525.Az

Kirayə arzular


 

Kirayə arzular<b style="color:red"></b>

Meyvə səsi 

Yeganə otağa gələn gündən hər şey bölündü. Hətta çörəkqabımda çörəklər belə iki qütbə ayrıldı.

Çarpayılarımız eyni tərəfdə olmasaydı Yeganə otağa tikanlı sərhəd də çəkərdi. Onun birdən-birə dəyişməsinin izahını heç cür tapa bilmədim. Bircə o aydın idi ki, dikbaşlığından, bir sözü əlli yerə yozmasından qıcıqlanırdım. Elə mənim də ağ radioqəbuledicim onun qanını qaraya boyamışdı. Ona görə də sevimli jurnalistimin verilişi başlayanda radionu götürüb qulağıma dirəyirdim. Radio saçlarımın içində gizlənəndə mənə bir anlıq elə gəlirdi ki, tellərim dünyanın dərdini danışır. Bəzən sevimli jurnalistimin həlim səsindən yuxuya gedəndə Yeganənin çəkələkləri məni yenidən dalğaların qoynuna atırdı.

Bir gün saatın əqrəbi nazlana-nazlana 12-ə yaxınlaşanda yazmaq həvəsim oyandı. Bloknotumu çantamdan çıxarıb cızma-qara etmək istəyirdim ki, Yeganə nazik dodaqlarını büzdü: 

- Ondansa kəlləni at yat. Sabah səhər dərsə kim gedəcək?

Onun ağıllı məsləhətinə qulaq asdım. İşığı söndürüb başımı yastığın içində gizlətdim. Yuxumu çağırdım. Haçandan haçana səsimə səs verdi: heyranlıqla dar küçələrə baxır, kağız parçasına yazılmış ünvanı axtarıram. Boz dəmir qapıya yaxınlaşmaq istəyəndə o birdən-birə açılır. Sevimli jurnalistim qapının ağzında dayanıb, mənə gülümsünür. Mənim də dodaqlarım qaçır, amma ona deyil, qucağında uşaq kimi tutduğu dələyə. Dələ əlinə ağac qozası alıb, xırçıldada-xırçıldada gəmirir, heç üzümə belə baxmır. Sevimli jurnalistim mənə “xoş gəldin!” deyib, içəri dəvət edəndə dələ qəfildən üstümə tullanır...

Elə bil məni cərəyan vurdu. Ayıldım. Amma yatıb yenidən yuxunun davamına baxmaq istədim. Ədyalı başıma çəkib, gözlərimi qapadım. Heç nə görməsəm də, dələdən eşitdiyim səs yenidən qulağıma gəldi. Təəccübləndim. Axı, heç yuxunun birinci dayanacağına çatmamışdım. Ədyalı başımdan çəkdim. Səs bu dəfə daha aydın eşidilməyə başladı. Hiss etdim ki, Yeganə yorğanın altında nəsə gəmirir. Düşündüm, əgər hər şey ikiyə bölünübsə, o, niyə mədəsinə gizlin həşir gəlir? Bəlkə elə ona görə mənə “yat!” əmri verirdi? Özümü lap bağçaya gedən uşaq kimi hiss etdim. Yeganə mədəsi ilə daha rahat məşğul olsun deyə ədyalımı yenidən başıma çəkdim. Daha onun içində anamın rəfiqəsini axtarmadım...

Görəsən, meyvələr yuxuda insan yeyirmi? 

Müsibəti xani-Lənkəran 

Əliş Nəbili özünün müəllifi olduğu “Qəzet tərtibi və buraxılışı texnikası” kitabına baxa-baxa həvəslə şriftlər haqqında danışanda qapı taybatay açıldı. Dekanlıqda çalışan gənc qız bütün qrupa bilet satıb getdi. Baxmayaraq ki, Yeganə ilə məni daha heç nə bağlamırdı, amma onu ürəyimdən silib ata bilmirdim. Bilet alanda da iki ədəd götürdüm. İlk dəfə idi ki, əlimə tamaşa bileti dəyirdi. Nazik ensiz kağızın üzərinə “Lənkəran xanının vəziri” yazılmışdı. M.F.Axundzadənin əsərini oxusam da, hətta haqqında inşa yazsam da, tamaşa həllini görməmişdim. Nə gizlədim, pyeslərdən səhnəciklərə məktəbimizin akt zalında, şagirdlərin ifasında baxmışdım. Odur ki, sevinə-sevinə evə gedib Yeganənin dərsdən gəlməsini gözlədim.

