525.Az

Mühacirət ədəbiyyatının təşəkkülü, problemləri, şəxsiyyətləri - III məqalə


 

“AZƏRBAYCAN MÜHACİRƏT ƏDƏBİYYATI” SİMPOZİUMUNUN 25 İLLİYİNƏ

Mühacirət ədəbiyyatının təşəkkülü, problemləri, şəxsiyyətləri - <b style="color:red">III məqalə</b>

LEGİON ƏDƏBİYYATI

Postcümhuriyyət dövrü Azərbaycan ədəbiyyatını tədqiq edərkən proletar ədəbiyyatı ilə yanaşı, milli, istiqlal ruhlu ədəbi-bədii nümunələrin də yazıldığını, lakin onların bu ədəbi prosesdə ya ədə-bi dövriyyəyə daxil olmadığını (sərt Sovet senzura şərtləri əsasında), ya da ayrı-ayrı sətiraltı, yaxud rəmzi mənalarda ifadə olunduğunu qeyd etmişdik.

Bolşevizmə qarşı yazılan və ya milli ruhlu, Azərbaycanın azadlıq, müstəqillik amalını yaşadan əsərlər isə əsasən ölkədən kənarda- mühacirətdə işıq üzü görürdü. 20-ci illərdə Gültəkin (Əmin Abid), Əhməd Cavad və Ümgülsümün Türkiyədə dərc olunan şeirləri, eləcə də Azərbaycan mühacirət mətbuatının nəşri (“Odlu yurd, “Yurd bilgisi”, “Qafqaziyə”, “Azərbaycan” və s.) bədii təfəkkürdəki bu mübarizə xəttini davam və inkişaf etdirməkdə mühüm rol oynayır. Sosrealizm arealında intişar tapmayan ideya və düşüncələr, həqiqətlər mühacirət mətbuatında və ədəbiyyatında bu və ya digər şəkildə öz ifadəsini tapırdı. Mühacirətdə yaranan ədəbi-bədii nümunələrinin mövzu və problematikasını, əsasən vətən, xalq, milli məfkurə, qürbətçilik, həsrət kimi duyğular, düşüncələr yer alırdı ki, bu da Azərbaycanın milli müstəqilliyi, azadlığı uğrunda mübarizəni sönməyə qoymurdu. Azadlığın, müstəqilliyin, milli ruhun Azərbaycan xalqının ideya-estetik, düşüncə-məfkurə yaddaşında yaşaması işində legion ədəbiyyatı da özünəməxsus yer tutur. Məhdud dairədə yaranmasına və yayılmasına rəğmən, legion ədəbiyyatı xalqı yenidən yaddaşına qaytardı; müstəqillikdən iyirmi il keçdikdən sonra xalqın azadlıq duyğularını inamla ifadə etdi, bolşevizmin əsarətinə, qadağalara, repressiyalara qarşı çıxdı. Bu cəhətdən Azərbaycan legion ədəbiyyatını siyasi mühacirət dünyagörüşünün bədii ifadəsi hesab etmək olar.

Legion ədəbiyyatı nədən mühacirət ədəbiyyatının bir qolu, parçası hesab edilməlidir? Hər şeydən əvvəl, legionçular da siyasi mühacirətin bir hissəsi kimi, Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparırdılar.

Zorən cəlb olunduqları müharibədə cəbhə dəyişdirərək iyirmi il əvvəl itirdikləri istiqlalı qazanmaq uğrunda çalışırdılar. Legion ədəbiyyatı da öz qidasını birbaşa siyasi mühacirətin nəzəri-ideoloji düşüncəsindən alırdı.

Bundan başqa legionluların içərisində 20-ci illər mühacirlərinin də bəzi nümayəndələri yer almışdı. Bütün bunlarla yanaşı, onlar vətəndən uzaqlarda bədii düşüncədə milli ruhu, istiqlal duyğusunu yaşatmaqla yanaşı, həm də mübarizə aparırdılar. Legion ədəbiyyatı Türkiyədə yaranan mühacirət ədəbiyyatı kimi, Azərbaycan dilində yazılır (bəzi hallarda alman dilində) və məhdud dairədə yayılırdı. Eyni zamanda, mühacirət ədəbiyyatı kimi, əsasən, “Azərbaycan ideya”sına xidmət edirdi.

