525.Az

“Tolerantlıq hər zaman bizim qanımızda, gen yaddaşımızda möhkəm yer tutub” (davamı)


 

“Tolerantlıq hər zaman bizim qanımızda, gen yaddaşımızda möhkəm yer tutub” <b style="color:red">(davamı)</b>

PROFESSOR VAQİF ARZUMANLI: “AZƏRBAYCAN DÖVLƏTİNİN SİYASƏTİNDƏ HƏMİŞƏ AYRICA BİR TOLERANTLIQ XƏTTİ OLUB”

Həmsöhbətimiz millətlərarası münasibətlər üzrə tanınmış mütəxəssis, görkəmli alim, professor Vaqif Arzumanlıdır. Onunla Azərbaycanda etnik tolerantlığın formalaşması, fərqli mərhələləri, xüsusiyyətləri barədə, erməni separatizmi, millətlərarası münasibətlər fonunda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və münaqişənin nizamlanması yolları haqqında söhbətləşdik.

– Vaqif müəllim, etiraf etməliyik ki, Qarabağ münaqişəsi daha çox tolerantlığımızın “məhsulu” kimi ortaya çıxıb. Yəni bəzən tolerantlığımızın normadan artıqlığı başımıza bəla olub...

– Əvvəla, burada bir neçə səbəb var. Erməniləri Qarabağa kim köçürüb? Ruslar. Ermənistan Respublikasını 60 faiz dotasiya ilə yaşadan kimdir? Rusiya. XIX əsrin axırlarından başlayaraq, ilk erməni təşkilatları yaranandan bəri, bunlar Azərbaycan torpaqlarını qoparmağa başladılar. Ermənistan heç nədən yaranmış qondarma qurumdur. Özlərinin adlandırdıqları kimi Hayastan indiyə kimi olmayıb. Azərbaycanda baş verənlərdə rus siyasətinin təsiri, rolu böyükdür. Tolerantlıq nə qədər güclü olsa da, eyni zamanda dağıdıcı qüvvələrin də mövcudluğunu unutmaq lazım deyil. Lakin tarix də artıq o tarix deyil. İndi artıq Azərbaycanda ikinci bir Dağlıq Qarabağ münaqişəsi baş verə bilməz.

– Belə çıxır ki, münaqişənin həllinin Rusiyadan çox asılı olduğu barədə deyilənlərlə siz də razısınız...

– Bəli, bu, bir tərəfdən Rusiyanın erməniləri himayə etməkdən əl çəkməsilə bağlıdırsa, digər tərəfdən də Rusiyanını balanslaşdırma siyasətindən asılıdır. Rusiya müntəzəm olaraq Ermənistana kömək göstərəcəksə, müsəlman, türk dünyası da Azərbaycanı tək qoymamalıdır. Vaxtilə Rusiyanın Tiflisdəki səlahiyyətli nümayəndəsi  Qriboyedov I Aleksandra bir məktub yazıb. Məktubda deyilirdi ki, biz erməniləri Qafqaza, o cümlədən Azərbaycanın ən münbit torpaqlarına köçürürük, ən yaxşı şərait yaradırıq, amma bütün hadisələr göstərir ki, gələcəkdə yerli əhali ilə ermənilər arasında mütləq münaqişələr olacaq. Bu da ermənilərin xarakteri, dəst-xətti, hərəkətləri ilə bağlıdır. Zaman bu ehtimalların doğruluğunu sübut elədi. Bilirsiniz, Dağlıq Qarabağ hadisələri Azərbaycanda separatizmi alovlandırmaqla yanaşı, digər tərəfdən də eyni zamanda SSRİ-nin dağılmasına təkan verdi. Bizim günahlarımızdan biri də onda oldu ki, ermənilərin Azərbaycanda müxtəlif ali vəzifələrdə, dövlət səviyyəsində geniş təmsil olunmasına imkan verdik. Nəriman Nərimanov vaxtilə deyirdi ki, niyə Azərbaycanın rəhbər orqanlarında ermənilər və ruslar olmalıdır? Müəyyən mənada onun Azərbaycana ziyanı dəysə də, Nərimanov Leninə bu sualla tez-tez şikayətlənirdi. Bir maraqlı faktı da qeyd edim, çoxları buna fikir vermir: Azərbaycan Sovet Respublikası qurularkən yeganə Milli Şura bizdə idi ki, yalnız azərbaycanlılardan ibarət idi. Amma o biri dövlətlərdə hamısında tərkib qarışıq idi. Bu, Nərimanovun xidməti idi. Bu həm də o  dövrdə Azərbaycan xalqının özünütəsdiqinin formalaşmasının  sübutu idi. 1989-90-cı illərdə Azərbaycan xalqı azadlıq uğrunda mübarizədə dünyanın ən aparıcı xalqlarından birinə çevrildi. Eləcə də dünya xalqları içərisində, postsovet məkanında  demokratik proseslərin inkişafında ilk addımı atan millət oldu.

