525.Az

“Mənim universitetlərim” (İkinci yazı)


 

“Mənim universitetlərim”<b style="color:red"> (İkinci yazı)</b>

(Yaddaşımın küncündən...)

[email protected]

...İndi haqq dünyasında olan korrektorumuz Zahid Kazımov məni görəndə sanki gözünə işıq gəldi, amma bunun nə ilə əlaqədar olduğunu dərhal dilə gətirmədi, qaş-gözlə redaktorun, yəni Cəmil Əlibəyovun növbətçi redaktor otağında olduğunu bildirdi və... gözlədi.

Otaqda redaktor tək idi, stulun söykənəcəyinə yayxanıb fikrə dalmışdı. Stolun üstündə isə “Kommunist”in növbəti nömrəsinin hansısa səhifəsinin surət-çıxarışı, eynək və qələm vardı. Birgə işimizin ilk vaxtları, yəni 88-ci ilin noyabr ayı idi. Məsul katib olaraq altı aydan çoxudu ki, bu rejimdə işləyirdim – təxminən saat 6-da redaksiyanı tərk edir, nömrəyə qoyulası ən son materiallarla “Kommunist” (indiki “Azərbaycan”) nəşriyyatının mətbəəsinə gəlir və burada qəzetin növbəti nömrəsinə az-çox dərəcədə real (bəzən də son) görkəm verəndən sonra nömrənin taleyini növbətçi redaktorun öhdəsinə buraxıb təxminən axşam 10-11 radələrində evə yollanırdım. Çətin zamanlar idi, başqa cür işləmək mümkün deyildi...

“Mənə borc deyil!..”. Birgə işimizin həmin ilk çağlarında redaktordan daha çox eşitdiyim kəlmələr bunlar olurdu. Bir çox hallarda bu sözləri deyərkən onun haqsızlığını da təbii qəbul edirdim – müdir işçiylə yola getmədiyini və ya yola getmək istəmədiyini bu şəkildə büruzə verir – mən bunu sonralar, başqalarının təcrübəsinə əsasən dərk elədim...

Salam verib özündən sonra, başqa sözlə, gec gəlməyimin səbəbini açıqladım və hansısa xüsusi göstərişinin olub-olmamasıyla maraqlandım. Nəsə ayrı bir şey barədə düşünməsinin xeyrini gördüm: salamımı alandan sonra: “O oğlana hər şeyi demişəm” – deyə sol əliylə qapıya, yəni korrektorlar otağına tərəf işarə elədi. Çöldə, qapının ağzındaca dayanmışdı Zahid.

“Nə olub” – deyə soruşmağıma bənd imiş, işarə elədi ki, korrektorlar otağına keçək, orada hər şey aydın olar...

Birinci səhifənin surət-çıxarışını stolun üstünə sərəndə gördüyüm mənzərə məni də heyrətə gətirdi: səhifənin kənarındakı ağ sahələr Sov.İKP MK-nın baş katibi Mixail Qorbaçovun növbəti məruzəsinin “düzəliş” mətniylə dolu idi. Zahid astaca bütün bu düzəlişlərin orijinaldan kənar olduğunu söyləyəndə maraq mənə güc gəldi, redaktorun bir neçə “düzəliş”ini oxuyanda, düzü, matım-qutum qorudu: bunlar tamam ayrı məna verən sözlər və sözbirləşmələri, cümlələr idi. Sevindim: hey mənə irad bildirən redaktora nəsə demək növbəsi mənə çatmışdı...

“Cəmil müəllim, bu düzəlişlər orijinaldan kənar şeylərdir, mətnə xələl gətirir...” – deməyim özümə qaldı.

Cəmil müəllim baltanı kökündən vurdu: “Kənddə nənəm heylə danışmır” – deyə “düzəliş” verdiyi cümlələri göstərdi.

Mənim də tərs damarım tutmuşdu: “Axı bu, siyasət dilidir, diplomatiya dilidir. Burda bircə sözün yerini dəyişməklə bütöv məna dəyişilmiş olur...”.

Dedi: “Lap yaxşı! Onda bu cümləyə nə deyəssən – “Əlyazmaları yanmır”? Məgər azərbaycancada belə ifadə var? Ruscada “Letopisi ne qoryat”, azərbaycancada buna “Yazıya pozu yoxdur” deyərlər...”.

