525.Az

Azərbaycan Metsamor AES-in fəaliyyətinin yoxlanılmasını təklif etdi


 

Azərbaycan Metsamor AES-in fəaliyyətinin yoxlanılmasını təklif etdi<b style="color:red"></b>

“Süni zəlzələ yaratmaqla AES-in etibarlılığını müəyyənləşdirmək olar”

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov Ermənistandakı Metsamor Atom Elektrik Stansiyasının fəaliyyətini adi halda yox, ekstremal situasiyada yoxlanılması təklifi ilə çıxış edib.
 
A. Qəribov APA-ya açıqlamasında deyib ki, indiyədək Metsamor AES-də testlər yalnız adi halda aparılıb, lakin AES-in 9 ballıq zəlzələyə davamlılığı yoxlanılmayıb: “Metsamor AES-in yerləşdiyi ərazi 9 ballıq zəlzələ zonasıdır. Güclü zəlzələ, yaxud digər ekstremal hal baş verərsə, o reaktor özünü necə aparacaq? Ona görə, də həmin reaktorun ekstremal şəraitdə testi keçirilməlidir. Bunu isə heç kim eləmir. Süni metodlarla belə zəlzələni yaratmaq mümkündür. Qoy bunu yaradaq və Metsamor AES-in dözüb-dözmədiyini yoxlayaq. Təbii ki, reaktor bu zəlzələyə dözməyəcək. Biz beynəlxalq mütəxəssislərin Metsamor AES-də apardıqları testlərə inanırıq, bunu şübhə altına ala bilmərik. Amma qoy hansısa beynəlxalq səviyyəli alim cavab versin ki, 9 ballıq zəlzələ baş versə, bu reaktor dözəcəkmi, Ermənistanın onun dayanıqlı iş rejimini təmin etmək imkanı olacaqmı? Bizim tələbimiz budur”.
 
A. Qəribov deyib ki, Metsamor AES-də qəza baş verəcəyi halda tək Ermənistan deyil, Azərbaycan, Gürcüstan və Türkiyə əhalisi üçün də ciddi təhlükə yarana bilər: “Bu məsələni qonşu dövlətlərin hamısının qaldırması lazımdır. Təəssüf ki, qonşu dövlətlər Azərbaycanı müdafiə etmir. İctimai təşkilatlar səviyyəsində belə təkliflər səslənsə də, rəsmi şəxslərin belə çıxışlarını görmürük”.
 
Qeyd edək ki, Ermənistan Milli Təhlükəsizlik Şuranın katibi Artur Baqdasaryan Metsamor AES-in yalnız yeni enerji blokunun tikintisindən sonra bağlanacağını bildirib. Onun sözlərinə görə, yeni müasir enerji bloku istismara veriləndən sonra Metsamor AES-in konservasiya edilməsi məsələsinə baxılacaq.
 
Ermənistan hakimiyyəti hazırkı AES-in yerində yenisi tikmək istəyir. Hələlik söhbət 1000 MVt gücündə bir enerji blokundan gedir: “AES-in tezliklə bağlanması məsələsi gündəmdə deyil. Bu, Avropa Birliyinin tez-tez səsləndirdiyi arzudur. Alternativ enerji mənbələri tapılmayana qədər, biz Metsamor AES-i bağlaya bilmərik”, - deyə AS. Baqdasaryan bildirib.
 
Xatırladaq ki, Avropa Birliyinin (AB) Ermənistandakı nümayəndəliyin rəhbəri Trayan Xristea AB-nin Metsamor AES-in tez bir zaman ərzində bağlanmasında israrlı olduğunu bəyan edib.
 
Bununla belə, Ermənistan hökuməti 2012-ci ilin aprelində Metsamor AES-in istismar müddətinin daha 10 il uzadılmasına qərar verib.
 
Metsamor AES 1976-cı ildə seysmik zonada tikilib. 1988-ci ilin dekabrında Spitakda baş verən güclü zəlzələdən sonra fəaliyyətini dayandırsa da, ölkədə müşahidə olunan enerji böhranı səbəbindən 1995-ci ildə yenidən işə salınıb.

 





27.03.2013    çap et  çap et