– Necə fikirləşirsiniz, Dağlıq Qarabağ münaqişəsi həllini tapandan sonra, bu qədər qanlı əməllərinə rəğmən, ermənilər bizim ərazilərimizdə sakitcə, “cığallıq eləmədən” yaşaya biləcəklərmi?

– Mütləq. Yaşamağa borcludurlar. Ermənistan-Azərbaycan münaqişəsi də həll olunacaq, buna müvafiq birgə yaşayışımız da həllini tapacaq. Yəni bunun ilkin mərhələsi belə olmalıdır ki, Azərbaycanın işğal olunmuş əraziləri azad edilməlidir. Azərbaycanlılar da ona imkan verə bilər ki, ermənilər yenə də Azərbaycan ərazisində yaşasın. Bu şərtlə ki, Azərbaycan vətəndaşı olaraq, dövlətimizin iradəsini qəbul etsinlər. Dağlıq Qarabağ  məsələsi də mədəni muxtariyyətə qədər gedib dayana bilər. Dövlətçilik ənənələrinə malik olan bir muxtariyyət ola bilməz bu. Beynəlxalq qüvvələr də çıxıb gedəndən sonra Dağlıq Qarabağda yaşayan ermənilər mütləq orada Azərbaycan vətəndaşı kimi, Azərbaycan qanunlarına, konstitusiyasına müvafiq şəkildə, qaydalara riayət edərək yaşaya bilərlər. Bu zaman da Azərbaycanda doğulmuş və yaşamış bütün vətəndaşlarımız kimi hüquqlar əldə edərlər. Ola bilər ki, Suriyadan, Livandan, ordan-burdan köçürmə yolu ilə gələnlər əvvəlcə bir az şıltaqlıq eləsinlər. Amma əminəm ki, birgəyaşayış mütləq bərqərar olacaq. Erməni hiss eləyəndə ki, burada artıq öz vətəndaş hüquq və azadlıqları təmin olunur, burada yaşamağı üstün tutacaqlar, başqa çarələri yoxdur. Əgər onlar gəmidə oturub gəmiçiylə savaşmayacaqlarsa, belə də olacaq. İkinci mərhələdə Göyçə və Zəngəzurdan qovulmuş Azərbaycan türkləri də öz tarixi Vətənlərinə qayıdacaq. Eyni zamanda düşünürəm ki, sərkisyanlar, köçəryanlar da etdikləri bəşəri cinayətlərə görə gec-tez beynəlxalq məhkəmədə cavab verməli olacaqlar. Tarixi hadisələrin baş verməsi nəticəsində  bu proses ziddiyyətlər fonunda daha da gərginləşsə, ermənilər öz inadlarından əl çəkməsələr, Azərbaycan heç vaxt Dağlıq Qarabağı onlara güzəştə getməyəcək. Çünki indiki vəziyyət XIX əsrin axırlarındakı vəziyyət deyil. Nə də indi erməni-müsəlman davası dönəmi, yaxud sovet rejiminin hakim olduğu zaman deyil. Azərbaycan nəyin bahasına olursa, olsun öz tarixi torpaqlarını işğaldan azad edəcək.

