525.Az

Zamanların mozaikası: hadisələr və şəxsiyyətlər


 

Zamanların mozaikası: hadisələr və şəxsiyyətlər<b style="color:red"></b>

(Əvvəli ötən şənbə sayımızda)

Ellinizmin o vaxtkı dünyaya yayılması 

Yunanıstanın siyasi parçalanması Balkan yarımadasının coğrafi xüsusiyyətlərinin (dağlarla ayrılan vadilərin mövcudluğu) nəticəsi idi.

İstedadlı xalqın təkrarsız xarakterində meydana gələn izolə olunmuş və qapalı həyat tərzi meydana gəlmişdi. Yunan dünyasının siyasi xəritəsi ellinlərin Roma imperiyasına daxil olmasına qədər duruş gətirdi. Yarımadadakı kiçik münbit vadilər, Kiçik Asiyanın dəniz sahilləri və Egey dənizinin çox saydakı adaları böyük miqdarda xırda ölçülü dövlətlərin (polislərin) yaranmasına şərait yaratmışdı. Lakin siyasi birliyə qədər mədəni birlik mövcud olmuşdu. Yunanları dil qohumluğu fərqləndirirdi, hələ də onlarda ümumi allahlar kultu və qədim ümumi yunan mifləri mövcud idi. Torpağın azlığı əksər polisləri məcbur etmişdi ki, yerli məhsullarla - yağla, şərabla, həm də sonralar sənətkarlıq məhsulları ilə ticarəti inkişaf etdirsinlər. Dənizin arxasındakı qonşularla əlaqə yarandı. Belə kontakt finikiyalılarla baş verdi, yunanlar onlardan əlifbanı əxz etdilər.

Şəhərlərin əhali sıxlığı üzündən yunanlar yeni ərazilərdə məskənlər salmağa başladılar. Ona görə də Aralıq dənizinin və Qara dənizin uzaq sahillərində koloniyalar meydana gəldi. Cənubi İtaliyanı və Siciliyanı əhatə edən Böyük Yunanıstan yarandı.

Tədricən Yunanıstanın başlıca siyasi mərkəzləri Afina və Sparta oldu. Bütün Attikanı əhatə edən Afinada idarəetmənin demokratik sistemi təşəkkül tapdı. Sparta isə özünə məhsuldar əraziləri tabe edib, bütün Peloponnes yarımadasına öz təsirini yaydı. Burada arxaik üsul-idarə, qədim çar hakimiyyəti institutu qalırdı. Çarlar yalnız müharibə vaxtı real hakimiyyətə sahib olurdular, digər vaxtlarda ölkəni Ağsaqqallar şurası (gerusiya) idarə edirdi.

Perslərlə müharibələr vaxtı düşməni iki mühüm döyüşdə məğlub edən Afinanın Yunanıstanda nüfuzu ən yüksək nöqtəyə çatdı. Afina öz ətrafında Egey dənizinin çox ciddi adalarını birləşdirdi. Afina dəniz ittifaqının polislərində ticarət, sənətkarlıq və kənd təsərrüfatı inkişaf edirdi. Bu dövrdə həm də mədəni həyatın çiçəklənməsi baş verdi. Afina uzun müddət üçün Aralıq dənizi mədəniyyətinin mərkəzinə çevrildi. İki iri yunan dövləti arasındakı rəqabət Peloponnes müharibəsinə (altı illik fasilə ilə b.e.ə. 431-404-cü illər) gətirib çıxardı. Bu müharibədə Afina məğlub oldu və Spartanın hegemonluğu quruldu. Lakin Sparta da məğlubiyyətsiz ötüşmürdü. Fiva sərkərdəsi Epaminond bir neçə dəfə spartalıları məğlub etmişdi. Gələcək Makedoniya çarı, Böyük Aleksandrın atası II Filipp bu vaxt Fivada əsir kimi yaşayırdı. B.e.ə. 359-cu ildə o, hakimiyyətə gəlib makedoniyalıları yunan hərb sənətinin nailiyyətləri ilə tanış etdi. Həm də kiçik knyazlıqları vahid dövlətdə birləşdirdi.

