525.Az

Qəbələ RLS hərbi muzeyə çevrilə bilərmi?


 

"CƏNUBİ QAFQAZIN İSVEÇRƏSİ"NDƏ YERLƏŞƏN BU STANSİYANIN MUZEY KİMİ FƏALİYYƏTİ YERLİ VƏ XARİCİ TURİSTLƏRİN BÖYÜK MARAĞINA SƏBƏB OLAR"

Qəbələ RLS hərbi muzeyə çevrilə bilərmi?<b style="color:red"></b>

Keçmiş Sovet İttifaqının Raketdən Müdafiə Kompleksinin 8 əsas stansiyasından biri olan Qəbələ Radio Lokasiya Stansiyası (RLS) 1985-ci ildə istifadəyə verilmişdi.

Bu stansiya o dövr üçün hərbi-strateji baxımından böyük əhəmiyyətə malik idi. Dəryal tipli stasionar radiolokasiya stansiyasının texniki parametrlərinə görə dünyada anoloqu yox idi, 6 min km. radiusdakı məsafəni nəzarətdə saxlayırdı.

Həmçinin, Qəbələ RLS İran, Türkiyə, Hindistan daxil olmaqla Yaxın Şərqi bütövlükdə, Hind okeanı və Avstraliya qitəsinin müəyyən bir qismini izləmək imkanında idi. Eyni zamanda, stansiya, bu ərazilərdən atılmış orta məsafəli nüvə başlıqlı raketlərin ilk atış anından etibarən traektoriyasını müəyyən edə bilirdi.

Sovet İttifaqı dağıldıqdan sonra Qəbələ RLS Azərbaycanın mülkiyyətinə çevrildi. Azərbaycan 2002-ci ildə stansiyanı illik 7 milyon dollar qarşılığında 10 il müddətinə Rusiyaya icarəyə vermişdi. Bu illər ərzində stansiyada 1400 Rusiya hərbçisi qulluq edirdi. Burada, həmçinin Azərbaycan mütəxəssisləri də fəaliyyət göstərirdi.

Daha sonra Azərbaycan RLS-in icarə müddətini artırmaq qərarına gəldi. Tərəflər arasında razılıq əldə olunmadığına görə, 2012-ci ilin dekabrın 10-da stansiyanın fəaliyyəti tam dayandırıldı.

Bu mənada, Qəbələ RLS daha çox hərbi obyekt kimi beyinlərdə assosiasiya olunsa da, stansiyanın sosial və iqtisadi aspektləri haqqında da düşünmək lazımdır. Nəzərə alınmalıdır ki, ölkəmizin turistik baxımdan ən cəlbedici bölgələrindən birində - "Cənubi Qafqazın İsveçrəsi"ndə yerləşən bu stansiyanın muzey kimi fəaliyyəti yerli və xarici turistlərin böyük marağına səbəb ola bilər. Çünki Azərbaycanın 70 illik Sovet tarixi var. Bu dövr ərzində Azərbaycan dünya tarixinə qızıl hərflərlə yazılan İkinci Dünya Müharibəsinin həm iştirakçısı, həm də alman faşizmi üzərində qazanılan zəfərdə böyük pay sahibi olub. 1945-ci ildə qələbənin əldə olunmasında həlledici rol oynayan amillərdən biri kimi Bakı neftini qeyd etmək kifayət edər. Müharibə illərində ölkənin neft və neft məhsulları, təyyarələrin və tankların motor yağı, benzinlə təmin edilməsinin dörddə üçü Azərbaycan istehsalı idi.

Uzun illər SSRİ neft və qaz sənayesinə başçılıq etmiş Nikolay Baybakov təsdiq edib ki, SSRİ-nin neft balansında Azərbaycanın iştirakı olmasaydı Sovetlər İttifaqının faşizm üzərində qələbəsi sual altında qala bilərdi.

Bu, bizim tariximizdir. Bəs, nə üçün özündə canlı tarixi yaşadan bu stansiyanı hərbi muzeyə çevirmirik?

