525.Az

“Hər birimiz əməllərimizin övladıyıq...”


 

KAMRAN İMANOV: “HƏYATIMIZIN HEÇ BİR SƏHİFƏSİNİ QOPARIB ATA BİLMƏRİK...”

“Hər birimiz əməllərimizin övladıyıq...”<b style="color:red"></b>

Zəngin ömür yolu, həyat təcrübəsi var. Mövqeyini təsdiq etmiş, sözünü demiş insandır. Yaşadığı ömür peşəkar və məsuliyyətli bir insanın ömrüdür.

Fəaliyyəti xalqına, dövlətinə sədaqət nümunəsi, vətənpərvərliyi gənclərə örnəkdir. O, bir azərbaycanlı kimi öz köklərinə, milli dəyərlərinə bağlı bir vətəndaşdır. Onun üçün doğulduğu torpaq, vətəndaşı olduğu ölkə, xalqı, onun tarixi, mədəniyyəti, milli-mənəvi dəyərləri, bugünkü inkişaf səviyyəsi, gələcək perspektivləri hər şeydən üstün dəyərlərdir.

Ömrü boyu müxtəlif məsul vəzifələrdə çalışıb, yorulmadan işləyib, əməyini ləyaqətlə sərf edib, zəngin biliyi, savad və intellekti, işgüzarlığı, yüksək idarəçilik qabiliyyəti, prinsipiallığı həmişə uğur gətirib ona. Getdiyi hər yerdə ona etibar ediblər, o isə inamı doğruldub. Faktlar da bu həqiqəti təsdiqləyir. İndi ömrünün müdrik çağındadır, 70 yaşını qeyd edir, 2016-nın yubilyarlarındandır. Bu mübarək yaşa isə əliboş gəlməyib. Adı ağır taxtalı, ağır ləngərli kişilərin sırasındadır...

Kamran Sultan oğlu İmanov. Əqli mülkiyyət üzrə beynəlxalq ekspert, Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin sədri, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Memarlıq və İnşaat Universitetinin professoru...

Yol isə davam edir...  

Xatirələr solmayıb... 

Bakıda ziyalı ailəsində dünyaya gəlib. Atası hüquqşünas, anası həkim olub. Heç şübhəsiz, insanın taleyi müəyyən zaman və məkanla, ailədə gördüyü tərbiyə və yaşadığı mühitlə sıx bağlıdır. Onun xarakterində də, fəaliyyətində də sələflərinin izi var. Söz-söhbətlərində bunu duymamaq mümkün deyil. Xatirələri solmayıb. Çox-çox uzaqda qalan uşaqlığını da, oxuduğu məktəbi də, müəllimlərini də yaxşı xatırlayır...

Ötən əsrdə nəinki paytaxtın, respublikanın, hətta İttifaqın ən nüfuzlu məktəblərindən birində, Nəsimi rayonundakı 1 saylı orta məktəbdə təhsil alıb. Təkcə əla qiymətlərlə oxumayıb, ən fəal şagirdlərdən biri kimi yadda qalıb, olimpiadaların qalibi olub. İndi də müəllimlərini böyük qədirbilənliklə və fəxrlə yada salır: “Məktəbimiz olduqca güclü məktəb idi. Müəllimlərimiz isə vicdanlı, bilikli və savadlı idilər, dedikləri fənnə dərindən maraq oyada bilirdilər. Şəxsən mənim biliyə olan meylimin kökü onların zəhmətinin bəhrəsidir. Yarım əsr ötsə də, qənaətim dəyişməyib. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında işləyəndə, məktəb müəllimlərimi test tapşırıqlarını hazırlamağa dəvət etmişdim. Böyük məmnunluqla deyirəm ki, təxminən 30 il keçməsinə baxmayaraq, onlar əvvəlki formalarını itirməmişdilər...”   

