525.Az

Avropa Parlamentinin qərəzli Türkiyə qərarı


 

Avropa Parlamentinin qərəzli Türkiyə qərarı<b style="color:red"></b>

Türkiyə ilə Avropa Birliyi arasında soyuq münasibətlər daha kəskin bir fazaya keçdi.

Avropa Parlamentinin noyabrın 24-də Türkiyənin Avropa İttifaqına üzvlüyü ilə bağlı 2005-ci il oktyabrın 3-də başlanan müzakirə prosesinin müvəqqəti dondurulması haqqında qərarı ikitərəfli əlaqələrin perspektivlərinə növbəti zərbə oldu. 479 parlament nümayəndəsindən qərarın lehinə, 37-si isə əleyhinə səs verməsi (107-si deputat isə bitərəf qalıb) bu layihənin əvvəlcədən planlaşdırılmış ssenari olduğunu göstərir.

Əslində, qərar gözlənən idi. Son bir ayda Türkiyə əleyhinə qərəzli siyasi bəyanatlarla çıxış edən, ikili standartlar yürüdən Avropa ölkələrinin liderləri qardaş ölkə ilə əlaqələrin kəsilməsinə çağırışlar edirdilər. Avropa Birliyinin xarici işlər nazirlərinin iclasında Belçika, Hollandiya və Avstriyanın həmfikirlik nümayiş etdirərək PKK-ya və anti-milli siyasi qüvvələrə yardım etmələri, qardaş ölkəni təhdid və şantaj xarakterli bəyanatları bundan xəbər verirdi.

Hüquqi əsası olmayan qərar layihəsinin hazırlanması başlanğıcdan mahiyyət etibari ilə Türkiyəyə təzyiq xarakterli idi və Qərbin imperialist maraqlarına xidmət etdiyi aydın sezilirdi. Qərar layihəsinin müəllifi, Avropa Parlamentinin sədri Martin Şulz ölkədəki siyasi motivləri əsas gətirsə də, Türkiyə üçün gizlin olmayan məqamlar açıq-aydın sezilir. Maraqlıdır ki, Martin Şulz həmişə Türkiyənin əleyhinə fəaliyyətdə olan, terrora dəstək verən, PKK ilə əlaqələri olan şəxslərlə sıx münasibətlər qurub. Onun HDP lideri Səlahədin Dəmirtaş, FETO ilə yaxınlığı ilə seçilən Can Dindar, Zəkəriyyə Öz və Türkiyənin əleyhinə birləşmiş hansı qüvvələr varsa, onların hamısı ilə yaxından maraqlanması, onlarla daim görüş keçirərək Türkiyə dövlətçiliyi əleyhinə məsələləri müzakirə etməsi, bəzən də təhdid xarakterli bəyanatlar verməsi qardaş ölkəyə qarşı qərəzin və riyakarlığın göstəricisi sayıla bilər.

Avropa Parlamentinin Türkiyə üzrə təmsilçisi, hollandiyalı Kati Pirinin hər addımda Türkiyəni sərt tənqid etməsi, sanksiyalarla hədələməsi, "PKK-PYD-YPG-FETO"-nun maraqlarını müdafiə etməsi, onların himayədarına çevrilməsi bu təşkilatın demokratikləşmə, siyasi və iqtisadi islahatlar adı altında özünün imperialist maraqlarını üstün tutduğunu, ikili standartlarla idarə olunduğun göstərir. Yeri gəlmişkən, Avropa Parlamentinin qərarının ardınca Avstriya Məclisinin Türkiyəyə hərbi təçhizat mallarına ixracın məhdudlaşdırılmasına dair təklifləri qəbul etməsi Avropa Birliyinin niyyət və məramlarını açıq-aşkar nümayiş etdirir. 

Avropa İttifaqının Türkiyəyə qarşı bu cür qərəzinin arxasında nə dayanır? 

Son dövrlər Avropa qarşısında boyun əyməyən və öz inkişaf yolu ilə irəliləyən, Avropa Birliyinin iqtisadi inkişafına görə ilk 10-luğuna daxil olan türk dövlətinə qarşı qərəz, ayrıseçkilik, gözügötürməzlik açıq-aşkar görünür. Türkiyə terror yuvalarını darmadağın edir, ölkə sərhədlərindən kənarda terror qruplaşmalarını Avropanın köməyi olmadan zərəsizləşdirir. Qardaş ölkə İraqda, Suriyada uğurlu anti-terror əməliyyatları keçirir, onun regionun siyasi xəritəsində gücü və rolu artır.