Məsələ burasındadır ki, legionerlər mühacirətdən deyil, Sovet Azərbaycanından İkinci Dünya müharibəsinə getmişdilər. Yəni Sovet tərbiyə sistemindən çıxsalar da, vətəndən kənarda siyasi mühacirətin təsiri altında mübarizə aparırdılar. Tarixi və hərbi şərait onları mənsub olduqları cəbhəni dəyişdirmək zərurəti qarşısında qoymuşdur. Müharibənin ilk aylarından almanlara əsir düşən azərbaycanlıların yaratdıqları legionda ədəbiyyat həm də bir təbliğat vasitəsinə çevrilir. Azərbaycan legionerlərinin başçılarından olan F.Düdənginskinin verdiyi məlumatda deyilirdi: “Almaniya tərəfə keçən azəri türklərinin sayı 150 min, bütün türklərin və başqa qafqazlıların sayı isə milyona çatırdı”.  İkinci Dünya müharibəsi illərində əsir düşmüş əsgərlər (rus, gürcü, azərbaycanlı, tatar, başqırd, kumık, çeçen və başqa xalqların nümayəndələri) Almaniyada təşkil olunmuş legionlarda toplaşır, öz xalqlarını bolşevik əsarətindən qurtarmaq üçün səy göstərirdilər. Hərbi əsirlər arasında keçirilən mədəni kütləvi tədbirlər, aparılan təbli-ğatlar tezliklə bu hərbi əsirləri öz xalqlarının müstəqilliyi uğrunda mübarizəyə qoşur. SSRİ-də yaşayan xalqların dilində gündəlik verilişlərdə kommunist siyasəti və idarə edilməsi pislənilir, əsarətdə olan xalqlar müstəqilliyə hazırlanırdı.

Burada işləyənlərin bir çoxu 20-ci illərdə Avropaya köçmüş mühacirlərdən, bir hissəsi isə hərbi əsir düşmüş legionerlərdən ibarət idi. Atabəy, doktor Məmməd Alazan, Məmməd Tuqay, Fuad Əmircan, Məryəm xanım Hur, Zöhrabov Kəsəmənli, Məmməd Kərimov, Tofiq Orucəliyev, Şamil Əzizov, Zöhrə Rəhimbəyova və başqa müəlliflərin hazırladıqları materiallarda reportajlarda (bu materiallar Azərbaycan dilində dərc olunurdu) mühacirlər və hərbi əsirlər Vətən, xalq təəssübü yaşadılır, müstəqillik, tezliklə vətənə dönmək fikirləri aşılanır-dı. Müharibə dövründə “Milli Birlik”, “Türk birliyi” jurnalları, “Hücum”, “Azərbaycan” qəzetləri, “Bizim döyüş vərəqəsi”ndə dərc olunan materiallar, dövrünün bədii düşüncəsini qiymətləndirmək baxımından zəngin material verir.

Təkcə azərbaycanlıların deyil, qeyri millətlərin də əsir düşənlərinin çoxluğu almanları bir legion ətrafında birləşdirmənin zərurətinə inandırmış və legionlar təşkil olunmuşdu. Legionçuların təşkil olunmasında siyasi mühacirətin Sovetlərinin sonunun gəlib çatması və Azərbaycanın yenidən öz milli müstəqilliyinə qovuşması ideyası da mühüm iş görmüşdü. Az bir vaxtda təşkil olunan legionlar nəinki formalaşmağa, hətta döyüşlərdə uğur qazanmağa belə imkan tapmış, göstərdikləri şücaətə görə almanların orden və medallarına layiq görülmüşdü. Belə bir siyasi-ideoloji təşkilatlanmanın ardından legionçuların ədəbi, bədii düşüncəsinin yaranması tamamilə qanunauyğun idi və Azərbaycan legionçularının həm öz yaradıcılığında, həm də müxtəlif şairlərin (onların arasında Sovetlərdə yaşayanlar da var idi) əsərlərində öz ifadəsini tapırdı.