Orta məktəbdə ən çox riyaziyyatı, fizika, tarix və ədəbiyyatı sevib. Təzadlı görünür... Amma çox sonralar özü də etiraf edəcək ki, bu əkslər bir-birinə zidd deyil, əksinə, bir-birini tamamlayırlar... 

“Həyatımızın heç bir səhifəsini qoparıb ata bilmərik...” 

Ömür yoluna nəzər salanda bu qənaətə gəlirsən ki, uğurlarında xarakterinin rolu böyükdür. Dürüst, cəsarətli, möhkəm və güclü insandır, məqsədinin arxasınca yorulmadan gedə bilir, əqidəsinə sadiqdir. Amma bəxt, tale də öz sözünü deyir. Xatırlayır ki, hər il məktəbin məzunlarından ən azı bir nəfəri Rusiyanın, Moskvanın ən məşhur ali məktəblərinə daxil olurdu. “Mən məktəbi bitirən ili həmin “şanslı” məzun mən oldum...”

Yeniyetməliyi, tələbəliyi qaynar keçib. Tələbəlik illərini gəncliyinin ayrılmaz parçası hesab edir. “Həyatımızın heç bir səhifəsini qoparıb ata bilmərik” deyə tələbə yoldaşlarının bu gün də onun üçün əziz və unudulmaz insanlar olduğunu söyləyir...  

Təhsilin bütün pillələrini rus dilində alıb. Amma ailədə ünsiyyət Ana dilində olduğundan hər iki dildə eyni səviyyədə yazıb-oxumağı bacarıb... 

“Bədii ədəbiyyat insanın vicdanını ayıq saxlayır, mənəviyyatını zənginləşdirir...” 

Ağlı kəsəndən kitabların arasında böyüyüb. Evlərində çoxlu kitab görüb. Kitab rəflərində Azərbaycan və rus dillərində hüquq və tibbi ədəbiyyatla yanaşı, zəngin bədii ədəbiyyat da olub. Nizami, M.S.Ordubadi, Sabir, Lev Tolstoy, Saltıkov-Şedrin, Qonçarov, Mark Tven, Mayn Rid, Jül Vern... - hələ uşaqlıq illərindən bu dahiləri mütaliə etmək imkanı olub. A.Stepanovun “Port-Artur” romanını birinci sinfi bitirəndən sonra oxuyub...

Nizami isə onun üçün birincidir, ən sevimli müəllifidir. Onun fikrincə, “Nizami, nəinki poetik zərgər dəqiqliyinə malik söz ustası, eyni zamanda filosof və elmşünasdır”. Nizaminin şeiriyyətindən, poetikasından, fəlsəfəsindən saatlarla danışar, onun yaradıcılığını müxtəlif baxış bucağından, hətta peşəkar fəaliyyəti ilə bağlı ustalıqla təhlil edər. Nizaminin fars şairi kimi təqdim edənlərə də tutarlı arqumenti var: “Nizami öz dövrünün poeziya dili olan fars dilində yazıb. Lakin o, farsdilli poeziyanın Azərbaycan məktəbinin ən dahi nümayəndəsi olan həqiqi Azərbaycan şairidir...”

Ən çox sevdiyi əcnəbi müəllif isə Sartrdır. İndi də vaxt, imkan düşən kimi onun əsərlərini vərəqləyir. “Sartrın əsərlərində məni valeh edən orijinal forma və dərin məzmunun vəhdətidir” deyir. Dürrenmantın komediyalarını sevir, İvan Bunin, Vladimir Nabokov, Andrey Voznesenski, türk mənşəli Fet və Tutçev qəlbinə yaxın ədəbi simalardır...

İndi də mütaliəsindən qalmır, evdə də, işdə də, maşında da oxuyur. Gözüaçıq, savadlı olmaq üçün mütaliə vacibdir” deyir bu “kitab adamı”. Peşəkar fəaliyyəti ilə bağlı yenə də kitabların arasındadır, elə son illərdə oxuduğu ədəbiyyatın əksəriyyəti peşə fəaliyyəti ilə bağlıdır. “Biliyin istiqamətlərindən asılı olmayaraq, bilik sahibi olan insanlar ədəbiyyatsız keçinə bilməzlər. Bədii ədəbiyyat insanın vicdanını ayıq saxlayır, mənəviyyatını zənginləşdirir. Vicdana əsaslanmayan bilik ruhun dağılması, vicdanla birgə olan bilik ruhun yüksəlişidir...”  

