525.Az

Zamanların mozaikası: hadisələr və şəxsiyyətlər


 

Zamanların mozaikası: <b style="color:red">hadisələr və şəxsiyyətlər</b>

(Əvvəli ötən şənbə sayımızda)

Mark Avrelinin 161-ci ildə imperator taxt-tacına çıxması ilə, filosofun hökmdar olması barədə Platonun arzusu həyata keçdi.

Ona qədər nə filosof taxt-tacda olmuşdu, nə də hökmdar filosof sənətinə yiyələnmişdi. Onun hökmdarlığı heç də uğurlu getmirdi, hətta Roma imperiyası üçün böhranlı sayıla bilərdi. Şimal sərhədlərində imperiyaya olan təhlükə bütünlüklə yoxa çıxmamışdı, parfiyalılar isə bir sıra Roma vilayətlərni tutmuşdular. Taunun yayılması Romanı öz qoşunlarını geri çəkməyə və Parfiya ilə sülh bağlamağa məcbur etmişdi. Elə bu böhran illərində Mark Avreli fəlsəfəyə müraciət etməklə daxili dəstək qazanırdı. 160-cı illərin sonunda o, özünün bizim dövrə gəlib çıxmış yeganə əsərini - “Düşüncələr”i yazmışdı. Onlarda toplanmış aforizmlər və “özünə” müraciətlənmiş yazılar yunan dilindədir və adamları ləyaqətli və ağıllı həyat yaşamağa, daxilən təkmilləşməyə çağırır. Onu yunan filosofu Epiktetin ardıcılı hesab edirlər. Mark Avreli stoik idi və belə qərara gəlmişdi ki, arzuların və ehtirasların deyil, məhz ağlın idarə etdiyi insan həqiqətən azaddır.

Sonrakı imperatorların çoxu qəddarlıqları ilə fərqləndiyinə görə, sui-qəsdlərin qurbanı olur, qətlə yetirilirdilər. Mark Avrelinin oğlu, imperator Kommod vəzifəsindən sui-istifadə etdiyinə, bədxərcliyinə görə öldürülmüşdü. İmperator Karakalla Parfiyaya qarşı yürüşə yollanarkən, yol kənarında təbii ehtiyacını ödədikdə qətlə yetirilmişdi. İmperator Avrelian perslərə qarşı yürüş vaxtı Vizanti yaxınlığında qəsdin qurbanı olmuşdu, o, ilk dəfə olaraq rəsmi şəkildə ağa və allah adlandırılmışdı və başına diadema (tac) geyinmişdi. Ümumiyyətlə, imperatorlardan öz əcəli ilə ölənləri olduqca az idi.

İmperator Diolektian b.e. III əsrin sonunda pul, vergi, hərbi və inzibati islahatlar həyata keçirdi. Nəticədə mütləq monarxiya quruldu. İmperiyanın iki ali hökmdar - avqustlar və onların iki köməkçiləri - sezarlar arasında bölünməsi dövlətdə stabillik yaratmaq məqsədini güdürdü. Lakin belə dördlüyün - teatrarxiyanın idarəçiliyi yaramadı. Hakimiyyətə gələn  Böyük I Konstantin (324-337-ci illər) təkbaşına idarəetmə qurdu. Bu dövrdə xristianlıq ağalıq edən dinə çevrilməklə, 380-ci ildən dövlət dini oldu.

İmperiya tənəzzül dövrünü yaşamağa başladı və imperator Romul Avqustulun 476-cı ildə devrilməsindən sonra german hərbi xadimi Odoakrın kral elan edilməsi Qərbi Roma imperiyasının süqutunun son əlaməti oldu. İmperator hakimiyyətini məhv edən güc german muzdlu qoşunu oldu,  İtaliyanın iqtisadi tənəzzülü dövründə onların narazılığı, həm də əsgərlərin uzun müddət ərzində maaş almaması mühüm təsiredici səbəblərdən biri idi.. Beləliklə, min ildən artıq bir yol keçmiş Roma dövləti Qərbi Roma imperiyasının timsalında tarixin arxivinə verildi.

Xalqların köç etmək epoxası.

