525.Az

“Lujin müdafiəsi” - Ramil Əhməd İstanbuldan yazır


 

“Lujin müdafiəsi” - <b style="color:red">Ramil Əhməd İstanbuldan yazır</b>

Nabokov mətnləri ilə yanaşı həm də qeyri-adi maraqları sayəsində diqqəti ən çox üzərinə çəkən yazıçılardan biridir.

Onun kəpənək sevdalısı olduğu bir çox oxucularına agah olsa da, yazıçının böyük şahmat həvəskarı olması və bir şahmatçının həyatından bəhs edən “Lujin müdafiəsi” romanının olması barədə az adam məlumatlıdır. Çünki ilk qələm təcrübələrindən hesab olunan bu roman 1929-cu ildə yazılıb və ironik yanaşmalar, obrazlar sisteminə görə klassik Nabokov romanı deyə düşünsək də, əsər üslub, manera baxımından onun sonrakı əsərlərindən fərqlənir. Romanın adı şahmat strategiyasında “Fransız müdafiəsi”, “Petrov müdafiəsi”,”Alyoxin müdafiəsi”,”Sicilya müdafiəsi”ni xatırladır. Düzü Lujinin kəşf etdiyi müdafiə taktikasının nə olduğu məni həyəcanlandırırdı. Həm də ona görə ki, Nabokovun şahmatın nəzəri məsələləri üzərinə düşündüyünü, müəyyən şahmat məsələləri yaratdığını, qəzetlər üçün şahmat diyaqramları hazırladığını bilirdim və yaxşı bilirdim ki, əgər romanda belə bir fənd varsa, heç şübhəsiz bunu “Nabokov müdafiəsi” adlandıra bilərik. Ancaq romanın sonlarına yaxınlaşdıqca başa düşdüm ki, bu ad da sadəcə Nabokovun növbəti oyunlarından biridir. Əslində, roman Lujinin həyat, ailə, məktəb, qadın, dost, şahmat qarşısında müdafiə taktikasını tapa bilməməyindən bəhs edir.

Lujinin uşaqlığından intiharına qədər uzanan bu romanda onun bir gün şahmatçı olacağı barədə heç bir işarə olmur. Onun böyüyəndə hansı peşənin sahibi olacağı barədə valideynləri ciddi narahatdı. Lujin hər məktəb ən az bir dənə olan  ən sakit, heç kəslə qaynayıb qarışmayan, həmişə ələ salınan şagirdidir. Onun şahmatla tanışlığı atasına bağışlanan şahmat lövhəsiylə olur. Bu oyunu isə ona bibisi öyrədir. Atası və bibisi mübahisə etdiyi üçün bibisini bir daha onların evində görmür. Belə olduqda Lujin məktəbdən qaçıb onlara gedir. Ancaq qısa müddət sonra başa düşür ki, bibisinin şahmat barədə bilgiləri, bacarığı yetərli deyil. Beləcə, otağına qapanaraq gizlicə şahmat dərgiləri oxumağa başlayır. Onun gizli istedadını da atası kəşf edir. Bütün partiyalarda oğluna uduzduqdan sonra onun istedadını yoxlamaq üçün kənd həkimini evə dəvət edib oğlu ilə şahmat oynamasını istəyir.... Beləcə, Lujinin şəhər-şəhər gəzib şahmat turnirlərində iştirak etməyə, şəkilləri jurnalları bəzəməyə başlayır...

Stefan Şvayqın “Şahmat” novellasından fərqli olaraq “Lujin müdafiəsi”ndə bu oyunun mətnin üslubuna yayıldığını görürük. Mətndə zaman dəyişimləri, xarakterlərin iç dünyaları, süjetin inkişafı şahmat fiqurlarının hərəkətini xatırladır. Özəlliklə məktəblərdə kitabları rəğbətlə qarşılanan atasının oğlunun həyatı, şahmat barəsində yazmaq istədiyi və mətndə oğlunu ara-sıra ona baş çəkən, suallara qısa şəkildə cavab verən, gözlərini qıyaraq bir müddət sakit oturan və sonra pəncərənin önünə içərisində pul olan zərfi qoyaraq gedən adam kimi təsvir etməyəcəyini, onu gənc yaşda öldürəcəyini planladığı “Qambit” povestində oğlu Lujinlə, mətndərki Lujinin şahmat fiqurları kimi birinin ağ, digərinin qara olması və heç vaxt bu povesti yazıb bitirə bilməməsi....