Söylədiyi bir maraqlı fakt da diqqətdən yayınmır: Övladları ailə qurarkən ailə kitabxanasının böyük hissəsini onların arasında bölüşdürüb...

Kitab mağazalarına getmək isə onun üçün ən sevimli vərdişdir. Kitab mağazalarında daha çox ixtisası və Azərbaycan tarixinə dair kitablar axtarır...

“Sədr vəzifəsinə elmdən gəlmişəm...”  

Kamran müəllim bir müddət Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında çalışıb. Azərbaycanda Müəllif Hüquqları Agentliyinin formalaşdırılması da onun üzərinə düşən missiya olur. 2006-2008-ci illərdə isə İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğuna rəhbərlik edir. Sonra sanki tale özü nizamlayıb hər şeyi, onu lazım olduğu yerə aparıb. Uzun illərdir Müəllif Hüquqları Agentliyi kimi çox vacib bir sahəyə peşəkarlıqla rəhbərlik edir. Bu vəzifəyə elmdən, ali məktəbdən gəlib. İşini böyük məmnunluqla görür. Əqli mülkiyyətimizi qorumağı, onun keşiyində dayanmağı özünə şərəf sayır. Fəaliyyət dairəsinə maraq və həvəs isə onun üçün əsas stimuldur. Bunu belə əsaslandırır: “Əqli mülkiyyət mövcud biliklərdən yaranır və yeni biliklərlə nəticələnir. Müasir cəmiyyətin inkişafında biliklərin əhəmiyyəti isə onların qorunmasının vacibliyini şərtləndirir”. Özünü bu bilik dövranının iştirakçısı və daşıyıcısı hesab edən professor Kamran İmanovun fikrincə, biliyin həcmi yoxdur, nə qədər çox bilsən, o qədər də az bildiyini anlayırsan. “Maraq dairəmə ilkin ixtisasımla bağlı hesablama riyaziyyatı, sistemli analiz daxildir və Azərbaycan türklərinin tarixinin qədim dövrünə böyük maraq göstərirəm. Bu əkslər isə bir-birinə zidd deyil, əksinə, bir-birini tamamlayır...”  

“Ulu öndər Heydər Əliyevin uzaqgörən fikir və düşüncələri bugünkü cəmiyyətimizin ən dəyərli əqli mülkiyyətinə çevrilib...” 

Ümummilli lider Heydər Əliyevin çox məşhur və ibrətamiz bir fikri var: “Azərbaycan xalqının mənəviyyatına, onun milli qüruruna, mənliyinə yönəlmiş böhtanlara qarşı mübarizə aparmağı biz özümüzə tarixi bir hökm kimi qəbul edirik”. Professor Kamran İmanov deyir ki, bu fikir öz fəaliyyətimizdə bizim üçün dəyişməz şüardır. Ümummilli lider Heydər Əliyev özünü müqəddəs amala həsr etdi. Onun gələcəyimizə səxavəti də elə özünü bütövlükdə yaşadığı zamana həsr etməsində idi. Və bu tarixi şəxsiyyətin öz Vətəni, xalqı qarşısında danılmaz xidmətlərinin əsl qiymətini zaman verir. Görkəmli dövlət xadiminin uzaqgörən fikir və düşüncələri bugünkü cəmiyyətimizin ən dəyərli əqli mülkiyyətinə, ictimai rəy və varidatına çevrilib... 

“Prezident İlham Əliyevin varislik xətti, zəngin siyasi təfəkkür və dərin düşüncə tərzinin müstəqilliyi, kreativliyi və gələcəyə yönəldilməsi isə Azərbaycanın yüksəlişinin zəmanətidir...”  

