525.Az

“Tolerantlıq hər zaman bizim qanımızda, gen yaddaşımızda möhkəm yer tutub”


 

“Tolerantlıq hər zaman bizim qanımızda, gen yaddaşımızda möhkəm yer tutub”<b style="color:red"></b>

PROFESSOR VAQİF ARZUMANLI: “AZƏRBAYCAN DÖVLƏTİNİN SİYASƏTİNDƏ HƏMİŞƏ AYRICA BİR TOLERANTLIQ XƏTTİ OLUB” 

– Tarixən Azərbaycanda qədim dövrlərdən etibarən tolerantlıq özünü büruzə verib. Məsələ ondadır ki, Azərbaycan öz coğrafi mövqeyinə görə elə bir ərazidə yerləşir ki, Şimalla Cənubun, Şərqlə Qərbin yerləşdiyi dövlətlərin mərkəzində bir körpü rolunu oynayır. Belə münbit şəraitin, coğrafi əlverişliliyin və sair amillərin mövcudluğu ayrı-ayrı vaxtlarda dünyanın bir sıra xalqlarının Azərbaycana gəlişinə səbəb olub. Bunun bir sıra səbəbləri var: birinci növbədə Azərbaycanın təbii şəraiti imkan verib ki, dünyanın müxtəlif ölkələrində yaşayan xalqlar, o cümlədən iqtisadi imkanlarımızla yanaşı, azəri türklərinin milli mentalitetindəki istiqanlılıq, qonaqpərvərlik, qonağa, kənardan gələn insanlara münasibət o qədər mehriban olub ki, ayrı-ayrı xalqlar da yerli əhali ilə ünsiyyətlərini bu əsasda qurduğu üçün bu ərazidə yaşamağa başlayıblar. Azərbaycan ərazisi deyəndə, ümumiyyətlə, bugünkü Azərbaycan Respublikasını yox, Ət-Təbərinin “Tarix” əsərindəki Azərbaycanı nəzərdə tuturam. Orada belə bir fakt var ki, Azərbaycan deyəndə Dərbənddən başlamış bəhri-Xəzəri keçmək şərtilə Həmədan civarlarına qədər olan ərazi nəzərdə tutulur. Müxtəlif vaxtlarda tarixi adlarının Albaniya, Midiya adlandırılması başqa problemdir, amma bu əraziyə gələn əhali həmişə burada yaşamağa münbit imkanlar tapıb. Bizim ərazidə müxtəlif dövlətlər mövcud olan vaxtı bəzən məcburi, bəzən də öz xoşu ilə köçürülmələr olub. Məsələn, bu gün əgər İraqda Kərkük türkmanlarını, yaxud Azərbaycanın şimalında və ya cənubunda qeyri- türk millətlərini görürüksə, bu, tarixi, ictimai-siyasi vəziyyətlə bağlıdır. Azərbaycanda Şah İsmayıl Xətai dövrünün öz xüsusiyyətləri, xanlıqlar dövrünün öz xüsusiyyətləri, Nadir şah dövrünün, Qubalı Fətəli xanın dövrünün öz xüsusiyyətləri olub. Onlar əraziləri zəbt elədikcə oraya türklər gedib, həmin ölkələrdən də buralara başqa xalqlar gəlib. Hazırda Əfqanıstanda yarım milyondan çox əfşar yaşayır. Qubalı fətəli xanın dövründə Təbrizdən xeyli adam Qubaya, Bakıya, Gəncəyə, Gəncədən, Qubadan xeyli ailə isə Təbrizə köçürülüb. Bütün bu proseslər gedib. Bu, məsələnin bir tərəfidir. İkinci bir yolu da bəzi xalqların Azərbaycanda özünə sığınacaq tapması ilə bağlıdır. Məsələn, dağ yəhudilərini götürək. Fətəli xanın atası Hüseynəli xanın dövründə onlar yaşamaq üçün müraciət ediblər və onlar üçün şərait yaradılıb. Yəni, dinlərarası və xalqlaraarası ünsiyyət yerli əhalinin genişürəkliliyinin və təbii şəraitinin zənginliyinin hesabına bərqərar olub və

Azərbaycanda digər xalqlara qarşı mehribançılıq, istiqanlılıq özünü göstərib. 

