525.Az

“Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər


 

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qarşısında

“Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər<b style="color:red"></b>

I cild (noyabr 1918 - aprel 1920)

Araşdırıb toplayanı, ərəb əlifbasından latın əlifbasına çevirəni, ön sözün müəllifi, lüğətin tərtibçisi: Şirməmməd Hüseynov

Transliterasiya redaktorları: professor  Şamil Vəliyev, elmi işçi Samir Xalidoğlu (Mirzəyev) 

(Əvvəli ötən şənbə sayımızda)

Ağamalı oğlu - (Hümmət) Əvvəlki natiqlərə cavab verərək diyor ki: bən türk fəhlə və əkinçisinə zidd və bərəks getmiyoram. Amma türklərin hökumətinə gərəkdir zidd olam, harada istibdad varsa, biz ona ziddik. Bən dedim ki, o istibdaddan Gəncədə bir qədər də bizim hökumətimizə verildi…
 
(Sədr natiqi mətləbə dair danışmağa dəvət ediyor). Bəli, bu axır zamanlarda ehtikar başlanıb Azərbaycanın nefti, bezi və buğdası cürbəcür yerlərə getdi. Dün heç bir şeyi olmayanlar bu gün milyona malikdirlər. Bəziləri bənim dedigimi böylə başa düşdülər ki, guya biz hökuməti dəgişmək istiyoruz. Əlbəttə, indiki halda əgər mümkün olsaydı, biz bir an dayanmazdıq. Amma şimdi iş buradadır ki, nə tövr edək bir az iş görülsün. Məlumdur ki, sorğu hökumət üçün bir dəgənək kibidir. Hökuməti dəgişmək degil, işi düzəltməkdir. İşlərimizin nə qədər müşkül olduğu məlumunuzdur. Kabinə təşkil edilərkən nazirlərin bəziləri yalvarıyorlardı ki, canım əl çəkin, rədd olun. Biz onları güc ilə vadar etdik. Şimdi isə çalışmalıyız ki, yıxılmasın.

Yollar naziri dedi ki, milyonlar hesabı və əsnasında 3-4 qazan neft bir şey degildir. Bir də sözündən bu çıxdı ki, nəzarət orta yol ilə gediyormuş, elə bu orta yoldur ki, xəlqi dəli eləmişdir! Sudya, müəllim, çəkməçi, hamı işini buraxıb haman orta yola düşdü. Ehtikara başladı. (Sağdan, soldan alqış). Bunun qabağını almaq üçün dünki nitqimdə bir təklif etdim, haman təklifi tazədən diyoram: gərək öylə edək ki, hökumət tərpənsin, bunun üçün şahmar lazımdır ki, bu da ali tribunadan ibarətdir.

Qarabəyov - “İttihad”. Əsas məsələyə keçmədən əvvəl türklükdən bir neçə söz söyləyəlim:

Əvvəla, onu ixtar etməliyəm ki, türklük nami bizim üçün müqəddəs bir namdır. Həmə vəqt o nam tənqid yolu ilə çəkilməz. Türklər buraya hökuməti idarə etməgə degil, əskər sifətilə gəldilər. Canlarını verdilər. Qanlar tökdülər. Bizə səadət və istiqlal yolu açdılar. Onların böyük xidməti qarşısında ruzi-məhşərədək mədyunuz. Yalnız malımız, canımız degil, hətta hüququmuzu da onlara fəda etsək, çox degildir. Nəinki uğrumuzda canını fəda etmiş əskərlərə, hətta başlarında siyasəti hamı üçün pis olsa da, bizim üçün yaxşılıqdan başqa bir şey etməmişlərdir. (Alqış). Bir çox adamlar özləri iştirak etmiş olduqlarını qorxudan gizləyərək diyorlar ki, türkləri buraya “Müsavat” gətirmişdir. Yalnız “Müsavat” tərəfindən Rəsulzadə cəsuranə bir surətdə dedi ki, bəli, biz gətirmişik və buna fəxr ediyoruz. Həqiqətən həqləri də var. Zira millət yolunda böyük xidmətdir və millət qarşısında ehtirama layiqdirlər. Fəqət bəncə türkləri buraya gətirən “Müsavat”, ya sair bir firqə degil, türk ruhi, islam ruhi, türk qanıdır. Bən şahidəm ki, bu gəlmək 11 il əvvəl qət edilib. İstanbulda haman xəlillər, nurilər, vəhiblər birinci imkan bulduqda Qafqasiya islamlarını xilasə yügürtməgə Qurani-Şərif hüzurunda yəmin etmişdilər. Əhməd bəy də buna şahiddir. Şimdi onların adları məmləkətdə müşahidə olunan üsuzluq münasibətilə çəkiliyor. Fəqət biz təsdiq edəriz ki, bu fənalıqlara onlar bais olmamışlardır. Keçəlim mətləbə.

