525.Az

“Kitabi-Dədə Qorqud” Baltik xalqlarının dillərində - IV məqalə


 

“Kitabi-Dədə Qorqud” Baltik xalqlarının dillərində - <b style="color:red">IV məqalə</b>

ESTONCA 

Estoniyada “Kitabi-Dədə Qorqud” dastanını tanıtma istiqamətində ilk addımlar digər Baltik ölkələrindən fərqli olaraq, eposun “milli ədavəti qızışdıran” bir abidə kimi Mərkəzin ideoloji təzyiqi altında 1951-ci ilin may ayında Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının XVIII qurultayında tənqid və qadağan olunmasına qədərki dövrdə atılmışdır.

Daha dəqiq desək, eston oxucusuna dastanla bağlı bəzi bilgilər, etnokulturoloji izahlar və ədəbi dəyərləndirmələr ilk dəfə 1941-ci ildə təqdim edilmişdir.
 
Maarifləndirmə səciyyəli o bilgilər “Viisnurk” (“Beşguşəli”) adlı eston mədəniyyət jurnalının 1941-ci ilin aprelində çıxmış 4-cü sayındakı “Azərbaycan xalqının ədəbiyyatı” (“Azerbaidzani rahva kirjandus”) adlı doqquz səhifədən ibarət geniş ədəbi icmalda yer almışdır.

Təəssüf ki, həmin publikasiyada icmal müəllifinin kim olduğu göstərilməyib. Yalnız qeyd olunub ki, publikasiya Moskva Yazıçılar İttifaqından alınmış ədəbi materiallar əsasında jurnalın əməkdaşları tərəfindən hazırlanıb. O zaman jurnalın “Ədəbiyyatşünaslıq və SSRİ xalqları ədəbiyyatı” məsələləri üzrə Redaksiya heyətinin üzvü eston Sovet ədəbiyyatşünası Karl Ottomar Taev (1903-1992) idi. O, sonralar - 1945-1971-ci illərdə Tartu Dövlət Universiteti Ədəbiyyat kafedrasının müdiri və dosenti (1968) olaraq çalışıb. Bu faktları nəzərə alaraq belə bir hipotezi irəli sürməyə meylliyik ki, sözügedən ədəbi icmalın estonca hazırlanmasında çox ehtimal ki, onun əməyi keçibdir.

Bir xırda haşiyə çıxıb qeyd edək ki, “Viisnurk” jurnalı 1940-1941-ci illərdə Estoniya SSR Xalq Maarif Komissarlığının nəşri olaraq “Pedaqoji ədəbiyyat” Dövlət nəşriyyatı tərəfindən Tallində buraxılırdı. 1941-ci ildə jurnalın yuxarıda göstərilən sayı Azərbaycan ədəbiyyatı və incəsənəti haqqında bilgilərin, eləcə də ədəbi nümunələrin estonca yayımlanmasına həsr olunmuşdu. Bu tanıtma layihəsi 1940-cı ilin yayında Qırmızı ordunun süngüləri üstündə Estoniyaya Sovet hakimiyyəti gətirildikdən sonra SSRİ Yazıçılar İttifaqının xətti ilə həyata keçirilmişdi və əsasən siyasi-ideoloji mahiyyət daşıyırdı(Sözgəlişi deyək ki, jurnalın 1940-cı ilin noyabr və dekabr aylarında buraxılmış 4-cü və 5-ci sayları rus və Ukrayna ədəbiyyatlarının, 1941-ci ilin martında çıxmış 3-cü sayı isə erməni ədəbiyyatı və incəsənətinin Estoniya SSR-də təbliğinə həsr edilmişdi. Lakin bu, tamam başqa mövzu olduğuna görə, indi üstündə dayanmaq istəməzdik. - M.H.).