Prezident İlham Əliyevin göstərişləri ilə Müəllif Hüquqları Agentliyi tərəfindən böyük islahatlar həyata keçirilib. Agentliyin MDB məkanında lider mövqeyini bərpa etmək, idarənin peşəkar simasını qaytarmaq, əqli mülkiyyət dünyasının dəyişmiş iqliminin yeni tələblərə uyğun qaydada idarəçiliyinin təşkil edilməsi istiqamətində mühüm addımlar atılıb. ÜƏMT-nin 2010-cu ilin sentyabrında keçirilən əqli mülkiyyət üzrə nüfuzlu mütəxəssislərin Qlobal simpoziumunun plenar iclasında Agentliyin nümayəndəsi ilk dəfə olaraq 190 dövləti təmsil edən 250-dən çox rəhbər nümayəndə qarşısında geniş prezentasiya ilə çıxış edib, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə müəllif hüququ sahəsində görülən işlər barədə məlumat verib. Agentliyin fəaliyyət spektri genişdir. Artıq Azərbaycanın bu sahədə də təcrübəsi beynəlxalq ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır. İndi Prezident İlham Əliyevin tapşırığına əsasən, Müəllif Hüquqları Agentliyi öz funksiyalarından birini informasiya savaşında təbliğat hücumuna yönəldir...

“Bəli, bizim üçün həyatda əsas məqsəd tutduğumuz vəzifədən asılı olmayaraq, Vətənə, doğma yurda, torpağa xidmət etməkdir” deyir Kamran müəllim. Çünki keçmişimiz də, bu günümüz də, gələcəyimiz də ömrümüzdə ən müqəddəs yer tutan Vətəndədir. Qarşımızda isə Azərbaycanın adını yüksəklərə qaldıran Ulu öndər Heydıər Əliyevin, Prezident İlham Əliyevin nümunəsi var. Biz də Azərbaycanın yüksəlişi naminə əlimizdən gələni əsirgəməməliyik...  

“Erməni (yad) el (li) nağılları”...  

...Professor Kamran İmanov əqli mülkiyyət hüququ, mədəni irs və qərar qəbuletmə nəzəriyyəsinə dair yüzlərlə elmi məqalənin, nəşrlərin və kitabların müəllifidir. O, əqli mülkiyyət üzrə beynəlxalq ekspertdir, bu sahədə uğurla fəaliyyət göstərir. Xalqımızın folklor nümunələrinin və qeyri-maddi mədəni irsinin qorunması üzrə işlərin təşkili və erməni plagiatçılığının ifşa edilməsi onun elmi yaradıcılığında da önəmli yer tutur. Professorun gərgin araşdırmalarının, ağır zəhmətinin bəhrəsi olan “Erməni (yad) el (li) nağılları” kitabı da bu baxımdan çox dəyərli nəşrdir. Kitab tez bir zamanda diqqəti özünə yönəldə bildi. Çünki bu, iki yüz illik erməni əqli oğurluqlarının antologiyası idi. Müəllif kitabda xalqımıza məxsus əqli mülkiyyətin - dastanların, nağılların, lətifələrin, əfsanələrin, bayatıların, atalar sözləri və zərbi-məsəllərin, folklor janrına aid digər musiqi və söz nümunələrinin ermənilər tərəfindən mənimsənilməsi və erməniləşdirilməsi faktlarını diqqətlə araşdıraraq şərh edir, tarixi və elmi dəlillər əsasında ermənilərin absurd əməllərini böyük vətənpərvərliklə ifşa edir. Ən diqqətçəkən məqam bir də odur ki, müəllif çox böyük müdrikliklə ermənilərin tanınmış nümayəndələrinin etiraflarından istifadə edərək, necə deyərlər, onları öz “dilindən tutub”, yalançı və riyakarları tutarlı fakt qarşısında qoyub. Bu fakt qarşısında heç bir arqument tapa biməyən ermənilər isə, Kamran müəllimin sözləri ilə desəm, yalnız müəllifi söyməklə özlərinə təsəlli tapırlar...

