525.Az

Qulu Məhərrəmlinin "Xəzər" TV-dəki verilişi bağlandı


 

Qulu Məhərrəmlinin "Xəzər" TV-dəki verilişi bağlandı

Sosial şəbəkələrdə “Xəzər” TV-də yayımlanan “Həyata baxış” verilişinin keçən şənbə buraxılışının yarımçıq kəsilməsi və verilişin artıq efirdən qaldırılması barədə məlumatlar öz əksini tapıb. Bu barədə Modern.az-a açıqlamasında “Xəzər” TV-nin mətbuat xidmətinin rəhbəri Məryam Qulamova bildirib ki, veriliş yarımçıq dayandırılmayıb.

“Siz əgər verilişin təkrarına baxsanız, görərsiniz ki, yarımçıq kəsilməyib. Tamaşaçılarla sağollaşma olub. Burada gərginlik yaratmağa ehtiyac yoxdur”.

Verilişin dayandırılması məsələsinə də münasibət bildirən M.Qulamova qeyd edib ki, “Xəzər”  TV-nin 5 illiyi yaxınlaşdığı üçün artıq yeniliklər edilir.

“Belə ki, köhnə verilişlər yenilərlə əvəz olunur. Bu verilişlərdən biri də “Həyata baxış”dır. Tamaşaçılara bununla bağlı xəbərdarlıq edilməsə də, artıq veriliş efirdə olmayacaq. Amma daha böyük formatda tok-şou janrında yeni veriliş yayımlanacaq. Verilişin aparıcısının isə kim olacağı veriliş yayımlanarkən məlum olacaq” – deyə mətbuat xidmətinin rəhbəri qeyd edib.

Telekanalda yayımlanan digər bir veriliş də artıq yayımdan qaldırılıb. Belə ki, Qulu Məhərrəmlinin aparıcısı olduğu “Gündəm” verilişi də artıq yayımlanmayacaq. Məryəm Qulamova bildirib ki, verilişin dayandırılmasını Q. Məhərrəmlinin özü istəyib:

“Qulu müəllim Bakı Dövlət Universitetinin müəllimidir. Artıq yeni dərs mövsümü açılıb və Qulu müəllim çoxlu dərs saatları götürüb. Buna görə də bizdən xahiş etdi ki, dərs saatları azalanda yenidən verilişi yayımlayarıq”.

 





27.09.2012    çap et  çap et