525.Az

Bəkir Çobanzadənin Budapeşt şeirləri


 

Bəkir Çobanzadənin Budapeşt şeirləri<b style="color:red"></b>

XX yüzillikdə Azərbaycan və keçmiş SSRİ-nin digər türk respublikalarında türkologiya elminin görkəmli simalarından biri kimi tanınan professor Bəkir Çobanzadə doğma Krım-tatar ədəbiyyatının tarixinə həm də özünə məxsus poetik dəsti-xəttə malik şair kimi daxil olub.

Onun bədii yaradıcılığının ən məhsuldar dövrü gənclik illərinə - Budapeşt universitetində ali təhsil aldığı dövrə təsadüf edir. Müəllifin mətnləri əldə olan 84 şeirindən 55-i 1917-ci ilin yanvar ayından 1920-ci ilin martına qədər Macarıstan paytaxtında qələmə alınıb.
 
Budapeştdən gənclik dostu Həmdi Atamana göndərdiyi 20 may 1917-ci il tarixli məktubda Bəkir Çobanzadə poeziyaya müraciətinin səbəblərini açıqlayaraq yazırdı: “Hər halda bizdə ədəbiyyat və şerin rolu, heç bir millətinki ilə müqayisə edilməyəcək dərəcədə böyük olacaq. Ən azı qarşıdan gələn iki-üç əsr ərzində...

Coğrafi və etnoqrafik vəziyyətimiz olduqca bərbaddır. Tarixi keçmiş və sərvətləri baxımından böyük bir millət olan türk-tatarlar hər yerdə azlıqda qalmış və əcnəbi təsirlər altına düşmüşlər. Buna qarşı ən böyük çarəmiz heç olmazsa, bir dil birliyinə nail olmaqdan ibarətdir”.

Dil birliyini gerçəkləşdirməyin ən mühüm yollarından biri onun nəzərində bədii söz, ədəbiyyat idi. Tələbə-şairin əksəriyyəti hələ kifayət qədər bişməyən, poetik baxımdan təkmilləşməyən şeirləri də ilk növbədə bu ideyaya xidmət edirdi. Etiraf olunmalıdır ki, Budapeşt şeirlərinin bir çoxu sadəcə ilkin variant, eskiz xarakteri daşıyırdı. Güclü hisslər hələ öz adekvat obrazlı-poetik əksini tapa bilməmişdi. Təbii ki, müəllif  “özü üçün” yazdığı  şeirləri çap etdirəcəyi təqdirdə onların üzərinə yenidən qayıtmaq, dil, üslub, vəzn və qafiyə baxımından daha da təkmilləşdirmək, cilalamaq niyyətində idi. Amma buna imkan tapmamışdı. Dil məsələsinə gəldikdə Bəkir Çobanzadə ilk qələm təcrübələrini Krım-tatar türkcəsinin geniş yayılan  Çöl dialektində (dəniz sahili sakinlərinin dialektindən fərqlilik üçün bu ad seçilmişdi - V.Q.) yazmışdısa, sonralar imkan daxilində ortaq türkcədən istifadəyə daha böyük önəm vermişdi.

"Budapeşt şeirləri"ni çapı onu həmişə düşündürmüşdü. 7 sentyabr 1917-ci ildə Həmdi Atamana məktubunda bu məsələyə toxunaraq yazırdı: “Sənə uzun bir şeirimi göndərirəm. Amma üzərində sənə ithaf olunduğu göstərilməyib. Əgər istəsən Budapeştdə yazdıqlarımın hamısını bir yerdə nəşr edərkən sənə ithaf eləyərəm. Hər halda bu parçanı diqqətlə oxumağınla bağlı tövsiyəm var. İçərisində bəzən ürəyini titrədən, gözlərini yaşardan duyğular tapacaqsan”.

Tələbəlik həyatının son ilində Bəkir Çobanzadə Budapeşt şeirlərini “Qaval səsləri” ümumi başlığı altında  üç dəftərdə toplamış və çap üçün hazırlamağa başlamışdı. 1919 -cu il dekabrın 25-də gələçək kitabına kiçik, lakin həzin və təsirli müqəddimə də yazmışdı. Tam mətnini aşağıda gətirdiyim həmin ön sözdə deyilirdi:

“Mənim yazılarım heç bir şey göstərməsə də, qırılan, çökən, darma - dağınıq  yaşayan, bəlkə də bu gün – sabah öləcək, yox olub gedəcək Krım tatarını, onun xətalarını, qüsurlarını, kədərini, duyğularını çox gözəl dilə gətirir. Bir gün tarix Krıma yar olsa, Krım tatarı öz soydaşlarını arasa, o zaman yazılarım ortaya çıxar.

