525.Az

“Mən ruhən rəssamam!..”


 

“Mən ruhən rəssamam!..”<b style="color:red"></b>

“Elm çırağı” İctimai Birliyinin təşkilatçılığı və dəstəyi ilə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında İspan mədəniyyətinə həsr olunmuş elmi konfrans keçirildi.
 
Tədbir “Azərbaycan-İspaniya elm və mənəviyyat müstəvisində” adı altında gerçəkləşdi. Konfransda gənc rəssam Ceyran Mirqasımovanın bir sıra rəsm əsərləri sərgiləndi. Ecazkar rəsm nümunələri auditoriyanın geniş marağına səbəb oldu.

Sərgidə müxtəlif ideyalı rəsm əsərləri yer almışdı. Əsərlər ayrı-ayrılıqda müxtəlif təəssüratları əks etdirirdi. Gənc rəssamın yaradıcılığının müxtəlif dövründə ərsəyə gəlmiş nümunələr arasında onun  özünəməxsus fərdi cizgilərinin təkamül prosesini aydın şəkildə görmək mümkün idi. Sərgidə gözləri gülən insan portretlərinin olması gənc rəssamın humanist düşüncəsindən irəli gəlirdi. Əsərlərdə istifadə olunan açıq, əlvan rənglər nikbin  duyğuların təcəssümü kimi nəzərə çarpırdı.

Tədbir əsnasında Ceyran Mirqasımova ilə ayaqüstü söhbət etmək imkanım oldu və bu fürsəti qaçırmadım:

- Oxuculara özünüzü tanıdın...

- Ceyran Mirqasımova. 16 yaşım var. Hazırda 23 saylı məktəbin 11-ci sinif şagirdiyəm.

- Neçə ildir bu sənətlə məşğulsunuz?

- Uşaqlıqdan. Hələ 5 yaşımda ikən geyimlər, modellər, interyer və başqa müxtəlif formalı eskizlər çəkməyə başlamışdım. Öz əllərimlə nəsə hazırlamaq, fərqli bir şey yaratmaq xoşuma gəlirdi. Həmin anlarda bunun gələcəkdə bir sənətə çevrilə biləcəyini düşünmürdüm. Bir zamanlar bu işin mənim həyatımın mühüm bir hissəsini tutacağı  ağlıma gəlməzdi. Öz emosiyalarını, hisslərini təsvir etmək- artıq bu iş mənim üçün çox önəmli məna daşıyır. Peşəkar rəssamlar deyirlər ki, bu dövrdə mənə gərək kənar təsir göstərilməsin, çünki yalnız bu yolla mənim fərdi təfəkkürüm və özünəməxsus  yaradıcılıq meyllərim inkişaf edəcək. Təbii ki, gələcəkdə mən bu sənətlə peşəkar şəkildə məşğul olmağı düşünürəm.

- İlk çəkdiyiniz rəsmi necə xatırlayırsınız?

- İlk əl işim kiçik yaşlarımda rəfiqəmgildə olarkən yaranmışdı. Rəfiqəmin bacısının əl işindən olduqca ilhamlanmışdım. O da rəsm çəkməyi sevirdi. Ondan fırça istədim və nələrsə çəkməyə başladım. Artıq 12 yaşımda ikən rənglərlə çalışaraq rəsm yaratmağa davam etdim.

- Rəsmləriniz arasında çox sevdiyiniz və dəyərləndirdiyiniz hansıdır?

- Yaradıcılığımda mənə ən yaxın olanının, bütünlükdə duyğu və hisslərimi düşündüyüm kimi əks etdirə bildiyim parçanın adını qeyd edə bilərəm. Bu “Narıncı günəş” (Gün batımı) adlanır.  Hazırkı tədbirdə də bu tablo sərgilənir.  

- Bu gün sərgilənməkdə olan əsərlərin hər hansı ümumi ideyası, yaxud onları birləşdirdən bir dramaturji xətt varmı?

- Əsərlərin hər biri ayrı-ayrılıqda özünəməxsus məna daşıyır.  Lakin mən  əsərlərimlə daim bir ideya, bir mesaj verməyə çalışıram: biz hər birimiz insanıq və hər birimiz eyni hüquqluyuq, hər kəs humanist olmağa səy göstərməlidir. Bu mənim bütünlükdə əsərlərimi birləşdirən mühüm ideyadır. Ümumilikdə rəsmlərə öz duyğu və emosiyalarımı yüklədiyimdən onlar adətən yaxşı, yəni pozitiv ruha köklənir.

- Rəssam olmağı birmənalı şəkildə dəqiqləşdirmisiz? Hissləriniz sizə nə deyir?

- Öncədən dəqiq bir fikir deməkdə çətinlik çəkirəm. Amma özümü bütünlükdə sevdiyim işə, rəsm çəkməyə həsr etməyi düşünürəm. Məncə başqa heç bir sənətlə belə yaxından maraqlanmayacam. Çünki özümü başqa bir ixtisasda belə sərbəst, xoşbəxt görə bilmirəm. Mən yaradıcı insanam, hisslərlə yaşayıram, ruhən rəssamam.

Gənc rəssam Ceyran Mirqasımova  gözəl yaradıcılıq nümunələrinə görə “Elm çırağı” İB-nin sədri professor Naidə Məmmədxanova tərəfindən diplomla mükafatlandırıldı. Biz də öz növbəmizdə gələcəyin parlaq rəssamına həyatda və yaradıcılıqda bol uğur arzu edirik.

İlahə QİSMƏT

 





21.11.2016    çap et  çap et