525.Az

"Məqsəd nöqsan axtarmaqdırsa…"


 

"Məqsəd nöqsan axtarmaqdırsa…"<b style="color:red"></b>

5-ci çağırış Milli Məclisin (MM) fəaliyyətə başlamasından təxminən bir ilə yaxın vaxt ötür.

Gənclik yaşında olan və ya gənclik yaşını ötmüş yeni deputatlar da daxil olmaqla, 5-ci çağırış parlamenti əvvəlkilərlə müqayisədə nisbətən yeni tərkibli, yenilənmiş parlament hesab etmək olar.

Eyni zamanda, yeni seçilmiş gənc və bir qədər yaşlı deputatlardan bu dövr ərzində özlərini yaxşı mənada göstərən, medianın, cəmiyyətin diqqətini çəkənlər də olub, bir qədər kölgədə qalanları da. Bəs görəsən tərkbinin, üzvlərinin böyük hissəsi hakim Yeni Azərbaycan Partiyasından (YAP) ibarət olan 5-ci çağırış parlamentin fəaliyyəti ötən bir il ərzində yetərincə qənaətbəxş olubmu, fəaliyyəti təqdirəlayiqdirmi? Xüsusilə də, hakim partiya və YAP-çılardan ibarət olan parlament rəhbərliyi MM-in bir illik fəaliyyətindən razıdırmı?

Bu suallara cavab almaq məqsədilə də YAP İdarə Heyətinin üzvü, Milli Məclis (MM) sədrinin müavini və parlamentin İnsan hüquqları komitəsinin sədri Bahar Muradovaya müraciət edik. B. Muradova isə ilk öncə ötən çağırış parlamentlər kimi, yeni tərkibli 5-ci çağırış parlamentin-millət vəkillərinin fəaliyyətindən də razı qaldıqlarını bildirib. 

-Əlbəttə, birmənalı şəkildə 5-ci çağırış parlamentin və onun üzvlərinin fəaliyyətindən razıyıq. Ötən bir illik fəaliyyəti də müsbət, qənaətbəxş sayırıq.

-Heçmi qüsur, nöqsan yoxdur bu bir illik fəaliyyətdə?

- Əgər məqsəd qüsur, nöqsan axtarmaqdırsa, onu istənilən fəaliyyət sahəsində tapmaq olar, bu, istisna deyil. Yox, əgər ümumilikdə dəyərləndirmə aparmaq istəsək, o zaman tam əminliklə demək olar ki, YAP təmsilçilərinin üstünlüyü ilə formalaşan növbəti 5 -ci çağırış parlament bütövlükdə öz işinin öhdəsindən gəlməkdədir və gəlir. Biz qarşımıza qoyduğumuz bütün vəzifələri ardıcıl olaraq yerinə yetiririk. Ölkədə həyata keçirilən siyasətin tələb etdiyi və müstəqil hakimiyyət qanadı olaraq üzərimizə düşən vəzifələri normal şəkildə reallaşdırırıq. Bu həm təmsilçilik, həm qanun yaradıcılığı, həm də nəzarət funksiyamıza aiddir.

Eləcə də parlament diplomatiyasını, Azərbaycanın digər ölkələrlə münasibətlərini, beynəlxalq təşkilatlarda təmsilçiliyini, ölkəmizin dünyada tanıdılması prosesini, ən əsası Dağlıq Qarabağ məsələsinin beynəlxalq ictimaiyyət tərəfindən doğru-düzgün dəyərləndirilməsini, bu istiqamətdə parlamentlərlə-beynəlxalq qurumlarla diplomatik imkanlarımızı genişləndirən sənədlərin qəbulu prosesində iştirakımızı fəal şəkildə davam etdiririk. Hesab da edirik ki, bu fəaliyyət yüksələn xətlə gedir.

Əgər Azərbaycan dinamik şəkildə inkişaf edirsə, bu inkişaf özünü bütün hakimiyyət qanadlarının fəaliyyətində, eləcə də ölkəmizin dünya miqyasında yerinin və mövqeyinin möhkəmlənməsində göstərir. Təbii ki, bunun içərisində də Azərbaycan parlamenti, konkret olaraq 5-ci çağırış parlamentin tərkibi, iqtidarlı-müxalifətli hamı əsas yer tutur.