Amma belə olmasa da, zərəri yox... Krım tatarının bunca şanı, şöhrəti, bayrağı, torpağı qeyb oldu, mənim bir neçə yuxusuz gecəm, kədərli günüm itsə nə dəyişəcək? Bu sətirləri yazmağımın verdiyi zövq, bəxtəvərlik mənə yetər. Tatarca bir kimsə danışmasa da, o yenə mənim üçün böyük bir sevinc və zövq mənbəyi kimi qalacaq. Çünki bu dildə qəhrəman xalqımın min illik sevincli-kədərli tarixi yatır, məğrur səsi eşidilir”.

Özünü ədəbiyyatda axtaranların çoxu kimi mən də uzaq yeniyetməlik və ilk gənclik illərində şeir yazmışam.

O sadəlövh dövrün onilliklər arxasında qalan təcrübəsinə, bir də Çobanzadə şəxsiyyətinə ehtirama güvənib onun bəzi şeirlərini Azərbaycan türkcəsində səsləndirməyə çalışdım. Bəkir Çobanzadə Budapeştdə təhsil həyatına düz yüz il əvvəl – 1916-cı ilin payızında  başlamışdı. Yəqin ki, macar paytaxtının heç zaman dəyişməyən pozitiv aurası da tərcümədə  yardımçım oldu. Hər halda son söz möhtərəm “525-ci qəzet” oxucularınındır...

Budapeşt, oktyabr 2016-cı il

ZAVALLI TÜRK

Zavallı Türk, bəxtsiz gəldin dünyaya,
Sənin də iqbalın düşdü dəryaya.

Keçmişdən deməyim, qəlbim qan ağlar,
Tarixi açmayım, ürəklər dağlar!

Yağı əlinəmi keçdi sarayın?
Qaraldı nur saçan ulduzun, ayın.

Ərəbdi, əcəmdi yalançı dostun,
Neyçün bu yarışda onlarla qoşdun?

Müsəllət olubdur düşmən canına,
Cümlə yerikləyib şirin qanına.

Paşalar, ağalar, baylar, bayanlar,
Bu bir sürü sərxoş səni nə anlar?

Yolundan etdilər, qaçdın elindən,
Dilini aldılar bir gün əlindən.

Cahilsən, özünü anlamadın sən,
Halını görüb də ağlamadın sən!

Nadansan! Hər zaman içini yedin,
Ətinlə, qanınla düşmən bəslədin.

Yabançı əliylə vuruldun daim,
Yabançı taxtına quruldun daim!

Sənin də var idi atadan qalan
Qurulu bir dilin – zirehli qalxan!

Bu altı yüz ildə təkcə qış gördün,
Zülmətlər içində atını sürdün.

Osmanlı dövləti! Nə yalan bir söz!
Niyə əyri gördü hər şeyi o göz?

Sənin-mal dövlətin, ey zavallı Türk,
Yüz illərlə oldu əzab, qan və çirk!

Gün gələr, de sən də oyanarmısan?
Öz doğma dilinə dayanarmısan?

Qaraman çobanı, adsız Yörüklər,
Sınmayan kişilər, o əsl Türklər!

Bir gün qalxarlarmı qurtuluş deyib,
Türk tək qürur duyub, “Türkəm!” söyləyib?

Mənim tək səni də sarmış qaranlıq,
Gün batır, qar yağır, hər yan toranlıq...

Kəbədə Quranı özgəsi çalıb,
Peyğəmbər bir dərin yuxuya dalıb...

Camin toz içində, hörümçək dolu,
Minbərin olubdur qurd-quşun yolu.

Rumlu tarixini yazır uzaqda,
“Vəhşi Tatar” sözü dildə, dodaqda...

Ovçular üzündə mənhus bir sevinc,
Vəhşilər önündə dayanmısan dinc.

Bir mənəm uzaqda davanı edən,
İqbalın uğrunda ölümə gedən.

Bir mənəm əlimi göylərə açan,
“Umid ölməz!” deyib sabaha qoşan.

Bir mənəm ağlayan payız, qış, bahar,
Bir mənəm hay salan, mənəm – pis Tatar!

Budapeşt, 30 yanvar, 1919-cu il

Tokay şərabı

Macarıstandakı qan, dil və qafiyə qardaşlarıma

Yenə də qanırdım taleyin qolun,
Yenə də çevirdim günlərin yolun.
Yenə də şən nəğməm yayıldı düzə,
Bir macar gözəli şərabım süzə...
Tünd Tokay şərabı... altmış yaşında!
Köpürə, qaynaya, daşa qarşımda.
Bir qusar doldurmuş onu çəlləyə,
Az qalır ətrafa alov ələyə!
O qusar azadlıq cənginə getdi,
Düşmənin səfinə özün ilətdi.
Cəngdə şəhid oldu, alaraq yara
Şərab qismət oldu yanıq tatara!