Lujinin qarşısına çıxan mühüm yol ayrıcından biri şahmatdırsa, digəri sevgidir. Karyerasının önəmli partiyasını oynamaq üçün İtaliyaya gələn Lujin bir qadına aşiq olur. Ən güclü və son rəqibi olan Turati ilə arasındakı oyundan sonra onun halı pisləşir. Turati və Lujin hər ikisi yeniliyi sevən şahmatçılardır. Hər ikisinin bütün rəqiblərini mat etmələrinin sirri gözlənilməz həmlələri, gedişləri ilə qarşısındakı oyunçunun bütün hazırlıqlarını boşa getməsinə nail olmaqdır. Lujin Turatiyə qarşı müdafiə taktikası qursa da, rəqibi bu dəfə gözlənilən həmləni deyil, sıradan klassik gedişlər edir. Lujin buna sevinsə də, bir tərəfdən də təşviş içindədir: bəlkə, Turatinin nəsə aldadıcı planı var? Karyerasının ən maraqlı partiyası fasilə səbəbindən yarıda qalır, ondan sonra isə Lujin şahmat oyunlarına qatıla bilmir. Bu yarıda qalmış oyuna baxan ekspertlər isə hansı oyunçunun üstün vəziyyətdə olduğunu deməkdə çətinlik çəkirlər.

Nataliaya verdiyi sözə görə o bir də heç vaxt şahmat oynamayacaq. Qadın ərinin yadına şahmatı sala biləcək hər şeydən uzaq tutur, onunla kiminsə şahmat barəsində danışmağına mane olur. Qəzetlərin şahmat xəbərlərini kəsmək istəsə də, Lujinin qəlbinə dəyməkdən qorxur. Beləcə qəzet səhifələrində şahmat məsələləri verilmiş səhifələr onu yenidən şahmata tərəf getməsinə səbəb olur, yenidən Turati ilə yarımçıq qalmış oyunu düşünməyə başlayır.

Nabokov onun obrazlarına freydist yanaşmanın həmişə əleyhinə olmuş, zaman-zaman tənqidçiləri belə təhlillərə görə ələ salmışdı. O, bu cür yanaşmalara fikrini romana yazdığı ön sözlərin birində açıqlayır:

“Son zamanlarda rusca romanlarımın ingilscə nəşrlərinə yazdığım “ön söz”lərdə Viyana qrupunu ürəkləndirəcək bir-iki kəlmə deməyi özümə borc bildim. Bu ön söz də istisna olmayacaq. Psixoanalistlər və psixanalizin qəzəbinə düçar olanlar ümid edirəm ki, Lujinin əsəb pozğunluğundan sonra aldığı müalicənin detallarından - məsələn, bir şahmatçının kraliçada (vəzirin ingiliscədəki qarşılığı - R.Ə) anasını və rəqibinin şahında da atasını gördüyünə dair şəfaverici eyhamlardan razı qalacaqlar. Və bir freydçi şübhəsiz qəhrəmanlarımı ata-anamın, sevgililərimin və müxtəlif kimliklərimin obrazlaşdırılması kimi qələmə verəcəklər. Bu cür xəfiyələrin ağzına bir barmaq bal olsun deyə etiraf edirəm ki, Lujinə fransız mürəbbiyəmi, cib şahmatımı, soyuqqanlılığımı və divarlarla əhatələnmiş bağımdan dərdiyim şaftalanın çəyirdəyini verdim”.

Lujinin sarsıntılardan, bu qarma-qarışıq oyundan qurtulmağın bircə çarəsi olduğunu düşünür. Özünü evin pəncərəsindən aşağıya atmaq onun həyat oyununda etdiyi sonucu həmlə idi... Həyat və şahmat arasında çox paralellər aparmaq, qarşılaşdırmalar, müqayisələr mümkündür. Ancaq ən ciddi fərqlərdən biri budur ki, “intihar” oyununda revanş olmur...

 





14.11.2016    çap et  çap et