525.Az

Çex səfiri Tərcümə Mərkəzində


 

Çex səfiri Tərcümə Mərkəzində<b style="color:red"></b>

Noyabrın 25-də Çex Respublikasının səfiri Vitezslav Pivonka Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində olub.

Mərkəzdən 525.az-a verilən məlumata görə, dünya ədəbiyyatı nümunələrinin Azərbaycana, Azərbaycan ədəbiyyatının dünyaya tanıdılması istiqamətində görülən işlərdən, dil və tərcümə sahəsində aparılan islahatlardan danışan Mərkəzin direktoru Afaq Məsud qurumun Çex ədəbiyyatına da kifayət qədər yer ayırdığını, məşhur Çex şair və yazıçıları Mixail Çernikin, Yaroslav Qaşekin, Karel Sisin, Milan Kunderanın əsərlərinin tərcümə edilərək, “Xəzər” dünya ədəbiyyatı jurnalında nəşr edildiyini bildirib.

Daha sonra direktor Mərkəzin yeni nəşrlərindən olan “Çex-Azərbaycan” lüğətini qonağa təqdim edib.

A.Məsud bildirib ki, çex dili üzrə lüğət ölkədə ilk dəfə nəşr olunur: "Düşünürəm, belə bir lüğətə həm Çexiyada, həm Azərbaycanda böyük ehtiyac var. Bu gün Çex-Azərbaycan əlaqələri hər sahədə inkşaf etdirilir və bütün mübadilələrin və münasibətlərin qurulmasında önəmli əhəmiyyət daşıyan məsələlərdən biri də, bu münasibətləri, istər şifahi, istərsə də yazılı şəkildə tənzimləyəcək müvafiq dil və tərcümə vəsaitlərinin olmasıdır.

Bu lüğət, eyni zamanda Çex-Azərbaycan ədəbiyyatları arasında mübadilələrin qurulmasında da – bədii, elmi əsərlərin tərcüməsində, həmçinin Çex dilinin tələbələr və mütəxəssislər tərəfindən mükəmməl səviyyədə mənimsənilməsində də öz töhfəsini verəcək. Kitabın nəşr redaktorlarından biri – çexiyalı Tomaş Lanedir”.  

Mərkəzin ədəbiyyatlararası mübadilələr, milli ədəbiyyatın beynəlxalq aləmdə təbliği, eləcə də dil və tərcümə sahəsində gördüyü işləri yüksək dəyərləndirən səfir Çex-Azərbaycan əlaqələrinin möhkəmlənməsində ədəbiyyatın rolunu xüsusi qeyd edib:

“Xalqlararası anlaşmada ədəbiyyatın əhəmiyyəti danılmazdır. Ümumiyyətlə, insan özünü ali və mühüm olan nəyinsə bir hissəsi hesab etməlidir. İnsana, bu hissi özündə yaşatmaqda yardımçı olan isə – ədəbiyyatdır”.

V.Pivonka, həmçinin Azərbaycan ədəbiyyatının nümunələrindən ibarət topluların Çexiyada, Çex ədəbiyyatı nümunələrindən ibarət topluların Azərbaycanda tərcümə və nəşr edilməsi ilə bağlı təkliflərini irəli sürüb.

Görüşün sonunda qonağa Mərkəzin nəşrlərindən ibarət çanta təqdim edilib.

 





25.11.2016    çap et  çap et