Mən qismətlə gəldim, yelkənim açıb,
Hər macar qəlbinə sevgimi saçıb.
Şərab rica etdim, verdilər badə,
Bir macar gözəli durdu amadə.
Mən o qusara heç borclu qalmaram,
İgidin malını müftə almaram.
Çoban  şeirinə tünd şərab qatar
İçənin canına igidlik çatar!
Mey Tatar qəmindən olsa da acı,
Var bir az ümidi, bir az əlacı...
Buraxım, şeirim yüz illər dursun,
Yarımın göz yaşı onla qurusun.
Söylənsin hər gələn  nəslə bu sözlər,
İçilsin Dvindən Kaşqara qədər!
Birinin şərabdan başı dönsə də,
Gündüz gecə olub dünya çönsə də,
Buna suç deyilməz əzəldən bəri,
Qoy yaddan çıxmasın elin sözləri:
“Müdrik ər tünd şərab sayıla gərək!
Əmrinə hər yerdə uyula gərək!”
Tünd Tokay şərabı, Tatarın şeiri
Dvindən Kaşqara yürüsün əmri!
Dvindən Kaşqara yürüsün əmri!

Budapeşt, 31 mart, 1920-ci il

Müsəlman balası, islam cocuğu

Bütün Şərq sərməstdir, uyquda yatır,
Çubuğun sümürür, tiryəkin atır.
Keçirir həyatın miskin, həvəssiz...
Bir uşaq ağlayır kənarda səssiz
Müsəlman balası, islam cocuğu.

Keçmişi yalandır, bu günü umud,
Sabahı nəm çəkmiş taxta bir tabut.
Bütün Şərq gömülür məzara diri.
Bir uşaq ağlayır bayaqdan bəri-
Müsəlman balası, islam cocuğu...

Min evin hər axşam tavanı çökür
Ölüm yüz minləri kamına çəkir.
Hamilə analar cocuğun boğur
Amma cocuq yenə gizlində doğur-
Müsəlman balası, islam cocuğu!

Ölülər çürüyür, qanlar quruyur,
Türbələr əyilib yerə baş qoyur.
Amma yenə biri yetişir Şərqdən-
Yetişir, əl çəkmir doğrudan, həqqdən
Bir çoban balası, islam cocuğu!

Budapeşt, 2 mart, 1920-ci il.

Ana dili

Mən səni Krımda, Kazanda duydum,
Qəlbim odlananda, qızanda duydum.
Yad eldə üzülüb acı çəkəndə,
Ümidsiz gözümdən yaşlar tökəndə,
Boynuna sarılıb dərdimi dedim,
Bir munis sözündən düzəldi qəddim.
Şeirin olmasa, mahnın olmasa,
Bircə “yurd” kəlmənlə qəlbim dolmasa,
Necə dolaşardım qürbət diyarda?
Tanışsız, bilişsiz yad mahallarda?
Bilmirəm, Türkdür, ya Tatardır adın?
Amma çox şirinsən, Tanrıdan dadın!
Türkü də, Tatar da sənin sözündür,
İkisi də iki cüt məhzun gözündür.
Vyana önündə, kazak içində,
Bərabər səsləndik Hindlərdə, Çində.
Gər anlasa səni düşmən də sevər,
Bir şirin sözünə dünyanı verər.
İstəyirəm səni hər yerdə görüm,
Hər yanda incinlə dastanlar hörüm.
Bütün canlılara öyrədim səni,
Yetimin könlündən sil qəm-qüssəni.
Camiyə, mehraba, saraylara gir,
Uzaq dənizlərdən bir xəbər gətir.
Səninlə düşmənə fərmanlar yazım
Dil anlamazların könlünü qazım!
Qəbrimdə mələklər sorğular sorsa,
Əzrayıl dilimi min yol qoparsa,
“Öz ana dilimdə söylə!” -  deyərəm.
Dilimdə danışıb sonra ölərəm.
Könlümü qayğılar, dərdlər tutanda,
Yurdumun ulduzu qəfil batanda
Öz dilim! Başqa şey gəlmir yadıma.
Yalnız sən çatarsan mənim dadıma!

Budapeşt, 1 iyun, 1918-ci il.

