525.Az

Əhməd Qəşəmoğlunun şeirləri


 

Əhməd Qəşəmoğlunun <b style="color:red">şeirləri</b>

Əhdə vəfa

Fanidən fani dünyada
Bir gün yatıb durmamaq var.
Öz içində kövrək, pünhan
Öz halına ağlamaq var.

Əməllərin sorağında,
Ömür gözün qabağında,
Talenin bəxt tabağında
Öz nəfsini dağlamaq var.

Hər kəs doğruya həsrətdi,
Könül bu həsrətə yetdi?
Yaşanan gün bir möhlətdi
Yolu açıb, bağlamaq var.

Qəlbini köklə ahəngə,
Ömrünü gətirmə təngə
Əhməd düşməz rəngdən rəngə
Əhdə vəfa saxlamaq var.

Yolumuz

Bir aləmdən gəlmişik biz
Yolumuz o aləmədi.
Çəpərlər, daş, kəsək çoxdu
Haqq bizə uğur dilədi.

Min  dəfə də üzə gülsə,
Enmərik heç vaxt nəfsə.
Bu yolda lap ölüm gəlsə
Qəlbimiz Allah ilədi.

Qorxma dünya bu gündədi,
Ənvari nurum öndədi.
Əhməd nə xoşbəxt bəndədi,
O bu yolda əhd elədi.

Ümidim, getdiyim yol

Halım pis, dindirmə məni,
Göylərdən endirmə məni.
Gözüm tutulur yaşdan
Toylara göndərmə məni.

Yaşamağa həvəs yoxdu
Bəxtim axı necə bəxtdi?
Bu bəlaya niyə düşdüm,
Günahım bu qədər çoxdu?

Çox qırıldım, yoxam daha
Gümanım yoxdu sabaha.
Ümidim, getdiyim yoldur
Bu yolun üzü Allaha.

Bakı

Bakı sözünün mənasını
mən ilk dəfə
Sibir tayqasının dərinliyində,
Orxon-Yenisey abidələrinə yaxında
bir türk tayfasının 
ağbirçəyindən eşitdim.

Bakıdan olduğumu bilcək,
heyrətlə baxdı qadın
dodağının altında
dua oxudu...  soruşdu:
orada yenəmi
bakı edənlər çoxdu?

təəccübümü görüb,
ətrafdakılar anlatdı mənə
-”bakı” sözü bizlərdə
göylərlə təmasda olub taledən
xəbər verməkdi, dedilər.
bu ağbirçək Bakını
müqəddəs torpaq bilir, dedilər.
Allah! Allah!
bəlkə də o qadın
         bizdən daha düz bilir.
alovların dil açdığı,
nur saçdığı...
insanların ziyarətə axışdığı
tarixi var Bakının...

ziyarət məkanıdı,
müqəddəs yerdi Bakı!
burda hər nəhs iş tutmaq
günah! günah! çox günah!
burda xeyir əməllə
açılmalı hər sabah!

yurdumun hər guşəsi
müqəddəs bir məkandır,
tarixlər durulduqca
bu hər kəsə əyandır.

Kükrə, qalx ordum!

Allah qüvvət versin!  Kükrə, qalx daha
Qələbə sənindir, müzəffər ordum!
Düşmən torpağımda batıb günaha
İt kimi qovala, çal zəfər, ordum!

Sənin arxandadır vətəndə hər kəs,
Düşmən namərd düşmən, əhədini kəs!
Vətən tapdanıbdı, əzmin müqəddəs
Sənə qoşulacaq hər nəfər, ordum!

Bəlamız, iblisdən dolaşıq hiylə,
Düşmən imkan gəzir, qudursun hələ.
Qoyma qəddimizi qırsın bu nalə
Vətəninə sevgisi saf, ər ordum.

Qorxma, səninlədir haqqın qüdrəti
Min-min ağlar qəlbdə yurdun həsrəti,
Rədd elə hər yandan məkri, vəhşəti
Qələbən qəlblərə bir cövhər, ordum!

Elm

Bu gün professor heyrət eyləyir
min illər əvvəlin müdrikliyinə.
elə hikmətlər var, bu günə qədər
heç kim aça bilmir onun  sirri nə?

o vaxt zəif idi dünya elmləri,
azdan da az idi hər alimləri,
amma bir yerdəydi bəsirət ilə
idrakın ahəngdə olan hünəri...

insan kainatla daha doğmaydı,
zərrə ümmanıyla nurlanmadaydı
alimlər saflığın, eşqin gücüylə
göylərdən ilahi sirr almadaydı.

sirlərin hər sirri yalnız ahəngdə
uca kahkəşanda, dağda, çiçəkdə...
elmlərin ən doğma, ən doğru yolu
ahəngin nurundan gələn gerçəkdə!

Əlimuxtar

BDU-da bir oxuduğumuz Əlimuxtar bəyin əziz xatirəsinə

indən  belə ha axtar,
daha yoxdu Əlimuxtar...
dayandı
ömür adında qatar....

bir-birinə bağlanan illər
həzin, kövrək
               xatirələrlə ağlar...

uçqunların altında,
qaranlığın qatında bəzən
bitir
çiçəklərin gözəli,
bir az kövrək, bir az nəşəli.

...gözəl bir insan idi Əlimuxtar,
indi dostlar
xatırladıqca onu
ürəkləri sızlar...

arzuları çox idi, amma
o arzular
arxa çevirdi ona...
kövrək, gözəl  bir insan oldu...
dostları fəxr ilə dost dedi ona...
hər kəs inandı
         etibar etdi ona...

indən  belə ha axtar,
daha yoxdu Əlimuxtar...
dayandı
ömür adında qatar....