Cəmil müəllimin daha bir neçə “düzəliş”lə bağlı izahatından sonra korrektorlar otağına qayıtdım, bütün “düzəliş”ləri təzədən bir də oxuyub mahiyyətinə varıb təxminən yarısını olduğutək, daha bir neçəsini isə müəyyən redaktəylə qəbul edəsi oldum...

Ertəsi gün tərcümənin müəllifləri – Azərinformun (indiki AzərTAc-ın) əməkdaşları bir-birinin ardınca zəng vurdular, düzəlişlərin nədən irəli gəldiyini və kim tərəfindən edildiyini soruşdular. “Baiskar”ın Cəmil Əlibəyov olduğunu biləndə zildən bəmə endilər, sonrakı günlərdə tərcümə materiallarında daha diqqətli oldular (Yeri gəlmişkən, indiyəcən eləcə “Əlyazmaları yanmır”, bunu “Yazıya pozu yoxdur”la əvəz eləməyə isə bir kimsə risk eləmir...).

Bu, Cəmil müəllimin dil ilə bağlı birinci dərsi oldu mənə.

lll

Növbəti dərs, gərək ki, bölgə müxbirlərindən birinin “iqtisadiyyata partiya rəhbərliyi” ilə bağlı hesabatından, təxminən “İndi durub buna nə deyəsən?!” tipli cümləylə bağlı oldu. Cəmil müəllim: “Malı mala qatmazlar” – deyib, həmin cümlənin üstündən qalın bir xətt çəkdi, sual dolu nəzərlərimə: “Bu, ayrı janrın cümləsidir, hesabatda belə cümləyə qəti yer yoxdur” – deyə cavab verdi.

Bir dəfə də belə dedi: “Qəzeti ən çox yol gedərkən – avtobusda, metroda, maşında oxuyurlar, bunlarda isə həmişə darısqallıq olur. Ona görə də materialları, xüsusən də iri yazıları səhifədə üfüqi yox, şaquli şəkildə yerləşdirmək lazımdır ki, oxucu həmin darısqallıqda da qəzet sütunlarını bir əllə çevirərək, yazını rahatca oxuya bilsin...”.

Kiçik həcmli yazıların qəzet səhifəsində yerləşdirilməsiylə bağlı tövsiyəsinə təxminən on il əvvəldən – rəhmətlik Ağababa Rzayevin Jurnalist Sənətkarlığı İnstitutundakı mühazirəsindən bələd idim: “Kiçik yazıları iri yazıların altında qoymaq olmaz”. Amma bir dəfə bu tövsiyəni bilə-bilə pozduq – 1989-cu ilin oktyabrında Azərbaycan Xalq Cəbhəsinin qeydə alınmasıyla bağlı təxminən 100-120 işarəlik məlumatı

“Kommunist”in sonuncu səhifəsınin lap aşağısında verdik: o vaxtki rəhbərliyin göstərişi beləydi. Taleyin istehzasına bax ki, bu göstərişi mənə Cəmil müəllimin özü çatdırdı, üstəlik də “Bakinski raboçi” və “Vışka” qəzetlərinin rəhbərliyini bu barədə xəbərdar etməyimi istədi (“Qəzet mətbəxi”nə aid xırda bir məsələ olsa da həqiqət naminə bu misalı çəkdim...).

lll

89-cu ilin fevralında (tarix yadımdadır), qarlı-çovğunlu bir gündə Əbdülrəhman Vəzirov Moskvadan gəlmiş bir-iki nüfuzlu soydaşımız, habelə yerli məmurların bir neçəsi ilə SSRİ xalq deputatlığına namizəd olduğu rayonlara (o vaxtkı Jdanov, İmişli, Füzuli rayonlarına) vertolyotla görüşə yollanmışdı. Həmin qrupda “Kommunist”in redaktoru Cəmil müəllimlə hələ Vladimir olan fotomüxbir Cahangir İbadov da vardı.

Qəzetin rəsmi çapa imzalanma vaxtı – gecə saat 12 üçün səhifələr çoxdan doldurulmuş, bərkidilmiş, bir sözlə, çapa hazır vəziyyətə gətirilmişdi. Qalırdı təkcə MK-nın birinci katibinin seçicilərlə görüşü barədə hesabat.

