525.Az

Baş prokuror MDİ-ni korrupsiyada ittiham etdi (Yenilənib)


 

AYDIN MİRZƏZADƏ: «BU TƏŞKİLATLAR HEÇ BİR HALDA QANUNAZİDD HƏRƏKƏTLƏRİ ÖZLƏRİNİN FƏALİYYƏT METODUNA ÇEVİRMƏMƏLİDİR»

Baş prokuror MDİ-ni korrupsiyada ittiham etdi<b style="color:red"> (Yenilənib)</b>

Baş prokuror Zakir Qaralov ABŞ-ın Milli Demokratiya İnstitutunu (MDİ) 1 milyon dollarlıq korrupsiyada ittiham edib. Məlumata görə, Baş prokuror Zakir Qaralov institutun Azərbaycandakı nümayəndəliyinin fəaliyyəti ilə bağlı Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Riçard Morninqstara müraciət edib. Məktubda deyilir ki, mətbuatda nümayəndəliyin işində mövcud olan nöqsanlarla bağlı dərc olunmuş məqalələr cəmiyyətdə böyük ictimai rezonans doğurub.

Prokurorluq orqanlarının apardığı araşdırmalar nəticəsində MDİ-nin ölkəmizdəki nümayəndəliyi tərəfindən fəaliyyətinin həyata keçirilməsi zamanı «Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında», «Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» və «Qrant haqqında» Azərbaycan Respublikasının qanunlarının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.12.2009-cu il tarixli qərarı ilə təsdiq edilmiş «Qeyri-hökumət təşkilatlarının illik maliyyə hesablarının forması, məzmunu və təqdim edilməsi Qayda»sının tələbləri pozulmaqla, 23.07.2012-ci il tarixə kimi Bakı, Gəncə, Tovuz, Şirvan, Yevlax, Şəki, Xaçmaz və Cəlilabad şəhərlərində ofis və regional məlumat mərkəzlərinin müvafiq qaydada qeydiyyata alınmadan və akkreditə olunmadan fəaliyyət göstərərək qrantlar payladığı, hesabat dövr başa çatdıqdan sonra illik maliyyə hesabatlarının müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsi kimi qanunsuzluq hallarına yol verilıb. Nümayəndəliyin rəhbəri Alekseys Qriqoryevsin Beynəlxalq Bankda açılmış hesabından 02.03.2010-cu il tarixdən 13.12.2012-ci il tarixə kimi olan dövr ərzində 1.007.990.44 ABŞ dolları məbləğində pul vəsaitinin istifadə olunma təyinatı barədə məlumatlar verilmədən məxaric olunduğu müəyyən edilib. Məlumata görə, Milli Demokratiya İnstitutu pulları nağd şəkildə paylayıb»-deyə məktubda qeyd olunur.

Sözün həqiqi mənasında ölkədə fəaliyyət göstərən bəzi beynəlxalq QHT-lərin reallıqda mandatlarına aid olmayan məsələlərlə məşğul olduğu danılmaz faktlardandır. Bəzi xarici QHT nümayəndələrinin vaxtaşırı öz hesablarından iri məbləğdə nağd pul çıxarmaları barədə məlumatlar zamn-zaman gündəmə gəlir. Məhz bu pul çıxarmaları ilə ölkədə baş verən hadisələr arasında sinxron bağlılığın müşahidə olunması həmin QHT-lərin digər məqsədlər üçün fəaliyyət göstrərməsi fikrini daha da möhkəmləndirir. Belə təşkilatların bəzi nümayəndələrinin əvvəllər işlədikləri ölkələrdə vətəndaşları kütləvi iğtişaşlara təhrik etdikləri üçün oradan xaric edilmələri də bitr çox şeydən xəbər verir. Təəssüf ki, həmin şəxslər hazırda qərəzli fəaliyyətlərini Azərbaycanda davam etdirirlər. Bu bir faktdır ki, sözügedən QHT-lər uzun müddət Azərbaycanda qeydiyyatdan keçmək üçün dəfələrlə müraciət edərək, öz üzərlərinə bitərəflilik, qərəzsizlik və balanslılıq prinsiplərinə riayət edəcəkləri barədə öhdəliklər götürüblər. Təəssüf ki, bu öhdəliklərə baxmayaraq həmin təşkilatlar öz çirkin niyyətlərini həyata keçirmək məqsədi ilə müxtəlif xoşagəlməz yollara əl atırlar.