Sözügedən layihə çərçivəsində jurnalın Azərbaycan mədəniyyətinə həsr edilmiş sayında “Azərbaycan xalqının ədəbiyyatı” adlı icmaldan savayı, şairə və tərcüməçi Adelina Adalisin (1900-1969) “Misli görünməmiş dəyişikliklər ölkəsi” oçerki, yazıçı və ədəbiyyatşünas Marietta Şaqinyanın (1888-1982) “Azərbaycan nəsri haqqında” məqaləsi, sənətşünas və bibliofil Yulius Genssin (1887-1957) “Azərbaycan mədəniyyəti haqqında  fraqmentlər” başlıqlı yazısı çap edilmişdi.

Göstərilən qeyri-azərbaycanlı müəlliflərin məqalələri ilə yanaşı jurnalda eston oxucularının mühakiməsinə klassik Azərbaycan poeziyasından bir neçə nümunə - Nizaminin “Leyli və Məcnun” poemasından “Məcnunun qarğa ilə söhbəti” hekayəsi, Molla Vəli Vidadinin “Durnalar” qoşması, Xurşidbanu Natəvanın “Sevgi nəğməsi” şeiri və Sabirin “Bakı fəhlələrinə” satirası verilmişdir. Nizaminin və Vidadinin əsərlərini estoncaya şair, yazıçı və publisist Bernard Kangro (1910-1994) çevirmişdir. Sabirin satirası Meeme Murang təxəllüslü məşhur eston ədibi, şair və tərcüməçi Uku Mazing (1909-1985) tərəfindən tərcümə edilmişdir. Natəvanın göstərilən şeirini isə təəssüf ki, hələ kimliyini öyrənə bilmədiyimiz M.R.inisiallı bir müəllif çevirmişdir.

Azərbaycan ədəbiyyatı haqqında jurnalda getmiş icmal çərçivəsində “Kitabi-Dədə Qorqud” eposu ilə bağlı eston oxucularına belə məlumatlar təqdim olunmuşdur:

“Azərbaycan xalqının min illik tarixi olan zəngin ədəbiyyatı vardır. Əsrlər boyu şiddətli dini basqı və ağır feodal münasibətlərinin hökm sürdüyü şəraitdə Azərbaycan xalqının yaratdığı bənzərsiz poeziya inciləri dünya ədəbiyyatı tarixində özünəlayiq yer tutaraq möhkəm zəmində dayanır. Nizami, Xaqani, Füzuli və Vaqif kimi böyük söz ustalarının poetik irsi Azərbaycan xalqının nə qədər istedadlı xalq olduğunu təsdiq edən bariz nümunələrdir. 

Azərbaycan ədəbiyyatının məşhur abidəsi - qədim qəhrəmanlıq dastanı olan “Kitabi-Dədə Qorqud”un Azərbaycan şifahi xalq ədəbiyyatının kamilləşmə dövrünün gözəl nümunəsi kimi XI əsrdə formalaşdığı güman edilir (XVI əsrdə yazıya alınmışdır). “Kitabi-Dədə Qorqud” dastanının baş obrazları cəsur qəhrəmanlar, xalq sevgisini qazanmış igid döyüşçülər və sərt savaşçılardır ki, onlar ayrı-ayrı boylarda təsvir və vəsf olunublar.

Dastanın boylarında xalqın tarix boyu apardığı qəhrəmanlıq mücadiləsi təsvir olunub, xalq hikməti, onun arzuları, duyum və inancları tərənnüm edilib. Eposda savaş ənənələrinin ciddiliyi və amansızlığı cəngavərlərin (igidlərin - M.H.) nəcibliyi və qəhrəmanlığı ilə vəhdət təşkil edir. Dədə Qorqud igidləri dağlarda qurulmuş çadırlarda yaşayırlar, çəmənlərdə onların at ilxıları bəslənilir. Bu səhnələrdən onların yarıköçəri həyat tərzinə aid spesifik məlumatlar əldə etmək mümkündür. Dastanda insanların yaylaq həyatı, saldıqları barlı-bəhərli bağlar və üzümlüklər, patriarxal məişət qanunları, döyüşçülərin və sadə adamların həyat çətinlikləri obrazlı dillə təsvir olunub. Bütün bunlar parlaq və gerçək səhnələrdə öz əksini taparaq xəlqi ruhu, sadəliyi və insaniyyətliyilə diqqəti çəkir.

