525.Az

Qəşəm Nəcəfzadənin şeirləri


 

Qəşəm Nəcəfzadənin <b style="color:red">şeirləri</b>

Bu saat gəlirəm

 

Oktyabrın əvvəlində gələcəkdim

Bağışla bir az gecikirəm

Bir az əlimdə ömür var

Bir azda qəm...

 

Mən gələnəcən mənimlə olduğun yerlərə get

Xüsusən dəniz qırağına

Balıqçıdan soruş, sən məni

Qəşəmlə görməmisən ki?

Desə hə

Onda mən sabaha gəlirəm

 

Məni bizə çay verən qadının yadına sal

De bir kök kişi,

Saçı dağınıq

Yorğun, parıltısız dişi

Düymə gözlü

Adı Qəşəm

Orda, bir vaxtlar

Pəncərənin qabağında

Mənimlə əyləşən görməmisən ki?

Desə görmüşəm

Onda bu gün gəlirəm

 

Ayağın altında nazlanan toza

Quşların ağzından tökülən səsə

Və yaxud gizləndiyimiz adamlara

Sual versən

Mən onunla bu küçədə addımlayırdım

Gördünüzmü?

Əgər xatırlasalar

Elə bu saat gəlirəm.

 

Simayi-şəms

 

Dağların-

Gözəl dağların

Başı qarlı əzəl dağların

Ələsgərdən nişan qalan dağların

başında bir oda qurdum odum yox

vaxt dayanıb

dəvə ayağının çuxuruna baxır:

qum dənəcəkləri

bir-birinin əlindən tutub diyirlənir

elə bilir ki,

uşaqlardı, bir azdan böyüyəcək

dodağım-

mimdi dodağım

sözlə söndü dodağım

Ay kimi bulağa endi dodağım

Gördüm ki, içməyə bircə udum yox

Xəbərin varmı ki,

mən hər axşam ağaca gedirəm

və hər səhər ağacdan düşüb gəlirəm.

Yaratdın-

Sən yaratdın

Sən hamını tən aratdın

Ürəkdə eşq çöhrədə qəm yaratdın

Bu dünyada özgəm yoxdu, yadım yox.

Yenə unutmaq sevməklə başladı

Günəş çörəyə bənzədi

Ölüm yuxuya

Nə yaxşı ki, belə oldu

İnsan gəldi dünyaya.

Sənindi-

dözüm sənindi

görən gözüm sənindi

varım-yoxum, sazım-sözüm sənindi

mən sənnənəm sənnən ayrı adım yox.

 

Gülün bir lətifənin üzünə

 

İstəyirsiniz ürəyinz ağrımasın,

Sevinin

Məsələn, mənim bu təzə şeirimə sevinin.

Günəş şüasıyla oynayan pişiyə sevinin.

Ayağı ilə göyə ağac şəkli çəkən

Quşa sevinin.

Allah haqqı düz deyirəm,

Qonşunun evinə sevinin.

Evinin hündürlüyünə sevini

Qəlbinizdə bir xatirə yoxdumu?

Gülümsəyin o xatirənin üzünə.

Çırtma çalın oynayın,

Gülün bir lətifənin üzünə.

 

Ay üzünə

 

İçimdəki bir yaradan keçib gəlirəm

ay üzünə.

Aləmdən qaçıb gəlirəm ay üzünə

Ürəyimin ağrısını yuyur ay üzün....

Məni yaman vurdular

Qürurum sınan yerdən

Qürurumu ay üzün sarıyır.

Gündə min dəfə yıxılıram

Məni ay üzün qaldırır.

Mən qorxağam, igid deyiləm

Mən güclü deyiləm zəifəm....

Mən kişi deyiləm insanam

Mən həqiqət deyiləm səhvəm.

Ölümdən çox qorxuram-

məni aldadırlar-

deyirlər ölümdən sonra

həyat var...

Durub gəlirəm ay doğana-

durub gəlirəm ay üzünə....

 

Səni uzaqlarda qoyub

gəlsəydim...

 

Səni uzaqlarda qoyub gəlsəydim

doyunca ağlardım

aramıza qış girsəydi,

aramıza qar yağsaydı,

qar deyirəm sənə, lopası quş-quş

desəydilər uzaqlara təyyarələr uçmur

qar yağsaydı məni yandırmaq üçün

mən hazır olardım bu yerlərdən getməyə...