Dua

Tanrım, sormadan bu qulu yaratdın,
Bəslədin, böyütdün, kamala çatdım.
Bilmədən doğuldum, öləndə bilim!
Doğanda ağladım, öləndə gülüm!

Allahım, ver mənə bir ölüm – yaxşı!
Əyilsin önümdə düşmənin başı.
Hər səhər, hər axşam budur diləyim –
Cənazəm önündə toplansın elim...

Budapeşt, tarixsiz.

Budapeşt axşamı

Budapeşt axşamı... Buludlu, küskün,
Lampalar közərir, işıldaşaraq
Bir gün də kədərlə yetişir başa
Buludlar səmaya toplayır yükün,

Macar şərqiləri gəlir uzaqdan,
Səslər kədərlidir, ürəyi yaxır
Boğazda qaynayır, dodaqdan axır
Durub dinləyirəm onu bayaqdan.

Kilsələrin zəngi çalınır bu dəm –
Sanki min illərin kədərin saçır.
Nənə də yalvarır, göyə əl  açır
Mən isə elə bil Xızrı görürəm.

Əski bir şərqidir fikrimə hakim
Oxşayan, yalvaran, inləyən bir səs...
Kədərli nəğməni çoxları sevməz
Dolub ürəyimə qüssə limhalim.

Budapeşt axşamı... Üç illik tanış,
Həsrətimin dostu! Səni sevirəm.
Qarşında dayanıb başım əyirəm,
Budapeşt axşamı... Üç illik tanış!

Könlüm min ümidlə, sevdayla dolu
Al, qızıl, qaralı axşama oxşar
Axşamlar oyanar, axşamlar yaşar
Axşamlar göstərər səmaya yolu!

Budapeşt, 10 mart, 1919.

Keçmiş günahlarımız

Biri açıb kitabını “Lənət!” deyir,
Hülakiyə, Batı xana, Temirə.
Biri yazıb tarixini “barbar” deyir,
Bir zamanlar baş əydiyi əmirə.
“Tatar xalqı”, “Tatar xanı” fısıldar,
Kafir, mömin, bütün dünya dilləri.
“Tatar xanı sinəmizə çəkib dağ,
Atəşlərə bürünsün qoy elləri!”
Fəqir Tatar atdan enib, şaşırıb,
Üzün örtür, səsin qısır,  gizlənir.
“Çingiz, Temir, Batını tanımıram,
Mən onları heç görmədim!”-söylənir.
Düşmənləri “Sənsən!” deyib hayqırır:
“İzin, rəsmin tarixlərdə boyaboy!
Səndin Cingiz ordusuyla yürüyən,
Sarı üzlü, yastıburun,  alçaq boy”
“Mən deyiləm”,-deyə fəqir zarıyır.
Çingiz, Batı nəslimdə heç olmadı.
Atam, anam şərəfli bir seyiddi,
Yaxınlarım ya qazı, ya molladı”.
Buraxın o fəqir  xalqı, suçu yox,
Suçludursa, bədəlini ödəyər.
Mənəm Çingiz, Temir xanın nəvəsi!
Mənəm onlar gedən yolu gedən ər!
Götürürəm günahları üstümə,
Bizlər yaxdıq Şamı, Bəsrə - Bağdadı
Biz dağıtdıq sarayların Romanın,
Biz qaldırdıq ərşə ahı, fəryadı.
Gəl bir soruş! Biz verərik hesabın
Dalmatiyanın, Macarların, Kazağın,
Hindistanın, Ağ dənizin, Azağın.
Gəl bir soruş barbarlığın əsbabın.
Qılıncım yox, köhlənim yox, yayayam,
Ürəyimdə oddan atəş qalanıb,
Boynum bəxtin qollarında burulub,
Evim, ölkəm – nəyim varsa talanıb!
Ey Avropa! Ey alimlər! Biliniz
Çıxmasanız ağ yalanın sehrindən
Sabah mən də olacağam bir Çingiz
Qüvvət alıb millətimin qəhrindən!
Kitabını Dəclələrə ataram,
Sarayına od vuraram, yaxaram.
Bütün nəslin atəşlərdə yanınca,
Yenə gedib səhralarda yataram.
Əzilmişəm, qoy yüklənim suçların,
Böyük xanın, böyük xalqın birbəbir,
Qoy yüklənim babaların günahın –
Amma bir gün bitəcəkdir bu səbir!
                                       Budapeşt, 13 fevral 1920-ci il

               Bir əsirin baş daşına

Soyuq demə, uyu dostum, yad torpaqda
Öz yurdun yox! Olsa da lap, lap uzaqda.
Uyu, yadın toy səsinə baş qaldırma.
Baharına, bülbülünə heç aldırma!