Boylarda həmçinin cəsarətli və nəcib qadınlar təsvir edilib. Özünün toy günündə savaşa yola düşən gənc ərənlərin adaxlıları həmişəlik onlara sədaqətli qalacaqlarına söz verib belə and içirlər: “Qoy məni abırsız gəlin adlandırmaqdansa, bəxtsiz gəlin çağırsınlar!”.

“Kitabi-Dədə Qorqud” eposu tarixi və bədii önəmi baxımından “İqor polku haqqında dastan”, “Roland dastanları”, “Nibelung nəğmələri”, “Kalevala” və digər klassik abidələrlə bir sırada durur...”. 

AKADEMİK TƏRCÜMƏ STRATEGİYASI 

Bu publikasiyadan təxminən 70 il keçdikdən sonra - 2008-ci ildə “Kitabi-Dədə Qorqud”un özü Tallində “Kiil” (“Cırcırama”) nəşriyyatı tərəfindən ilk dəfə eston dilində buraxılıb işıq üzü gördü. (“Dada Gorgudi raamat”. Tallinn, Kirjastus “Kiil”, 2008, 270 lk. ISBN 978-9949-15-611-5).

Dastan estoncaya tərcümə edilərkən əsərin dilçi alim Samət Əlizadə (1938) tərəfindən çapa hazırlanmış və 1999-cu ildə “Yeni Nəşrlər evi”nin xətti ilə buraxılmış nəşrindən orijinal qismində istifadə olunmuşdur. Epos bütünlüklə (müqəddimə və on iki boy) eston dilinə çevrilib nəşr edilmişdir.

“Kitabi-Dədə Qorqud” dastanını eston dilinə tanınmış tərcüməçi Anneli (Annely) Pekkonen və Estoniyada yaşayan ziyalı həmvətənimiz Vidadi Məmmədov birgə tərcümə ediblər. Tərcümənin təşəbbüskarı, işin təşkilatçısı, kitabın tərtibatçısı və xüsusi redaktoru V. Məmmədovdur. Mütərcimlər eposun tərcüməsi və nəşrə hazırlanması üzərində iki ildən artıq bir müddətdə - 2006-2008-ci illərdə mütəmadi olaraq çalışıblar.

Bu nəşrlə bağlı şübhəsiz ki, bizi ilk növbədə maraqlandıran sual budur ki, dastan eston dilinə necə tərcümə olunub?! Tərcüməçi V. Məmmədovla “Kitabi-Dədə Qorqud”un estonca nəşri, eston dilinə tərcümənin spesifik xüsusiyyətləri, qarşıya çıxan çətinliklər və onlardan çıxış yolları barədə apardığımız yazışmaların birində o, bu suala cavab olaraq belə açıqlamalar verdi:

“Dastanı eston dilinə çevirməzdən əvvəl tərcüməni hansı oxucu dairəsi üçün edəcəyimiz barədə fikirləşdik. Əlbəttə, ən asan yol eposun estonca sadələşdirilmiş mətnini hazırlamaq idi. Belə olan halda, sonsuz sayda ədəbiyyat toplamaq, qalaq-qalaq kitabları vərəqləmək, saysız-hesabsız tədqiqat əsərlərini oxuyub müqayisələr aparmaq və daha nələr, nələr üstündə baş sındırmaq lazım gəlməzdi. Lakin biz akademik tərcümə strategiyasını seçdik. Çalışdıq ki, dil baxımından zəngin bədii-poetik palitrası ilə seçilən abidəni estoncaya tam dolğunluğu və obrazlı dillə çevirək. Tərcümə zamanı deyimlərdəki (söyləmələr, oxşamalar və s.) intonasiya və ritmlərin, heca sayının və qafiyələrin saxlanılmasına xüsusi diqqət yetirdik. Bu, əlbəttə ki, çox çətin bir iş idi və buna tam nail olmaq zənnimcə, qeyri-mümkündür.