Azərbaycanın coğrafiyasından kənarda belə bir bədii düşüncənin yaranması milli ədəbi düşüncənin inkişafına bu və ya digər dərəcədə təkan verirdi. AMEA-nın müxbir üzvü N.Cəfərovun qeyd etdiyi kimi, “Azərbaycan Sovet ədəbiyyatının çiçəkləndiyi dövrdə belə onun geniş mənada coğrafiyasından kənarda milli ideallardan doğan Azərbaycan Xalq Cümhuriyyəti dövrünün bilavasitə varisi olan ədəbiyyat da yaranmışdır”. Bir mərhələ kimi səciyyələndirdiyimiz xammal şəklində olan bu ədəbi materialları ədəbi dövriyyəyə daxil etməklə ədəbi-bədii fikrin bütövləşməsinə şərait yaranır. Onsuz da çərçivəli, ziqzaqlı bir inkişaf yolu keçən “Sovet” ədəbiyyatının ayrı-ayrı mərhələlərində görünən boşluqlar sosrealizm metodunun prinsiplərindən kənarda yaranan ədəbi-bədii məhsullar (bədii keyfiyyəti və ideya, poetika məsələləri başqa bir söhbətin mövzusudur) hesabına nə vaxtsa bərpa olunmalıydı...

Ayrı-ayrı areallarda, fərqli siyasi şərtlər daxilində meydana gəlsə də, bu nümunələr bütövlükdə XX əsr ədəbi-bədii fikrinin inkişaf mərhələlərini tamamlamış olur. Sovet senzurasının ağır məngə-nəsindən süzülüb çıxmayan və yaxud rejimin xofundan əksər hallarda elə bələkdəcə boğulan, sənətkarın qəlbində qalan, sənətə çevrilməyən duyğu və düşüncələr bu və ya digər şəkildə legion ədəbiyyatında üzə çıxır.  Bu nümunələr legion həyatı yaşamış, özlərini ictimai mücadilənin mərkəzində hiss etmiş, Vətəni yadlardan xilas etmək haqqında düşünmüş vətənpərvərləri ürək döyüntüləri, könül çırpıntıları olmaqla yanaşı, həm də xalqın, millətin ictimai ideallarının ifadəsidir. Bu cəhətdən də legion ədəbiyyatı mühacirət ədəbiyyatının bir qolunu təşkil edir. Vətən, Ana, Torpaq, Azadlıq, Müstəqillik, milli şüur və düşüncə və s. kimi ictimai ideallar həm mühacirət, həm də legion yaradıcılığından qırmızı xətt kimi keçir.

Azərbaycan legionçuları içərisində A.Bulaq, Alptəkin, Atilla, Leg. Avaylı, legionçu Bəxtiyarlı, legionçu Daşqın, legionçu Dəniz, D.R. Elxan, legionçu Ə.Camal, legionçu Əhmədov K., legionçu Ə.Xaspoladov, legionçu Əliş M., legionçu Gəncəli, Gülbaz, Gültəkin, H.Azəri, H.Əli, H.İşıqlı, H.İ. leg. İsmail, Hüseynoğlu, leg, Kərim, leg, Qafarlı, leg. Q.Şirvan, legionçu Qürbətzadə, M.Baha, legionçu Məmədvəli, legionçu Miryaqub, legionçu Miri, legionçu M.Teymur, legionçu Münzəri və başqa poeziya, Şuşalı, legionçu Avaylı, legionçu Həmidov S.Z.,Yaşar Elçin, R.Vulqan, H.B. Hərdən-Birdən, Hərdənbirçi, N.Xaspolad və başqa bədii nəsr, felyeton və məqalələr sahəsində fəa-liyyət göstərirdi. Bu imzalar içində gizli imzalar da var idi.
Ancaq Almaniyada azərbaycanlıların dərc etdiyi jurnal, qəzet və döyüş vərəqələrində dərc olunan bədii əsərlərin hamısını legionerlərin şəxsi yaradıcılıqlarının məhsulu hesab etmək olmaz. Çünki burada legioner həyatı yaşamayan Gültəkinin, Alptəkinin, Əhməd Cavadın, Almas İldırımın şeirləri də çap olunurdu. Görünür, yüksək bədii, vətənpərvərlik ruhunu aşılayan poetik nümunələrin az olmağından idi ki (müəlliflərin arasında peşəkarlar o qədər də çox olmamasını yada salaq), hətta Sovet şairlərinin yaradıcılığına belə istinadlar edilirdi. Qəzet saylarında verilən elanlar da bunu sübut edir: “Azərbaycan yazıçılarından Hüseyn Cavid, Əhməd Cavad, Cəfər Cabbarlı, Mikayıl Müşfiq, Səməd Vurğun, Məmməd Rahim və di-gərlərinin əsərlərini əzbərdən bilən bütün azəri türklərindən bildiklərini yazıb redaksiyamıza göndərmələrini arzu edirik. Müəyyən əsəri (məsələn, “İblis”, “Vaqif”) bütünlüklə yazıb göndərənə mükafat veriləcəkdir”.