“Gəldim, gördüm... mənimsədim, yaxud “Azərbaycan mədəni ənənələrinin mənimsənilməsi erməni ənənəsi haqqında” və “Cəfəngiyat teatrı” adlı iki fəsildən ibarət “Erməni (yad) el (li) nağılları” rus, ingilis, rumın və fransız dillərində kütləvi tirajla çap olundu, müxtəlif ölkələrdə yayıldı, dünyanın tanınmış kitabxanalarına göndərildi. Elektron versiyası isə müxtəlif informasiya agentliklərinin saytlarında yerləşdirildi...   

Beləliklə, alim elmi əsaslara söykənən bu əsəri ilə böyük bir işin öhdəsindən təkbaşına gəlib, heç mübaliğəsiz, bir institutun işini görüb. “Erməni (yad) el (li) nağılları” kitabını, haqlı olaraq, “əqli mülkiyyət qarətçilərini ifşa edən əsər” adlandırırlar.

Siyasi elmlər doktoru, Əməkdar jurnalist Tahir Məmmədov: “Müəllif ardıcıl, davamlı tədqiqat və əsl vətəndaş yanğısı ilə izinə düşüb üzə çıxardı ki, erməni plagiatı, hətta Ermənistanın sərhədlərini də keçmişdir... Hətta onu da həyəcanla qeyd etmişdir ki, bədnam erməni oğurluğu müasir Azərbaycan müəlliflərinin əqli mülkiyyətindən də yan keçməyəcək. Və bir növ xəbərdarlıq edir”.

Professor Kamran İmanov: “Söhbət təkcə mənim kitabımdan getmir. Elmi dəlillər əsasında “Azərbaycan mədəni ənənələrini özününküləşdirən erməni ənənəsi”ni ifşa edən hər bir kitab vacibdir. Lakin bundan da vacibi mədəni irsimizin təbliği və dünyaya yayılmasıdır. Bu işin ən gözəl nümunəsi isə Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın Birinci xanımı Mehriban Əliyevanın ardıcıl, yorulmaz, çox səmərəli fəaliyyətidir”.  

“Biz Vətəni onun dahiliyinə görə yox, bizim Vətənimiz olduğuna görə sevirik...”  

“Biz Vətəni onun dahiliyinə görə yox, bizim Vətənimiz olduğuna görə sevirik” - bu fikrin müəllifi də Kamran müəllimdir. Prezident İlham Əliyevin 7 may 2013-cü il tarixli Sərəncamı ilə Müəllif Hüquqları Agentliyinin 20 illiyi münasibətilə və müəllif hüquqlarının qorunmasında səmərəli fəaliyyətinə görə təltif olunduğu 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni isə onun üçün bütün mükafatlardan əzizdir. Bu təltifdən sonsuz məmnunluq duyur. Çünki Vətənə, müstəqil Azərbaycana ləyaqətlə xidmətinə yüksək mərtəbədən verilən dəyərdir bu...

Alim bu sahədəki elmi fəaliyyətini uğurla davam etdirir...

...2015-ci ilin aprelində Bakıda “Ümumdünya Kitab və Müəllif Hüquqları Günü”nə həsr edilmiş “Müəllif və riyakarlıq, kitab və yalan” (erməni tarixi saxtakarlıqları silsiləsindən) mövzusunda konfrans keçirilirdi. Mən də həmin tədbiri işıqlandıran jurnalistlər arasında idim. Xaricdən də çoxsaylı qonağın iştirak etdiyi beynəlxalq konfransda professor Kamran İmanov unikal bir çıxış etdi, həyəcan təbili çaldı: “Ermənilər tərəfindən sifariş olunan, xarici muzdlu müəlliflər tərəfindən yazılan “kitab”lar, “əsər”lər dünyaya yalan toxumu səpir, ictimai rəyi çaşdırır, ermənisayağı həqiqətləri qəbul etdirməyə çalışır. Ermənilər mif yaradıcılığına çox meyllidirlər. Bu, doğrudan da, “milli istedad”dır. İstər “Böyük Ermənistan”, yaxud “böyük erməni mədəniyyəti”, istərsə də sivilizasiyanın erməni ilk ocağı haqqında miflər, “erməni genosidi”... Bu mifləri dağıtmalıyıq. Bu yalanı ifşa etməliyik. Erməni saxtakarlığını bütün dünyada ifşa etmək qarşımızda duran əsas vəzifələrdən biridir”.