Bir gün gəlsə, bu dumanlar ayasıza,
Səmalardan hər tərəfə səs yayılsa,
Sən də oyan “Allah! Allah!” sədasına,
Mələklərin xoş səsinə, nəvasına.

Sil gözünü, igidlərtək at min, qurşan!
Ulduzlardan anla artıq - açılıb dan.
Şərqə yollan, yurd səmtinə çevir üzün,
Elinə qoş, sürünsən də dizin-dizin!

Bizlər burda, yurd sevdası başımızda,
Ətraf dostlar, alçaq düşmən qarşımızda
Bəxt yanlışın düzəltməyə çalışırıq,
Hədər yerə “Haqq!” deyərək bağrışırıq.

O zaman da məzarını bəyənməsən,
“İstəyimə yetişmədim, yazıq!” – desən.
Yürü döyüş meydanına yaya, atlı,
Bir ölüm seç, öl bir daha dadlı-dadlı!

Budapeşt, 24 dekabr, 1917-ci il

 “Tatar deyiləm!” – deyənlərə

Sülün ilinin dördüncü ayında
Macarlar elinin qızmar yayında
Yetişdi Batı xan Dunay boyuna,
İsmarıc göndərdi gavur soyuna
“Xəbərsiz gəldilər” – söyləmə düşman,
Atını yəhərlə, qılınca qurşan!”
Gavurlar – dinləri Tatardan ayrı,
Firəngi, Germanı, mürtəd Macarı
Çaparaq yetirdi gülə, oynaya
Yolda insan seli daşa, qaynaya...
Xaçlarını öpüb boyuna taxdılar,
Sel kimi toplantı yerinə axdılar.
“Barbarlar, bunların savaşı oyun,
Din, bilgi yoluyla kəsərik soyun!”-
Deyirdi arxayın, harın Avropa,
Hələ yeməmişdi Tatardan zopa!

Türkü sədasıyla qalxdı Tatarlar,
Parladı havada qılınclar, oxlar
Bir savaş qopdu ki... Ah, əcəm görsə!
Firdovsi bunlardan bir dastan hörsə!
On dəfə hücuma atıldı gavur,
On dəfə qanından yarandı çamur.
Bir Tatarlar vardı bu qorxunc cəngdə-
Onların nəslidir Çingiz də, Ləng də!
Didik-didik oldu əldə bayraqlar,
Hər yana sel kimi qan nəhri axar.
Elə nərə çəkdi igidlərimiz
Avropa bir gündə yıxıldı səssiz!
Yetmiş bir millətin başları endi,
Batı xan düşməni savaşda yendi.
Sonra da başlatdı bol ziyafəti.
O axşam Avropa “Tataram” dedi.
O axşam bir düyün  yaşadı Tatar
O axşam batmışdı göydə ulduzlar.
Əsl Tatarlardı orda savaşan,
Ölümə lağ edən, Türkcə danışan!
Kaş bu gün də ola elə Tatarlar,
Hər kəsə göstərə - dünyada kim var!
“Biz Tatar deyilik!”- söylər dönmələr,
Əlbəttə deyilsən, ey bayquş kölə!
Sən bu gün kimsəsiz, miskin çobansan,
Lap “Tataram!” desən kimdir inanan?
Sənin bu inkarın qorxudan gəlir.
“Mən Tatar deyiləm!” – Avropa gülür...
Azacıq ürəkli olsaydın əgər,
Ya da olsa idin hünərli bir ər,
Tanısan Batını, Çingizi yaxşı,
Axardı üzünə kirli göz  yaşı!
“Tataram!” – deyərdin sinənə döyüb,
“Tataram!” – deyərdin özünü öyüb.
Sən Tatar deyilsən savaş olmasa,
Bir Batı çıxıb da canlar almasa!
Tatarsan düyündə, taxt-tac eşqində,
Yalnız Çingiz adı eşidiləndə!
Savaş başlamadan hər şeyi inkar,
Savaş bitən kimi - hamısı Tatar!

Qırışmış üzündə olmasa əgər,
Qəhrəman soyumdan bir-iki əsər,
Bəzi sözlərində qalmasa izi,
Şanlı tariximin səsi, nəfəsi
Bənzədərdim səni düşmənə, yada.
Çünki sevgin yoxdur qılınca, ata.
Sənə baxıb düşünərdim: “Tatarlar
Çingizlə, Batıyla yoxa çıxdılar!”
                                        
Budapeşt,  31 dekabr, 1919-cu il.

Şeirləri Krım türkcəsindən Vilayət Quliyev çevirib

 





28.11.2016    çap et  çap et