Bütün bunlar həm də onu göstərir ki, Azərbaycan Sovet şairləri kimi tanınmalarına rəğmən, bir çox şairlərin milli ruhlu vətənpərvərlik şeirləri legion ədəbiyyatı ilə səsləşdiyindən (milli ruhu reallıqla ifadə etdiyindən!), istər-istəməz, onların yaradıcılığına da müraciət olunurdu. Bununla yanaşı, legion yazarlar gənc olduqlarını nəzərə almış olsaq, müharibəyə gedərkən Ə.Cavad, H.Cavid, C.Cabbarlı, S.Vurğun və başqa şairlərin yaradıcılığından bədii-estetik tərbiyə aldıqlarını aydın görmək olar.

Azərbaycan legion ədəbiyyatında poeziya aparıcı janr olaraq diqqəti çəkir. Bu poetik nümunələrdən yalnız biri poema (“Gülərin göz yaşları”), qalanları isə müxtəlif formalı şeirlərdən ibarətdir. Bunlar içərisində həm hecada, həm də sərbəstdə olan şeirlərə rast gəlmək mümkündür. Legion həyatı yaşayanların yaradıcılığının baş mövzusunu isə Azərbaycanın müstəqilliyi, tezliklə işğaldan azad olmasına inam hissi tutur. Bu cəhətdən Alptəkinin “Biz və mücadiləmiz”, Gültəkinin “Moskva” şeirlərinin dərc olunması legionerlərin poeziyada da varislik ənənələrini yaşatmalarını göstərir.

Yayılır
mücadiləmiz
getdikcə dərinə

Baxdıqca gözlərimiz
İstiqlal şəhidlərinə
Yayılır mücadiləmiz
Qızıl Moskvanın
Qanlı üfüqlərinə
Bir qorxu
bilməyən
Hürr azəriləriz
Könlümüzdə dalğalanır
Dalğalı bir dəniz
Getdikcə alovlanır
İstiqlal mücadiləmiz.

Legion həyatında yaranan əsərlərin əksəriyyəti Ana, Vətən, Millət üçlüyünü özündə ehtiva edir; bu məfhumların bir-birindən ayrı olmadığını dönə-dönə poeziyanın əsas mövzusuna çevirirdilər. Bu şeirlərdə ana məhəbbəti ilə vətən məhəbbəti bir tutulurdu. Müəlliflərin düşüncəsinə görə Ana məhəbbəti ilə vətən məhəbbəti arasındakı birlik döyüş meydanındakı azəri türk ümumi döyüşçüləri-nin düşmənə saldırdıqları birliyə oxşamalıdır. Yadda saxlamaq lazımdır ki, Vətəni qorumayan hər hansı bir döyüşçü, deməli, anasını qorumur. Vətən hissi olmayan bir insanda, deməli ana hissi də yoxdur. Ana və Vətən sevgisi üzərində hakimlik edən bir sevgi də vardır ki, o da millət sevgisidir. Leg Ə.Xaspoladov istiqlal uğrunda canından keçən legionerlərin ana yurdu ilə görüşünə inamını belə ifadə edir:

Mən ayrıldım bir axşam ən vəfalı yarımdan,
Turaclı günlərimdən, marallı dağlarımdan.
And içmişəm, hazıram uğrunda verməyə can,

Qoy düşmənlər sanmasın məni kimsəsiz və tək,
Bir gün, ey ana yurdum, sənlə görüşəm gərək.
Bir bolşevik kabusu qapılarkən torpağıma,
Ucaltdım göylərə mən üçrəngli bayrağımı.
Uçan quşlar aparır Vətənə sorağımı,
Zəfər bizim olacaq - buna əmindir ürək,
Bir gün, ey ana yurdum, sənlə görüşəm gərək.