Məsələn, fransız Dümada, litvalı Mitskeviçdə, rus Lermontovda, Marlinskidə, Yesenində və digər şəxsiyyətlərin əsərlərində tez-tez Azərbaycan mövzusuna rast gəlirik. Bu əsərlərdə Azərbaycan çox qonaqpərvər, mehriban ölkə kimi təqdim olunub. Bu əsərlərdə o da qeyd olunub ki, Azərbaycanda heç vaxt gəlmələrə qarşı kin-küdurət olmayıb. Elementar bir faktı deyim. İndi də dağ kəndlərində, min il bundan qabaq olduğu kimi bir otağı qonaq üçün ayırırlar, orada qonaq üçün bir neçə dəst yorğan-döşək saxlayırlar. Dünyanın bir çox xalqlarında buna təsadüf olunmur. Amma bu, Azərbaycan türkündə var. Bu amillər hamısı digər xalqları Azərbaycana cəlb edir. Ölkəmiz müxtəlif dinlərin və dillərin qovuşacağında yerləşir. Məsələn, bu gün müxtəlif ölkələrdə 10 milyondan artıq Azərbaycan diasporu yaşayırsa, bu da ictimai-siyasi dövrün tələbi ilə məcburi vəziyyətdən yaranan bir situasiyadan qaynaqlanır. Bakı nefti üzə çıxandan sonra XIX əsrin əvvəllərindən başlayaraq çörəkpulu qazanmağa, iş dalınca dünyanın hər yerindən buraya gəliblər.

Azərbaycanın təbii zənginliyi imkan verib ki, uzaq Skandinaviyadan, Norveçdən, İsveçdən, Almaniyadan, Fransadan, Polşadan ayrı-ayrı iş adamları – Simenslər, Rotşildlər, Nobellər buraya gəlsinlər. Bunlar həm Azərbaycanda isti münasibət görüblər, həm də ölkə sənayesinin iqtisadi potensialını üzə çıxarıblar. Bununla bərabər onların da xatirələrində yerli əhali ünsiyyətsevər kimi yadda qalıb. Bu, məsələnin görünən tərəfidir. Bir məsələni də qeyd edim ki, digər yerlərdən fərqli olaraq

ölkəmizdə tolerantlıq özünü bir neçə istiqamətdə büruzə verir. 

Məsələn, Azərbaycan Xalq Cümhuriyyəti yarananda bir sıra mühüm qanunlarla yanaşı, parlamentdə Azərbaycanda yaşayan əhalinin – yunanlar, ermənilər, ruslar, almanlar, polyaklarla yanaşı Azərbaycanda yaşayan 7-8 millətin nümayəndəsi deputat seçilmişdi. Mən hələ gəlmələri deyirəm, tarixən burada yaşayan ləzgiləri, avarları, talışları, kürdləri, saxurları, ingiloyları, o cümlədən də xırda etnik toplumları demirəm. Necə deyərlər, balıq dəryada böyüyər. Onlar o münbit şəraiti görməsəydilər, onlar burada yaşaya bilməzdilər. Sıxıntı görsəydilər, qaçardılar. Ya qorxub qaçardılar, ya da bezib. Düzdür, tarixən elə hadisələr olub ki, əhali köçürülüb, sonra dözməyib yenidən qayıdıblar. Uzağa getməyək. Ahıska türklərini götürək. Ahıska türkləri niyə Orta, Mərkəzi Asiyada, Türküstanda yaşamaq istəmirlər? Baxmayaraq ki, Özbəkistan, Qırğızıstan, Qazaxıstan türk dövlətidir. Onlar orada Azərbaycandakı mehribançılığı orada görməyiblər. Bu gün Gürcüstan Avropa Şurası qarşısında bir öhdəlik götürüb ki, Ahıska türklərini indi Cavaxetiya ərazisində yerləşən tarixi Mexsetiyə qaytarsın. Bu adamlar can atırlar ki, ora qayıtsınlar. Amma Azərbaycanda yaşayan Ahıska türkləri heç marağında deyillər ki, artıq oraya qayıtsınlar. Çünki bunlar artıq Azərbaycanı özlərinə doğma Vətən bilirlər. Yaxud kürdlərə nəzər salaq. Tarixən kürdlər buraya İrandan, Türkiyədən, İraqdan, Suriyadan, yəni Orta Şərq ölkələrindən gəliblər. Müsəlman kürdləri-kurmancları nəzərdə tuturam. Bunlar tarixən gəliblər, burada da yaşayıblar. Hadisələr zəminində özləri öz xoşlarına assimilyasiyaya uğrayıb. Elələri də var ki, öz bütövlüyünü saxlayıb. Sizcə, xristianlığın katolik, pravoslav təriqətinə, iudaizmə inananlar, krişnaçılar buraya niyə gəlirdilər ki? Çünki burada özlərinə bir doğmalıq hiss ediblər. Suraxanı Atəşgahı da buna misaldır. Hətta sizə deyim ki, Hindistanda yaşayan bir xalq –