Havada yağış küləyə qarışsa da, bu, Akademik Milli Dram Teatrına getmək həvəsimi qətiyyən üstələmədi. Əksinə, sevincimi bölüşmək üçün anama da zəng edib axşam teatra gedəcəyimi dedim. Həyətin dəmir qapısı açılanda bildim ki, Yeganədir. Çünki o, qapını sahibə kimi asta-asta deyil, qəfil açardı. Özünü güllə kimi otağa atıb çantasını bir kənara vızıldatdı. Heç üzümə də baxmadı. Şap-şaplarını geyinib mətbəxlə otaq arasında yarım saat yürüş etdi. Nəhayət, masaya əyləşib yemək yeyəndə ona bilet aldığımı söylədim. Çörək onun boğazında qalmasa da, tikəni güclə uddu, gözlərini bərəldib təəccüblə mənə baxdı:

- Nə teatr? Kimin teatrı? Özü də bu havada.

- “Lənkəran xanının vəziri” olacaq, axşam saat...

Yeganə sözümü ağzımda qoydu:

- Pff... Axundov! - o, elə ağız büzdü ki, sanki Axundzadədən çimçəşdi.

Heç nə demədim, pəncərəni bir az açıb yuxarı baxdım. Göy buludları bərk-bərk qucaqlamışdı. 

Saat 5-i keçən kimi hazırlaşmağa başladım. Bu məqamda sahibə, qızları, oğlu və uzaq qohumu bir-birinin ardınca evə doluşdu. Ayaqqabımı gətirib qapının ağzına qoyanda hamı başını çevirib, təəccüblə mənə baxdı. Onlara sevinə-sevinə hara getdiyimi söyləyəndə qohumu sahibəni qabaqladı:

- Axşam vaxtı qızın teatrda nə işi var?

Eynəyim böyük qıza sataşdı. O, əlini ağzına tutub pıkkıldadı.

- Bara getmirəm ki... Özü də anam bilir.

Qadın qaşlarını alnının ortasına yapışdırdı. Ayaqqabımı geyinib, gödəkçəmi əynimə keçirib Hüseyn Cavid prospektinə çıxdım. İlk dəfə idi ki, Nizami metrosuna yollanırdım. Bir az həyəcanlandım. Azıb qalmaqdan qorxmasam da ehtiyatlandım. Ona görə hər yerə diqqətlə baxırdım ki, gözümlə məkanların şəklini çəkim. Metrodan üzü aşağı düşəndə gözümə ilk dəyən “Azad qadın” heykəli oldu. Qadının əlində tutduğu çadranı görəndə haradansa köhnə qonşumuz yadıma düşdü. Hamı onu “nənə” deyə çağırırdı. Mən nənəni anamın xatirələrindən tanıyıram. Anam həmişə söyləyərdi ki, nənə “Sevil” tamaşasına baxıb, çadrasını başından açan qadınlardandı. 

...Nəhayət, tamaşanın başlama vaxtı gəlib çatdı. Qrupumuzun oğlanları yerlərini tutan kimi buynuzlarını çıxartdılar. Qızlara söz atmaq bir kənara, ciblərindən günəbaxan tumu götürüb çırtlamağa başladılar.

Nəzarətçilər etirazlarını bildirəndə onlara məhəl qoymadılar. Nəzarətçilər qəzəblənib iti addımlarla oranı tərk edəndə bildim ki, bu işin axırı yaxşı bitməyəcək. Elə düşündüyüm də oldu. Oğlanların yarısını iti qovan kimi qovdular. Qızarıb, başlarını aşağı salmasalar da, onların əvəzinə özüm utandım. Tamaşadan isə yadımda qalan aktrisa Zemfira Nərimanovanın oyunu oldu. Yəqin ona görə ki, aktrisaya baxa-baxa oynadığı mənfi rolları düşünmüşdüm...

Görəsən, Axundzadənin son sözü nə olub?

 





14.11.2016    çap et  çap et