Avropada iqtisadi böhran dərinləşir, maliyyə tarazlığı pozulur, Türkiyə iqtisadiyyatı isə artır. 2016-cı ilin 3-cü rübündə iqtisadiyyat 4 faizə yaxın yüksəlib, Avropa Birliyi ölkələrində isə artım yoxdur. Yeni enerji və nəqliyyat tranzitləri qardaş ölkədən Avropaya keçir ki, bu da mühüm geocoğrafi-strateji üstünlükdür. Bu kimi faktorlar regionda gücü və strateji rolu artan Türkiyənin nailiyyətləri qarşısında bəzi Avropa ölkələrini qıcıqlandırır. Məlum qərarın qəbul olunmasında da bunun rolu böyükdür.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan verdiyi vədlərə əməl etməyən Avropa Birliyinin qaçqınlarla bağlı ikiüzlü siyasətini sərt tənqid edərək bu cür saxtakarlığı və riyakarlığı davam etdirəcəyi təqdirdə Türkiyənin təsirli addımlar atacağını bildirib: "Günümüzdə insanlığı təhdid edən çox böyük böhran yaşanır. Milyonlarla körpə, qadın, yeddidən yetmişə hamısı çözüm gözləyir. Bunlar toplanıb deyir ki, Türkiyə AB-yə girsin-girməsin? Bunlar heç vaxt insanlığa doğru baxmadılar, insanlığa dürüst yanaşmadılar. Körpələr Ağdənizdə sulara qərq olanda gəlib xilas etmədilər. Ey Avropa, siz sözünüzə əməl etmədiniz. 3,5 milyon qaçqına biz sahib çıxdıq. 50 min qaçqın sərhəddə dayananda fəryad etdiniz. Əcəba, Türkiyə sərhəd qapılarını açarsa nə edərik dediniz. Baxın, daha irəli getsəniz, sərhəd qapılarını açarıq, bunu biləsiniz. Sizin belə quru təhdidlərinizi nə mən, nə də bu millət anlar”. 

Qərar Türkiyə üçün nə vəd edir?

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bəyan etdiyi kimi, AP-nin qərarı onları narahat etmir. Avropa Parlamentinin Türkiyənin AB üzvlüyünü müzakirəyə çıxarması ikilistandartlara söykənən qərardır. Bu qərarın Türkiyədəki siyası-iqtisadi vəziyyətlə bağlantısı yoxdur: “AP-nin belə bir qərar çıxarması terrör təşkilatlarına qol-qanad vermək məqsədi güdür. Bu qərar həm də Türkiyənin bütövlüyünü pozmağa çalışan maraqlı qrupların mənafeyinə xidmət edir. Zatən Avropa ölkələrinin bir çoxu terrorçulara yardım edir...Biz artıq öz gələcəyimizi özümüz müəyyənləşdiririk. Bunlar da AB-nə xoş gəlmir”.

Aİ ilə işlər üzrə nazir Ömər Çelik qətnamənin tövsiyə xarakteri daşıdığını və hüquqi gücə malik olmadığını bildirib. Onun sözlərinə görə, qərarın qəbulu Türkiyəyə qarşı ikili standartlardan qaynaqlanır: "Türkiyə ilə Aİ münasibətlərində böhran yoxdur. Birliyin öz daxilində dəyərlərin böhranı mövcuddur. Avropa demokratiyanı bizdən öyrənməlidir".

Xarici işlər naziri Mövlud Çavuşoğlu da bu qərarın ölkəsinə təzyiq vasitəsi olduğunu bildirib. Cənab Cavuşoğlu Aİ-nin bu cür siyasət yeritməsinin mənasız olduğunu, təşkilata öz mövqeyini və siyasətini yenidən nəzərdən keçirməyi tövsiyə edib. "Bu cür üsullarla Türkiyəyə təzyiq etmək cəhdləri mənasızdır. Türkiyə Aİ qurumlarının obyektiv tənqidini və istənilən konstruktiv qərarını qəbul etməyə hazır olduğunu həmişə bəyan edib. Lakin qərəzliliyə yol verildikdə, Ankara buna qarşı çıxış edir. Bizim üçün bu cür qərarların heç bir hüquqi qüvvəsi yoxdur”.

 





28.11.2016    çap et  çap et