Yağmur içində bir qız

Çiçəkli ağaclar altda
bir gözəl nur içindədi,
hüsnünə şəfəqlər aşiq
özü, yağmur içindədi.

yağmur tökür narın-narın
o sanki dua oxuyur.
əkir - torpağa qoyur
əlində çiçək kolların.

telində damlalar ulduz
ona yağmur aşiq olur?
İlahi! hardan nur alır
hər yana nur yayan bu qız?

nədən belə həvəslidi?
israrının yoxdu sonu.
sevdalar bürüyüb onu,
ömrünün bahar fəslidi.

torpaqda xalça toxuyur?
ya şeiri çiçək dilində?
sanki hər kola, qəlbində
əkdikcə layla oxuyur.

çiçəkli ağaclar altda
bir gözəl nur içindədi,
hüsnünə şəfəqlər aşiq
özü, yağmur içindədi.

Qəlbindəki nur

Sevgilim!
kədərlərə, həsrətlərə bükülüm!
sənin qəlbin
bu dünyanın öz qəlbinə oxşayır...

amma bəlalı dövran
sahibsiz, döyülmüş bir it kimi
düşüb qabağına, çağırır səni
ulayır, zingildəyir, yuxlayır
yazıq-yazıq axsayır...
sənin qəlbin
bu dünyanın öz qəlbinə oxşayır...

haqdan axıb gəlir saf  bilgilərin,
ahəng içindədi hər ülgülərin,
doğru, dürüstlüyü axtarır gözün
ədalət hökmlü hər işin, sözün.
iman içindədi ürəyin, beynin...
imana əhd edir toyun, düyünün.

dövran da bir zaman beləydi,
sənin qəlbinə oxşayırdı...
amma gör insanlar
onun qəddini necə əydi?
nə günə qalıb dövran?

tamah tırtılları, nəfs həşəratları
nadanlıq tufanları, burulğanları
məhv edib insanları,
töküb nahaq qanları,
əllərində iblis planları,
Allahın nurunu görməyib,
Haqq səsinə səs verməyib
bu günə qoydu dövranı...

dövran!  bu bizim dövran,
doğmamız dövran!
üstü başı hiylə, ağrı, qan.

sevgilim!
dağa daşa salma indi
sən ümidi, gümanı...
qəlbindəki o nurdu
bu dövranın dərmanı...

Sənsən o sirrdən gələnim

Qırx məlakə məclisinin
Aləmindən nur alanım.
O nur ilə ürəyimdə
Bir yar, padişah olanım!
Qəlbim o nura bağlıdı
Ömrüm ona soraqlıdı,
Könlüm tək qaldı, ağladı
Gəldin? başına dolanım...

Qırxlar aləmi bilir ki,
Yer üzü deyil  mənimki...
Gözlərin mənə deyir ki,
Sənsən o sirrdən gələnim.

Pişvazın - şeir yağmurum,
Səndən necə ayrı durum?
Alışıram burum-burum,
Halımı pünhan bilənim....

Özünü danlama

Ovçuda qaydadır vurar şikarı,
Vurduğun o ovun halın sor  barı.
Gəl gör, qanı axır, düşüb qalıbdı
Üstünə tökülür tənhalıq qarı...

Oxu sən atmadın, günah kamanın,
Ox dəydi, qəlbimin kəsdi amanın.
Özünü danlama, bir işdi, oldu
Bilirəm əlaca yoxdu gümanın.

Fani yer üzünün belə tövrü var,
Kim kimə ovçudu, kim kimə şikar...
Sənə qurban olmaq bir uca məqam
Şikayət etməm ki! bu günah olar.

Bir az səbrin olsun

Nə belə özünü oda yaxırsan?
Qırılırsan, qarıxırsan, sıxılırsan,
Bir azca küsürəm, tap yıxılırsan
Sən məni sevirsən, mənsə səni yox?

Yolumuz müqəddəs, təmkinin olsun,
Sevgimiz ən doğma həkimin olsun
Özünü ələ al, bir hökmün olsun
Sən məni sevirsən, mənsə səni yox?

Nurumuz Ənvardan nur almaqdadı,
Qəlbimiz ahəngə yar olmaqdadı,
Görmürsən dünyaya eşq dolmaqdadı?
Sən məni sevirsən, mənsə səni yox?

Bir az səbrin olsun belə tələsmə
Məni hirsləndirib, səbrimi kəsmə
Dəlilik eləmə, qəfildən küsmə
Sən məni sevirsən, mənsə səni yox?

Qərar sənindirsə

Bilmirsən sən mənə nələr etmisən?...
Kədərli ömrümü gülər etmisən.
Mələklər əlində qələm olmuşam
Dünyanın halını bilər etmisən.

Gözlərin elədi, nələr elədi
Qəlbinlə göy üzü bir silsilədi.
Ömrümdə qızılgül bitirmisən sən
Səndən şikayətim həmin gülədi.

Qəlbinin telində hilalım olsun,
Məni öldürsən də, halalın olsun...
Qərar sənindirsə, məqamım uca
Olmaz ki, bir mələk bir zalım olsun.

Küsmə...

İlğıma yüyürən suya təşnəyəm
hələ də bilmirəm mən kiməm, nəyəm?
göylərin üzündə bulud kimiydim
yanına dumantək sürünmədəyəm.

ağrıyan alnıma əl qoyarsanmı?
əlindən öpməyə de, qıyarsanmı?
mənə qəzəblənib öldürsən əgər
qəbrimin üstünə gül qoyarsanmı?

qəlbini dindirir, de şeirlərim?
bax, necə utanır səndən kədərim...
qırılır telini gəzən əllərim
məni doğma bilib dinləyərsənmi?

 





05.11.2016    çap et  çap et