Dağlıq Qarabağ ermənilərinin içərisində də parçalanma məsələsi var, bu da münasibətlərdə önəmlidir. Alban tayfalarının bir qolu olan- genetik baxımdan bizim uzaq qohumlarımız, Məlik tayfasının övladları o vaxtlar erməni kilsəsinin təsiri ilə xristianlaşdırıldılar, qriqoryanlaşdırıldılar, erməniləşdirildilər. Ermənilər əvvəlcə alban kilsəsini erməni kilsəsinə tabe etdirdilər. Və tədricən alban kilsələri dağıldı, alban abidələri, kitabları yandırıldı, məhv edildi. Musa Kalankutlunun və digər görkəmli alban yazıçılarının əsərlərini itirib-batırdılar. O vaxtlar, hələ sovet dövründə bununla bağlı bir məqalə çap elətdirmişdim: “Faktın təhrifi tarixin təhrifidir”. O məqalədə alban şairi Davdəkin Cavanşirin ölümünə yazdığı mərsiyədən söhbət açılırdı. Davdək məqalədə qədim alban-Azərbaycan şairi kimi təqdim olunur. Ermənilər isə onu öz şairləri kimi qələmə verirlər. Mən də onda yazmışdım ki, bu, düzgün deyil, faktı, tarixi təhrif etməkdir. Dinbirliyi amilindən istifadə eləyərək ermənilər alban kilsəsini ləğv elədilər və tam qriqoryanlaşma aparıldı. Bu proseslər ərzində də albanların izi-tozu silindi və bütün kitablar yandırıldı. Bütün bu işlər məqsədli şəkildə həyata keçirilirdi. Hətta erməni əlifbası da hibridləşdirilmiş, qondarma bir əlifbadır. Əslində ermənilərlə bağlı hər şey qondarmadır. Qədim və müasir erməni dili – qrabar və aşxarabar  da daxil olmaqla.  Bu məsələlər baş qaldıranda, ermənilərin Xaçatur Abovyan kimi mütərəqqi ziyalısı dedi ki, bəsdir, bu qədər də ağ eləmək olmaz axı. Onu necə öldürüb aradan götürdülərsə, indiyədək də qəbrinin yeri məlum deyil.

Bax, həmin məliklərin xələfləri Dağlıq Qarabağ işğaldan azad ediləndən sonra orada qalmaq istəyində olacaqlar. Mən 1976-1987-ci illər ərzində İrəvanda Xaçatur Abovyan adına Peloqoji Universitetdə Azərbaycan bölməsini saxlamaq xətrinə Bakı Dövlət Universitetinin professoru kimi ildə iki dəfə mühazirələr oxuyurdum, tələbələrdən imtahan götürürdüm. Bu 11 il ərzində ermənilərin cikinə-bikinə bələd olmuşam.  Hələ o vaxtlar Ermənistanın vəzifə sahibləri ilə görüşlərdə söhbətlərdən hiss edirdim ki, onların öz aralarında da milli təfriqələr var. Bayaq dediyim həmin məlik tayfalarının nəsillərindən olanlarla söhbətlərdə onlar şikayətlənirdilər ki, ermənilər bizi sevmir, bizə “şurtaves hayes”- yəni dönmə, qondarma erməni deyirlər. Təəssüf ki, bax, məhz bu amildən – onların öz aralarındakı ayrı-seçkilikdən istifadə edərək problemin həllinə nail ola bilərdik. 

Yeri gəlmişkən, bir məsələni də qeyd eləyim ki, məşhur “Əsli və Kərəm” dastanındakı Qara Keşiş də erməni deyil, alban tayfasındandır. Əsli də alban qızıdır. Ermənilər Şah Abbas dövründən bir az əvvəl torpaqlarımıza gələrək Üçmüəzzin kəndində balaca bir torpaq sahəsi alaraq orada kilsə tikdilər. Belə erməniləşmə prosesi “Gülüstan” və “Türkmənçay” müqaviləsindən sonra daha intensiv aparıldı. Onlar Üçmüəzzini də Eçmiədzinə çevirdilər. Beləcə, zamanla rusların əli ilə həm siyasi, həm də dini amillərdən istifadə edərək istəklərinə nail oldular.