Məsələ ilə bağlı fikirlərini bildirən "Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə" İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli hesab edir ki, dünyanın böyük bir ərazisini nəzarətdə saxlamaq imkanına malik olan Qəbələ RLS-in muzeyə çevrilməsi həm müasir hərb tariximizin təbliğı, həm də xarici turistlərin ölkəyə cəlb olunması baxımından əhəmiyyətli olardı: "Vaxtilə Sovet İttifaqının tərkibində 15 respublikadan biri olan Azərbaycan xüsusilə İkinci Dünya Müharibəsində SSRİ-nin faşizm üzərində qələbə qazanmasında müstəsna rol oynayıb. Xalqımız bu müharibədə həm döyüş meydanlarında, həm də arxa cəbhədə əsl qəhrəmanlıq göstərib. Bu mənada, Azərbaycanın Sovet dövründəki şərəfli tarixini qorumaq, hərbi ənənələri yaşatmaq vacibdir".

Hərbi-siyasi icmalçı Ramil Məmmədli isə bildirib ki, Qəbələ RLS-in təyinatı üzrə müasir texnologiya ilə təchiz olunaraq hava hücumundan müdafiə sistemi kimi fəaliyyət göstərməsi daha yaxşı olardı: "Lakin Azərbaycan dövlətinin planında belə bir addımın atılması nəzərdə tutulmayıbsa, o zaman ən optimal variant stansiyanın hərbi muzey kimi fəaliyyət göstərməsidir. Çünki turizm potensialına görə, Azərbaycanın ən cəlbedici bölgələrindən birində yerləşən bu stansiyanın muzeyə çevrilməsi hərb tariximizin təbliği baxımından böyük effekt verə bilər. Belə bir addımın atılması dövlət büdcəsinin xarici valyutada əlavə vəsaitlər əldə etməsinə də gətirib çıxaracaq".

Ekspert xatırladıb ki, dünya ölkələrində, o cümlədən, Azərbaycanda vaxtilə hərbi-strateji əhəmiyyət kəsb edən qala, qəsr və digər tikililərin sonradan muzey kimi fəaliyyət göstərməsinə rast gəlinir. Onun sözlərinə görə, yaxın tarixi əks etdirən obyektlərin də sonradan muzeyə çevrilməsi həmin dövrün tarixi reallıqlarının mədəni müstəvidə beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynayır: "Bununla, həm də xarici turistlərin sayı artır, ölkə turizmi inkişaf edir".

Post-neft dövründə qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə əlaqədar turizm sahəsinə dövlət səviyyəsində xüsusi diqqətin ayrıldığı bir vaxtda belə bir təşəbbüsün reallaşdırılması olduqca məntiqli görünür. Təsadüfi deyil ki, ölkədə turizmlə bağlı inkişaf planı təsdiq olunan dövrdə, daha dəqiq 2002-2003-cü illərdə yerli və xarici səhmdarların Azərbaycanın turizm sektoruna böyük maraqları yaranmışdı. Dövlət səviyyəsində həyata keçirilən ardıcıl və məqsədyönlü fəaliyyət nəticəsində Azərbaycan bu sahədən gəlir əldə etməyə başladı. Diqqət yetirsək, 2002-ci ildə ölkə iqtisadiyyatı Azərbaycana gələn turistlərdən 432 milyon manat gəlir götürdüyü halda, 2009-cu ildə bu rəqəm 1 milyard 122 milyon manata yüksəldi.

Hər il ölkədə yeni infrastruktur layihələri əsasında müasir və klassik üslubda tikililər - turist yerləşdirmə obyektləri, istirahət kompleksləri, idman sağlamlıq mərkəzləri hazırlanıb istifadəyə verilir ki, bu da əcnəbilərin Azərbaycanın müxtəlif bölgələrinə marağını daha da artırır. Təkcə yay deyil, eləcə də qış turizminin inkişafı üçün fəaliyyət planı əsasında idman və istirahət mərkəzlərinin istifadəyə verilməsi ilə bu sahədə canlanma yaradılıb. Lakin bu kifayət etmir. Çünki qarşıya qoyulan məqsəd ölkə turizminin inkişafıdırsa, o zaman məsələyə hərtərəfli, kompleks şəkildə yanaşma tələb olunur: əcnəbilərə təkcə maddi-mədəni, təbiət abidələrimiz, milli mətbəximiz, mədəniyyətimiz, musiqi sənətimizdən deyil, həm də hərb tariximizdən nümunələr təqdim etməliyik. Bu mənada, vaxtilə böyük hərbi-strateji əhəmiyyətə malik, 27 il ciddi nəzarət altında fəaliyyət göstərən, 4 ildir ki, qapısı möhürlü saxlanılan bu obyekti yeni ovqatda insanlara açmaq lazımdır.

Ceyhun ABASOV

 





22.11.2016    çap et  çap et