Atasının qətlindən sonra çar taxt-tacına gələn və Makedoniyalı adlandırılan III Aleksandr öz hökmranlığını genişləndirmək istədi. İki il sonra, b.e. ə. 334-cü ildə Aleksandr Kiçik Asiyaya keçib, dağılmaqda olan Persiya imperiyasını özünə tabe etdi. Beş il sonra o, Orta Asiyaya yürüş etdi, b.e.ə. 325-ci ildə isə Hindistana müdaxilə edib, öz yeni imperiyasının sərhədlərini Dunay çayından Hind çayına qədər genişləndirdi. O, ona məlum olan dünyanı fəth etmək istəyirdi və Asiyanın şərq qurtaracağındakı naməlum Yaponiyaya çatmaq istəyirdi. Lakin onun qoşunu irəliyə doğru getməkdən imtina edib, vətənə dönməyi tələb etdi. Böyük əzablarla o, Persiyaya qayıtdı. Lakin Avropanı və Asiyanı birləşdirmək ideyası yolunda yunan-Makedoniya və pers əyanlarını birləşdirməyə cəhd edərək, 10 min makedoniyalını və yunanı Suzada təmiz qanlı pers qızlarına evləndirdi. Aleksandr özü də Soqdiana hökmdarının qızı Roksana ilə evləndi. Belə nikahlardan məqsəd yunanlarla asiyalıları barışdırmaq idi. Aleksandrın öz nikahı siyasi fayda götürmək xarakteri daşıyırdı. Sonralar qədim Romada nikahlar hesabına siyasi ittifaqlar yaratmaq dəbi yarandı, birinci triumviratı möhkəmləndirmək üçün Sezar öz gənc qızını yaşlı Pompeyə ərə vermişdi. Avqustun bacısı Antoniyə ərə getmişdi. Yeni tarixdə isə bu qayda Avstriyada geniş yayıldı, Habsburqlar əsasən qız verməklə Avropa sarayları ilə qohumluq yaradırdılar, buna görə də “Avstriya ərə ver” şüarı yaranmışdı. İngiltərə kraliçası Viktoriyanın qızları Avropa prinsiplərinə ərə getmiş, onların ərləri tezliklə krallara çevrilmişdilər, oğlanları isə kral qızları ilə nikah bağlamaqla, Britaniya və digər kral saraylarını bir-birinə bağlamışdılar.

 Böyük Aleksandr yürüşlərini dayandırmaq fikrindən uzaq idi, bir il sonra Ərəbistanı və Şimali Afrikanı zəbt etmək fikrinə düşmüşdü. Lakin b.e.ə. 323-cü ildəki 32 yaşındakı ölümü onun arzularını və planlarını yarımçıq qoydu. Layiqli varisi olmadığından, imperiyanı yeganə hakimiyyət altında saxlamaq mümkün olmadı. Böyük Aleksandrın yaratdığı imperiya onun ölümü ilə birlikdə məhv oldu, daha doğrusu, öz yaradıcısından da az, olduqca qısa ömür yaşamaqla, tarix səhnəsini tərk etdi. İmperiya,  hələ Aleksandr dəfn edilməmişdən bir neçə hissəyə bölündü, onlara Aleksandrın varisləri olan və hakimiyyət uğrunda daim mübarizə aparan diadoxlar hökmranlıq edirdi.

Aleksandrın imperiyasından qırılıb parçalanmaqla meydana gələn Makedoniyanın özünü nəzərə almadan, Misirdəki Ptolomeylər imperiyası, həmçinin Selevkid dövləti, buraya Mesopotamiya, Pireney, Suriya, Orta Asiyanın bir hissəsi daxil idi, ən iri ellinist dövlətləri idi.