IV-V əsrlər

 

Nisbətən sabitlik dövründə yaşayan Aralıq dənizi torpaqları 410-cu ildə baş vermiş bir hadisədən sarsıldı: vestqotların başçısı Alarix Romanı tutdu və üç gün ərzində onu öz barbar döyüşçülərinin soyğunçuluğuna verdi. Bu hadisə göstərdi ki, Roma imperiyası məhvə məhkumdur. Bunun səbəbləri heç də az deyildi. Onlardan biri Romanın germanlarla arası kəsilməyən müharibələri idi, onlar artıq yüz il idi ki, davam edirdi. İmperiya hərbi dövlətə çevrilmişdi, həddən artıq hərbi xərclər onun bir vaxtlar çiçəklənən əkinçiliyini və şəhərlərini yoxsullaşdırmışdı. Bundan əlavə, Roma qoşununda artıq german muzdluları çoxluq təşkil edirdi. Roma vətəndaşlığı alan germanlar hətta hərbi xadimə və yüksək vəzifəli məmurlara çevrilirdilər, ona görə də Roma imperiyası xaricdən german təhlükəsinə məruz qalmaqla yanaşı, daxildən də germanlaşmışdı.

German tayfalarının Roma imperiyasına basqınları da onun üçün yeni bir hadisə deyildi. Əvvəlcə kimvrlər və tevtonlar Romaya hücum etmişdilər. B.e.9-cu ilində german sərkərdəsi Armini 3 Roma legionunu Tevtoburq meşəsində məğlub etmişdi. Roma sərkərdəsi Var məğlubiyyət biabırçılığına dözməyib, özünü öldürmüşdü. Bu məğlubiyyətlə romalıların daxili Almaniyada ağalığı başa çatmışdı.

III əsrdə german tayfaları Qalliyada və Şimali İtaliyada Roma ərazilərinə çox dərin qaydada nüfuz etdilər, lakin romalılar onları dayandıra bildilər. Bu hücumlar miqrasiya prosesləri ilə əlaqədar idi, bu proseslər isə xalqların böyük köçü adını aldı.

Avropa xalqlarının bu yerdəyişməsinin səbəblərindən biri, yəqin ki, iqlimin pisləşməsi, Şimal dəniz sahillərini su basması, həmçinin bəzi vilayətlərdə əhalinin izafi sıxlığı idi. Soyğunçuları isə varlı cənub maqnit kimi özünə cəlb edirdi. Ona görə də Avropadakı bir sıra xalqlar yeni eranın iki əsri ərzində indiki Mərkəzi İsveçdən Qara dənizin sahillərinə doğru irəliləyirlər. 375-ci ildə isə onlardan biri olan qotlar Hun süvari ordusının qabaqdakı dəstələri ilə qarşılaşdılar. Hunlar ostqotları darmadağın etdilər, tabe olmayan vestqotları isə Qərbə doğru sıxışdırdılar. Hunları yalnız 451-ci ildə şimali-şərqi Fransadakı Katalaun çöllərindəki döyüşdə dayandırdılar. İki il sonra hunların başçısı Atilla öldü.

Vandanlar isə əvvəlcə Pireney yarımadasının cənubunda - Andalusiyada (bu ad “vandal” sözündən əmələ gəlmişdi) məskunlaşmışdılar, sonra isə Şimali Afrikaya keçdilər. Burada onların başçısı Qeyzerix paytaxtı Karfagendə olmaqla ilk German krallığı yaratdı. Belə ki, vandallar bütün Şərqi Aralıq dənizinə sahib oldular. 455-ci ildə isə vandallar Romanı tutub dağıtdılar.

Germanlar yalnız “həyat məkanı” axtarırdılar. Beləliklə, köçkünlər Roma imperiyasına birləşdilər, burada onların assimilyasiyası baş verdi.

Alarixin yürüşündən sonra vestqotlar Qalliyanın cənubunda məskunlaşdılar, sonra isə Pireney yarımadasına nüfuz etdilər. İspaniyanın şimali-şərqində yerləşən vilayət qotların adından götürülən Kataloniya (“Qotlandiya” sözündən əmələ gəlmişdir) adlanmaqla, oradakı vestqotların məskunlaşmasından xəbər verir. Hunların darmadağın olmasından sonra onlar İtaliyaya gəlib çıxdılar. Onların kralı Teodorix bütün Alp vilayətinə, Balkan yarımadasındakı imperiyaya sahib oldu.