moltanılar da Azərbaycanda özlərinə sığınacaq tapıblar. Hazırda da İçərişəhərdə bu adda restoran fəaliyyət göstərir. 

– Bu bizlərdə misal kimi də qalıb: moltanıca danışmaq...

– Doğrudur. Çox adam elə bilir ki, moltanı nə isə kobud mənanı bildirir. Amma sadəcə, yad, kənardan gəlmə deməkdir. Yaxud başqa bir misalı çəkim. Şahdağ etnik qurupu içərisində elə xalqlar var ki, çox azdırlar, ancaq özləri üçün burada yer tapıblar. Hər bir xalq öz adını daşıyan kəndlər yaradıb. Onların hərəsinin öz yeri var. Azərbaycanda Cümhuriyyət qurulan vaxt dediyim xüsusi o məsələ parlamentin formalaşmasında da tolerantlıq gözlənilib. Ondan sonra Azərbaycanda sovet dövrü bir boşluq olub. Yəni sovet dövründə bütün qondarma siyasi qurumlarda olduğu kimi bütün ölkələrdə eyni siyasi tədbirlər həyata keçirilirdi. Və bu zaman SSRİ-nin Ukraynada, Gürcüstanda, Moldovada, Qazaxıstanda baş verən hadisələrdə Azərbaycanda da baş verirdi.

Azərbaycan müstəqilliyini bərpa edəndən sonra 1993-cü ildə Moskva şəhərində beynəlxalq millətlərarası böyük bir simpozium keçirilirdi. Orada yüzə qədər dövlətin nümayəndəsi, alimlər çıxış edirdilər. Və mən orada böyük fəxrlə bir faktı qeyd elədim. O vaxt postsovet məkanında belə bir şey qəbul olunmamışdı. Belə ki, 1992-ci il, sentyabrın 23-də Azərbaycanın o vaxtkı prezidenti Əbülfəz Elçibəyin bir fərmanını orada xatırlatdım. Fərmanda Azərbaycanda yaşayan etnik və milli azlıqların və azsaylı xalqların sosial- mədəni həyatının inkişafı nəzərdə tutulurdu. Mən bu qiymətli fərmanı orada elan edəndə simpoziumda hamı mat qaldı.