Yunan mədəniyyəti Aralıq dənizinin, Asiyanın, Misirin, Qara dəniz ətrafının ellinist dövlətlərində geniş yayıldı. Yunan dili hər yerdə təhsilli adamların dili oldu. Matematika, astronomiya, tibb və fəlsəfə kimi yunan elmi görkəmli nəticələr qazandı. Yunan mədəniyyətinin mərkəzlərindən biri Ptolomeylərin Misirdə yaratdığı ən böyük Aleksandriya kitabxanası idi. Burada Eratosfen Yer kürəsinin çevrəsinin uzunluğunu dəqiq hesablamışdı. Yəhudi alimləri öz müqəddəs kitabları olan Bibliyanı yunan dilinə tərcümə etmişdilər. Yunan dili hesabına ilkin xristianlıq Aralıq dənizi ətrafında daha geniş yayıldı.

B.e.ə. III əsrdən etibarən ellinləşmə həm də Aralıq dənizinin böyüməkdə olan yeni dövlətini - Romanı da əhatə etdi. Bəzi mülahizələrə görə, Böyük Aleksandr İtaliyadakı bu güclənən dövləti də özünə tabe etməyi nəzərdə tuturdu, lakin Roma özü artıq b.e.ə. II əsrdən bir-birinin ardınca ellinist dövlətləri işğal edir və b.e.ə. 30-cu ildə axırıncı zəbt etdiyi dövlət Misir idi ki, orada bu vaxt Ptolomeylər sülaləsindən olan Kleopatra çarlıq edirdi. Bütün bunlara baxmayaraq, bu vaxt Romanın özü yunan mədəniyyətinin güclü təsiri altında idi. Təhsil görmüş romalılara onların mənşəyinin, Eney başda olmaqla, öz ölkələrindən qaçmış troyalılardan olması çox xoş gəlirdi və bu əfsanə, yeri düşdükcə xatırlanırdı. Onlar yunan müəllimləri tərəfindən tərbiyə olunmuşdular, onların dilində, öz doğma dillərində olduğu kimi yaxşı danışırdılar. Sonralar bütün roman dillərinin onun tərkibindən inkişaf etdiyi latın dilini onlar yunan dili nümunəsində nəcibləşdirdilər və ellinist ədəbi yaradıcılığına uyğunlaşdırdılar.

Romalılar əslində yunanlardan incəsənət, ədəbiyyat, arxitektura, fəlsəfə və elm sahəsində, demək olar ki, hər şeyi əxz etmişdilər. Lakin yunan mədəniyyəti Roma imperiyasının şərqində olduğu kimi, heç qərbində də uyğunlaşmadı və saxlanmadı. Çünki şərqdə onun əsasında gec antik dövrün mühüm dövləti olan və min ildən artıq ömür sürən Şərqi Roma imperiyası və ya Bizans formalaşdı.

Ellinizm Qərblə Şərqin yaxınlaşmasına, Şərqin qədim, həm də çox qabaqcıl elmi nailiyyətlərinin Avropada yayılmasına, Qərbin də bəzi təsirlərinin şərqdə mənimsənilməsinə şərait yaratmaqla, dünyanın bir neçə əsr ərzində davam edən mədəni inkişaf tarixinə, inkar edilməsi mümkün olmayan töhfələr verdi. Ellinizmin əsaslandığı yunan mədəniyyəti Mesopotamiyanın elmi ənənələrindən zənginləşməklə, həm də qədim Romanın təsiri ilə Avropa sivilizasiyanın inkişafında mühüm rol oynadı. Yunan mədəni irsi, yunan yazısı öz mənşələrini inkar etməsə də, Avropa mədəni inkişaf dənizinə tökülən iri çay təsiri bağışlayır.  

Qədim Roma: çarlıqdan respublikaya, respublikadan imperiyaya çevriliş 

B.e.ə. VIII əsrdə Tibr çayının sahilində gələcək əbədi şəhər olan Romanın rüşeymi adlana biləcək bir məskən meydana gəldi. Romalılar öz əcdadları kimi Troyadan bura gəlib çıxmış Eneyi hesab edirdilər. Qədim Romanın böyük şairi Publi Vergili Maron özünün məşhur, əsl Roma milli eposuna çevrilən “Eneida” əsərində Troyanın müharibədə dağılmasından sonra Eneyin İtaliyadakı Latsiyə gəldiyni və Roma dövlətinin və Yulilər nəslinin əsasını qoyduğunu nəql edir.