– Ermənilər haqqında belə bir ifadə yerinə düşür: o qədər yalan deyirlər ki, axırda özləri də bu yalana inanırlar.

– Bəli, erməni xəstəliyi deyilən psixoloji məqam və erməni yalanı deyilən bir termin mövcuddur. 1924-cü ildə Lunaçarskinin redaktorluğu ilə o vaxt sovet ensiklopediyası buraxılıb, orada da erməni xəstəliyindən söz açılıb. Bu barədə bizdə də, Tiflisdə də yaşayan ruslar bu məsələdən çox yazıblar. Erməni yalanı bundan ibarətdir: sən təklif elə, ortaya bir ideya at, o adamlar bunu təsdiq eləyənə qədər dediyin həyata keçəcək. Bax bu, erməni bicliyidir.

– Amma nə qədər absurd görünsə də onlar məhz erməni yalanı vasitəsilə elədiklərini eləyirlər və bu, əsrlərdir, davam edir...

 – Həqiqətən ermənilər həmişə özlərindən məzlum obrazı yaradıblar. Guya bunları həmişə qırıblar, əziblər və sair... Amma ermənilər həmişə məzlum xalq pərdəsi altında təcavüzkarlıq ediblər. Bunlar məzlum xalq deyil, əksinə əzazil xalqdır. Keçən əsrin müxtəlif illərində onların xalqımızın başına gətirdiyi oyunlar, etdikləri qətliamlar buna sübutdur. Bunlar xırda bir milçəkdən fil düzəldirlər. O zaman kı ermənilər albanları da özününküləşdiridilər və onların hər şeyinə sahibləndilər, bundan sonra lap hədlərini aşdılar. Bu gün Bakının ortasında “Fəvvarələr” bağındakı erməni kilsəsi deyil, alban kilsəsidir. Biz də harada xaç görsək, ermənilərə aid eləməmliyik axı? Xaç işarəsi yalnız xristianlığa məxsus deyil ki. Çöpü çöp üstə qoymaq həyatın rəmzidir. Buna biz əsrlər uzunu kor-koranə, yalnız xristianlığın rəmzi kimi yanaşmışıq. Həqiqəti demək lazımdır. Gədəbəydə, Kəlbəcərdə, Mingəçevirdə, Gəncədə xüsusən albanların daha sıx yaşadığı ərazilərdə abidələrimiz olub. Düzdür, indi artıq bunun üzərinə qayıdırıq. Məsələn, Amaras Ağoğlan kilsəsi məşhur tarixi abidələrimizdən biridir.

– Deməli, hələ əsrlər öncə biz  bizə aid olanı-alban mədəniyyətini də əlimizlə ermənilərə vermişik, tariximizə, mədəniyyətimizə sahib çıxmamışıq, onlar isə həmişə olduğu kimi özgənin varı ilə “mənəm-mənəm” deyiblər?

