525.Az

Xasay Mehdizadənin şeirləri


 

Xasay Mehdizadənin <b style="color:red">şeirləri</b>

ADAM AXTARAN ADAM

 

Gör neçə dad verir bir sözün tamı,

Min çalar tapırsan bir tam içində.

Ölçürsən bir – bir,

Biçirsən bir – bir,

Lax yumurta kimi vurub dişinə.

O kimdir,bu kimdir, seçirsən bir – bir,

Adam axtarırsan adam içində.

 

Basa düşüləndir arzun çox da ki,

İşin hərcayıdır, atam – qardaşım,

Adamlıqdır adam,

Tamlıqdır adam,

O da ki

Bazarda satılmır alam, qardaşım.

 

Qış yaza dönsə də, yaz qışa möhtac,

Gün günə şərikdir, an ana yoxsa?

Balıq su içində yağışa möhtac,

Sən dünya dolusu insan içində

İnsana yoxsa?!

 

Enişlər yoxuşlar tanış ki bütün,

O nələr, bu nələr,

Əldə nümunələr bəs olmadımı,

Yetmədimi bəs?

O sən axtardığın adam var ki ha,

Tüfəng kəşf olandan,

Lap o zamandan

Atıb bu dünyanı getmədimi bəs?!

 

Kök ayrı, zoğ ayrı bir gövdə üstə,

Hər şey təzələnir, a köhnə kişi.

Bu dünya deyilən qoz ağacının

Tutub budağından silkələ bir az,

Bax belə bir az,

Gör nələr ələnir, a köhnə kişi

 

Özü bir sürüdür sürüdən azan,

O calaq toxumlar,

O cürük tumlar,

Lülümlüt şoular,

Utanc duyumlar...

Birdi ki, beşdi ki sadalayasan!

Canavar onların,

Çoban onların,

Güzəran onların,

Dövran onların ...

 

Elə axtarırsan, nə oldu sonu,

Gör sən nə haydasan, millət nə hayda,

İndi çoxlarının eni, uzunu

Qoysan yanaşı

Lap uzaqbaşı

Yediyi çörəyin şatısı boyda.

 

Sən tək, bəşər ha çox, axtar ki, axtar,

Hardan gəldin, hara çıxdın gör axı,

Axtaran tapacaq, geci – tezi var,

Deyiblər axı.

Tap görək matahın nədir ki belə,

Dərzidirmi, iynədirmi, sapdımı.

Eh, nə deyim, isaq – musaq quşları

Min illərdi gəzir elə nədirsə,

Bilən yoxdu gəzdiyini tapdımı?!...

Bəşər soy yığını, soyad yığını

Ay adam axtaran, bu da iş, axtar

Geyib ayağına dəmir çarığı,

Götürüb əlinə dəmir əsanı,

Sonra gec olar ha, axtardığını

“Qırmızı kitab”a düşməmiş axtar.

 

SÖZÜN SƏFİ POZULDU

 

Bir ömür yandı düşdü,

Gün sındı, el qırıldı.

Görən oldumu görən,

Göydən bir ulduz uçdu,

Göydən bir gül qırıldı.

 

Şah yoxdu, taxtı varmış,

Taxtın da vaxtı varmış,

Pəncərəni ha bağla,

Ayın da baxtı varmış,

Arxadan tül qırıldı.

 

Dərd bir idi, yüz oldu,

Yüz səmtə də yozuldu,

Ta danışa bilmədim,

Sözün səfi pozuldu,

Dolaşdı dil, qırıldı.

 

Əhali gur, kənd iri,

Sən naşısan, sən kiri,

Nə bilim bu dünyanın

çürük imiş kəndiri,

çəkdim, qəfil qırıldı...

 

BİR YER AXTARIRAM

 

Sözüm tamdan düşüb,

dilim deyingən.

Açım, xırdalayım: nəyi, nə gərək?

Uludan – ulusdan mənim deyilsə,

Qəfildən yer üzü boşalsa belə,

Başdan ayağacan boş olsa belə,

Yiyəsinə qismət...

Nəyimə gərək?

Yıxılsam, durası halım yox daha,

Ev – eşik qurası halım yox daha.

Bir parça daşam,

Oturub günümü saymaqdı peşəm,

Bir yer axtarıram vaxt öldürməyə.

 

Yurdum yurd olundu, vuruldu getdi,

Gözüm yetər burdan, əlim yetirməz.

Zoğ – zoğ, pöhrə – pöhrə qırıldı getdi,

Burda yat, burda dur, ora bax, olmur.

Yurdu bir – birinə calamaq olmur,

Yurd yeri Vətəndir,

Calaq götürməz!

Ölçməyə – biçməyə lüzum qalmayıb,

Ta Vətən deməyə üzüm qalmayıb,

Ulaya – ulaya bayquş aparıb,

Dolu parçalayıb, yağış aparıb,

Artıq o yerlərdə izim qalmayıb,

Bir yer axtarıram vaxt öldürməyə.

 

Döyülən qapıdır, vaxt döyür, tanı,

Yol hara burulsa, ordan keçəcək.

Üyüdür dənimi vaxt dəyirmanı,

Unum da, urfam da ondan keçəcək.

Günün – güzəranın ağrısı ha çox,

Elə ha düşünür – daşınır başım,

Daşına – daşına aşınır başım,

Qalxır Ziyarətin buludu yenə,

O dağın buludu doludu yenə,

Bəlkə də tufandı, doludu yenə,

Cavabsız suallar lillənir orda,

Dolur çala – çökək, göllənir orda,

Bir barmaq ümid də xəzələ dönüb,

Sarala – sarala yellənir orda.