Əsəd Eldostunun “Görəcəkmiyəm”, “Vətən”, “Mən vətənin, vətən mənim” şeirlərində həyəcanla çırpınan vətən üçün döyünür, “Ey sevimli Və-tən, ey Azərbaycan. Bir daha üzünü görəcəkmiyəm” deyə sual edir. Lakin lirik qəhrəmanın ən böyük dərdi vətəni azad görməkdir:

Bir təbii böyük fəlakətdə - sən,
Bir yaz içindəsən, məlamətdə - sən,
Cəllad əlində sən, bir afətdə sən.
Səni azad, sevinc görəcəkmiyəm?

Legionçular arasında iki şairin imzası ədəbi ictimaiyyətə daha yaxşı məlumdur; bunlardan biri “Qürbətzadə” imzası ilə yazan məşhur qəhrəman Mehdi Hüseynzadə, digəri isə “Daşqın” və “Aşıq Məzahir” təxəllüsləri ilə yazan Borsunlu Məzahir Daşqındır. Hər ikisi legionda təşviqat və təbliğat işləri ilə məşhur olmuş, şeirlər çap etdirmişdir. Sonralar M.Hüseynzadə Sovet İttifaqı Qəhrəmanı adı almış, M.Daşqın isə vətənə qayıtdıqdan sonra Sibirə sürgün olunmuşdur. Sürgündən vətənə qayıdan şair xalq arasında populyar şeirləri ilə tanınmış, şeir kitabları nəşr edilmişdir.

Legionçu Qürbətzadənin Almaniyada dərc olunan “Yar gəlir dedim” (aşıqvari), “Görən olaydı”, “Deyiniz sevgilimə”, “Mənim” (aşıqvari bir təcnis), “Dəli ceyran”, “Adriya sahillərində” və s. şeirlərində vətəndən uzaqlarda keçirdiyi hissləri, düşüncələri qələmə alır: “sabahın səhər yeli əsəndə”, “bəyaz üfüq al qana bulananda”, “pərvanələr başına dolananda” nazlı yarını xatırlayır, sevgilisinə üz tutur, onun qəbri üstə gül qoyan zamanda təsəvvürünə gətirir. Adriya sahillərinin gözəlliyi belə onu çəkmir, çünki keçdiyi yollar onu yormuş, vətəndən, Xəzərdən, sevgilisindən uzaq düşmüşdür.

Gecə ay üzünə salırkən işıq,
Dalğalı suyuna verir yaraşıq.
Burax bu qəmzəni olmaram aşiq,
Çünki o Kaspinin vurğunuyam mən.

Bütün varlığımla onun varıyam,
Müqəddəs eşqinin səcdəgarıyam.
Yazıq ki, halım yox gəzəm, arayam,
Keçdiyim yolların vurğunuyam mən.

“Daşqın” və “Aşıq Məzahir” təxəllüsü ilə yazan M.Axundov legion həyatında yaxından iştirak etmişdir. Müharibəyə qədər xalq arasında aşıq kimi tanınmış, Azərbaycan Yazıçılar İttifaqının Gəncə filialının aşıq şöbəsinə rəhbərlik etmiş (1939), müharibəyə çağırılmış (1941), Kalukiyada Arzgir şəhəri yaxınlığında əsir düşmüşdür (1942). Müxtəlif əsir düşərgələrində olan M.Daşqın Azərbaycan legionçularına qoşulmuşdur (1943). O, burada dərc olunan “Azərbaycan” qəzetində müxbir kimi fəaliyyət göstərmişdir. Berlində keçirilən AXC-nin 25 illiyinə həsr olunmuş yubileyində rəhbərlik etdiyi musiqi taqımı konsert proqramı ilə çıxış etmişdir. M.Daşqın legionda gördüyü işlərə görə III dərəcəli bürünc medalın və alman ordusunun feldfebel rütbəsini alır. Legion həyatı boyu yazdığı şeirlər Almaniya və İtaliyada legionların qəzetlərində dərc olunur.