“İttihad” fraksiyonu tərəfindən verilmiş sorğu həqqində fikrimizi söylədik. Fəqət müzakirə əsnasında müxtəlif söhbətlər çıxdı. Hökuməti müdafiəyə qalxışan Məhəmməd Əmin həzrətləri kinayə ilə buyurdular ki, biz hökuməti dağıtmaq istiyoruz. Bu doğru degildir. Hökumətin lehinə və əleyhinə olanları aşkar etmək üçün uzun danışıq istər.

Sorğu məsələsinə gəlincə, iki cəhətə fikir verməlidir. Biri fəlsəfə cəhətidir ki, müharibə nəticəsində anarşi olub, aləm dağılıb, sərvət gedibdir. Bu doğru. Bunu təshih üçün bizim nazirlər degil, daha təcrübəli adamlar, hətta bütün millət çalışsa, yenə çətin düzələr. Bir də Məhəmməd Əmin həzrətləri buyurdular ki, köhnə hökumətin günah və nöqsanını tazə hökumətə istinad vermək olmaz. Bən deyə bilərdim ki, tazə də köhnənin mabədidir. Amma bunu da diyoruz, fəqət sorğu verməkdə bizim qəsdimiz hökuməti yıxmaq degil, başqa bir məsələdir. Hökumətin uçuruma doğru getdigini görərək sual etdik. Əgər hökumət desəydi ki, filan tədbiri görmüşük, biz dəxi qənaət hasil edərdik. Fəqət biz bunu görəmədik. Şimdi biz parlamandan sonki hökumət barəsində bir qədər danışmaq istiyoruz. Bu söylədiklərimiz bir həqiqətdir ki, arzu edilsə sübut gətirəriz. Türklər gedəndən sonra müşkülat çıxmışdır. Bunu etiraf edəriz. Lakin gedirkən əskər naminə toplanılan ərzaqı tulladı demək doğru degildir. Hər yerdə azuqə və sairlərini məmurlarımıza təslim etmişlərdir. Əhali də ərzaq şeylərini dağıtmamışdır. Alan da, toplayan da, satan da, dağıdan da məmurlarımız olmuşdur. Əcəba bundan hasil olan məbləğin 15 faizi hökumətə vüsul olmuşmu. Hökumət bir təşəbbüsdə bulunaraq malın nərədə olduğunu sordumu? Xeyr! Xainlər axtarılıb müqəssirlər tapıldımı? Əski hökumət zamanında qamçı ilə cəmaəti sıxanlar ehtikarla məşğul olanlar, yeni hökumət dövründə də öz işlərinə davam ediyorlar. Xainlərə qarşı yeni hökumət bir tədbir gördümü, bir məmuru əzl etdimi? Eybi örtmək üçün deyirlər müsəlman arasında düz adam yoxdur. Bu yalandır. Doğru isə məmləkətin dirilməsinə ümid qalmaz. Amma ümidimiz var, düz adam çoxdur. Hətta birinin yerinə 5 adam da tapılar. Quba, Qazax və Gəncəyi götürünüz. Sabiq məmurlar yenə haman hərəkətlərində baqidirlər. Cəmaət arasında fitnə-fəsad davam ediyor. Bunu sübut edəcək dəlillərimiz var. Keçəlim siyasi məsələlərə.

Bu barədə dəxi bir çox tədbirlər görməli idi. Görülməmişdir. Qonşularımız ilə hüsni-əlaqə peyda edilməmişdir. Daxili siyasətə gəlincə hökumət daxili işlərdə gərək əhaliyə istinad etsin. Millət gərək hökumətə etimad və etibar etsin. Böylə olmasa hökumət etmək olmaz. Vəz və əhvalı cəmaətə anlatmaq lazımdır. Hökumət adamları məmləkət daxilinə, cəmaət içinə gedib vəziyyətimizi xəlqə anladarsa, əhali nə halda olduğumuzu başa düşər. Hal-hazırda əskər cəm ediliyor. Hökumət cəmaətə qandırmalıdır ki, qoşunu nə üçün yığıyor, onda əhali xoşxallıq ilə gələr. Bu haman cəmaət degilmi ki, eşalonların qabağını kəsib 30.000 lər ilə soldatın silahını alıyordu, Bakı üzərinə müntəzəm qoşun kibi hücum ediyordu. Qubanın üstünə 8000 birdən yürüyordu. Cəmaətimiz əskərlikdən qaçan degil, ancaq onlara yaxşı idarə və nizam lazımdır. Bu nizamsızlıq nəticəsidir ki, əhali nifrət ediyor.