Gecə saat 1 radələrində Azərinformdan görüş barədə təxminən beş min işarəlik hesabat daxil oldu. Teletayp lentindən mətni oxuyub yığılmağa göndərdim. Qabaqcadan şərtləşdirildiyi kimi, materialın illüstrativ təsviri – fotoşəkil isə özümüzünkü olmalıydı. Elə həmin saatlarda mərhum Volodya (redaksiyada hamı onu belə çağırırdı) seçicilərlə deputatlığa namizədin görüşündən fotoşəkilləri linotip sexinə, qəzet səhifələrinin bağlandığı (“vyorstka” olunduğu) sahəyə çatdırdı. İki-üç kadrın arasından birini – Vəzirov əlini irəliyə uzatdığı halda, odlu-odlu danışarkən – seçib qəzet plyonkasına köçürülmək üçün köhnə vaxtlarda sinkoqrafiya adlanan sexə göndərdim. Qaldı şəkillə birgə materialı hansı səhifədə yerləşdirmək məsələsi.

Əslində, bunun üçün xüsusi olaraq baş sındırmağa dəyməzdi – şübhəsiz ki, bu, 1-ci səhifə olmalı idi. Lakin nədənsə, daha doğrusu, fəhlə əməyinə hörmətim ucbatından, son dərəcə səliqə ilə işlənmiş bu səhifəni sökdürməyib, materialı 2-ci səhifəyə, həm də “açılış”dan, lap yuxarıdan deyil, təxminən ortadan aşağıda yerləşdirdik...

Səhəri təxminən saat 10-un yarısında redaktor məni çağırdı. Əl verib görüşdük.

Qarşısında “Kommunist”in cari nömrəsi vardı. Adətən soruşduğu tərzdə soruşdu: “Seçicilərlə görüşü verməmişikmi?”.

Şəstlə ikinci səhifədəki yazını göstərdim: “Buyurun!..”.

Sanki birinci dəfə görürmüş kimi, yazıya diqqətlə baxıb növbəti sualını verdi: “İndi ölkədə (yəni SSRİ-də) və respublikada (yəni Azərbaycan SSR-də) seçkidən vacib siyasi tədbir varmı?”.

“Yox!” – dedim və... nə demək istədiyini dərhal anladım, günahkarcasına vəziyyəti izah eləməyə çalışdım.

“İşçinin zəhmətini qiymətləndirməyin yaxşıdır, amma belə yerdə yox...” – dedi.

Elə bu zaman hökumət telefonu səsləndi. Səhv eləmirəmsə, MK-nın ideoloji işlər üzrə katibi idi. O da eyni sualı verirdi:”birinci”nin görüşləri barədə materialı niyə dərc etməmişik? Cəmil müəllim tövrünü pozmadan: “İkinci səhifədə vermişik. Belə məsləhət olub...” – dedi və üzümə baxıb mənalı-mənalı gülümsədi...

Bu, növbəti dərs idi, lakin birbaşa qəzetçiliyə aid olmayan bir dərs!

lll

Səhər topayla redaksiyaya qalxırdıq – Cəmil Əlibəyov öndə, biz – yaşca və vəzifəcə ondan kiçik olanlar isə arxada. Mərtəbələrarası pilləkəndə ayaq saxlayıb iş yoldaşlarımızdan birinə tərəf döndü:

– Sən hara gedirsən belə?

Tək iş yoldaşımız deyil, biz də şoka düşdük: bu, nə sualdır belə? İş yoldaşımız da sualın mahiyyətini anlamayaraq, eləcə “İşə” – deyə bildi.

Redaktor tam ciddiyyətlə soruşdu:

– Harda işləyirsən ki?

İş yoldaşımız bir qədər özünə gəldi:

– Yəqin unudubsunuz, mən filan...

Cəmil müəllim özündən çıxdı:

– Mən heç nəyi unutmamışam, sənin hansı vəzifədə olduğunu da bilirəm. Amma rəhmətliyin balası, adamı ştat cədvəliynən yox, işnən yadda saxlayarlar. Odur, abunə kampaniyası başa çatır, məgər sənin bununla bağlı bir elan verməyə də gücün çatmır? Yazasan ki, hörmətli oxucular, abunə kanpaniyası sona çatır, xahiş edirik gələn il üçün “Kommunist” qəzetinə abunə yazılmayasınız... Eləmək olarmı belə bir şey?..

Sualın naqolaylığımı, ya Cəmil müəllimin bədahətən söylədiyi elan mətninin qeyri-standartlığımı, – hər nədirsə, iş yoldaşımız karıxmış halda “Yox” – dedi.

Amma mən fikirləşirəm ki, həmin mətn necə də orijinal səslənər və əks effekt verərdi...

Hər halda USTAD sözü havaya söyləmirdi...

Noyabr 1988 –

Yanvar 2013

 





29.03.2013    çap et  çap et