“Gözəl qız”, “Vətən qəhrəmanına”, “Şahlar”, “Göygöl”, “Dağlar”,”Könül nəğməsi”, “Aşiqiyəm mən”, “Təbriz” və s. şeirlərində vətəni, onun təbiətini, tarixi keçmişini vəsf edir. Bəzən lirik ricətlərlə, bəzən isə tarixə müraciətlə şair vətəni dardan qurtarmağın yollarını arayır, “dəmir qollu”, “polad sinəli”, “fil qüvvətli” qəhrəmanlara üz tutur, Cavad xanın düşmənə baş əymədiyini və son döyüşdə “Vətən”, “Millət” deyə qəhrəmanlıqla həlak olduğunu ifadə edir və “el uğrunda”, “haqq yolunda canlarından keçənləri “tarixi vərəqləməyə, ürəklərdə yanan atəşi alovlandırmağa çağırır:

Batan günəş qəhrəmanım! Yenə Şərqdən doğacaqdı,
Əqrəb kimi qaranlığı yurdumuzdan qovacaqdır.
Heç bir zaman qul olmağa məhkum etməz ....
Almalıyıq, alacayıq qılınc ilə haqqımızı!

Azərbaycan şairlərindən Ə.Cavadın, S.Vurğunun vətəndə Göygölə həsr etdikləri şeirlə yanaşı, M.Daşqının “Göygöl” şeiri də XX əsr Azərbaycan poeziyasında xüsusi yer tutur. Vətəndən çox-çox uzaqlarda əsirlikdə olan M.Daşqın Göygölü də daim “kədərli, başı dumanlı”, “halı pərişan” görür:

Ayna camalına baxdıqca Kəpəz,
Yağışı, çiskini əskik eyləməz.
Küskün işıq kibi dinməz-söyləməz,
Axır gözlərindən sellərin, Göygöl.

Qoşqarın başından əksilmir duman,
Demir səbəbini çox olmuş şoran.
Nə hicran olaydı, nə fəsli xəzan,
Nobahar keçəydi illərim, Göygöl.

Murovda görünən qırov qarıdır,
Boranlı qışların yadigarıdır.
Sən çəkən elinmi ahu-zarıdır,
Niyə pərişandı halların, Göygöl?

Leg. Dənizin, leg. Ə.Camalın, leg. Əlişin, leg. Gəncəlinin, H.İşıqlının, Zəfər A-nın, Şuşalının, Şahzadənin, S.Təkinin, R.U.Ümidin, leg, Sürgünün, Sənanın, legionçu Yıldırımın, leg, Ucadağlının, legionçu Miskinin, M.Rahimin və başqa şeirlərində vətən məhəbbəti, yurd həsrəti, qəriblik, tezliklə vətəni azad edib ona qovuşmaq həsrəti təsvir olunur. Xarakterik cəhət budur ki, bu şeirlər cümhuriyyət dövrü poeziyasının yolunu davam etdirir, onun qanuni varisi kimi çıxış edərək azadlığa, müstəqilliyə, milli bayrağa həsr edilir. Bu le-gionçuların öz yaradıcılığında siyasi-ictimai motivi yaşatması, mübarizəni ictimai, milli azadlıq müstəvisinə keçirməsi deməkdir. Leg. Məmmədin şeirində olduğu kimi:

Vuruşaq uğrunda, keçək bir candan,
Türk oğlu qorxmasın bir damla qandan.
Qovulsun düşmənlər Azər yurdumdan,
Taxmalıyıq sənə orda, bayrağım.

Legion poeziyasında poetik düşüncələrlə yanaşı, siyasi motivlərin də bu qədər geniş inikası, hər şeydən əvvəl, xaricdə Azərbaycanın siyasi mühacirətinin təşəkkülündən və legionçuların siyasi mühacirlərlə müntəzəm əlaqə saxlaması nəticəsində öz fəaliyyətlərini bu istiqamətdə qurmalarından irəli gəlirdi. Bu cəhətdən M.Ə.Rəsulzadənin Almaniyada siyasi mühacirətin təşəkkülündə və legionçuların bu prosesə qoşulmasında göstərdiyi səyləri xüsusi qeyd etmək lazım gəlir.