Daxildə əhval necədir?

Quba mahalında bir cərəyan var ki, Quba qəzası Dağıstana qoşulsun, Zaqatalada Gürcüstana qoşulmaq barəsində bəzi danışıqlar var. Qarabağda əski fənalıqlar davam ediyor. Sabiq hökumət buraya pul və adam göndərməgi qərarlaşdırmışdı, amma göndərilməmişdir. Neft, bez və sair barəsində burada çox danışıldı. Hökumət də cavabında suyi-istemallar olduğunu etiraf etdi. Ticarət və sənaye nəzarəti Sovet Syezdə təklif etmişdir ki, neftin bir əldən satılması üçün bir büro təşkil edilsin və satılan neftlərin həpsi büro vasitəsilə ixrac edilsin. İlk nəzərdə zahirən bu bir gözəl təşəbbüs kibi görünür. Həqiqətdə isə məzkur büro adi bir sindikat olub bir neçə böyük mədənçilərin nefti büro vasitəsilə satılıyor. Xırda neftçilərinki qəbul edilmiyor. Böyük mədənçilərin biri də bizim ticarət nazirimizdir. Büro təşkilindən bəri neftin pudu 10 manat 80 qəpik olmuşdur. Ondan əvvəl 5 manat idi. Deməli, bu 5 manat cəmaətin belinə gəliyor və bundan hasil olan 4 milyon (ayda) bir firmanın cibinə gediyor. Maşın yağının pudu 15 manatdan qaldırılmışdır 33 manata, bu da cəmaətdən çıxıyor. Hökumətin ticarət işlərindən xəbəri yoxsa, bu işə nə üçün müdaxilə ediyor. Ticarət işlərini biliyorsa bunun adını nə qoyur? Bən diyoram bu işdə bacarıqsızlıqdan başqa suyi-əməl dəxi görünüyor.

Sair məsələlərə keçdikdə deməliyəm ki, dövlətlilər əskər getmiyorlar. Rüşvət verib xilas oluyorlar, kasıblar, sahibsizlər əskər alınıyorlar. Bunlar da üsrətdə yaşadıqlarından naxoşlayıb qırılıyorlar. Doğrudur heç bir hökumət yoxdur ki, məmurlarının bəziləri rüşvət almasın, amma bizim sözümüz siyasətin əsasını qoyanlar və suyi-istemallara yer verənlərlədir. Böylə bir müşkül halda bu fəaliyyətsizligin önü alınmazsa əhval daha da fənalaşar. Bu fənalıqların önü son dərəcə fəaliyyət ilə alınmalıdır. Biz öz istiqlalımızı bu cür işləyənlərə verə bilmərik. Müqəddəratımız mətin və əzmkar əllərdə olmalıdır. Bu barədə bizə təminat versələr çox gözəl, verə bilməsələr desinlər özümüz tədbir görək. Bizim bu fikrimiz hökuməti yıxmağa bir suyi-qəsd kibi təbir edilərsə cavab verəriz ki, qənaət hasil edənədək fikrimizi yeridəcəgiz. Onun üçün açıq diyoruz: qərarımız da baqi qalıyor və bu hökumtə bel bağlamıyoruz. Ona inanmıyoruz.

Əgər hökumət təminat versə ki, siyasət dəgişəcək, cinayətdə, suyi-istemalda tutulan xidmətdən qovulacaq, məhkəməyə veriləcək, malı əlindən alınacaq, mühüm xəyanətdə tutulanlar hətta edam ediləcəklərdir, o halda biz hökumətə bel bağlarıq. Əks surətdə biz istiqlalımızı onlara tapşıra bilməriz və etimadımızı ona verməriz.

“Azərbaycan”, 14 fevral 1919, №114 

Mədyun - minnətdar
Bəyyun - aşkar, aydın
Vüsul - gəlib çatma
Üsrət - ehtiyac, çətinlik 

Azərbaycan Məclisi-Məbusanında 10-cu iclas Üçüncü gün

(Keçən nömrədən mabəd)