-Bahar xanım, ən azı 20 ilə yaxındır parlament müxbiriyəm və bu dövr ərzində mən də daxil olmaqla əksər parlament jurnalistləri, bütövlükdə media mənsubları keçmişli-indikili üst-üstə cəmi 25-30 nəfərdən savayı kimsəni danışdıra, müxtəlif məsələlərlə bağlı mövqelərini öyrənə bilmir. Əksər deputatlar həm parlament fəaliyyətlərində, həm də media ilə münasibətlərində fəaliyyətsizlik, ətalət nümayiş etdirirlər və sair. Yəni, hər dəfə müsahibə, hansısa məsələ ilə bağlı açıqlama almaq lazım gələndə, göz önünə, ağıla həmin 25-30 nəfərdən başqa kimsə gəlmir... Hətta, yaşlı və orta yaşlı nəslin nümayəndələrinin bir çoxu sosial şəbəkələrdə olsa da, yeni seçilən gənclik yaşında və ona yaxın yaşlarda olanlardan bir neçəsini çıxmaq şərtilə digərlərinə bu məkanda belə rast gəlmək olmur...

-Məsələ heç də onda deyil ki, onlar fəallıq nümayiş etdirmirlər, əslində onların hər biri ayrı-ayrılıqda öz işlərinin öhdəsindən gələn və parlamentə üzv seçilənə qədər də müəyyən yol keçən insanlardır. Bunu da həm fəallıqları, həm məsələlərə münasibətləri, həmçinin, prinsipiallıqları ilə sübut etmiş insanlardır. Digər məqama gəlincə, təbii ki, burada bir çox hallarda ənənəvi stereotiplər də müəyyən rol oynayır. Özü də fərq etməz, o, YAP-ın üzvüdür, üzvü deyil, ümumiyyətlə, parlamentə yeni seçilmiş şəxslərə hər zaman bir neqativ münasibət olub. Burada mənim özümün ilk dəfə deputat seçildiyim vaxt yadıma gəlir - 2000-ci il. O zaman çoxlu sayda yeni gənc insanlar parlamentə seçilmişdi. Həmin dövrdə ilk olaraq bizim haqqımızda neqativ ruhlu bir neçə təhlili məqalələr çap olunmuşdu. Bizim hər birimizi - kim hardan gəlib, necə gəlib - neqativ yöndən təhlil edərək, müəyyən rəy yaratmağa cəhdlər olmuşdu. Məqsəd də o gəncləri qorxutmaq, ictimai-siyasi proseslərdən çəkindirmək, müəyyən mənada özlərinə qapılmağa vadar etmək idi.

Bəzən mətbuat, bəzən cəmiyyət yeni nəslə - özü də təkcə Azərbaycanda deyil, bütün dünyada belədir- bu cür yanaşma ortaya qoyur. Bu baxımdan hesab edirəm ki, yeni deputatlarla münasibətlərin lazımi qaydada qurulmamasının bir səbəbi də medianın özündən qaynaqlanır. Sizin özünüz bir çox hallarda onlara etimadsızlıq göstərirsiniz, suallarınıza cavab verə bilməyəcəyini düşünürsünüz və yaxud da, onların yalnız danışdıqları, parlamentdə, plenar iclaslarda çıxış etdikləri halda fəaliyyətlərinə qiymət verirsiniz. Əslində onlar çox zaman seçildikləri bölgədə daha çox fəaliyyətlə məşğuldurlar, hər həftə demək olar ki, seçiciləri ilə görüşürlər, yerli və respublika əhəmiyyətli tədbirlərdə iştirak, çıxış edirlər. Ən əsası isə parlamentin komitələrində-işçi qruplarında qanun layihələrinin müzakirəsində çox fəal şəkildə iştirak edirlər. Ancaq dediyim kimi, nədənsə yalnız plenar iclasdakı çıxışları diqqətə alınır və buna görə onlara qiymət verilir.

Hesab edirəm ki, bu da doğru deyil. Əgər sizin kriteriyalarla yanaşsaq və dəyərləndirsək, o zaman görərik ki, əksər parlamentlərdə və beynəlxalq parlament assambleyalarında fəal görünən deputatların sayı uzaqbaşı 40-50 nəfərdən o yana keçmir. Artıq 10 ildən çoxdur ki, ATƏT Parlament Assambleyasındayam və deyim ki, orada da oxşar vəziyyət mövcuddur. 500-dək parlamentari içərisində maksimum 70-80, yaxud 100 adam olur ki, adlarını bilirik və bilirik ki hansı ölkənin nümayəndələridir. Əksəriyyəti sadəcə, gəlir-gedir, yəni, onlar ancaq öz ölkələri ilə bağlı məsələlərdə danışır, səsvermədə iştirak edirlər. Amma mövqelərini bizim kimi bütün məsələlərə açıq şəkildə bildirən ölkələr, nümayəndə heyətləri cəmi 20-25-dək olar.

Kamil HƏMZƏOĞLU

 





24.11.2016    çap et  çap et