasına həsr olunmuş bu qurultayın Macarıstanda keçirilməsi heç də təsadüfi deyildi. Məlum olduğu kimi, Macarıstan böyük hun hökmdarı, əfsanəvi yerli əhali - macarların genetik kökləri ilə bilavasitə qədim türklərə gedib çıxır. Bundan əlavə Macarıstan artıq bir neçə yüz ildir ki, bütün dünyada türkologiyanın əsas mərkəzlərindən biri kimi tanınır. Bunun sübutu olaraq A. Vamberi, L.Ligeti, K.Menges, G.Hazai kimi dünya şöhrətli macar alimlərinin türkologiyanın inkişafındakı böyük xidmətlərini yada salmaq kifayətdir.

Türkiyənin Macarıstandakı böyük elçisi Şakir Fakılının və Azərbaycanın Türkiyədəki Fövqəladə və Səlahiyyətli səfiri Faiq Bağırovun da qatıldığı bu mötəbər elmi toplantının açılış mərasimində qurultayın təşkilat komitəsinin sədri professor Rasim Özyürək, Yunus Əmrə İnstitutunun direktoru professor Şərəf Atəş və Türkiyə-Azərbaycan Dostluq, İşbirliyi Vəqfinin başqanı professor  Ənvər Həsənoğlu və digər rəsmi şəxslər çıxış edərək bu cür elmi tədbirlərin keçirilməsinin böyük əhəmiyyətindən danışdılar. Qurultayda Türkiyənin məşhur dilçi alimlərindən Həmzə Zülfüqar, Abidə Doğan, Mustafa Önər, Leyla Qaraxan, Əbdürrəhman Gözəl və digərləri maraqlı məruzələrlə çıxış etdilər.

Müxtəlif türk dillərinə həsr olunmuş bu toplantıda Azərbaycandan gəlmiş nümayəndə heyəti sayca yalnız Türkiyəli alimlərdən geri qalırdı. 9 nəfərlə təmsil olunan azərbaycanlı elm adamlarının 4-ü Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşları idi: bu sətirlərin müəllifi, professor Roza Eyvazova, filologiya üzrə fəlsəfə doktorları Baba Məhərrəmli və Vahid Adilov. Tədbirdə həmçinin Bakı  Slavyan Universitetindən professor İkram Qasımov və fəlsəfə doktorları Aygül Hacıyeva ilə Ziyafət Qasımova, Azərbaycan Respublikasının Prezidenti yanında İdarəçilik Akademiyasından fəlsəfə doktoru Cahangir Cahangirli, eləcə də "Tərəqqi" liseyinin direktoru fəlsəfə doktoru Məhbubə Məmmədova iştirak edirdilər.

Qurultayda türk dillərinin tarixi və etimologiyası, lüğət tərkibi və qrammatikası, tədrisi və terminologiyası və s. kimi məsələlər ətrafinda 100-dən çox elmi məruzə dinlənildi: Azərbaycanlı alimlərin böyük maraqla qarşılanan məruzələri də adı çəkilən mövzuları, demək olar ki, tam əhatə edirdi: Onlar sırasında "Şirazinin "Gülşəni-raz" əsəri əski türkcənin dəyərli qaynağı kimi (M.Nagısoylu); "Dillərin qarşılıqlı əlaqələrində frazeologizmlərin rolu" (R.Eyvazova); "Müstəqillik dövründə Azərbaycan dilinin terminologiyasının inkişaf yolları" (İ.Qasımov); "Türk dillərində nostratik mənşəli sözlər" (B.Məhərrəmli); "Kitabi-Dədə Qorqud"da Qazan xanın bir soylaması" (V.Adilov); "Türkcənin tədrisində ortaya çıxan problemlər" (A.Hacıyeva); "Azərbaycan və Türkiyə türkcəsində beynəlmiləl terminologiya" (C.Cahangərli) xüsusilə diqqəti cəlb etdi, iştirakçıların böyük marağına səbəb oldu.

Qeyd etmək lazımdır ki, bu sətirlərin müəllifi və Roza Eyvazova qurultayda eyni zamanda tədbirin elmi heyətinin üzvləri kimi də təmsil olunurdular. Roza xanım həm də dil tarixinə həsr olunmuş bir bölümə həmsədrlik edirdi. Diqqətəlayiq haldır ki, qurultayda Türkiyədən gəlmiş alimlərdən bir neçəsinin məruzəsi birbaşa Azərbaycan ədəbiyyatı ilə bağlı məsələlərə həsr olunmuşdu: "Fransız ədəbiyyatı və Mirzə Fətəli Axundzadə" (Ərdoğan Uyqur), "Heydərbabaya salam" əsərinin nəşrlərindəki fərqlər" (Talıb Doğan), "Bəkir Çobanzadənin şeirlərindəki etnoqrafik cizgilər" (Zühal Yüksəl) və s.