Ümumiyyətlə, nəzərdən qaçırmaq olmaz ki, “Kitabi-Dədə Qorqud”un mətni ilk baxışdan asan göründüyü qədər də çətindir. Xüsusən də, başqa dilə çevirmək üçün. Üstəlik, eston dilinin müstəsna dərəcədə özünəməxsusluqları vardır ki, bu da şübhəsiz, tərcüməni asanlaşdıran faktorlardan deyildir. Misal üçün qeyd edək ki, eston dilində ismin 14 halı vardır. Həm də ki, bu dildə xeyli sayda diftonqlar, hətta bir sözdə 4, 5 və yaxud 6 saitin birləşik yazılıb tələffüz edildiyi leksik vahidlər vardır. Odur ki, şeirləri eston dilinə tərcümə edən zaman heca sayını saxlamaq, və yaxud Azərbaycan poeziyasına xas olan daxili qafiyələri qorumaq cəhdi həmişə uğurla nəticələnmir. Amma biz çalışdıq ki, “Kitabi-Dədə Qorqud”u eston dilinə Oğuz-türk ellərinin Atası Dədə Qorquda layiq səviyyədə çevirək”.

Qeyd olunmalıdır ki, A. Pekkonen həm istedadlı ədəbiyyatşünas və tərcüməçi, həm də ana dilimizin bilicisi olaraq Azərbaycan ədəbiyyatına və etnokulturoloji dəyərlərinə çox yaxın bir ziyalıdır. Bu, onun “Kitabi-Dədə Qorqud”u estoncaya uğurla tərcümə etməsilə yanaşı, həm də kitaba yazdığı geniş və dərin məzmunlu sözardından (estonca - J?rels?na) aydınca görünüb təsdiqlənir. Sözardı sübut edir ki, A. Pekkonen Azərbaycan və dünya qorqudşünasları tərəfindən eposun müfəssəl öyrənilib yayımlanması sahəsində indiyədək Avropa xalqlarının dillərinə edilmiş tərcümələrlə, ən müxtəlif səpkilərdə və kəsimlərdə aparılmış elmi araşdırmalarla, çeşidli təhlillərlə, həmçinin bu sahədə hazırlanmış mühüm akademik nəşrlər və digər tədqiqat işləri ilə yaxından tanışdır.

A. Pekkonen sözardını hazırlayan zaman ünlü tərcüməçilər və nüfuzlu qorqudşünaslar - Bakı Dövlət Universitetinin professoru S. Əlizadə, ədəbiyyatşünas professor Azad Nəbiyev (1945-2012), folklorşünas professor Xalıq Koroğlu (1919-2002), folklorşünas alim, filologiya elmləri doktoru Bəhlul Abdullayev (1940-2011), folklorşünas və türkoloq professor M. Fahrettin Kırzıoğlu (1917-2005), İstanbul Universitetinin Fəxri doktoru Orhan Şaik Gökyay (1902-1994), şərqşünas alim Henrix Fridrix fon Dits (1751-1817), məşhur italyan şərqşünası Ettore Rossi (1894-1955), Oksford Universitetinin professoru Geoffrey Levis (1920-2008), şərqşünas rus akademikləri Vasiliy Bartold (1869-1930) vəViktor Jirmunski (1891-1971), folklorşünas rus professorları Eliazar Meletinski (1918-2005) və Serqey Neklyudov (1941), Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun əməkdaşı, türkoloq və qorqudşünas alim Tatyana Anikeeva və digər müəlliflərin “Kitabi-Dədə Qorqud”un tədqiqatı ilə bağlı işləyib ortaya qoyduqları mühüm yapıtlardan istifadə etmiş və yaradıcı surətdə bəhrələnmişdir. Odur ki, 33 səhifəlik həmin sözardını heç bir tərəddüd etmədən dastan barədə yüksək elmi səviyyədə hazırlanmış əhatəli araşdırma işi kimi qəbul etmək olar. 