Beləliklə, əvvəlcə Əbülfəz Elçibəyin o fərmanı, sonrakı dövrdə 1993-cü il hadisələrindən sonra da mərhum prezidentimiz, ümummilli lider Heydər Əliyev etnimk icmaların rəhbərləri ilə- belaruslarla, ruslarla, ukraynalılarla, kürdlərlə, ləzgilərlə görüşlər təşkil edirdi. Deyirdi ki, Azərbaycan tarixən olduğu kimi həmişə də tolerant ölkə olaraq qalacaq. Və bu istiqamətdə onda Azərbaycanda talış, ləzgi, kürd dilində qəzetlər çıxmağa başladı, onların bəziləri indi də nəşr olunur. Kitablar, radio, televiziya verilişləri yayımlandı. İndi Qusar rayonunda ləzgilərin ana dilində məktəbləri var. Azərbaycandilli məktəblərdə də ləzgi dili keçirilir. Talışların da həmçinin. Talış məktəblisi birinci sinfə gedəndə iki əlifba kitabından öyrənir. Bunun üçün hər şərait yaradılıb. Bu gün açıq-aşkar elan olunmasa da,

parlamentimizdə də etnik müxtəliflik öz əksini tapıb. 

İlk baxışda görünməsə də Milli Məclisin təxminən 70 faizi Azərbaycan türküdürsə, qalan 30 faizi ləzgilər, talışlar, kürdlər və başqaları təşkil edirlər. Azərbaycanda maraqlı bir proses gedir. Yəni, Azərbaycan elan eləmir ki, mən tolerant dövlətəm. Bu hiss hər zaman bizim qanımızda, gen yaddaşımızda möhkəm yer tutub. Bizim dövlətimizin siyasətində həmişə ayrıca bir tolerantlıq xətti olub. Bu gün də o iz özünü göstərir. Təsadüfi deyil ki, indi də Bakıda pravoslav da, katolik də, iudaist də, krişnaçılar da açıqca ibadət edə bilirlər. Bu həm də təkcə paytaxtda deyil, bölgələrə də belədir. Gəncədə də, Şirvanda da, Naxçıvanda da bu məsələlər öz əksini tapıb. Ölkəmizdə yaşayan qeyri-millətlər Azərbaycan türkü olmasalar da onlar buranı özlərinə vətən hesab edirlər. Qarabağ müharibəsi zamanı da bu, özünü sübut elədi. Burada yəhudi də, talış da, ləzgi də, saxur da, avar da, inqiloy da, Ahıska türkü də öz Vətəni uğrunda vuruşdu. Onların sırasında milli qəhrəmanlar var, vətən yolunda şəhid olanlar var. Onlar bu gün də Azərbaycan torpağının azadlığı uğrunda döyüşə hazırdırlar. Dünyanın bəzi ölkələrindən də fərqli olaraq Azərbaycanda qeyri-millətlərin orduda təmsil olunması məqbuldur. Bu gün hətta bir sıra inkişaf etmiş ölkələrdə belə qeyri-millətin nümayəndəsinin hərbi xidmətə çağırılması, orduya buraxılması qəbulolunmaz hesab olunur. Yaxud da qeyri millətin nümayəndəsi özü orduda xidmət eləmək istəmir bəzi ölkələrdə. Bizdə isə

bu torpaqda doğulan, yaşayan hər bir vətəndaş öz vətəndaşlıq borcunu hiss edir.

 Və bu hiss eləmə üzvi şəkildə qovuşmaqdadır. Yəni, burada ziddiyyətlər yox, rəngarəngliyin vəhdəti var. Bu da Azərbaycanı möhkəmləndirən amildir. 1988-ci ildən bəri başlanan erməni separatizmini çıxmaq şərtilə, indiyədək Azərbaycanda dini və milli zəmində heç bir qarşıdurma yaranmayıb.

– Müstəqilliyin ilk illərində baş verən proseslərdə yəqin ki, kənar qüvvələrin təsiri duyulurdu?