Deyirlər ucuzdu təyyarə biletləri

 göylər nə yaman ucuz olubdu.

Minib təyyarəyə getsəydim

Sən məni necə qarşılardın?

Səni qoyub gəlsəydim

Görüm necə ağlardın?

Səni uzaqlarda qoyub gəlsəydim

burda hər şeyi atıb gedərdim.

çıxıb gedərdim yanına

indi gedə bilmirəm amma...

 

Natəvan klubu axşamüstü

 

Axşamüstü Natəvan klubuna baxın siz

Sınmış aparıcının yellənən naqil səsi

Bir az öncə burada alovlanan alqışlar

Yanıb qurtarıb indi gərəksiz kağız kimi...

 

Divarları soyudub adamların nəfəsi

Dolurdu ciyərimə yavaş-yavaş nəmişlik.

Dolanırdı dost kimi əllər, səslər havada

Aşağı endilərmi, düşməndi həmişəlik

 

Mərhumu tərifləyib çıxmışdılar aradan,

Girmişdi içəriyə qaranlıq bulud kimi.

Çiyin-çiyinə durub qədim qoca divarlar

Qaldırıblar klubu səsin tabutu kimi.

 

Əlli nəfər danışıb... siyahıya bax indi

Düşüb qalıb siyahı döşəmənin üstündə

Səhər-səhər klubu süpürən qoca qadın

Dərin xəyal dalıb siyahının önündə

Bir əli süpürkə də bir əli də üzündə

 

Bu bağ evimizdən yaxşıdı...

 

Bu bağ evimizdən yaxşıdı,

Arvaddan irəlidi bu ağac.

Min oğula dəyər quşlar

Min gəlindən yaxşıdı

çiçəklərin ağır-ağır tərpənməyi

Sular televizordu, damcılar rəqqasələr .

 

Bu bağ evimizdən yaxşıdı

Yarpaqlar nəlbəki, güllər stəkan.

Gecə göy üzünə çəkilmiş pərdə

Aysa pəncərədən gileylənən şam.

 

Bu bağ evimizdən yaxşıdı

Ayağını yerə vur yadında qalsın yerin.

Əllərini yaylıq kimi sal çiynimə

Bəlkə hardasa çəkilir şəklin.

 

Bu bağ evimizdən yaxşıdı.

Yuxu tül yastıqdı başımız altda.

Quşlar yuvasında yuxuya batıb

Biz də islanırıq yuvanın altda.

 

Bu bağ evimizdən yaxşıdı

Bu bağda oğlumuz, qızımız olsun.

Kipriyin toxunsun üzümə mənim,

Bu duyğu ən gözəl yazımız olsun.

 

Günahsız

 

O gəldi evinə at, at

Qızı yüyürdü qabağına don-don

Oğlu diyirləndi dərs-dərs

Arvadı suyuldu ot, ot

Televizor-televizor yoruldu kişi.

 

Bir dostu zəng elədi it, it

Pişik-pişik bir zəng də gəldi.

Arvad qurdalandı yerində bit-bit

Durub lap telefonun yanına gəldi

Nə olub soruşdu ərindən bit, bit

Telefon-telefon yoruldu kişi.

 

Arvad gileyləndi toz-toz

Üzünü bozartdı boz-boz

Sonra dingildədi qoz-qoz

Kişi gülümsündü duz-duz

Arvad, arvad yoruldu kişi.

 

Kreslo-kreslo ötüşdü günlər

şifoner-şifoner ağardı saçı.

Kişi gəlin-gəlin, qız-qız sınıxdı

Kürəkən-kürəkən yoruldu kişi.

 

Bir günahı da yox,

başı qarışsın

Əli vərəq-vərəq, ürəyi ağ-ağ.

Günahkar olanda adam yorulmur

Günahsız olanda yorulur ancaq.

 

Qırış fikirləri səslə ütülə

 

Boş saatlarında, dəqiqələrində

Çəkil pəncərəyə, aç pəncərəni.

Üç ay bundan qabaq sənə yazdığım

Məktubun sonuncu sətrində dayan:

Görsən ki, dayanıb fikirli uşaq,

Çağır

Qırış fikirləri

Səslə ütülə.