Dastanın eston nəşri “Kitabi-Dədə Qorqud”un söz lüğətinə aid çox geniş spektri əhatə edən 122 adda şərhlər və izahlarla təmin olunub. Çox anlaşıqlı və hərtərəfli əsaslandırılmış şəkildə təqdim edilmiş bu izahlar eposun tərcüməçiləri tərəfindən yazılmışdır. İzahları əsaslandıran mənbələrdən məlum olur ki, A. Pekkonen və V. Məmmədov onları hazırlayarkən 20 müəllifdən artıq qorqudşünasın və ilahiyyat üzrə alimin tədqiqat işlərinə əsaslanıblar.  Bunun nəticəsi olaraq işin səviyyəsindən aşkar görünür ki, izahlar böyük məsuliyyətlə və xalis peşəkarlıqla hazırlanmışdır. V. Məmmədovun özünun sözləri ilə desək, “onlar çox ciddi şəkildə çalışıblar ki, eston oxucusu əsəri oxuyarkən onun “Bu nə deməkdir?” sualı cavabsız qalmasın”.

BƏNZƏR DƏYƏRLƏRƏ SÖYKƏNƏN FƏALİYYƏT 

Tərcüməçilərin yaradıcılıq fəaliyyəti ilə bağlı vurğulamaq istərdik ki, A. Pekkonen və V. Məmmədov uzun illərdir ki, Estoniyanın ədəbi-mədəni və ictimai həyatında xüsusi dəsti-xətti olan və az rast gəlinən fəal tandem olaraq uğurla iştirak edirlər. Onları yaradıcılıq cəhətdən ilk növbədə bir-birinə yaxınlaşdıran mühüm mənəvi amillərdən biri etnikcə fin əsilli Estoniya vətəndaşı olan Anneli xanımın Azərbaycana bəslədiyi dərin hörmət hissləri, həmçinin dilimizə və ədəbiyyatımıza göstərdiyi yaradıcılıq marağı, azərbaycanlı Vidadi bəyin isə ana dilimizlə yanaşı, eston dili və mədəniyyətinə göstərdiyi yüksək diqqət, həqiqi vətəndaş və ziyalı münasibətidir. 

Bununla yanaşı onları həyatda ideya və məslək silahdaşlarına  çevirən bir çox ortaq dəyərlər, oxşar ictimai baxışlar, əqidələr və digər mənəvi ümumiliklər vardır. O ümumiliklər ilk növbədə bu tandemin milli və ümumbəşəri dəyərlərə eyni bucaq altında bəslədikləri sayğını, müstəqil Azərbaycan və Estoniyanın mədəni tərəqqisi naminə gördükləri müştərək işləri əhatə edir, həmçinin eyni zamanda onların demokratik ideallara, fəaliyyət və seçim azadlığına, vətəndaş cəmiyyəti quruculuğunun baza prinsiplərinə eyni platformadan yanaşmalarını əks etdirir.

Burda bir lirik haşiyə çıxıb göstərmək istərdik ki, bu tandemin yaradıcılıq münasibətləri əsrarəngsiz ədəbiyyat dünyasından və gözəl poetik duyğular məkanından kök atıb rişələnib. Məmnunluq hissi ilə qeyd edək ki, bir zaman sonra həmin münasibətlər onların arasında qarşılıqlı sevgi hisslərini yaratdı, Vidadi bəylə Anneli xanımın qəlblərini bir-birinə bağladı, yaradıcılıq yolları kimi həyat yollarını da birləşdirdi. Və onlar əl-ələ verib həyatın mürəkkəb və çətin yollarına çıxdılar. Gün gəldi ki, bu cütlüyün qəlbi övlad sevincinə büründü. İndi Vidadi bəy ömür-gün yoldaşı ilə birlikdə Sevinc və Humay adlı iki gözəl qızını böyüdürlər...