Qurultayın açılış mərasimindən sonrakı ilk toplantısında R.Eyvazova, M.Nağısoylu və V.Adilov yuxarıda adı çəkilən məruzələrlə çıxış etdilər. Bu sətirlərin müəllifi birbaşa məruzəyə keçməzdən öncə türk xalqlarının mədəni həyatında, inteqrasiyasında mühüm rol oynamış I Bakı Türkoloji Qurultayının 90 illik yubileyi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 fevral 2016-cı il tarixli sərəncamından, bu mühüm qərarın işığında ölkəmizdə görülən və planlaşdırılan tədbirlər haqqında qısaca məlumat verdi. Eyni zamanda tədbir iştirakçılarının diqqətinə çatdırıldı ki, Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasətinin orqanı olan beynəlxalq statuslu "Türkologiya" jurnalı türkologiyanın müxtəlif sahələrinə aid mövzuları əhatə etməklə dörd dildə (Azərbaycan, türk, rus və ingilis) öz nəşrini davam etdirir və dünya türkoloqlarını, eləcə də toplantı iştirakçılarını bu dərgidə fəal iştiraka dəvət edir.

Onu da qeyd edim ki, konfransın sonunda qərar qətnaməsini hazırlamaq üçün ayrıca bir komissiya da yaradıldı və  ölkəmizi təmsil edən elm adamlarından M.Nağısoylu və R.Eyvazova həmin tərkibə üzv seçildi.

Qətnamə hazırlanarkən R.Eyvazovanın dünya türkoloqlarının qarşılıqlı əlaqələrinin gücləndirilməsi ilə bağlı təklifi nəzərə alındı. Bu sətirlərin müəllifinin I Bakı Türkoloji Qurultayının qərar və tövsiyələrinin müasir dövrdə də aktuallığı və həyata  keçirilməsi ilə bağlı təklifi də qətnaməyə salındı. Möhtəşəm Budapeşt tədbirinin bağlanış mərasimində Azərbaycan nümayəndə heyətinin adından bu sətirlərin müəllifinə də söz verildi. Biz Azərbaycanın türkologiyanın mühüm mərkəzlərindən biri olmasından, ölkəmizdə, xüsusilə də Nəsimi adına Dilçilik İnstitutunda bu yöndə görülən işlərdən və qarşıda duran vəzifələrdən qısaca olaraq  söz açdıq və bu cür elmi tədbirlərin böyük əhəmiyyətini vurğuladıq.

Qurultayın ikinci günü tədbir iştirakçıları Dunay çayının sahildə yerləşən və qədim sənət nümunələri, gözəl təbiəti, bənzərsiz mənzərələri ilə göz oxşayan Budapeşt şəhərinin  tarixi yerləri, maddi-mədəni abidələri ilə yaxından tanış oldular və  böyük məmnunluq duyğuları keçirdilər.

Tədbirin üçüncü günü isə Azərbaycan nümayəndə heyətinin üzvlərini ölkəmizin Macarıstandakı Fövqəladə və Səlahiyyətli səfiri professor Vilayət Quliyev böyük məmnuniyyətlə və ürək açıqlığı ilə qəbul etdi. Cənab səfir Azərbaycan Respublikasının Macarıstandakı səfirliyinin gördüyü işlər, xüsusilə də mədəni tədbirlər haqqında geniş məlumat verərək bildirdi ki, indiyədək bir sıra Azərbaycan ədiblərinin əsərləri macar dilinə tərcümə edilərək nəşr olunmuşdur. Onlar sırasında dahi Azərbaycan şairi Məhəmməd Füzulinin "Hədiqətüs-süəda" əsəri yüksək bədii tərtibatı ilə xüsusilə diqqəti cəlb edirdi. Səfirliyin milli naxışlarımızla göz oxşayan binasının ayrıca bir  guşəsində diplomatik korpusun nəşrləri də sərgilənmişdi ki, bütün bunlar Azərbaycan nümayəndə heyətinin üzvlərinin böyük marağına səbəb oldu. Görüş zamanı professor Vilayət Quliyev onu da diqqətə çatdırdı ki, Azərbaycanın Macarıstandakı səfirliyinin bilavasitə dəstəyi və köməyi ilə məşhur macar türkoloqu Georgi Hazainin Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Kitabxanasına hədiyyə etdiyi 1200-ə yaxın kitab ünvanına - Bakıya çatdırılmışdır. Böyük məmnunluq hissi ilə ayrıca olaraq  onu da etmək lazımdır ki, ölkəmizin Macarıstandakı səfiri, professor Vilayət Quliyev Azərbaycan nümayəndə heyətinin qarşılanması və yola salınması işini də yüksək səviyyədə təşkil etdi.

Qədim macar torpağının paytaxtı Budapeşt şəhərində keçirilən XI Beynəlxalq Böyük Türk Dili Qurultayında iştirak edən Azərbaycan nümayəndə heyətinin üzvləri 28 sentyabrda bu möhtəşəm tədbirdən zəngin təəssüratla doğma Bakıya döndülər.

 





01.11.2016    çap et  çap et