Bu günlərdə yerli mətbuatda ABŞ Milli Demokratiya İnstitutunun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Aleks Qriqoryevsin ölkəmizdə ictimai-siyasi sabitliyin pozulmasına yönəlmiş fəaliyyəti haqqında məlumatlar bir çoxlarına bəllidir. Həqiqətən bu çox ciddi faktlardır. Heç şübhə yox ki, bu faktlar təsdiq olunsa, bu qurumla Azərbaycaq dövləti arasında əlaqələr ciddi sual altına düşəcək. Əgər MDİ-nin nümayəndəsi martın 10-da “Fəvvarələr” meydanında keçirilməsinə cəhd olunmuş qeyri-qanuni aksiyada iştirakını etiraf etdiyini nəzərə alsaq, o zaman məsələnin daha da ciddi olduğu aydınlaşır. Deməli MDİ-nin Bakı nümayəndəliyinin və onun əməkdaşları haqqında yayılan məlumatlar ciddi yoxlanılmalıdır. Bu bir faktdır ki, Azərbaycanda fəaliyyət göstərən QHT-lər ölkə qanunlarına hörmət etməlidirlər. Və ya bu təşkilatlar buna məcbur edilməlidirlər. Belə halların Azərbaycan cəmiyyətində ciddi narahatlıq yaratdığını, ölkəmizin daxili işlərinə müdaxilə kimi qiymətləndirildiyini nəzərə alaraq deyə bilərik ki, bu məsələlər aidiyyəti dövlət orqanlarını ciddi düşündürərək, lazımi addımlar atmağa məcbur etməlidir.

Millət vəkili Aydın Mizəzadə «525»ə açıqlamasında MİD-in Azərbaycandakı nümayəndəliyinin qanundankənar fəaliyyəti ilə bağlı mediada vaxtaşırı olaraq yazılara rast gəlindiyini bildirib. O, bu təşkilatın siyasi fəaliyyətlə bağlı külli miqdarda vəsait xərclədiyini qeyd edərək, KİV-də bununla bağlı çoxsaylı məlumatların olduğunu qeyd edib: «Milli Demokratiya İnstitutunun böyük məbləğdə vəsaiti təyinatı bilinməyən istiqamət üzrə xərclədiyi hər kəsə bəllidir. Bu vəsaitlərin böyük əksəriyyətinin siyasi fəaliyyətlə məşğul olan təşkilatlara yönəldilməsi barədə yazılar da dərc edilirdi. Sözügedən məsələ ilə bağlı Milli Demokratiya İnstitutunun əməkdaşlırını verdiyi cavablar da çox yayqın və məzumunu üzrə deyildi. Diqqətə cəlb edən məqam isə bu institutun Azərbaycan vətəndaşlarına vaxtaşırı olaraq dövlət əleyhinə təşkil edilən icazəsiz aksiyalarda fəaal iştirak etməsi, eləcə də hökumət əleyhinə iş aparması üçün vəsait xərcləməsi idi. Bu bir faktdır ki, Baş Prokurorluğun müraciətində bütün bunlarla bağlı konkret faktlar əks edilib. Milli Demokratiya İnstitutunun Azərbaycan Nümayəndəliyin rəhbəri Alekseys Qriqoryevsin qısa müddət ərzində Azərbaycanda banklardan 1 milyon manata yaxın vəsait çıxarması barədə sənədlər var. Xarici qeyri hökumət təşkilatının Azərbaycanda radikal müxalifət mövqedə duran siyasi təşkilatlara əməkdaşlığı, eləcə də insanlara nəğd vəsaitin paylanması, alınana vəsaitin hara xərclənməsi barədə dövlət orqanlarına aydın məlumatın verilməməsi ciddi narahatçılıq doğurur. Hesab edirəm ki, ölkəmizdə fəaliyyət göstərən hər bir təşkilatın, o cümlədən xarici qurumların fəaliyyəti yalnız qanun çərçivəsində olmalıdır. Heç bir halda xarici təşkilatların, xarici vətəndaşların Azərbaycanın daxili siyasi proseslərinə müdaxilə etməsinə qanun yol vermin və bu, qəti qadağandır. Fikrimcə, media orqanlarında sözügedən təşkilatın fəaliyyəti ilə bağlı çoxsaylı məlumatlar bu qurumun fəaliyyətinin hansı istiqamət üzrə olduğunu aydın şəkildə ortaya qoyur».