A.Pekkonenin Azərbaycan ədəbiyyatı ilə yaradıcılıq əlaqələrinin o biri qütblərini və əhatə dairəsini göstərmək məqsədi ilə qeyd edək ki, o, “Kitabi-Dədə Qorqud”dan əlavə, məşhur detektiv yazıçı və publisist Çingiz Abdullayevin 3 kitabını - “Mənim gözəl alibim”, “Vahimələr tuneli” və “Özün üçün bir dünya yarat” adlı kriminal romanları 2008-2010-cu illərdə ruscadan eston dilinə tərcümə edib. Bunlarla yanaşı, Qurban Səidin “Əli və Nino” populyar romanını estoncaya çevirib 2014-cü ildə Tallində nəşr etdirib. Göstərilən kitabların və həmçinin Ç. Abdullayevin tərcüməçi Mae Taal tərəfindən tərcümə edilmiş daha bir əsərinin - “Demək olar ki, ağla sığmayan qətl” romanının eston dilində işıq üzü görməsində V. Məmmədov tərtibatçı və yaxud xüsusi redaktor qismində iştirak edib.

Dastanın estoncaya tərcümənin həmmüəllifi Vidadi Məmmədovun həyat və fəaliyyəti haqqında bəzi bilgiləri təqdim edərkən qeyd edək ki, o, 3 sentyabr 1959-cu ildə Füzuli rayonunun Veysəlli kəndində dünyaya gəlib. 1984-cü ildən Estoniyada yaşayır. Bu ölkənin vətəndaşıdır.1990-cı ildə Tallin Texniki Universitetini bitirib. Azərbaycan diasporunun tanınmış təmsilçilərindən biridir. 1988-ci ildə Estoniyada ilk Azərbaycan diaspora təşkilatını - “Ocaq” Cəmiyyətini yaratmış təşəbbüs qrupunun fəal üzvü, həmçinin 1989-cu ilin dekabr ayından 1994-cü ilə qədər Tallində nəşr edilmiş (müəyyən fasilələrlə) “Ocaq” qəzetinin Baş redaktoru olub.

V. Məmmədov uzun illərdir ki, həm də Azərbaycan-Estoniya ədəbi-mədəni əlaqələrini genişləndirib inkişaf etdirmək üçün konkret işlər görür. İndiyədək bu sahədə bir sıra uğurlu layihələr həyata keçirib.Onun imza atdığı mühüm işlərdən biri 2000-ci ildə “Eston Dili Fondu” tərəfindən Tallində buraxılmış müxtəsər “Azəri-eston lüğəti”dir. O, ədəbi-mədəni əlaqələrimiz tarixində ilk dəfə olaraq hazırlanıb çap edilmiş bu qiymətli və vacib lüğətin müəllifi kimi Estoniyada geniş tanınıb.

Geniş istifadəçi dairəsi üçün nəzərdə tutulmuş və 12 min sözdən ibarət olan bu lüğətin ərsəyə gəlməsində müəllifə çox vacib akademik yardım göstərən şəxslərdən biri A. Pekkonen olmuşdur. Elə buna görədir ki, V. Məmmədov sözügedən nəşrə yazdığı müqəddimədə “lüğətin hazırlanmasında əvəzsiz köməyi olmuş, Azərbaycan dili və ədəbiyyatının böyük pərəstişkarı Anneli Pekkonenə (...) öz dərin minnətdarlığını bildirmişdir”.