– Bəli, bunu ancaq kənar qüvvələr yaratmışdı. Bütün məsuliyyətimlə deyirəm, əgər Azərbaycanda tolerantlıq güclü köklərə, dərinliklərə malik olmasaydı, ölkəni daxildən parçalamaq asan olardı. Əgər belə dərin köklər mövcud olmasaydı, indi Rusiya, İran çox istərdi ki, bizi parçalasın. Rusiya istəyir ki, Dağıstan, Şimali Qafqaz xalqlarının əli ilə Azərbaycanda stabilliyi pozsun. İran isə bu işi farsdilli xalqların əliylə görmək istəyir. Bu cəhdlər ona görə alınmır ki, burada möhkəm bir fundament var. Bundan istifadə eləmək istəyənlər çox olub, indi də istəyirlər. Amma alınmayacaq. Bu möhkəmlik, birlik bizim ən böyük uğurlarımızdan biridir. Əgər Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi olmasaydı, Azərbaycan Respublikası bütün postsovet ölkələrindən fərqlənərək ən güclü iqtisadi potensiala malik olardı. Bu münaqişə buna müəyyən mənada mane olur. Vaxtilə SSRİ dağılanda deyirdilər ki, iki respublika müstəqil olaraq rahat yaşaya bilər: Ukrayna və Azərbaycan. Zaman sübut elədi ki, bu belədi. Bunu şərtləndirən amillər isə həm iqtisadi mövqe, həm təbii sərvətlər, həm də dövlətçilik ənənələridir. Səlcuqilər dövründən başlamış Qacarlar dövrünə qədər, Nadir şah, Qubalı Fətəli xan və digərləri daxil olmaqla həmişə Azərbaycanı içərisində qeyri-Azərbaycan türkləri ilə birgə yaşamaq şərtilə birləşdirmək cəhdləri olub. Bu, özü böyük bir tolerantlıq deməkdir. Bu gün əgər Roma Papasının Azərbaycanda səlahiyyətli nümayəndəsi varsa, nəzərə alaq ki, bir sıra dövlətlərdə bu yoxdur, deməli,

burada tolerantlıq, xalqlar və dinlərarasındakı münasibət çox yüksək səviyyədədir. 

Və əgər yaxın gələcəkdə şimal qonşumuz Rusiya parçalanacaqsa, bu mütləq baş verəcək, bunu aksioma kimi qəbul edirəm. Cənubda İran İslam Respublikası parçalanacaqsa, məhz oradakı millətlər və xalqlar arasındakı bərabərsizliyin əlaməti fonunda meydana çıxacaq. Niyə? Cənubi Azərbaycanda fars dilində hər şey var, fars dili hakim dildir, Azərbaycan türkcəsi qadağandır, məktəblərdə az-az keçilir, bir sözlə, bu dili sıxışdırırlar. Ya da niyə həmişə Rusiyada Şimali Qafqaz xalqları qana çalxanır? Çünki uzun müddət, elə indinin özündə həm türk mənşəli, həm də iber-qafqaz mənşəli xalqlar var ki, onlar ilk növbədə müstəqillik istəyirlər. İkinci, onlar sosial-iqtisadi cəhətdən öz ərazilərinin istismarına icazə vermirlər. Artıq Sibirdəki xakaslardan, yakutlardan tutmuş, buryatlara, komilərə qədər hamısı müstəqillik istəyirlər. Məsələn, Tatarıstanın, Başqırdıstanın, Çeçenistanın, Kabarda Balkarıstanın yarımmüstəqilliyi var. Amma digər xalqlar da müstəqillik istəyir. Onlara bu imkanların verilməsi Rusiyanı daxildən parçalayacaq. Çünki qondarma rejim həmişə müəyyən qondarma situasiya nəticəsində dağılır, parçalanır. Amma şükürlər olsun ki, Azərbaycanda məhz tolerantlığın fundamental əsasları olduğuna görə belə bir təhlükə yoxdur, gözlənilmir. Din birliyi amili də mühüm rol oynayır. Məsələn, Rusiyada yaşayan xalqlar içərisində həm islama, həm xristianlığa, həm buddizmə, həm şamançılığa sitayiş edənlər var. Orada dini ayrı-seçkilikdən başqa, dil ayrı-seçkiliyi, eləcə də mədəniyyət, əxlaq, mentalilet fərqi də var.

 

Xalq öz dilini, adət-ənənəsini inkişaf etdirib yaşada bilmirsə, bu hiddət yığılıb, yığılıb, bir gün partlamalıdır.