Məsələ ilə bağlı Baş Prokurorluğun müraciətini düzgün addım hesab etdiyini qeyd edən A.Mirzəzadə ölkədə fəaliyyət göstərən hər bir xarici  təşkilatın, xarici vətəndaşın Azərbaycan qanunlarına hörmət etməsinin zəruri olduğunu vurğulayıb. Millət vəkilinin sözlərinə görə, bu  təşkilatlar heç bir halda qanunazidd hərəkətləri özlərinin fəaliyyət metoduna çevirməməlidir.

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədr müavini Mirhəsən Seyidovun «525»in müxbiri ilə söhbətdə bildirib ki, ölkədə fəaliyyət göstərən yerili QHT-lər kimi, hər bir xarici təşkilat da Azərbaycan qanunlarına uyğunu fəaliyyət göstərərək, dövlətçiliyə zidd addım atmamalıdır. O, ölkə gənclərinin dövlətçiliyəzidd layihələrdə yer almamasının zəruriliyinə diqqət çəkib:

«Azərbaycanın xarici əlaqələri, beynəlxalq iqtisadi, hüquqi münasibətləri hər gün bir addım daha irəli gedir. Bu gun Azərbaycan gəncliyi yerli və beynəlxalq səviyyədə bir çox platformalarda yer alırlar. Azərbaycan milli-mənəvi dəyərlərinin qorunması, dövlətçilik, millət anlayışının qorunması, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində biz gənclər mühüm addımlar atırıq. Həmçinin Vətən deyərkən onun hissini qürurla yaşamaq, biz gənclərin bügun ən öndə duran prioritet istiqamətlərindən biridir. İstər yerli istərsə də beynəlxalq səviyyədə. Bu gun Azərbaycanda fəaliyyət göstərən qurumlar gənclərin inkişafına yönələ biləcək istənilən addımı atmaqda sərbəst hərəkət edirlər. Buna misal olaraq Milli Demokratiya İnstitutunu və onun həyata keçirdiyi tədbirləri göstərmək olar. Bu təşkilatın fəaliyyəti ilə bağlı son zamanlar mediada dərc edilən yazılar hər şeyi aydın şəkildə ortaya qoyur. Məsələ burasındadır ki, doğru addımın doğru olduğu birinci addımdakı izdən artıq bəlli olur. Bu təşkilat isə Azərbaycan dövlətçiliyinə zidd addımlar həyata keçirməyə səy göstərir. Biz gənclər Azərbaycan Gəncliyinin sağlam inkişafına doğru yönəlmiş istənilən layihəsində yer almağa hazırıq. Xaricdən alınan qrantlar, həyata keçiridiyimiz layihələr ancaq Azərbaycan dəyərlərinin qorunmasında, beynəlxalq əlaqələrimizin genişlənməsində, lobbiçilik və diaspora fəaliyyətlərimizdə çox vacib rol oynamalıdır. İstənilən beynəlxalq təşkilatda könüllü şəkildə yer almalıyıq. Cənab Prezident İlham Əliyev hər zaman beynəlxalq təşkilatlarda üzvlük məsələsinə və münasibətlərə toxunduğu zaman qeyd etdiyi kimi: «Biz beynəlxalq təşkilatlara könüllü şəkildə üzv oluruq. Əgər görsək ki, maraqlarımız orada tapdalanır, yaxud da ki, Azərbaycana qarşı qərəzli mövqe sərgilənir, könüllü şəkildə də oradan çıxa bilərik». Bu gün Azərbaycanda fəaliyyət göstərən bir çox gənclər təşkilatları, qeyri hökümət təşkilatları, birliklər, hərəkatlar çox aydın şəkildə anlamalıdırlar ki Azərbaycanın maliyyə imkanları gənclərin sağlam inkişafına yönələcək istənilən təşəbbüsü dəstəkləməyə kifayət edir və xaricdən alınan düzgün məqsədyönlü layihələr ancaq inkişafa yönəlməlidir».