Önəmli haldır ki, V. Məmmədov göstərilən akademik işi ilə kifayətlənməmiş və bu sahədə fəaliyyətini davam etdirərək 2006-cı ildə daha bir lüğəti - 12 mindən artıq leksik vahidi ehtiva edən “Estonca-azərbaycanca sözlük” nəşrini hazırlayıb “Eston Dili Fondu”nun xətti ilə Tallində çap etdirmişdir.

Ümumən bunların hamısına baxmayaraq, A. Pekkonen və V. Məmmədovun indiyədək birgə imza atdıqları yaradıcılıq işlərinin ən önəmlisi şübhəsiz ki, “Kitabi-Dədə Qorqud”un estoncaya tərcüməsidir.  

BÖYÜK OĞUZ BƏYLƏRİNİN MƏDHİ  

Bu yarımbaşlığı təsadüfi seçmədik. Dastanın estonca nəşrinə yazılmış ön söz elə beləcə də adlanır: - “Böyük Oğuz bəylərinin mədhi” (“Suurte oguusi beide kiituseks”). Dörd səhifəlik bu giriş məqaləsinin müəllifi tanınmış eston ictimai-siyasi və mədəni xadimi Andres Herkeldir (1962). Məqalədən aydın görünür ki, müəllif Azərbaycan folkloru və yazılı ədəbiyyatının həm həvəskarı, həm də yaxşı bilicisidir. Odur ki, o, ön sözdə eston oxucusunu dastanın ruhuna uyğun axarda kitabın mahiyyətinə kökləyə bilib.

A. Herkel 1999-cu ildən Estoniya Respublikası Riigikogunun (Parlamentinin) üzvü, Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Estoniya nümayəndə heyəti sədrinin müavini və AŞPA-nın Monitorinq Komitəsinin Azərbaycan üzrə sabiq həmməruzəçisi olaraq Azərbaycan ictimaiyyətinə siyasətçi kimi kifayət qədər yaxşı tanış olan şəxsdir. Odur ki, bu yazımızda daha çox onun yaradıcılıq fəaliyyəti ilə bağlı və geniş ictimaiyyətə az məlum olan bəzi bilgiləri təqdim etmək istərdik. 

A.Herkel Tartu Universitetinin məzunudur (1985). Burada psixologiya və tarix elmləri üzrə təhsil alıb. Görkəmli eston tarixçisi, tərcüməçi, şərqşünas alim və buddoloq tədqiqatçı Linnart Mallın (1938-2010) elmi fəaliyyətinin təsiri altında şərqşünaslıqla məşğul olmağa başlayıb. 1998-ci ildə Tartu Universitetində “Qədim Hind abidələrində mifoloji psixologiya” mövzusunda magistr işini müdafiə edib. Klassik sanskrit dili ilə maraqlanır.

O, Estoniyada öz dəsti-xətti ilə seçilən yazıçı-publisist kimi tanınıb. Şeir və esselər də yazır. 1997-2012-ci illərdə estonca nəşr edilmiş bir sıra kitabların müəllifidir. Bir neçə ədəbi ödülün sahibidir. 2010-cu ildə “Azərbaycan məktubları” (“Aserbaidzaani kirjad”) adlı iki hissədən ibarət kitabı işıq üzü görüb.

İndi dastanın nəşrinə qayıdaraq qeyd edək ki, “Kitabi-Dədə Qorqud” estonca iç və üz qrafikası özəl tərtibatla işlənmiş halda, yüksək poliqrafik keyfiyyətlə və nəfis şəkildə çap edilmişdir. Dastanın belə səviyyədə işıq üzü görməsində azərbaycanlı sənətkar, istedadlı rəssam Fəxrəddin Seyfəddinoğlunun (1962) danılmaz əməyi vardır.Onun “Kitabi-Dədə Qorqud”a miniatür üslubda çəkdiyi 6 ədəd rəngli rəsm kitaba illüstrasiyalar kimi daxil edilmişdir. İllüstrasiyaların stilizasiya edilmiş iki görüntüsündən həm də kitabın üz və arxa qabığının dizayn tərtibatında istifadə olunmuşdur.