Legionçular öz yaradıcılığında yalnız poetik formalardan istifadə etmir, nəsr əsərləri, felyetonlar, məqalələr də yazır, rəsm və karikaturalar çəkirdilər. Poetik formadan ona görə geniş istifadə olunurdu ki, poeziya bu zaman populyar olmaqla yanaşı, kiçik həcmdə böyük mətləblər, duyğu və düşüncələr ifadə etmək mümkün idi. Şeir forma-sının populyarlığı, ağızdan-ağıza düşməsi də bu formaya müraciəti artırırdı. Bununla yanaşı, dərc olunan qəzetlərin, vərəqələrin həcminin kiçik olması da bu janrın inkişafına təkan verirdi.

Buna baxmayaraq, Şuşalının “Azərbaycan adlı bir ölkə var”, “Hansı yaxşıdır”, leg. Avaylının “Haş dva o dayte”, leg. Tağıyev, Məmmədzadə, Əliyevin “Günahsız qurbanlar”, leg. Həmidovun “Qurban bayramını necə keçirdik”, R.Vulqanın “Bahar çiçəkləri içərisində”, H.B.-nin “Mədəni inqilab üçün hərbi əmr”, “Hərdən birdənin “ayparalı rus-lar, yaxud xaçlı müsəlmanlar”, “Şair olub gəlmişəm”, Hərdənbirçinin “Bakı haradadır?”, “Dərvişlik”, “Purduq”, “Həm hərdən, həm də birdən”, hekayə, məqalə və felyetonları, N.Xaspoladın “İkimiz” povesti, eləcə də “Molla Nəsrəddin” ənənəsini yaşadan məzmunlu karikaturalar legion ədəbiyyatının çoxjanrlı və müxtəlif formalı olduğunu təsdiq edir. Bu əsərlərin çoxunda Odlar ölkəsinin tarixi keçmişi, bu günü, təbiəti təsvir obyekti olur, azadlıq uğrunda apardığı mübarizə-si təqdir olunur. Vətəndə Qurban bayramı rəsmən yasaq olduğu bir za-manda legionçular bu bayramı adət-ənənənin tələb etdiyi kimi keçiri-rdi: “Bundan sonra molla Əliyev Qurban bayramı haqqında çıxış edə-rək bolşeviklərin din əleyhinə apardıqları alçaq təqibləri qeyd et-di. Sonra şair Daşqın çıxış edərək almanlarla azəri türklərinin aparılan mübarizədə qalibiyyət əldə etməklə bərabər hər bir vətən övladının öz andına sadiq olmasını tövsiyə etdi.

Üçrəngli yaşıl bayrağın altında vətənə doğru dönməyi və gözləri yaşlı Azərə, sevgisi olan istiqlalı aparmanı ən müqəddəs vəzifə sandı. Daşqın sözünü aşağıdakı cümlələrlə bitirib dedi: - Gələcək Qurban bayramını azad Azərbaycanımızda, ana və bacılarımızın iştirakı ilə keçirməyimizi böyük Allahdan nəsib etsin”.

Müəllif H.B.-nin “28, 28” yazısında (bunu esse adlandırmaq daha doğru olardı) 28 mayla 28 aprel müqayisə edilir və 28 mayın tariximizin xalqımız üçün müqəddəs bir gün olduğunu bildirir: “28 may! Biz sənə məftunuq, ey böyük gün. Sən bahar günəşi altında parladın. Səni biz bütün tariximizin ilk bahar müjdəçisi kimi alqışladıq. Səndə işıqla istiqlalımızın ay-ulduzlu bayrağını yüksəltdik”.

Ah, günlər, günlər,
Biriniz bizi yüksəldirkən, digəriniz alçaltdınız.
Eşq olsun sənə, 28 may,
Nifrət sənə, 28 aprel!
Ah, may, ah aprel!
Baxıb təsəlli tapıram.
Zira apreldən sonra may gəlir.

Ümumiyyətlə, XX əsr ədəbi-bədii fikir tariximizdə özünəməxsus yeri olan bu nümunələr həm bədii, ictimai-siyasi, həm də ideoloji baxımdan əhəmiyyətli olduğu üçün bu əsərləri ədəbi-bədii fikir dövriyyəsinə daxil etməyin və mühacirət ədəbiyyatı kontekstində kompleks şəkildə araşdırmağın zamanı çatmışdır.

 





14.11.2016    çap et  çap et