Həmin konfransda Kamran müəllim TÜRKSOY-un medalı ilə təltif edildi. Bu da onun böyük zəhmətinin, vətənpərvərliyin bəhrəsi, halal haqqı idi... 

“Musiqini sevməmək mümkünmü?..”  

Kamran müəllimi söhbətinin hər yönündə, ədəbi, musiqi, sənət zövqündə, hər şeydən əvvəl əsl vətənpərvər kimi gördüm. Ən çox sevdiyi musiqiçilərin, ədəbiyyatçıların, əsərlərin sırasında ilk yerdə özümüzünkülər gəlir: Nizami, Üzeyir Hacıbəyli, Vaqif Mustafazadə... Və bütün bunları böyük fəxrlə “doğma...” təyini ilə şifrələyir. “Doğma dilimiz”, “doğma bəstəkarlarımız”, “doğma musiqimiz” və s.

Kamran müəllim musiqi zövqündə “klassik” olduğu qədər “müasir”dir. Azərbaycan musiqisinin də, dünya musiqisin də şedevrlərini eyni məhəbbətlə sevir. Muğamı da, cazı da, xalq mahnılarımızı da, klassik musiqini də, pop-musiqini də, “caz-muğamı” da sevir. Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Niyazinin simfonik əsərlərini, Ramiz Mirişlinin mahnılarını, Vaqif Mustafazadəni və onun davamçılarını eyni sevgi ilə dinləyir. Brams, Motsart, List, Şubert, Mendelson, Qriq, Sen-Sans sevimli əcnəbi bəstəkarlarıdır. O, milli olduğu qədər bəşəri, bəşəri olduğu qədər millidir. Onun qəbul etdiyi dəyərlər sırasında Üzeyirin “Koroğlu”su da var, Verdinin “Aida”sı da, “Traviata”sı da, Rossininin “Sevilya bərbəri” də...

Xaricə səfərləri zamanı, imkan düşən kimi, teatra, konsertlərə gedir. Həyat yoldaşı ilə birgə Vyananın İmperial Palasında Hofburq orkestrinin beynəlxalq konsertindən aldığı zövqü bu gün də xatırlayır...

Zəngin kitabxanası olduğu kimi, şəxsi “fonetekası”, “səs xəzinəsi” də var. Bu xəzinədə təkcə Azərbaycan yox, dünya musiqisinin inciləri yer alıb. Deyir ki, “fonetekamda 800-ə qədər klassik və xalq musiqimizin yazıları, mindən artıq caz və rok diskləri var”. 

“Dost qazanmağın yeganə yolu özünün dost olmağındır...” 

Budur, onun üçün dostluğun düsturu - sadə və aydın. Dost seçimində dürüstlüyə üstünlük verir, dürüst insanlarla dostluq edir. Dostları arasında jurnalistlər də var, dövlət məmurları da, sadə insanlar da var, nazirlər də. Dostluq münasibətlərində maraqlar və nisbi yaş uyğunluğunu vacib amil hesab edir. Bir fikri də çox diqqətimi çəkdi: “Aristotel deyir ki, hamının dostu heç kəsin dostu deyil. Ancaq çox vacib bir məsələ var: biz bir komandanın üzvləriyik, aramızda qarşılıqlı hörmət, yoldaşlıq münasibətləri təbiidir”.

