525.Az

“Pakistanda Azərbaycan səfirliyinin təhlükəsizliyi tam təmin olunacaq”


 

“Pakistanda Azərbaycan səfirliyinin təhlükəsizliyi tam təmin olunacaq”

SƏFİR DAŞQIN ŞİKAROV PAKİSTANLI SENATORLA GÖRÜŞDÜ

Azərbaycanının Pakistandakı səfiri Daşgın Şikarov Pakistan senatının daxili işlər üzrə komitəsinin sədri  senator Məhəmməd Talha Mahmudla görüşüb.

Səfirlikdən 525.az saytına verilən məlumata görə, sörüş zamanı səfir iki ölkə arasında mövcud olan dostluq  münasibətlərindən danışıb, Dağlıq Qarabağ və digər məsələlərdə Pakistanın Azərbaycana indiyə kimi verdiyi dəstəyə görə komitə sədrinə təşəkkür edib. D.Şikarov Pakistan senatı tərəfindən Xocalı soyqırımını tanıyan və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qətnamənin  qəbul edilməsində fəallıq göstərdiyinə görə həmsöhbətinə minnətdarlığını bildirib.

Görüşdə Azərbaycan və Pakistan daxili işlər orqanları arasında əməkdaşlığın  hər iki ölkə üçün önəmli olduğu qeyd edilib,  Azərbaycan Respublikasının daxili işlər nazirinin İslamabada səfərinin gündəmdə olduğu vurğulanıb. Səfir ASALA terror təşkilatı tərəfindən  Azərbaycan diplomatlarına qarşı təhdidlərin olmasını senat komitəsi sədrinin diqqətinə çatdırıb.
Pakistan Senatı komitəsinin sədri iki ölkə və xalqlar arasında münasibətlərin səmimi dostluğa arxalandığı və strateji xarakter daşıdığını qeyd edərək, onların bütün sahələrdə dinamik inkişaf etdiyini vurğulayıb. M.M. Talha senatın nümayəndə heyəti tərkibində 2008-ci ildə Bakıya səfərini xatırlayaraq, Azərbaycan xalqının qonaqpərvərlik və səmimiyyətindən danışıb.

Əfqanıstandakı qeyri-sabit vəziyyətin bütün region ölkələrinə mənfi təsir göstərdiyini qeyd edən komitə sədri terrorla mübarizədə  Pakistanın 44 min insan qurban verdiyini, ölkəsinə 100 milyard ABŞ dollar həcmində maddi ziyan dəydiyini vurğulayıb. Senator son illərdə regionda heroinin istehsalının kəskin dərəcədə artdığından narahatlığını bildirib. M.M. Talha iki ölkənin daxili işlər orqanları arasında terrorla və  narkotiklərin qanunsuz dövriyyəsi ilə  mübarizədə daha sıx  əməkdaşlıq etmək vacibliyini qeyd edib. Senat komitəsinin sədri Pakistanda fəaliyyət göstərən Azərbaycan diplomatlarının təhlükəsizliyinin Pakistan dövləti tərəfindən tam təmin olunacağı və bütün təhdidlərin qarşısının alınacağını bildirib.

Senator Pakistanın Dağlıq Qarabağ məsələsində Azərbaycanın ərazı bütövlüyünü birmənalı dəstəklədiyini və bunun işğal olunmuş torpaqların tam azad olunacağına qədər davam edəcəyini vurğulayıb.  M.M. Talha 2005, 2010 və 2011-ci illərdə baş vermiş təbii fəlakətlər zamanı  Azərbaycan hökumətinin Pakistana etdiyi yardımlara, həmçinin Heydər Əliyev fondu tərəfindən ölkəsində həyata keçirilən humanitar layihələrə görə prezident İlham Əliyevə və Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya minnətdarlığını bildirib.

 





27.09.2012    çap et  çap et