Nəşrdə yer almış illüstrasiyalar əsasən batal lövhələr üslubunda yaradılmış kompozisiyalardan ibarətdir. Rəssam bu əsərlərdə qarışıq fiqurların ayrı-ayrılıqdakı görüntülərini verməklə qədim oğuzların yurd yerləri və yaşamına aid cəlbedici səhnələr yaratmışdır.Belə ki, əli qopuzlu xalq ozanı Dədə Qorqudun möhtəşəm təsvirləri, rəngbərəng çadırlar, müxtəlif geyimlər və çeşidli məişət əşyaları, qara zurna, nağara və təbil sədaları altında ozanların müşayiəti ilə keçirilən el şənlikləri, digər təlatümlü mərasimlər, əsrarəngsiz təbiət lövhələri, quşlar və bitkilər aləminə aid görüntülər, boz qurd və ev heyvanlarının (at, it, dəvə və s.) fiqurları, fövqəltəbii varlıqlar,növbənöv silahlar (qılınc, ox, nizə, dəbilqə, qalxan, sapand)və s. elementlər yüksək sənətkarlıqla düşünülüb işlənmişdir. Bütün bunlar ayrı-ayrı fraqmentlər şəklində çəkilməsinə baxmayaraq müəllif batal lövhələrdə dastanın ana xəttini və milli ruhunu vəhdət qayə müstəvisində təsvir edərək səhnələrin daxili və zahiri bütövlüyünə, müxtəlifliyin dinamika və rəng ahəngdarlığına nail olmuşdur.

Düşünürük ki, Azərbaycan rəssamı fırçaya aldığı gözəl və dərin məzmunlu bu lövhələr vasitəsilə dastanın etnoloji, kulturoloji və mifoloji çalarlarını eston oxucusunun təxəyyülündə ustalıqla canlandırıb dərk etdirə bilmişdir.

lll

Beləliklə, “Kitabi-Dədə Qorqud” eposunun 1978-2013-cü illərdə Baltik xalqlarının dillərində nəşr edilib yayımlanmasını, heç bir tərəddüd etmədən beynəlxalq ədəbi-mədəni hadisələrə aid etmək olar. Göstərilən tərcümələr və dastanın öyrənilib tanıdılması vektorunda Baltik ölkələrində aparılmış tədqiqat işləri, işıq üzü görmüş yazılar və nəşrlər zənnimizcə, “Kitabi-Dədə Qorqud”un dünya xalqlarının mənəvi sərvətlər xəzinəsinə daxil edilməsinin gerçəklərini əks etdirən zəngin salnamənin orijinal və qiymətli səhifələridir.

Bununla yanaşı, həmin işlərin məcmusu sayəsində Azərbaycan və Baltik xalqlarının çoxəsrlik ədəbi-mədəni və ictimai əlaqələri tarixində hər zaman aktual olaraq qalacaq xüsusi bir ədəbi-mədəni mərhələ  - geniş anlamda desək, “Kitabi-Dədə Qorqud” mərhələsi təşəkkül tapmışdır. Dastanın eston, latış və litva dillərinə edilmiş tərcümələri, eyni zamanda Azərbaycan etnosunun islamaqədərki formalaşma tarixinin çox mühüm bir dövrünü əks etdirən qədim oğuz abidəsinin ekvivalentləri olaraq, türkün keçmişi və milli kimliyinin Baltik ölkələrində tanıdılması, etnokulturoloji dəyərlərimizin yayımlanması və Baltik xalqları ilə etnoslararası əlaqələrimizin adekvat modelinin qurulması istiqamətində müstəsna əhəmiyyət kəsb edir...

Vilnüs - Riqa - Tallin - Bakı,
1983-2016-cı illər

 





21.11.2016    çap et  çap et