Dostları arasında jurnalistlərin çox olması isə onun KİV-ə münasibətinin göstəricisidir. Hərdən jurnalistlər, hətta onun əlçatan məmur olmasından heyrətlənirlər. Bu heyrətə cavabı isə yenə də çox sadə və məntiqli olur: “Məmurun əlçatanlığı, zənnimcə, problemli deyil, əksinə, daha əlverişli, təbii olmalıdır. Prezident İlham Əliyev çox vaxt qeyd edir ki, məmur insanlara, xalqa xidmət edir. Fəaliyyəti haqqında məlumatı çatdıran isə qələm dostlarınız, məmurun fəaliyyətinin şəffaf və açıq olmasını təmin edənlərdir...” 

“İnsanın ən gözəl tərifi, həm də onun övladlarıdır...” 

Ömrünün müdrik yaşını qeyd edən alimin bu illərin arxasından geriyə boylananda mənəvi rahatlıq tapmağa, fəxarət hissi keçirməyə, öyünməyə haqqı var, çünki geridə qalanlar bir ömrün hədər getmədiyinə işarədir. Bu ömrün ən böyük qazancı, həm də layiqli övladlardır...   

“Şəhər adamı...”  

Şəhər adamıdır, təbiətə həsrətlə baxanlardandır, ən çox da yamyaşıl meşəli dağlara. Amma özünü bu gözəlliklərə həsrət qoyanlardan da deyil. Təbiəti sevir, torpağı bağlıdır. Gərgin iş, dövlət qulluğu, məmurluq, məsuliyyət - hər işini yerbəyer edəndən sonra təbiətə üz tutur, onun bütün yanlış və yalanlardan, sünilikdən, lazımsızlıqdan uzaq olan təbiiliyinə, saflığına qarışır...

Onun üçün hər işin, hər yerin, hər kəsin öz önəmi var, məmurluğun da, elmi fəaliyyətin də, ailənin də, övladların da, nəvələrin də. Yetər ki, hər birinə eyni ciddilik və eyni sevgi ilə yanaşasan. Bu iki anlayışı özündə əxz etdiyindən hər statusunda çox rahatdır. Bunların müqayisəsini qəbul etmir. Onun fikrincə, böyük bir qurumun sədri kimi vəzifəsində də, lap elə nəvələrinə münasibətdə də sevgi ilə yanaşı, ciddilik, tələbkarlıq da lazımdır. Amma onu da etiraf edir ki, nəvələrinə münasibətdə ciddilik sevgiyə uduzur: “Nəvələrimi çox sevdiyimə görə ciddiliyi ürəyimə yatan səviyyədə qoruya bilmirəm”...    

“Həyat dağa bənzəyir, yavaş-yavaş qalxırsan, sürətlə isə aşağı düşürsən...”

Bu isə onun yaşanan ömrə, yaşa münasibətidir. Ən əsası isə odur ki, özünün də dediyi kimi, bir məqam unudulmasın: “Hər birimiz taleyimizin dəmirçisi, əməllərimizin övladıyıq...”

O, ömrü boyu öz prinsiplərinə sadiq qalan, hədəflərinə doğru qətiyyətlə addımlayan, çətin və maraqlı bir sahədə uzun illər işləyərək həmin sahənin inkişafında hər cür fədakarlıqlar göstərən güclü bir insandır. Vətəndaş borcu isə onun üçün hər zaman hər şeydən üstündür. Və indi də bu vətəndaşlığın ona verdiyi imkanlardan istifadə edərək güclü Azərbaycan dövləti, ölkəsi, xalqı üçün yararlı olmağa çalışır, gördüyü işlərdən də artığını görmək istəyir və buna inanır. Bu gün də hədəfləri çoxdur. Hədəfləri yayınmasın...

...Bir də, yol davam edir. Yol şəffaf olanda isə bu başından o biri başını görmək çətin olmur...

 





07.11.2016    çap et  çap et