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev açıqlamasında Baş prokurorun müraciətinin rəsmi bir yanaşma olduğunu bildirərək bu yanaşmada MDİ-nin Azərbaycanın “QHT-lər haqqında” qanununa və digər qanunvericiliyinə əməl etmədiyinin açıq şəkildə bildirildiyini söyləyib. O, sözügedən məqamla bağlı bunları deyib: «Baş prokurorluğun müraciətində vəsaitin onun sədrinin şəxsi hesabından nağd şəkildə götürülməsi və paylanılması məsələsindən söhbət gedir. Bu vəsaitin hara xərclənməsi, nə məqsədlə kimə verilməsi bəlli deyil. Azərbaycan qanunlarına görə hər bir vəsaitin xərclənməsinə görə hesabat tərtib olunmalıdır. Hər bir vəsaitin verilməsi şəffaf və açıq şəkildə olmalı, məqsəd açıq olması, bilinməlidir. Amma Milli Demokratiya İnstitutunun payladığı bu vəsaitin hara verildiyi, necə verildiyi bəlli deyil. Ən azından burda şəffaflıq qorunmayıb. Bu baxımdan bu məsələlərdə qaranlıq məqamlar var. Bu pulların konkret olaraq hara xərclənməsi ilə bağlı müxtəlif ittihamlar, ehtimallar irəli sürmək olar. Əsas problem ondan ibarətdir ki, bu vəsaitlər şəffaf şəkildə, Azərbaycan qanunvericiliyinə uyğun şəkildə xərclənməyib. Bu vəsaitlərin kimə verildiyini, hansı məqsədlə verildiyi bəlli deyil. Ola bilsin ki, bu vəsaitlər mitinqlərin, aksiyaların təşkil edilməsinə sərf edilib. Ola da bilsin ki, daha ağır cinayətlərdə istifadə olunub. Xərclənmə istiqaməti bəlli olmadığına görə istənilən ehtimalları, şübhələri irəli sürmək mümkündür. Fakt odur ki, sözügedən təşkilat bir milyondan çox vəsaiti ən azı mətbuatdan məlum olan məsələlərin həyata keçirilməsinə sərf edib».

A.Quliyev bu vəsaitlərin həm mitinqlərdə, həm digər kütləvi tədbirlərdə istifadəsinin istisna olmadığını deyib. O, bunların çox mənfi və yolverilməz hal olduğunu deyib: «Heç bir halda hansısa qeyri-hökumət təşkilatına, yaxud beynəlxalq quruma icazə verilməyib ki, Azərbaycan qanunlarını bu cür kobud şəkilində pozsun. Fikrimcə, belə davam etsə, Milli Demokratiya İnstitutunun fəaliyyəti dayandırıla bilər. Amma istəməzdim ki, hadisələri qabaqlayaq. Bunlar hamısı sübut olunarsa, məsələyə məhkəmə qaydasında baxıla və ən müxtəlif qərarlar qəbul edilə bilər. O cümlədən, həmin təşkilatın fəaliyyətinin Azərbaycanda dayandırılması və qeydiyyatının ləğv edilməsi ilə bağlı da qərar qəbul edilə bilər. Lakin bütün bunlar hamısı araşdırılması və öyrənilməsi hüquq müstəvisində öz həllini tapmalıdır. Məsələlərin araşdırılması da Azərbaycan qanunvericiliyinə uyğun şəkildə aparılmalıdır. Düşünürəm ki, bu cür hallara yol vermək olmaz. Bunlar qanunsuz fəaliyyətdir və heç bir təşkilat Azərbaycanda qanunsuz fəaliyyətlə məşğul ola bilməz. Fikrimcə, bunun bəlli bir nəticəsi olmalıdır və hüquqi işlər görülməlidir».

Aqil LƏTİFOV

 





29.03.2013    çap et  çap et