Roma hüququnu qaydaya salmaqla məşhurlaşan Yustinian bütün Aralıq dənizi üzərində Roma imperiyasının ağalığını bərpa etməyə çalışdı, vandalların dövləti isə Şərqi Roma imperiyasnın hücumu nəticəsində dağıldı. Lakin Yustinianın varisləri İtaliyanın böyük hissəsinin lanqobardlar tərəfindən tutulmasına mane ola bilmədilər.

Avropanın zəbt edilmiş vilayətləri üzərində bir sıra german tayfaları daha böyük təsirə malik oldular. Burqundlar Mayn çayının axını boyu məskunlaşdılar, alemanlar orta Şvabiya ərazisini tutdular. Lakin franklar onları özlərinə tabe etdilər. Yutlandiya yarımadasından sakslar və anqllar miqrasiya etməyə başladılar. Saksların bir hissəsi anqllarla birlikdə V-VI əsrlərdə Britaniya adalarına üzüb keçdilər, burada çox sayda kiçik German dövlət təşkilatları yarandı və onlar artıq IX əsrdə vahid krallıqda birləşdilər.

Anqllar, sakslar, yutlar Britaniyanın cənubi-şərq sahilinə çıxdıqda, onu işğal etməyə başladılar. German köçkünləri döyüşlərlə Kent tayfaları olan piktləri və skottları sıxışdırdılar. Onlar 407-ci ildə romalılar oradan getdikdən sonra Romanın Köhnə Britaniya əyalətinə axışıb gəlmişdilər. Brittlərin parçalanmış tayfaları özlərini qəsbkarlardan qoruya bilmirdilər, onlara tabe oldular, ya da adanın qərbindəki dağlıq yerlərə - Uelsə, Kornuolla geri çəkildilər. Bəziləri isə qitəyə köçüb Qalliyada yerləşdilər, bura sonralar Bretan adlanmağa başlandı. Britaniyanın anqlo-saks işğalı VII əsrdə başa çatdı, bu vaxt sonralar İngiltərə adlanan vilayətlər tutuldu. Və burada bir neçə müstəqil krallıqlar quruldu.

Qərbi Avropanın sonrakı tarixi üçün daha mühümü frankların köçməsi idi. Franklar (sözün özü “cəsur”, “cəld” mənasını verir) III əsrdə German tayfalarının bir ittifaqı kimi idi. IV əsrdən onlar Qalliya ərazisinə nüfuz etdilər. 482-ci ildə Xlodviq frankların hökmdarı oldu, o, öz torpaqlarını Pireneylərə qədər genişləndirdi.

45 yaşında ölən Xlodviq həyatının sonunda iri dövlətə malik idi, onun ərazisinə Şimali Qalliya və Cənubi Qalliya daxil idi, axırıncıdan Xlodviq vestqotları həmişəlik qovmuşdu. Öz rəqiblərini kənarlaşdırıb, Xlodviq təkbaşına hökmranlıq etdi. O, qanun məcəlləsi - “Salli həqiqəti”ni yaratdı. Bu, frankların əvvəlki Salli hüququnun kodifikasiyası idi.

VI əsrdən etibarən tarixi mənbələrdə slavyanlar barədə ilk düzgün məlumatlar vardır. Bu adı, görünür, onlara germanlar vermişdilər. Slavyanların köhnə vətəni Karpatdan Visla və Dnepr çayları arasındakı rayonlara qədər uzanırdı. Cənubda slavyanların qədimdə qonşuları İran qrupuna daxil olan köçəri tayfalar - skiflər, sarmatlar, alanlar yaşayırdı. 536-cı ildə slavyanlar Adriatik dənizinin sahillərinə çıxdılar.

Frank krallığı ilə Bizansın arasına pərçim olunan yeni qüvvə avarların - Orta Asiyadan çıxanların köçəri tayfa ittifaqı idi. Azov dənizi sahilində onlar Avar xaqanlığı yaratdılar. Hunların izi ilə avarlar Karpat vilayətinə girdilər, oradakı yerli slavyan əhalisini özlərinə tabe etdilər. Bu vaxt onlar Bizans üzərinə hücumlar edirdilər, ona görə də Bizans onlara xərac verməyə məcbur oldu.