– Bəli, bəli. Tamamilə doğrudur. Bizim tariximizi həmişə başqaları yazıb. Bizim ədəbiyyat, mədəniyyət, etnik tariximiz yenidən yazılmalıdır. Çünki bizim tariximizi ruslar, yəhudilər, ermənilər, bir söbzlə, qeyri-türklər yazıblar və olduğu kimi deyil, istədikləri kimi kimi yazıblar. Biz Dağlıq Qarabağ münaqişəsinin başlanğıc dövründə Ermənistan deyilən dövlətin tarixi Azərbaycan torpağında qurulduğunu dünyaya yaymalıydıq. Bunu mən 1995-ci ildə, ən böhranlı vaxtda rəhbərliyə də çatdırmışdım. SSRİ xalqlarının sonuncu qurultayında Qorbaçov deputat Arutunyandan soruşdu ki, əsrin əvvələrində Yerevanda neçə faiz azərbaycanlı yaşayırdı? Cavab verdi ki, deyə bilmərəm. Qorbaçov dedi ki, mən deyərəm: 38 faiz. Biz onda qorbaçova və qorbaçovkimilərə başa salsaydıq ki, Ermənistan, Yerevan özü də Azərbaycanın dədə-baba torpaqlarında qondarılmış bir dövlətdir, mövqeyimiz güclü olardı. Qorbaçov tarixi bilmirdi. İş o yerə çatmışdı ki, hətta Heydər Əliyev prezident seçilənə qədər dünya ictimaiyyətində belə bir fikir formalaşmışdı ki, niyə azərbaycanlılar bu yazıq ermənilərə şərait yaratmır, niyə erməniləri qoymurlar vətənində yaşasın? Belə bir proses gedirdi. Yalnız Heydər Əliyev prezident olduqdan sonra əsl həqiqətləri dünyaya çatdıra bilirdik. 1990-cı illərdə bizim başımız qondarma daxili işlərə, münaqişələrə, partiyalararası ziddiyyətlərə, ölkədaxili hakimiyyət uğrunda mübarizələrə qarışdığından o dediyim məsələni – Ermənistanın tarixi Azərbaycan torpaqlarında qurulduğunu dünyaya təbliğ edə bilmədik. Bunu vaxtında etməyi bacarsaydıq, çox şey qazanardıq. Əlbəttə, son illərdə Azərbaycanın informasiya blokadasını qırması, haqq işimizin təbliğatı, Azərbaycan diasporunun həqiqətlərimizi yayması bizim xeyrimizədir. Məhz bu təbliğat nəticəsində dünyaya çatdırıldı ki, ermənilər işğaçıdır, onlar təkcə Dağlıq Qarabağı işğal eləməyib, ətrafdakı 7 rayonu da zəbt ediblər. Bunu da o məqsədlə ediblər ki, yalnız Dağlıq Qarabağa müstəqillik veriləndən sonra rayonları boşaltsınlar.

– Vaqif müəllim, sonda tolerantlığın dövlət siyasətində əhəmiyyətlilik dərəcəsindən danışmağınızı istərdik.

– Azərbaycanın son  konstitusiyası ən gənc konstitusiyalardan biridir. Həm əvvəlki konstitusiyalarımızda, həm də indiki ana qanunumuzda etnik tolerantlığın inkişafı üçün münbit şərait yaradılıb. Dövlətimizin əsas siyasətində bu xətt həmişə qorunub və qorunur. Bu gün Azərbaycanda hər sahədə və bütün cəhətlər üzrə tolerantlıq özünü göstərir. Bu, sovet dövründən fərqlənir. Sovet dövründə belə idi ki, Azərbaycan, Ukrayna, Gürcüstan və digər ölkələrdə birinci katib yerli şəxs, ikinci katib mütləq rus olmalı idi. Qafqaz ölkələrində isə hətta üçüncü katib erməni olmalı idi. Bu, düzgün siyasət deyildi və düşünürəm ki, SSRİ- nin dağılmasının silsilə səbəblərindən biri də bu idi. Amma Azərbaycanda müstəqil olandan tolerantlıq amili gözlənilir və heç bir milli, irqi ayrı-seçkiliyə yol verilmir. Azərbaycanda dövlət səviyyəsində həmişə bütün millətlərə eyni gözlə baxılması siyasəti həyata keçirilib və keçirilir. Yəni, irəli çəkilmək, vəzifəyə qoyulmaq, seçkili orqanlarda iştirak və digər sahələrdə də bu balans gözlənilir. Başqa cür qeyri-mümkündür. Əksliklərin birliyi ümumilli vəhdəti təşkil edir. Bu birlik olmasa, dağılma prosesi baş verə bilər. Bütün sivil, demokratik ölkələrdə bu xətt izlənilir və milli vəhdət inkişafa zəmin yaradır. Milliyyətindən asılı olmayaraq, dövlətə, Vətənə xidmət edən şəxs onun aborigen vətəndaşları ilə eyni, bərabər hüquqlara malikdir. Bu, ümummilli liderimiz Heydər Əliyevin aparıcı siyasi xətlərindən biri olub və bu gün də prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu məsələ konstitusiyamızda da insan hüquq və azadlıqları sahəsində prioritet istiqamətlərdən biridir və belə də davam eləməlidir. Çünki Azərbaycan həmişə tolerant ölkə olub və belə də qalacaq.

Sevinc MÜRVƏTQIZI

 

 





28.03.2013    çap et  çap et