Bilmir yuxuludur, oyaq, neyləsin,

Buna baş neyləsin, ayaq neyləsin,

Bir az baş qatmasam, olmayacaqdır,

Başı aldatmasam, olmayacaqdır.

Bəlkə azdan – çoxdan dincələr, görüm,

Ta sonra başıma nə gələr görüm...

Bir yer axtarıram vaxt öldürməyə. 

 

Ah, bu vaxt deyilən!

Bir vaxt az idi,

çıraqla gəzərdin, tapılmaz idi,

Onda yoxluğuydu, indi çoxluğu...

Qurub saatını gəzir əlində,

Millətin yarısı əsir əlində,

Adam var  tıncıxır, nəfəsi darda,

Adam var dilini dişində tutub

Keçirir gününü çayxanalarda...

Üzə vurmağın da mənası yoxdur,

Hamı duyub axı,

Anlayıb axı:

Kim vaxtı apara bilməsə, əgər

Şübhə yox, vaxt onu aparacaqdır.

O da bir fürsətdir, bir də tapılmaz,

Hara üz tuturam çoxdan tutulub,

Bu boyda dünyada yer də tapılmaz,

Bir yer axtarıram vaxt öldürməyə.

 

ÖZÜ ÖZ ÜSTÜYLƏ

YERİYƏN ADAM

                                                                    Aqil Abbasa

 

Tədbir tədbir dalınca,

dəvətlər dəstə – dəstə,

görüşlər vaxtlı – vaxtsız,

hərəsi bir ovqatda,

hərəsi bir təb üstə.

Hələ qəzet,

hələ digər yazı – pozu qayğıları,

umular, küsülər,

daha nələr...

Bəlkə bu şeiri oxumağı da

saxladın sonraya,

bilirəm, işin çoxdu.

Əslində bir il sonra,

Altmış yaşına yazılmalıydı bu şeir,

Ancaq...

etibarsız günlərdə yaşayırıq,

yalanı yoxdu.

 

...O kim idi elə? –

Əlindəki beli torpağa sancıb

yüyürdü qabağına,

uzaqdan maşınını

tanımışdı bəlkə, hə?

Yanından düz keçəcəyindən

nigaran idi,

nəsə duymuşdu bəlkə, hə?

Düzdür, sən onu görürdün,

ancaq onda da

maşını dəli kimi sürürdün.

 

...Boynunu qucaqlayan

O qarı

qulağına nə deyirdi bəs?

Kotanı kötüyə ilişib eləmi?

Oğlumu, nəvəsimi

İşdən çıxarılıb,

ya imtahandan keçə bilmir,

hardasa, hansısa haqlı – haqsız

çətinə düşüb eləmi?

 

...Ağzından od püskürən

o cavana necə baxırsan?

təpə – dırnaq istedaddır,

çadırlarda doğulduğundan

özünü tapa bilmir,

heç bilməyəcək də,

boş yerə haqqına

çatmaq istəyir, yox?

Bəlkə,  “Dolu”ya  düşüb,

gözləri dolub,

boşaltmaq istəyir yox?!

Addımın təpərli,

kürəyin yüklü,

ürəyin dolu,

gendən baxanda

hamıdan biri Aqil Abbas.

 

Səslə, nəfəslə açılan

qapı kimisən,

dəstəyində nə qədər

nəfəs izi, səs yeri, Aqil Abbas.

 

Hardan – haracan,

kimdən – kiməcən

körpü eləmisən həyatını,

gəlib – gedir adamlar

uzaqdan – yaxından,

kənddən – şəhərdən,

öz üstündə özün də

qoşulub onlara

yeriyirsən hərdən.

Yolun açıq,

yoluna çıx,

yeri, yeri, Aqil Abbas.

 

QINAMAYIN QARAĞACI

 

Yarpaqlıdır, dözməyəcək budaqlar,

Sındıracaq qar ağacı, neyləsin,

Qar yağdığı olmamışdı bu vaxtlar,

Qınamayın qarağacı, neyləsin.

 

Yer qurtardı, aya barmaq qoydular,

Elə bilmə dolandılar – doydular,

Dərman deyib qabığını soydular,

Qurumasın nar ağacı, neyləsin.

 

Bir balığıq, mən dərində, sən üzdə,

Harda barmaq – orda qarmaq, sən izlə,

Dalğa vurub dağ yıxırsa dənizdə,

Bir çubuqdu dor ağacı, neyləsin.

 

Çox nizamda az da birdi, çox da bir,

Səbrin olsun açıqlayım, toxta bir,

Baxıb gördü var da birdi, yox da bir,

Ta bar vermir bar ağacı, neyləsin.

 

Ha dedilər haqqı danma, o dandı,

Ocağını kül elədi, od andı.

Asan adam, asılan da adamdır,

Ağacdı ki, dar ağacı, neyləsin!...

 

GÜNLƏRİM ŞEH İÇİNDƏ

 

İtdim bir meh içində,

Qövsü-qüzeh içində,

Duman gedər, çən gələr,

Günlərim şeh içində,

Süzülüb  damcı-damcı

Tökülər budağımdan.

 

O meh aldımı nəsə?

Yerdə qaldımı nəsə?

Qəfil girdi araya,

Qırıb saldımı nəsə?-

Açdı hər budağımdan.

 

Ta yarpağım allanıb,

Xal-xal olub, xallanıb,

Keçdi ömrün baharı

Neçə payız sallanıb

Düşər hər budağımdan.

 

 

Hələ göy dolu su var,

Leysanı, dolusu var,

Gör dünyada nə qədər

Payız sevdalısı var,-

Yığ doldur  bir səbətə,

Pay göndər budağımdan...

Bərdə

 

 

 

 





01.04.2013    çap et  çap et