İlk məskəndə, yəqin ki, bu vaxtadək etrusklar yaşamışdılar. Çayın sahilindəki təpələrdə yerləşən qədim yaşayış məskənləri b.e.ə. VI əsrdə birləşmişdilər. Etruskların köməyi və dəstəyi ilə Roma Latsiyanın ən güclü dövlətinə çevrilə bildi. Həmin əsrin sonunda Roma Karfagenlə ticarət müqaviləsi bağlamaq gücündə idi.

Roma vətəndaş icmasında çarlar hökmranlıq edirdi, lakin b.e.ə. 510-cu ildə sonuncu, yeddinci çar Məğrur Tarkvini taxt-tacdan qovuldu. Romalılar qızğın döyüşlərdə latın tayfalarını özünə tabe edə bildilər. B.e.ə. III əsrdə isə romalılar Mərkəzi İtaliyada öz ağalıqlarını qurdular.

Hələ b.e.ə. IV əsrin ikinci yarısından öz təsirlərini yaymaq üstündə romalılar samnitlərlə müharibə aparırdılar. Samnitlərin mühasirəyə aldığı Neapola Roma köməklik göstərmək istədikdə, məğlubiyyətə düçar oldu. Lakin dəyişən uğurlarla gedən mübarizədən sonra samnitlər təslim olmağa məcbur oldular. B.e.ə. 304-cü il sülhünə görə, Romanın Mərkəzi İtaliyada təsir sferası genişləndi, artıq onun torpaqları Adriatik dənizinə qədər uzanırdı. Samnitlərlə aparılan üç müharibədəki qələbədən sonra Roma İtaliyada bütünlüklə ağalıq etməyə başladı.

Mərkəzi İtaliyada beş əsr əvvəldən yaşayan etrusklar burada yeni dövlət quruluşu yaratmamışdılar. Etrusk şəhər-dövlətləri möhkəm olmayan ittifaqlarda birləşmişdilər. Lakin etrusklar başqa xalqlarla müqayisədə yüksək mədəniyyət yaratmışdılar və öz yazılarına malik idilər. Onların iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edirdi. Məhsul istehsalını artırmaq üçün onlar bataqlıqları qurudur, meşələri qırıb, ağacları kökündən çıxarır və çayların məhvərini düzləndirirdilər. Onların Veyi adlı varlı şəhərini romalılar işğal etdikdən sonra etrusklar tədricən öz ərazilərini itirməyə başladılar. Qalların Şimali İtaliyaya müdaxiləsindən sonra etrusklar iki tərəfdən sıxışdırıldılar. Qallar bir neçə etrusk şəhərini tutdular və Şimali İtaliyada məskunlaşdılar. Lakin b.e.ə. III əsrin sonunda qallar İtaliyanı tərk etməyə məcbur oldular.

Romanın arxalandığı qüvvə, uğurlarının həlledici amili güclü qoşun və sıx birləşmiş dövlət idi. Siyasi sahədə təmsilçilər tam hüquqlu olmayan pleybeylərin uzun müddətli mübarizəsindən sonra varlı pleybey nəsilləri patritsilər kimi öz yüksək təbəqəsinə - nobilitetə malik oldular. Xalq yığıncağı real siyasi hakimiyyət əldə etdi. Xalqın mənafeyinə qarşı yönəlmiş qanunları ləğv etmək səlahiyyəti olan xalq tribunları toxunmazlara çevrildilər. Bu, Roma cəmiyyətinin birliyinə gətirib çıxardı, həmin cəhət isə öz növbəsində də güclü xarici ekspansiyasının əsasına çevrildi.

(Ardı var)

 





07.11.2016    çap et  çap et