– Bəziləri isə deyir ki, hakim rejimlərin təsiri altında assimilyasiya baş verir, xalqlar arasında dilin, adət-ənənənin əriməsi baş verir.

– Assimilyasiyanın baş verməsi tarixi dövrdən asılıdır. Məsələn, ruslar haqqında görkəmli alimlərin, türkoloqların fikirləri var: rus ailəsinin hər daşının altından bir türk çıxır. Rus knyazları içərisində İvan Qroznıdan başlamış üzü bəri bütün dövrlərdə qatışıqlıq, qaynaqlıq əmələ gəlib. Bu assimillyasiya necə deyərlər, könüllülük şəraitində yaranıb. Əslində bütün insanların genetikasında bir qohumluq var. Mən özüm Tur Heyerdalla görüşəndə özü dilə gətirdi ki, Qobustandakı qayaüstü rəsmlərdən belə anlaşılır ki, bizim babalarımız arasında qan qohumluğu olub. Xalqlarla bağlı bir misalı tez-tez çəkirəm; dağ çayları dənizdə birləşənə qədər haray-həşir qoparır, dəniz olanda sakitləşirlər. Burada bir sıra paralellər aparmaq olar:

 

din birliyi, dil birliyi mövcuddur, eləcə də dinlərarası və dillərarası birlik var.

 

Məsələn, uqor-fin dilləri ilə türk dilləri arasında yaxınlıq var. Tutalım fars və kürd dilləri arasında qohumluq mövcuddur. Bütünlükdə ölkədə münbit şərait olanda bu birlik güclənir.

– Etiraf edək ki, Qarabağ münaqişəsi də məhz tolerantlığımızın “məhsulu” kimi ortaya çıxıb. Yəni bəzən tolerantlığımızın normadan artıqlığı başımıza bəla olub...

– Əvvəla, burada bir neçə səbəb var. Erməniləri Qarabağa kim köçürüb? Ruslar. Ermənistan Respublikasını 60 faiz dotasiya ilə yaşadan kimdir? Rusiya. XIX əsrin axırlarından başlayaraq, ilk erməni təşkilatları Tiflisdə, Yunanıstanda yaranandan bəri, bunlar Azərbaycan torpaqlarını qoparmağa başladılar. O cümlədən də Gürcüstan torpaqlarını. Bir növ damaqlarında dad qaldı. O vaxt Ararat Respublikası bircə İrəvan quberniyasının deyil, İrəvan şəhərinin ətraf əraziləri ilə bərabər fəaliyyət göstərirdisə, SSRİ rejimində Mikoyan, Stalin də daxil olmaqla ermənipərəst qüvvələr Ermənistanı “böyüdə-böyüdə” ərazisini iyirmi doqquz tam onda doqquz min kvadratmetrə çatdırdılar. Tədricən Göyçə, Zəngəzur, Mehri rayonunun verilməsi də gələcəkdə Naxçıvanı da ələ keçirmək iddiasını doğurdu. Azərbaycanla Türkiyə arasında Qars müqaviləsi olmasaydı, bu müharibədə ermənilər rusların əli ilə Naxçıvanı da götürə bilərdilər. Azərbaycanda erməni separatizmini ruslar qızışdırıb. Ermənistan heç nədən yaranmış qondarma qurumdur. Özlərinin adlandırdıqları kimi Hayastan indiyə kimi olmayıb. Ermənistan deyiləndə rusların düzəltdikləri qondarma qurum nəzərdə tutulur, vəssalam. Azərbaycanda baş verənlərdə rus siyasətinin təsiri, rolu böyükdür. Tolerantlıq nə qədər güclü olsa da, eyni zamanda dağıdıcı qüvvələrin də mövcudluğunu unutmaq lazım deyil. Lakin tarix də artıq o tarix deyil. İndi artıq Azərbaycanda ikinci bir Dağlıq Qarabağ münaqişəsi baş verə bilməz.

(Ardı var)

Sevinc MÜRVƏTQIZI

 





21.03.2013    çap et  çap et