Saçını qarışdır,

Adını soruş...

Bağla köynəyinin

Kimsəsizlik yeganəsi

Açıq qalan düyməsini...

Köynəyin nəmini, tərini hürküt,

Orda donub qalan soyuğu kirit.

Aç gündəliyini

Özünə oxşayan ikisinə bax,

Atası məktəbə gələn deyil,

Keçirt o uşağı , küçədən keçirt...

 

Bulud

 

Qoyun bu küçədə dayanım fikirləşim

Başım bulud kimi yatıb qalsın havada.

Üstümdən maşın keçsin kefi istəyən kimi

Su calansın maşının təkərinin altına

Asfaltın ortasına bir bulud düşüb ölsün...

 

Canım yaman ağrıyır fikirli ağac kimi

Mənə payız gəlmədi, mənə adamlar gəldi

Məni yağış vurmadı, məni göz yaşı vurdu

Üst başım yara oldu

Əynim-başım köhnəldi.

 

Təzə köynək almıram,

köhnəyə söz yazmışam,

Ölən günün izidi köynəyimdə ləkələr.

Başım-beynim yuxulu ürəyim fikirlidi

Damarımdan su çıxsa

Bəlkə ruhum dincələr.

 

Özümü atıram bu maşının altına.

Qoy desinlər bu axşam maşın bir bulud vurub

Sürücü düşüb desin nə gözəldi bu ölü

Bir adamla maşının təkərləri yuyulub.

 

Məşhur adamın gülümsəməyi

 

Məşhur adamlarla şəkil çəkdirməyə

Düzələn sıraya gülməyim tutur.

Məşhur adam da həmişə ortada gülümsər

Bir dəqiqəlik.

Şəkilçəkən adamları əvvəlcədən belə öyrədib:

Bir az gülümsəyin.

Adamlar yan-yörəsinə elə dartınırlar ki,

Təki çiyinlərinə dəysinlər,

amma dəymirlər.

Elə bil içlərində mıx var

əslində hamımız beləyik

bizi içimizdəki

iri taxtaya mismarlayıblar.

Hər gün arvadı şəklin tozunu silər

Ortada məşhur adam, yanında əri.

Bir az da böyüyər balaca kişi

Şəkillə ovudar evindəkiləri.

 Evdə ümid yavanlığı olar –

Şəkil,

Bir gün kişinin oğlunu tutdular...

Kişi sandıqdan çıxarıb şəkli

Ölə-ölə tapdı məşhur adamı

Kişi təəccübləndi, bir az da qorxdu

Üzü büsbütün çılpaqdı məşhur adamın.

Şəkli qorxa-qorxa qoydu ortaya

Bu mənəm, bu da  sizsiz – dedi.

Məşhur adam nə qədər elədi

heç kəsi

Tanıya bilmədi.

Şəkil öldü...

Stola toz kimi töküldü,

Şəkildəki çürümüş təbəssümlər.

 

YA ALLAH

 

Adam öləndə

ilk dəfə üstündən adı düşür,

Adamların dilləri uzanar

o adı götürməyə,

Amma gecikərlər.

 

Günlər külək kimi əsər

Əlində yarpaq kimi ürəyimiz yellənər,

Neçə sinə yüyürər bir ürəyi tutmağa

Amma gecikərlər.

 

Məncə, yıxılan adam

göyün əlindən düşür.

Əlindən düşəni götürməyə,

amma göylər gecikməz.

 

HAYIF

 

Əlimin qırışında

Yeriyən vaxta hayıf.

Saçımın yatışında

Taxta hayıf.

Köynəyimin rəngi ilə

Solur vaxt

Ayaqqabım tozlandıqca

Ölür vaxt

Hayıf, hayıf deyən

Dilinə hayıf.

 

Dodağın tərpənəndə

Təbəssüm qaymaqlı

Vaxta hayıf

Bir dəfə mənim olmağın

Yadıma düşdü

Ömrümün içində

“O vaxta” hayıf.

 

Bu havadan bir

Şırım aç

Bu küçədən yol salginən,

Ürəyimdə xalın yoxdu

Ürəyimə xal salginən,

Ürəyimə düşməyən

Xalına hayıf.

 

 





01.04.2013    çap et  çap et