Əbilov İbrahim - (Sosialist) Möhtərəm məbus əfəndilər! Bəhs olunan sorğu məsələsində necə ki, xatirizdədir dün yoldaşımız Səməd ağanın işlətdigi bir neçə sözü mübahisəyi dəgişib başqa bir rəngə saldı. Yoldaşımızın sözü anlaşılmadan və əsl məsələnin ruhuna vaqif olmadan onun işlətdigi yalnız bir kəlmə türk sözünü alıb natiqlər şiddətli nitqlər söylədilər. Bu gün yoldaşımızın təkrar kürsiyi-xitabətə gəlib türklər həqqindəki fikrini vazeh bir surətdə söylədikdən sonra bən ümid edirdim ki, artıq bu xüsusda fəzlə danışılmayacaqdır. Çünki anlaşıldı ki, sosialist firqəsi türk sözünə, türk millətinə nə düşməndir, nə də onun əleyhinə danışan. Türkdən məqsəd türk üsuli-idarəsi, istibdadı və hökumət siyasətidir ki, bizim hökumətə də o ruhu vermiş olduğunu yoldaşımız söylədi. Zənn edərdim artıq bu barədə danışmaq lazım gəlməz. Fəqət Qara bəy cənabları türklər həqqində məddahlıq edərək türk milləti müqəddəsdir, deyə yenə uzun bir nitq söylədi. Bəli, əfəndilər! Türk milləti, türk füqərayi-kasibəsi bizcə müqəddəsdir. Və heç kəs böylə olduğunu inkar etməz. Fəqət bizim tənqid etdigimiz türk millətini zir zəminlərdə saxlayan hökumətdir ki, onu yıxmaq üçün Türkiyə füqərayi-kasibəsilə birləşib bərabər mübarizə etməgə hazırız. (Soldan alqışlar). Bundan anlaşılır ki, sosialistlər türklərə düşmən degildirlər. (Sədr: Natiq əfəndi sosialistlərin düşməni olduğunu heç kəs söyləmədi). Bəli, türk mübahisəsini buraxalım. Keçəlim əsl məsələyə. Bu məsələlər gərək sorğudan əvvəl müzakirə edilə idi.

Bu sorğu barəsində o yerlərə gedib işləri eynilə görmüş olan yoldaşlarımızın bəzilərinin bəyanatı sübutları daha da qüvvətləndiriyor. Demək sorğuda göstərilən nöqsanlar doğrudan da vardır. Hətta hökumət də öz cavabında bu nöqsanları rədd etmədi. Biz etiraf ediriz ki, nöqsan var. Fəqət zaman, məkan və əhval nəzərə alındıqda görülür ki, hökumətin dəgişməsilə bu nöqsanlar rəf olmaz. Əgər rəf ediləcək olsaydı əski hökumət dövründəki nöqsanlar şimdi yeni hökumət zamanında daha çox olmazdı. Bu surətlə heç kəs təmin edəmməz ki, bir yenisi gəlsə bundan daha fəna olmayacaqdır. Biz sosialistlər şəxsi degil, hökumətin əsas quruluşunu dəgişmək istəriz. Ona görə bizcə tezlik ilə Məclisi-Müəssisan çağrılmalıdır ki, əsasən bir əsl demokratik hökumət qurulsun. Fənalıqların qabağını ancaq bununla almaq olar. Bu hökumətin əsası puçdur.
Kəndlərdə çox böyük zülmlər oluyor. Bir yoldaşımız dedigi kibi məmurlar quldurları yanlarına alaraq füqərayi-kasibəni soyub talayırlar. Bir də Məhəmməd Əmin Rəsulzadə cənabları yoldaşımız Səməd ağanın Müsavata bir balaca toxunmasına cavabən söylədiyi nitqində Müsavatı müdafiə etməklə bərabər onun demokratik bir firqə olduğunu sübuta qalxışdılar və dedilər ki, kəndlərdə siyasi firqələr şöbələri açaraq bu vasitə ilə nöqsanların önünü almaq lazımdır. Şöbə açılsın. Amma məzkur şöbə əzasının hər gecə birisinin quldurlar vasitəsilə boğulub öldürülməyəcəginə əmindirmi?
 
Məhəmməd Əmin əsl demokrat olsaydı deməli idi ki, bu yolsuzluqların önünü almaq üçün o yerlərdə idarələr dəgişib demokratik üsul ilə zemstvolar açılsın və cəmaətin idarə və milisləri özlərinin inandıqları, tanıdıqları adamlardan olsun. İmdiki cəmaəti soyanlar tutulsunlar, o halda həqsizliklərin önü alınmış olardı. Lakin bunu demədi. Bən sözümü qurtarmaq üzrə diyoram ki, sorğu məsələsində nazirlərin cavabı bizi qane etmiyorsa da yenə biz böhran çıxarmaq tərəfdarı degiliz. Ancaq tazə bir əsas düzəltmək lazımdır ki, onu da yalnız Məclisi-Müəssisan qura bilər. Ona görə Məclisi-Müəssisan dəvətinədək parlamanda bu işlərə baxmaq, nəzarət etmək üçün bir komisyon təşkil edilsin. (Soldan alqış).

(5 dəqiqə tənəffüs elan olunur)

(Ardı var)

 





14.11.2016    çap et  çap et