Avarların basqınları vaxtı slavyan xalqlarının da yerdəyişmələri davam edirdi. Onlar Moraviya və Çexiyada məskunlaşdılar, bir hissəsi isə Balkan yarımadasına nüfuz etdi. Balkanlarda slavyanlar yerli tayfaları assimilyasiya etdilər, bu tayfalar isə onlardan min il əvvəl burada yaşayırdılar. Cənubda olanlar isə özləri yerli əhali ilə qarışdılar.

Bütün bu miqrasiyaların gedişində slavyanlar Şərqi Avropada geniş torpaqları tutdular.

 

Dünya dinlərinin yaranması

 

B.e.ə. VI

-V əsrlərdə dünya dinləri meydana gəlir. Bu vaxt Budda, Maxavira, Konfutsi, Lao-Tszı, Zaratuştra, Pifaqor və İsayya öz təlimlərini inkişaf etdirirlər. Kamil din artıq çox sayda ilahiliklərə sitayiş etmir, mütləq, hər şeyi əhatə edən prinsipi saymaqla ona pərəstiş edir və bu heç də hökmən deyildir ki, o, allah olmalıdır. Məsələn, buddizmdə müəllim allahdan yuxarı hesab olunur. İnsanın vəziyyəti dəyişmişdir. Qədim kultlar dövlət və dini həyatla sıx bağlı idi. Tayfanın və ya icmanın nümayəndəsi kimi hər bir fərd avtomatik qaydada kulta cəlb olunurdu. Kamil dinlər ilahilik və ya kosmik prinsip ilə əlaqə qururdu. Qautama Sirxartxa Budda (b.e.ə. 563-479-cu illər) öyrədirdi ki, həyat əzablarla doludur. Onları yalnız düzgün baxışla izah etmək və ondan qurtulmaq lazımdır. Bunlara isə düzgün səy, düzgün nitq, düzgün əməllər, düzgün həyat tərzi, düzgün çalışmaq, düzgün diqqət vermək, düzgün fikrini cəmləşdirmək aiddir. Günahını yumaq nirvanaya daxil olmaq mənasını verir. Könülün tənhalığı əbədi deyildir, bu, yalnız xarici dünyanın digər şeyləri kimi yanlış anlamaqdır.

Sonralar Maxavira Cina adını almış Vardxamana hind caynizminin məşhur müəllimi idi. O, hər cür həyata hörmətlə yanaşırdı. Beləki azan könülün dövrə vurmasından öz könül əzablarına malik olan adam azad ola bilir, o, heç nə etmir ki, sonrakı həyatda ona günahı yumaq lazım olsun.

Çinli Konfutsi (b.e.ə. 551-479-cu illər) ləyaqətlər sistemini yaratmışdı, buna fədakarlıq, ədəblilik, nəzakət, ailəyə və hökumətə sədaqət idi. Bu ləyaqətlər elə qüvvədir ki, xarici təzyiqlərdən daha çox insana təsir göstərir.

Lao-Tszı qədim Çin daosizminin əfsanəvi banisidir. Dao (tao) - adamlar arasında harmoniyaya və adamların bütün dünya ilə harmoniyasına aparan yoldur. Yaxşısı budur ki, nə etməkdənsə, heç nə etməyəsən; fikrini cəmləşdirmək və göstərmək hərəkətdən yaxşıdır.

İsayya (b.e.ə. 740-701-ci illər) böyük peyğəmbərlərdən biri olmaqla, Babil əsirliyində olanda Allah Yahveyə inancı moizə etmişdi, buna görə də çar İuda tərəfindən edam edilmişdi. İsayya Xristosun doğulacağını əvvəlcədən xəbər vermişdi.

Yunan filosofu Pifaqor (b.e.ə. 570-490-cı illər) Orfey kultuna yaxın olan şəbehi inkişaf etdirmişdi. O, könüllərin qohum olmasına və kosmik harmoniya yaradan matematik qanunlara inanırdı.

(Ardı var)

 





21.11.2016    çap et  çap et